Ana səhifə YAZILAR BİR ÜRƏYİN DEDİKLƏRİ

BİR ÜRƏYİN DEDİKLƏRİ

Müəllif: Bizim Yazı
915 baxış

Flora XƏLİLZADƏ, yazıçı-publisist

Onun kitabını mənə yaxın tanışlarımdan biri gətirdi. İlk sözü də bu oldu: son vaxtlar “təzə” şairləri oxumağa heç həvəsim qalmamışdı. Çünki şeir yox, söz yığını məni əsəbləşdirirdi. “Bilmirəm, sənə şeir bəyəndirmək çətindir, vaxtın olsa baxarsan”. Yazı masamın üstündə qalaqlanmış kitablara ötəri nəzər salaraq köks ötürdüm. Bir neçə gündən sonra isə “Dəlir ürəyimi demədiklərim” adlı kitabın cildindəki bu bəndi oxudum:
Kədər topa-topa, qəm yığın-yığın,
Yazmışam tufanla, yağışla, gözəl.
Yoxdur bu kitabda sən axtardığın,
Sən Allah, sən məni bağışla, gözəl.

Nədənsə müəllifin eturafı mənə maraqlı göründü. Bu ürəyin nə dediyini bilmək istədim. Yaddaşımda iz salmış bir beyti xatırladım: “Ömür sarayımdan bir kərpic düşür…” Elman Tovuz da şeirlərinin birində oxucularına müraciətlə deyir: “Mənim ömür sarayımdır bu kitab”. Əbədi yaşamaq xoşbəxtliyini qazanmaq bax budur. Onun mülkünün divarları qızıl kərpicdən deyil, kitabdan qurula. Bu, həm də faniliyin üzərində mənəviyyatın qələbəsidir. Həqiqətən sözə bağlananlar elə sözün də ahəngində ömürlərini əridirlər. Müəllifin deyimləri sərrast, hədəfi bəlli, hadisələrə, həyata münasibəti özünəməxsusdur.
“Söz Allahın, kitab elin” – deyən Elman Tovuzun şeirlərində, əslində bir vətən aşiqinin könül çırpıntılarını duydum.doğma yurdun hər qarışını dəlicəsinə sevən, onun qayasının, daşının səcdəsinə gələn bir vətən oğlunun sevgidən libas geymiş misraları məni riqqətə gətirdi. Kitabı vərəqlədikcə duydum ki, Elman Tovuz təbii, ilahidən təbi olan, ilhamının sayəsində söz meydanında çətinliok çəkmədən döyüşə bilən bir şairdi.
Şeirlərinin ruhunda folklorumuzdan gələn bir axıcılıq, şirinlik, təsir, yadda qalma gücü var. “Məmməd Araza” ünvanladığı şeiri də mənə xoş gəldi, düşündürücü və mənalıdır. “Atı çapır, iti qapır – nə vecinə kor vicdanın” hayqıran şairin şeirləri çox qaranlıq mətləblərə aydınlıq gətirir.
Müəllif sanki şeirləri ilə demək istəyir ki, Məmməd Araz poeziyası təkcə ədəbiyyatda, onu sevənlərin yaddaşında yaşamır. Yeni doğulan şeirlərdə, müxtəlif deyimdə, köhnə təzəlikdə göyərir, qol-qanad atır.
Müəllifin “Bal arısıyam” şeiri də məna yükünə, poetik təsirinə görə diqqətimi çəkdi. “Ən gözəl ətiri sözdən çəkirəm” söyləyən şairin söz dünyasının hər cür döngəsində, aşırımında, dağında, dərəsində kəşfiyyata çıxa bilməsinə əmin oldum. Bir-birindən mənalı, mündəricəli şeirləri təsdiqlyir ki, o, bu axtarışlardan mütləq əli dolu qayıdacaq. Kitabını oxuduğum Elman Tovuz söz sərrafıdır. Mənim bu fikrim kiməsə mübahisli, yaxud da mübaliğəli görünə bilər. Amma əsl həqiqət budur ki, şairin sözlə işləmək qabiliyyətində bir özünəməxsusluq gördüm. Ütülü misralardan, çeynənmiş fikirlərdən, nimdaş qafiyələrdən çox uzaqda bir şair. Əlbəttə, mən o fikirdə deyiləm ki, Elman Tovuzun bütün şeirləri mükəmməl və bədii dəyərinə görə məzmunludir. Yox, hər bir şair öz ilhamının torunu söz dəryasına atarkən həmişə ora qızıl balıq düşmür ki?! Hissə qapıldığı, bəzən ürəyinin aldatdığı məqamlar da var.
Kitabı başa vurduqdan sonra anladım ki, niyə bu şair üzünü bir gözələ tutaraq “Yoxdur bu kitabda sən axtardığın” etirafını çatdırır. Adətən şairlər sevgidən, bir gözəli sevməyindən, bir qıza aşıqliyindən daha çox yazırlar. Elman Tovuzun məhəbbətinin ünvanı eldir, obadır, Vətəndir. Amma Vətən, torpaq, yurd sevgisini həddi-hüdudu olmur ki?! Əslində müəllif elə düşünür ki, bu kitabda aşiqanə şeirləri yoxdur. Dünyada ən böyük məhəbbət Vətən sevgisi deyilmi? Biz öncə Vətəni sevməsək, onun vəsfinə şeir qoşmasaq, dərdini dilə gətirməsək, sinəsində boylanan bənövşəyə bayatı söyləyə bilərikmi? Yox, qardaşım. Bu kitab başdan-ayağa məhəbbətdir! Böyük məhəbbət! Hamımızın pay götürəcəyi, bəhrələnəcəyi, gözlədiyimiz şeirlərlə, axtardığımız fikirlərlə doludur kitabın!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.