Ana səhifə TÜRK DÜNYASI Bir savaşın adamı: Cavanşir Feyziyev barədə duyğu yazısı

Bir savaşın adamı: Cavanşir Feyziyev barədə duyğu yazısı

Müəllif: Bizim Yazı
278 baxış

Mən hələ ötən əsrin 90-cı illərində yazmışdım ki, tezliklə Azərbaycanda səhnəyə 60-cıların yerinə 60-larda doğulanlar gələcək. 1970-lərdən başlayaraq 60-cılar yalnız postsovet məkanında deyil, həmin dövrün Sovet bloku ölkələrində də görkəmli rol oynadılar. 2000-ci illərin əvvəlindən başlayaraq Azərbaycan səhnəsində 60-larda doğulanların erası başladı və günümüzə qədər davam edir. 60-larda doğulanlar dedikdə mən Sovet dönəminin sonlarında formalaşmış və müstəqilliyin ilk illərindən ölkə həyatının bütün sferalarında öncül mövqelər tutan ziyalılar və intelektuallardan ibarət böyük bir qrupu nəzərdə tuturam.

 

Azərbaycan cəmiyyətinin demək olar ki, bütün sferalarında – siyasətdə, iqtisadiyyatda, elmdə, ədəbiyyatda, sənətdə və s. böyük fəallıq göstərən bu adamlar, müstəqillik dönəminin möhkəmlənməsində və inkişafında öz töhfələrini verdilər.

 

Onlardan biri də əziz dostumuz, tanınmış filosof alim, Türk birliyi ideyasının yorulmaz təbliğatçısı, millət vəkili Cavanşir Feyziyevdir. Mən C.Feyziyevin siyasi fəaliyyətini uzun illərdir izləyirəm, kitablarını və məqalələrini çoxdan oxuyuram, lakin həmmüəllif olduğumuz “Xazarskiy prostor” (Xəzər məkanı) və “Türklər,xəzərlər və yəhudilər” kitabları üzərində işləyərkən onu daha yaxından tanımaq imkanım oldu.

 

girişdi, çünki başqalarından fərqli, mövzunun əhəmiyyətini yaxşı anlayırdı və yəqin ki, mənim şəxsiyyətim də bunda öz rolunu oynayırdı. Və biz işə başladıq. Onun ingilis və fransız dillərini yaxşı bilməsi bizə daha çox mətnlərlə işləmək imkanı yaradırdı. Prinsipcə “Xazarskiy prostor”u da biz bir yerdə yazmışıq, amma o təvazökarlığından kitabda yalnız mənim adımın getməsini təkid etdi. Sonradan gördüm ki, bu təvazökarlıq onun qanındadır. Nə isə… Biz cəmi il yarım ərzində iki elmi kitab ortaya qoyduq. Hələlik heç bir reklam kampaniyası keçirməsək də, bu kitab elmi dairələrdə və cəmiyyətdə Xəzər mövzusuna böyük maraq yaratdı, xəzərlərlə bağlı tarixdə ilk dəfə olaraq elmi konfrans keçirilməsi qərarına gəlindi. Biz mövzunu inkişaf etdirərək ikinci kitab üzərində də işə başladıq və düşünürəm, ikinci kitabın nəşrindən sonra o, Azərbaycan sərhədindən kənarda da özündən söz etdirəcək.

Bu il yarım mənim yaradıcı fəaliyyətimin ən məhsuldar dövrü oldu, qısa müddət ərzində müxtəlif dillərdə yazılmış yüzlərlə mətnin bədii şəklə salınaraq nəşr etdirilməsi elə də asan məsələ deyil. Sadəcə internet vasitəsi ilə dünyanın müxtəlif kitabxanalarına girmək imkanı və kompüter ardında oturmaq əziyyəti işimizi xeyli sürətləndirdi. Ən əsası odur ki, biz- bir birimizi yarım sözdən anlamağa başladıq, bu birgə kitab yazmağın əsas şərtlərindən biridir. Yəni mən Cavanşir Feyziyevin şəxsində özümə həmfikir, məsləkdaş tapdım, yəqin ki, o da öyləcə. Mənim ədəbi və elmi dünya görüşüm əksəriyyətindən həmişə fərqlənib və bu adamlar tərəfindən qavranılmaqda öncə çətinlik yaratsa da, intellektuallar tərəfindən həmişə qəbul olunub. İlk elmi kitabı da Cavanşir Feyziyevlə bir yerdə yazdıq, bu kitab bir çox xüsusiyyətlərinə görə indiyədək yazılmış kitablardan fərqlənir, buna görə də elmi diskussiyalara, polemikalara səbəb olacağından şübhəmiz yoxdur. Ən əsası odur ki, tarixin, hadisələrin gedişinə mənimlə oxşar mövqedən, fərqli rakurslardan yanaşan bir alim, bir filosof, bir geopolitik həmkarım var. O da mənim kimi həyatını dövlətinə, millətinə həsr edib, hansı işlə məşğul olubsa, onu ləyaqətlə, professional şəkildə yerinə yetirib.

 

Öncə söylədiyim kimi, mən Cavanşir Feyziyevin yaradıcılığını çoxdan izləyirəm. Onun 2013-cü ildə nəşr etdirdiyi “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” monoqrafiyası bu mövzuda yazılmış ən yaxşı, ən lazımlı əsərlərdəndir. Deyərdim ki, bu əsər özündə türk birliyinə necə nail olmanın nəzəri əsaslarını ehtiva edir və bir çox ölkələrdə elmi şəkildə öyrənilir. 2017-ci i ildə nəşr etdirdiyi “Türk Dünyası” adlı 5-cildlik də bir hadisə olaraq dəyərləndirilə bilər. Burada türk xalqlarının tarixi, mədəniyyəti, inancları və s. ilə bağlı çeşidli materiallar verilib. Bu kitabların mövzu seçimi də maraqlı və rəngarəngdir: “Türk dünyasının təməl dəyərləri”; “Türk xalqları”; “Türk dövlətçiliyi tarixi”, “Türkşünaslıq”, “Türk dünyasının tarixi şəxsiyyətləri“.

 

Söz vaxtını çəkər, elə bu günlərdə şair dostum Murad Köhnəqala ilə türk tarixi ilə bağlı kitablar barədə söhbətimiz oldu. Murad Nizami Cəfərovun və Cavanşir Feyziyevin bu mövzudakı kitablarının əhəmiyyətindən danışdı, xüsusən C.Feyziyevin 5 cildlik “Türk Dünyası” əsərinin orta və ali məktəblərin tədris proqramlarına salınmasının vacibliyini söylədi. Ümumən bu kitabları oxuyanların əksəriyyəti onun barəsində yüksək fikirdədirlər və mən Murad Köhnəqalanın onların tədris proqramlarına salınması barədə fikirləri ilə həmfikirəm, türk tarixinə dair belə sistemli kitablar indiyədək az yazılıb və belə kitablar “Türk əsrinə” qədəm basan gənc nəslin formalaşmasında önəmli rol oynaya bilər.

 

Cavanşir Feyziyev elmi fəaliyyətlə yanaşı siyasi səhnədə də imzalar içində imzasını qoymuş şəxsiyyətlərdəndir. Onun 2002-ci ildə ingilis dilində nəşr edilən “Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri” adlı kitabı da geopolitika mövzusu ilə bağlı yazılmış maraqlı kitablardandır. 2008-ci ildə yayınlanan “Sülh fəlsəfəsi” adlı elmi-publisistik kitabı da bu qəbildən olan kitablardandır. Ümumən onun publisistik fəaliyyəyindən danışsaq gərək uzun-uzadı bir yazı alınsın, yəqin bir ayrı zamanda mən onlardan da söhbət açacam.

 

İndi isə məni daha çox bir şey maraqlandırır, öncə dediyim kimi, o, çox məşğul adamdır, parlament üzvü kimi həm Avropa, həm də Avrasiya istiqamətində dövlət və xalq üçün əhəmiyyətli işlər görür. Yəni həyatının böyük bir qismini yollarda və iclaslarda keçirir.

 

Buna baxmayaraq yazı-pozusundan da geri qalmır. Deyərdim ki, uzun illər ərzində Azərbaycanda və xaricdə sistemli şəkildə publisistik yazılarla çıxış edən çox az sayda deputatlarımızdan biridir. Mən bir dəfə ondan soruşdum ki, sən bu qədər yazını yazmağa necə macal tapırsan? Cavab verdi ki, bunların çoxunu təyyarədə yazıram. Sözün düzü, mən ömrünün çoxunu təyyarələrdə keçirən xeyli qələm və fikir adamları tanıyıram, amma C.Feyziyyevdən başqa “10 min kilometr yüksəklikdə” yazı yazanlarını görmədim. Onun yerinə olsaydın bir gün “10 min metr hündürlükdə yazılanlar” adlı kitab nəşr etdirərdim.

 

İndi bu yazını yazarkən paralel olaraq internetdə Cavanşir Feyziyev barədə yazılanları da gözdən keçirirəm.

Gününsəsi.info saytında bir yazı diqqətimi cəlb elədi. Bəlkə də bir zaman “Günün səsi” adlı bir qəzetdə baş redaktor işlədiyimdən bu sayt məni çəkdi və mən oradan kiçik bir məlumatı bu yazıya əlavə eləməyi lazım bildim.

 

“2018 və 2019-cu illərdə ilk dəfə Avropa Parlamenti üzvləri Xocalı Soyqırımı ilə bağlı bəyanatlar imzalayıblar. O Xocalı soyqırımı hadisəsini Şotlandiya parlamentinin gündəliyinə çıxara bilib və parlamentin 80%-dən çoxu bu Qətnaməyə səs verib. Həmin Qətnamədə ermənilərin Xocalıda törətdiyi hadisələr insanlığa qarşı cinayət kimi siyasi qiymətini alıb.

Bəzi xarici media qurumlarının Cavanşir Feyziyevə qarşı hücumları da elə o vaxtlardan, yəni 2015-ci ildən sonra başlayıb. 2017-ci ildə Cavanşir Feyziyevin Azərbaycan-Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri seçilməsi onun erməni həmkarlarını və Avropada fəaliyyət göstərən erməni lobbiçilərini narahat etməyə başlayıb, elə o zaman həm xaricdə və həm də qismən daxildə media hücumları daha da güclənib”.

 

Sözün düzü, mən bu informasiyanı bilmirdim, amma bildiyim bir hadisəni bu fikirlərə əlavə edə bilərəm. C.Feyziyev 2015-ci ildə məşhur Fransa tarixçisi Jorj dö Mallevilin “1915-ci il erməni faciəsi” adlı kitabını fransızcadanAzərbaycan dilinə çevirərək nəşr etdirmişdi. Bu tərcümə də “10 km yüksəkliyin məhsullarındandır”, yəni təyyarədə ərsəyə gəlib. Jorj Molevilin bu kitabı dırnaqarası “erməni soyqırımını” ifşa edən kitablardandır və Fransada onun nəşri qadağan edilib. Kitabın Bakı nəşrinin təqdimatında iştirak etdiyinə görə Fransanın o zamankı səfiri erməni lobbisinin tələbi ilə vəzifəsindən azad edilmişdi. Yəni erməni lobbisinin Cavanşir Feyziyevlə xüsusi hesabının olduğunu yaxşı bilirəm. Neyləmək olar, düşmənsiz türk qılıncsız qın kimi bir şeydir. Dünyanın bu qarışıq vaxtında bizim hamımız istəsək də, istəməsək də bir savaşın içərisindəyik. Dostum Cavanşir Feyziyev də bu savaşın ön sıralarında yer alıb. Birlikdə yazdığımız kitabların bir gün xaricdə nə həngamə qoparacağını da indidən təsəvvür edirəm.

 

Ötən ay Bakıda keçirilən “Türk dünyası kitab festivalı”nda çoxdan görmədiyim şair və naşir Rasim Qaraca ilə rastlaşdım. Soruşdu, nə üzərində işləyirsən? Dedim, Cavanşir Feyziyevlə birlikdə xəzərlər və yəhudilər mövzusunda kitab yazıram. Rasim “Şəkinin deputatını deyirsən? Maraqlıdır ki, şəkililər ondan çox razıdır” – dedi. Eynən Murad Köhnəqala kimi Rasim Qaraca da kimisə boş yerə tərifləməz, cəmiyyətimizdə onları tanıyan hər kəs bunu yaxşı bilir. Sonradan şəkili dostlardan da R.Qaracanın dedikləri ilə bağlı xeyli təstiqləyici söhbətlər eşitdim. Hər halda el ağzı tərəzidir, heç kimi boş yerə öyməzlər. Sözün düzü, mən bu yazımda Cavanşir Feyziyevin deputatlıq fəaliyyəti barədə danışmaq istəmirəm, amma bəzi ştrixlər əlavə etməyi özümə borc bilirəm. Deyim ki, o özü də deputatlıq və xeyriyyəçilik fəaliyyətinin reklam məqsədi ilə işıqlandırılmasına yaxşı baxmır, bu işləri bir vəzifə, bir vicdan borcu hesab edir. Amma yenə də… Məsələn, onun Vətən müharibəsində iştirak edən bütün şəkili əsgər ailələrinə seçicisi oldu-olmadı, fərq qoymadan yardımlar göndərməsi məni xeyli duyğulandırdı. Əlbəttə, çox şey danışmaq olar, amma mən onun xeyriyyəçiliklə bağlı fikirlərini yaxşı bildiyimdəm, bu barədə geniş danışmaq istimirəm. Lakin seçicisi olduğum xanım Qənirə Paşayevanın və dostum Cavanşir Feyziyevin bu yöndəki fəaliyyətlərini həmişə minnətdarlıqla anacam. Qoy Allahın kölgəsi həmişə üstlərində olsn.

 

“Dostlarımdan duyğular” sırasından bu növbəti portret yazımı mən bu günlərdə, yəni 12 iyul tarixində 60 yaşı tamam olacaq dostum, vətənpərvər bir alim, böyük ürəyi olan insan, xalqın xidmətçisi olan millət vəkili Cavanşir Feyziyevə həsr elədim. O da eynən mənim kimi heç yubiley keçirməyib, belə mərasimlərdən xoşu yoxdur. Yəni “ləyaqətlə yaşanan hər bir il yubiley ilidir” fəlsəfəsini qafasında daşıyanlardandır. Qətiyyən şübhə etmirəm ki, onun ləyaqətli, yaxşı işləri çoxdur, onları sadalamağa başlasam, gərək bir kitab yazam. Buna isə indi sadəcə vaxt tapa bilmərəm.

Ad günün qutlu olsun qardaşım! Sən hamının tanıdığı adsız qəhrəmanlarımızdansan. Belə insanlar gözəlləşdirir dünyanı, onlar olmasa, yaşamağa maraq, həvəs qalmaz.

 

Mənim 60 yaşım olanda Azərbaycan Yazıçılar Birliyi, daha doğrusu, şəxsən Anar müəllim təntənəsiz-filansız mənə türk dünyası qarşısında xidmətlərimə görə “Bəxtiyar Vahabzadə mükafatı” vermişdi. Mahmud Kaşqari adına Beynəlxalq Fond da səni “Beynəlxalq Mahmud Kaşqari” mükafatı ilə təltif edir. Qoy Türk ulularından olan bu müqəddəs insanın ruhu həmişə gördüyün xeyirli işlərdə yardımçın olsun. Bu Vətənin, bu millətin sənin kimi təmənnasız insanlara həmişə ehtiyacı var.

Elxan Zal

 

P.S. İntiqam Yaşar və Dünya Gənc Türk Yazarlar Birliyi kollektivi də təbriklərə qoşulur. Cavanşir Feyziyevi 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir. Ona Azərbaycan və Türk Dünyası üçün gördüyü vacib işlərdə uğurlar diləyir.  

 

 

 

 

 

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.