Şair Vasif SÜLEYMANın “Bu, ömürdür mən dediyim, nağıl yox” adlı yeni kitabı işıq üzü görüb.
Kitab görkəmli şairimiz Məmməd İSMAYILın «Növbədənkənar yazı və ya hər kitab sevinəni tapır» adlı ön sözü ilə açılır.
Kitabda şairin müxtəlif illərdə yazdığı şeirlər, “Uçurum” poeması və publisistik yazıları toplanıb.
Şairin yeni kitab sevincini bölüşür, kitabdakı şeirlərdən bir neçəsini ərməğan edirik:
YÜZ İL YAŞAMAQNAN ÇATMAQ OLMAYIR
Bizdən üz çevirən, üz çevir bəri,
Ömrü səndən umduq, qisməti haqdan.
Ağlara qalaydı qara günləri,
Nə ölüb qurtarır, nə yaşamaqnan.
Bu boyda dünyada onsuz da təksən,
Olsan da xoş günlə yanaşı belə.
Başdaşı alınır hayana çəksən,
Üst-üstə qoyanda beş daşı belə.
Daşlara dəməyin, qəribdi onlar,
Daşlar bir-birini görübmü, görən…
Torpağın üstündə qərib olanlar,
Torpağın altında qəribmi, görən…
Ürəyin yüyürür, gözlərin axır,
Torpağı bir ovuc atdığın yerə.
Yüz il yaşamaqnan çatmaq olmayır,
Bir dəfə ölməknən çatdığın yerə.
YERİYDİ
Qaçdım arxasında köçüm yetmədi,
Çölüm parçalandı, içim yetmədi.
Onsuz da pozmağa gücüm yetmədi,
Qismət yollarıydı, tale yeriydi.
Gözlərə gəlməyən röyasan dedi,
Tapmazsan təzədən arasan dedi.
Cəmisi ikicə misrasan-dedi.
Vallah, bir şirincə nalə yeriydi.
Yüz «şər»dən keçmişəm bu «şər»ə kimi,
Saldılar düşməzə-düşərə kimi…
Demədim… Yandırsın məhşərə kimi,
Dərdimi deməyin əla yeriydi.
GEDİMMİ..?
Qızım Gültac hər səhər
-ATA, İŞƏ GETMƏ – deyir.
Gecikən ömrümə gülən çiçəyim,
Bəxtimə açılan yazım, gedimmi…
Sizin yanınızda qalır ürəyim,
Tanrının əlində ruzum, gedimmi…
Çəkilir ürəyim şişə, gedirəm,
Qismətim düşməyə, düşə, gedirəm.
Çörək-duz dalınca işə gedirəm,
A mənim çörəyim-duzum, gedimmi…
Siz olan dünyada neçə ki, varam,
Üzünüz qəm görməz, süfrəniz haram.
Qalsam, yanınızda xəcil olaram,
Gedib-qayıdacam qızım, gedimmi…
EYLƏ
Bu ömrün əzəldən taxtı-tacı yox,
Mən qulluq eyləyəm, sən şahlıq eylə.
Daha xoş günlərə ehtiyacı yox,
Barı yaman günü halallıq eylə.
Qurtardı bəxt ilə eşqin davası,
Dağılıb yurd yeri, uçub yuvası.
Bu dəli könlümün itib havası,
Kimi səsləyim ki, havalıq eylə.
Yenə sənə tərəf uzandı əlim,
Sən niyə getmişdin, mən niyə gəlim…
Eşq ol, dərgahına səcdəyə gəlim,
Bu qərib taleyə Allahlıq eylə.
TƏRSİNƏ
Sənə yol gəlmirəm, səndən gedirəm,
Çəkilib araya pərdə tərsinə.
Mələklər söyləyib sənə eşqimi,
Göydə düz oxunar, yerdə tərsinə.
Günlərdi qarışıb qaralı, ağlı,
Bu ömrün nəyi var, uçub dağılır.
Qolları açıqdır, ayağı bağı,
Gözləri alışır hərdən tərsinə.
Yoruldu yollarda piyada ömür,
Çəkdi zillətini ziyada ömür.
Axırdan əvvələ qayıda ömür,
Sonra da axıra, bir də tərsinə.
QORXURAM
Ömrün qalanından nə çatar mənə,
Vermişəm günləri yelə, qorxuram.
Qorxmağım sevgimdən daha gözəldi,
Mən belə sevirəm, belə qorxuram.
Səslənmiş harayam, qaçılmış hayam,
İndi məcrasını addamış çayam.
Sevib-qısqanmaqda şirəm, ustayam,
Bir gün qısqanaram gülə, qorxuram.
Qoy qalsın yadında divanə adım,
Qəlbinə, ruhuna hakim olmadım.
Yolunda ölməkdən elə qorxmadım,
Necə ki, sevməkdən elə qorxuram.
DOĞMALARIMA
Ay anam, ay bacım, nə düşünürəm,
Bizi ölənəcən yaşadar ölüm.
Uzağı, bir səhər çıxıb gedərəm,
Uzağı, bir dəfə daş atar ölüm.
Mən deyən olsaydı, düşməzdi yönüm,
Bəndə olammamış pir olanlara.
Məni tay eyləmə, başına dönüm,
Sevinci dünyayla bir olanlara.
Mənim ağrılarım-acım bu gündə,
Hələ yolmamışam, saçım bu gündə.
Bu gündə gəlmişəm bu günə kimi,
Ay bacım, haraya qaçım bu gündə…
Mənim sevinclərim qaçır sazağa,
Kədər isinməyə oda axtarır.
Dərdə yer vermişik aramızdaca,
Boynuna minməyə adam axtarır.
Yuxulu başların ayılmağı var,
Gəbəni yeyəcək güvələr hələ.
Mən deyən səmadan axar buludlar,
Bir ovuc suyuna güvənər hələ.
Ay anam, ay bacım, nə düşünürəm,
Bizi ölənəcən yaşadar ölüm.
Uzağı, bir səhər çıxıb gedərəm,
Uzağı, bir dəfə daş atar ölüm.
SƏYYAH
Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eyləyirsən,
Qorxuram, başqası gələ, getməyə.
Birdən səsə düşər, qulağın səsə,
Dinlə o sözləri bir yalan kimi.
Hələ harasıdır, ürəyim üstə,
Dünyanı gəzəcən Magellan kimi.
Elə sənsizlikmiş ümid, pənahım,
Hər şeyi yazıram qəmin boynuna,
Heç qubar eyləmə mənim səyyahım,
Dəmir çarığın da mənim boynuma.
Tələsmə, bu yolda, astaca, aram,
Gör neçə gecəmiz, səhərimiz var.
İndidən deməyə bir az qorxuram,
Hələ o dünyaya səfərimiz var.
Tələsmə, adına biçilib bu yol,
Tələsmə, bu yolla tən gedənin yox.
Mənim ürəyimdə sən arxayın ol,
Qapıdan çıxanda ləngidənin yox.
Bu yol nə uzundu, nə də ki, qısa,
Bu yol ömür ilə ölüm arası.
Qəlbimə yol saldın, amma…
Hardasa,
Yolunu gözləyir kimsə, qadası.
Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eyləyirsən,
Qorxuram, başqası gələ, getməyə.
SEVGİNİN DİLİNİ DUYANDAN BƏRİ
Niyə istəyirsən köçüm dünyadan,
Hələ ki, eşqinlə dinə bilirəm.
O dünya, bu dünya, fərqi nədir ki,
Ölsəm də çatmaram sənə, bilirəm.
Nə vüsal görmüşük, nə kam almışıq,
Yazdığım bir yarpaq şeirdi sənə.
Ölüb getməyimmi ovudar səni,
Qalıb yanmağımmı xeyirdi sənə…
Bu zülmət ömürə nə lazım axşam,
Toranı qovuşur hayandan bəri.
Dünyanın dilini yadırğamışam,
Sevginin dilini duyandan bəri.
BİR AZCA
Göyçək tellərini oxşamaq hədər,
Yel olub üstündən əsəm bir azca.
Bir azca sevincsən, bir azca kədər,
Bir də Allah bilir nəsən, bir azca.
Bizə qismət yazan haqdan küsmüşəm,
Dünyanı sevdiyim vaxtdan küsmüşəm.
Mən öz taleyimdən çoxdan küsmüşəm,
Necədi, səndən də küsəm bir azca.
Yüyürüm dumana, sisə deyirsən,
Mətləbi nə yaman qısa deyirsən…
Deməyə-deməyə nəsə deyirsən,
Nolar, deyə-deyə desən, bir azca.