Ana səhifə BAŞ YAZI Bu Mən kimdi, bu Dünya kim? – Şeirlər

Bu Mən kimdi, bu Dünya kim? – Şeirlər

Müəllif: Bizim Yazı
342 baxış

Bizimyazı çağdaş türk təsəvvüf poeziyasının ünlü ismi Hacı Məhəmməd Astanbəylinin şeirlərini təqdim edir.

***
İstər unut, istər aldat,
Qınaya bilmirəm, vallah.
Çox sınandım, bircə yol da,
Sınaya bilmirəm, vallah.

Unutdum o çağlarımı,
Beynimi yormaqlarımı,
İndi heç barmaqlarımı,
Sanaya bilmirəm, vallah.

Gözündə Allahı gördüm,
Könlümü gözünə verdim.
Bu Mən kimdi, bu Dünya kim?
Tanıya bilmirəm, vallah.

***
Nə qədər adam doğuldu,
Bir mən doğulmadım, mən.
Hamı yaşayan dünyada,
Olmadım, olmadım mən.

Dilim olsa danışardım,
Üzüm olsa gülərdim.
Ağlayardım, gözüm olsa,
Özüm olsam ölərdim.

Həyat nədi, Ölüm nədi,
Görmədim, bilmədim mən.
Dünyadan getmədim, rəbbim,
Dünyaya gəlmədim mən.

***
Yanımda qara Sükut,
Ondan da qara gecə.
Yanımda nə desən var,
Mən çatışmıram bircə.

Xəyalımda bir gözəl,
Qulağımda su səsi.
Diliminsə özüm tək,
Yoxdu kimi, kimsəsi.

Söndürdü atəşimi,
Gözümdən dərin gecə.
Sabaha da saxladım,
Bir səhəng sərin gecə.

***
Nə üşüdüm, nə isindim,
Nə güney var, nə quzey.
Gələcəyim keçmişdədi,
Ötüb keçibdi hər şey.

Göy meşələr, dalğın sular,
Buludlar köçüb gedib.
Heç xəbərim olubmu gör,
Yanımdan keçib gedib.

Son arzum da baş tutmadı,
Deyilmiş ölmək asan.
Dedilər ki, ölmək üçün,
Gərək diri olasan.

***
Ətrinə uçduğun gülü,
Əllərin dərə bildimi?
Ürəyin istəyənləri,
Gözlərin görə bildimi?

Arasında gözüm qalsa,
Qapını bağlayarsanmı?
O qapının arxasında,
Yalqızca ağlayarsanmı?

Gözlərinin dediyini,
Dilin söyləyə bildimi?
Baxışların izləyəni
Baxtın əyləyə bildimi?

***
Baxdıqca bu qəbirlərə,
Qorxuram ölməyəm, Tanrım.
Dalıb o uca sirlərə,
Qorxuram ölməyəm, Tanrım.

Yolum bu qədər qısamı?
Əy belimi, ver əsamı.
Görsəmdə ki, ölür hamı,
Qorxuram ölməyəm, Tanrım.

Yerim məndən, Səndən bəri,
Dinsizlikdən, dindən bəri,
Mən səni sevəndən bəri
Qorxuram ölməyəm, Tanrım.

***
Gülmə büdrəməyimə,
Hər başa gələn işdi,
Kürə şəklindədi yer,
Sürüşmək olan işdi.

Həvəsdən düşmə, sən də
Varmı günahsız bəndə?
Əyri yerin üstündə,
Düz gəzmək yalan işdi.

Mənim bu şəklimi çək,
Olsa günahın dağ tək.
Ümidi itirməmək,
Bəh-bəh, nə yaman işdi.

***
Vaxt vardı yer ucaydı,
Vaxt vardı, yer alçaqdı.
Yetişdi vaxtı yoxun,
Qurtardı var vaxtı.

Sona yetdi yaz vaxtı,
Tamamlandı naz vaxtı.
Gəldi çoxun az vaxtı,
Vaxt vardı az çoxdu.

Vaxt vardı, gəl-gəl idi,
Tikanlarda gül idi.
Tikan olub gül indi,
Vaxt vardı, vaxt yoxdu.

***
Bu gün çox çətin gündü,
İstərsən, gərilməyək.
Gəl boşlayaq bu günü,
Nə gərək, yorulmayaq.

Nolar, yaş olsun göz də,
Düz olmasın bu düz də.
Nə tapmışıq ki, bizdə,
Gəl bizə vurulmayaq.

Nədir bir gün, bir gecə,
Bir belə dözdük necə?
Gəl heç almayıb vecə,
Bir gün də var olmayaq.

***
Yenə açdı bu baxçanın,
Gülləri sarı-sarı.
Qucaqladı sarmaşıqlar,
Köhnə, qəmli hasarı.

Sən ki ən qədim avara,
Sən min ilin əyyaşı.
Səndəmi tanıya bildin,
Nə şey imiş göz yaşı?

Burax köhnə yaraları,
Bir də qanatmaqları,
Aldanmaqları itirmə,
Yorma unutmaqları.

***
Külək böylə əsməsə,
Heç düşməzdin yadıma,
Di gəl ki, hər gün əsir,
Əsir sənin adına.

Yoxsa əsmirmi hər gün,
Mənəmi elə gəlir.
Gerçəkmidi, yalanmı?
Kim bilir, Allah bilir.

Eşqin qılıncı ilə,
Ağlımı kəsdirirəm.
Deyəsən bu küləyi,
Özümcə əsdirirəm.

***
Səslənir ucalara,
Sükut-sükut nar bağı.
Yaşılı, qırmızısı,
Hər şeylərin uzağı.

Yarpaqlar – ya pir deyil,
Gör necə öpür göyü.
Kim açar bu pərdəyi,
Nə solu var, nə sağı.

Bir bu qədər dərində,
Acılaşıb şirin də.
Bu yerdə sözlərin də,
Muçuqlayır dodağı.

***
Görəsən çoxmu qalıb,
Hələ işıqlanmağa?
Səhər açılan kimi,
Gərək yüyürək bağa.

Nə gizlətmişdi otlar,
O titrəşməklərində?
Yaxşı baxa bilmədim,
Nəsə vardı dərində.

Nədən əsişirdilər,
Reyhanlar incik-incik.
Yüz yaşlı gənc akasya,
Bir yaşlı qoca incil.

***
Bu gün çəkin hər şeydən,
Bu gün heç nədə olma,
Elə qurtar, elə bit,
Bircə zərrə də qalma.

Elə uc, elə sovrul,
Qalmasın izin, tozun.
Silinsin ağın, qaran,
Qırmızın, göyün, bozun.

Bu gün vur, dağıt, çal, çap
Min olsun bir yoxluğun.
Bu gün yuxarıdan get,
Küpünə gir yoxluğun.

***
Tanınmayanlardı təzə,
Bütün tanışlar köhnədi.
Təzədi ən kiçik ürək,
Ən böyük başlar köhnədi.

Varlıq bütöv-bütöv gələr,
Ovçu ağlayar, ov gülər.
Təzədi bütün sevgilər,
Bütün savaşlar köhnədi.

Köklən küləkdəki səsə,
Köhnəlməz min il də əsə,
Öldürrəm, bir adam desə
Bu çopur daşlar köhnədi.

***
Gözəlsən, dünya, bilirəm,
Gözəlsən gül adamına.
Şirinsən, dünya, bilirəm,
Şirinsən bal adamına.

Olsa da hər bağın İrəm,
Mənlik deyil, niyə girəm.
Genişsən, dünya, bilirəm,
Genişsən çöl adamına.

Mənə nə – salın, saçaqlan,
Mənə nə – öpül, qucaqlan…
Köpəklərinə acıqlan,
Hürməsin yol adamına.

***
Bu da bizim nöqtəmiz,
Bitdik, qurtardıq daha.
Vardıq, yoxlarımızın
Sonuna vardıq daha.

Yoxuydu heç nəyimiz,
Yox oldu sona qədər.
Durub, ehtiyat üçün
Sayaqmı ona qədər.

Hər “yox” yerindədirmi,-
Gəl bir daha yoxlayaq.
Yoxolmuşlarımızı
Yaxşı-yaxşı saxlayaq.

***
Bu sənsizlik günüdü
Nə gündüz var, nə gecə.
Sıralanır dalbadal
Neylədik? Niyə? Necə?..

Bu da sənli günümüz,
Halam bütün hallara.
Sualam cavablara,
Cavabam suallara.

Sənsizliyin yanında
Yoxluq lap balacaymış.
Sənsizliyin yanında
Varlıq bapbalacaymış.

***
Yoox.., heç bu da sözdümü,
Aah! Qürublar, qürublar.
Hardan bildiniz, bizim
Qəlbimizi qırıblar.

Yoox., yoox., bu da sözdümü,
Aah! aah! Ey yaşlı gözlər.
Bircə yol ağlatmağa
Fürsət tapmadıq bizlər.

Yoox., yoox., yoox., sözdümü ki,
Aah! aah! aah! könülcüyüm.
Bir daş göstər, gedim də
Başımı döyüm, döyüm…

***
Dişimlə qırdım sapı,
Bu da sonuncu qapı…
Bitdi yoxluq donunda
Sonuncu yamalıqlar.

Qalmadı “eyləyim”lər,
Neyləsin “neyləyim”lər,
“hər şeylik”lər qurtardı,
Qurtardı “hamılıq”lar.

Əlvida vargəllərə,
Əlvida vergüllərə,
Sıra nöqtəyə çatdı,
– Di tez ol, yumalaqla…

***
Gülüm, ordan mənə de,
Susamışam, su içim.
Unudarsam, yenə de
Bütüncə oddu içim.

Gülüm, ordan mənə de,
Üşüyürəm, geyinim.
Sonra sənin arxanca
Bir azcana deyinim.

Gülüm, ordan mənə de,
Yaşamaq yaxşı şeydi.
Bunu çox unuduram,
Sən bunu hey di, hey di…

Tural Adışirinin təqdimatında

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.