“Mövqe”nin əməkdaşı Arzu Abdullanın DGTYB başqanı Əkbər Qoşalı ilə söyləşisini təqdim edirik
Türk dünyasında dünyaca ünlü xeyli sayda yazarlar var. Bunları bir-biri ilə əlaqələndirmək, tanıtmaq vacib amildir. Çünki dünyaya çıxmaq üçün dünyadakıları, daha öncə isə özümüzü tanımalıyıq. Bu missiyanı müsahibim Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) başqanı, şair-publisist Əkbər Qoşalı öz üzərinə götürüb.
– Dünya Türk Yazarlar Birliyinin başqanı olaraq qurumun fəaliyyətini hansı prinsiplər əsasında qurursunuz?
– Qurumumuzun fəaliyyətini Nizamnamə prinsipləri əsasında qururuq. Bu prinsiplər də könüllülüyü, bərabərhüquqluluğu, aşkarlığı, habelə Qurultayın verdiyi səlahiyyətləri nəzərdə tutur. DGTYB uluslararsı qurumdur. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bu formatlı və maddi (büdcə) imkanları mənəvi imkanlarına görə zəif olan qurumlarda çox şey başçının və əməkdaşların vicdanına qalır. Ancaq heç şübhəsiz, siz daha çox yaradıcılıq, ədəbiyyat, sənət yönündən maraqlanırsınız. Bilirsiniz, birliklər, qurum və quruluşlar müəyyən mühit yarada, insanları təşkilatlandıra, imkanları üzə çıxarda bilər, ancaq mütləq yazar yazar olmalıdır. Onun istedadı vacib amildir. Bu anlamda DGTYB başqanı olaraq bugünədək bacardıqlarımızı etdik və artıq xeyli vaxtdır kökləndiyim qərarı – başqanlıqdan getmək qərarını da mümkün olan ən yaxın zamanda gerçəkləşdirməyi düşünürəm. Bu, artıq mənim yaşım baxımından da gərəklidir.
– Siz bu qurumu yaratmaqla yəqin ki, dünyadakı türk yazarları arasında əlaqə yaratmağa çalışmısınız, bu yöndə hansı nəticələr əldə etmisiniz?
– Şükür Tanrıya, sonuclardan danışmaq üçün xeyli əsaslarımız var. Ancaq açığını bilmək istəsəniz, mən həmişə o qənaətdə olmuşam ki, gördüklərimiz azdır, daha çox iş görmək lazımdır. Neçə kitabımız çıxıb, neçə yarışmamız düzənlənib, neçə konfrans keçirilib. Son illər isə mütəmadi olaraq Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə layihələr həyata keçiririk. Bildiyiniz kimi, virtual məkanda daha öncə www.dgtyb/org saytımız yayınlanırdı, artıq bu aydan www.bizimyazi.com da yayındadır. Hər iki sayt Şuranın dəstəyi ilə qurulub. Sualınızdan yayınmış olmayım, əlaqə dediyin indi öz axışını daha çox virtual məkanda göstərdiyi, biçimləndirdiyi üçün biz də bu sahəyə qüvvət verməyə çalışırıq.
– Azərbaycanlı yazarların əsərlərini, ümumiyyətlə, imzalarını türksoylu xalqlara tanıtdırmaq çox vacib işdir. Amma, yəqin ki, eyni zamanda çox çətindir?
– Hə, bu çox çətindir. Biz də “…mənimsə alın yazım yoxuşlarda susamaq” deyənlərdənik, amma…
– “Türk xalqları ədəbiyyatlarının yaxınlaşmasında göstərdiyiniz xidmətlərə görə sizə “San Yarlığı” ödülü də təqdim edildi. Bu, ödül konkret hansı uğurların nəticəsi idi?
– Zənnimcə, “Türkün səsi”, “Turan yolu”, “Şeir çələngi” Ankarada, hər ikisi 2 cilddə çıxan “Çağdaş Azerbaycan Şiiri” və “Kərkük şairleri” kimi nəşrlərimiz, saytlarımızın məzmun-mündəricəsi buna əsas verib. Sağ olsunlar onlar da, siz də.
– İndi hamı yazır. Bu qədər yazı-pozu adamının içindən daha işıqlılarını axtarıb tapmağa can atırsınızmı heç? Söhbət yaradaıcılığa yenicə başlayanlardan gedir?
– Əlbəttə, əlbəttə. Bizim çalışmalarımızın ən əsas yönlərindən biri budur. Ancaq bu barədə də biz yox, başqaları danışsa, daha yaxşı olar. Yalnız onu deyim ki, işığına, istedadına inandığımız gənc qələmləri hansı qurumun üzvü olmasından asılı olmayaraq görməyə, dəstək verməyə, layiqli münasibətlə əhatə olunmasına çalışırıq. Ən azı, buna can atırıq.
– Dünya gənc türk yazarları dedikdə da, yazı adamın ağlına gəlir. Digər türk dövlətləri ilə müqayisədə (köşə yazarlarından tutmuş, ciddi ədəbiyyata qədər) Türkiyə bu sahədə daha öncüldür.
– Siz belə düşünürsünüz, düçüncənizə sayğı duyuram. Türkiyədə də bir çox hallarda türk xalqları arasında ən güclü ədəbiyyatın Azərbaycanda olduğunu deyirlər. Hələ Orta Asiya Azərbaycana necə baxır-bir bilsəniz. Ancaq Türkiyənin bu və ya digər sahədə öncül olmasının tarixi məntiqi var.Türkiyə həmişə müstəqil olub, Osmanlı kimi bir əzəmətin varisidir, dünya ilə daha sıx keyfiyyətli əlaqələrə malikdir. Bunlar da önəmli faktorlardır.
– Bu gün əlindən tutub, təkcə Türk Dünyasına deyil, bütün dünyaya çıxarmaq istədiyiniz yazar varmı?
– İnanıram ki, o gün gələcək DGTYB sıralarında olan bir çox yazarımız zamanla öz səsini bütün dünyaya duyuracaqdır.
– Siz eyni zamanda şair, publisistisiniz. Son illər ədəbiyyatmızda gedən proseslərə necə baxırsınız?
– Biz prosesləri necə görmək istəyiriksə, məhz o şəkildə biçimləndirməyə çalışırıq. Örnəyi, nəşrlərimizdə, saytlarımızda bu ədəbi siyasəti izləməyə çalışırıq. Bu siyasət də “əsas meyar istedadır” deməkdir, türk ulusuna sayğıdır, Ortaq Türk keçmişindən Ortaq Türk Gələcəyinə boylanmaqdır və s. Biz DGTYB olaraq başqa qurumlara, bizim üzvümüz olmayanlara cömərdcə davranırıq, baxmayaraq ki, bir çox hallarda eyni qarşılığı görmürük. Mən şəxsən başqasının uğuruna sevinməyi bacaranlar kateqoriyasndanam və məndə başqa türlü alınmaz da…
Ümumən çağdaş ədəbi proseslərdə çatışmayan, yaxud daha çox ehtiyac duyulan əsas nəsnələr də aşağı-yuxarı bunlardır: comərdlik, ədalətlilik, başqasının uğuruna sevinmək, öyrənib sonra söz demək və s. Elə buna görə də bu, çağdaş ədəbi proses olmur, yıpranmış bir şey olur. Missal üçün, biri durub məruzə edir, kimisə görməzdən gəlir, kimisə zornan göstərməyə çalışır. Soruşursan, qardaş, sənə nə olub, niyə vadar olmusan belə yazmağa, belə danışmağa, sözdən yayınır, heç nə, cavabı da “itotu, bağayarpağı”… Yadıma düşdü, zabit olaraq hərbi xidmətdəydim, mənə zəng etdilər ki, Sabutay adlı birisi “Ədalət”də mənim Prezidentin Təqaüd Fondunun təqaüdçüsü olmağımı qəbul etməyib, ağzına gələni yazıb. Mənə dedilər, bir cavab yazmaq, hətta çağırıb başa salmaq-filan… dedim, əsla, o, mənim səviyyəmdə deyil. Eyni şeyi Yafəs adlı birisi də etmişdi, ona münasibətdə də eyni tövrü göstərdik. Ancaq özümə uyğun bildiyim adamlar uyğunsuz söz yazanda cavab verirəm. Qüsura baxmayın, qadınları da burada istisna etməyə çalışıram. O gün gözümə internetdə təsadüfən Afaq Məsudun “525-ci qəzet”dəki məqaləsi dəydi. Afaq Məsud da bu məqaləsində mənim ünvanıma daş atıb. Mənim yaradıcılığım ilə tanış olan oxucular bu məqaləni oxuyanda Afaq Məsudun Əkbər Qoşalı haqqında tam məlumatsız olduğunu duyardı. Yazı çox haqsız yazılmışdı. İndi mən ona nə deyim? Mən qadınla dilləşməyin, yazışmağın tərəfdarı olmamışam, baxmayaraq ki, qadın artıq əlinə qələm alıb ədəbi həyata atıldısa, gərək, bizim verəcəyimiz cavablara da hazır ola. Bunlarla belə, zamanın ən ədalətli hakim olduğuna da inanıram. Bir az gec-bir az tez həmişə hər şey öz yerini alır.
Yeri gəlmişkən, ötən gün ədəbi tənqidçi Əsəd Cahangir Yazıçılar Birliyində özünün ən obyektiv məruzəsini etdi. Əsədin bu məruzəsini dinləyəndə onda bir durulma getdiyini sezdim. Özü də fərqindədir deyəsən və durulmasını yaşla bağladı. Mən onun illər öncəki “SƏS”inin etkisini bir də dünən hiss etdim. Görünür, “Zaman ən böyük müəllimdir” deyənlər yanılmayıb. Və hər bir problemin zamana ehtiyacı var. Ədəbi prosein uğurlu yönləri yoxdumu – var, təbii. İstedadlı yazarlarımız var, onlar çox fəaldırlar- kitablar çıxır, müzakirələr təşkil olunur, səfərlər gerçəkləşdirilir, forumlar düzənlənir. Bu il Yazıçılar Birliyinin qurultayı keçiriləcək. İnanıram ki, növbəti qurultay ilməsi də ədəbi həyatımıza, ədəbi təsərrüfatımıza öz etkisini göstərəcək.
– Milli Kitab Mükafatı və “Ən yeni ədəbiyyat” layihəsi çox müzakirə olunur. Sizin bu layihələrə qoşulmaq fikirniz yoxdur ki?
– Bu layihələrin heç birində iştirakçı olmamışam. Gələcəyinə baxarıq. Kim ədəbiyyat adına daşı daş üstə qoyursa, sağ olsun, alqışlamaq gərək.
– Bəs öz yaradıcılığınızda yeni nələr var?
– İyunun 6-da Azərbaycan Yazıçılarının XIII Qurultayı qarşısında keçirilən silsilə tədbirlər çərçivəsində AYB (Nətavan Klubunda) “Ədəbiyyat(ımız)da Türk Dünyası, Türk Dünyasında Ədəbiyyat” mövzusunda məruzə edəcəyəm. Məsuliyyətlə ona hazırlaşıram. Habelə “Seçmə aşıq şeirləri” kitabı üzərində işləyirəm. Bir də başqa bir çoxcildlik var, hələ adını açıqlamaq istəmirəm, onun redaktəsi ilə uğraşırıq. Görək, necə olacaq?!
Arzu Abdulla