Aqron ŞELE –
7 oktyabr 1972-ci ildə Albaniyanın Permet şəhərinin Leskay kəndində doğulmuşdur. “Klaranın addımları”, “Boz pərdə arxasında”, “Səhv təsvir” romanlarının, “Günahsız keçid” şeir kitabının, “Esse – I” esselər toplusunun müəllifidir. Eyni zamanda “Açıq xətt–1”, “Peqasiada, Açıq xətt–2” və “ATUNİS” uluslararası antalogiyalarının koordinatorudur. Albaniya Yazıçılar Birliyinin üzvü, ABŞ-ın Ohayo ştatındakı Dünya Yazıçılar Birliyinin üzvü, Dünya Şairləri Birliyinin üzvü və “ATUNİS” Beynəlxalq Poeziya Qalaktikasının prezidentidir.
Onun əsərləri dünyanın bir çox qəzetlərində, milli və uluslararası jurnallarında, “Almanax 2008”, “Dünya poeziya ili” (2009, 2013, 2015), İkinci genezis–2013” və başqa nüfuzlu antologiyalarda çap edilib. Hazırda Belçikada yaşayır və universal dəyər kəsb edən ədəbi əsərlərin nəşri ilə məşğul olur. O, USAID, UNDP, UNICEF-in təlimlərində olmuş ictimai xadimdir; “Ətraf mühit və toplum”, “Uşaq və yeniyetmələr” ictimai qurumlarının başçısıdır. Yaradıcılığı Albaniyada müxtəlif ədəbi ödüllərə dəyərləndirlib.
TİRANDA PAYIZDI
Payızdı,
çaylarında su quruyan Tiranda,
pəncərədə damlalar hey qaçışır,
Unudulmuş skamya da hər həyəcandan uzaq,
çılpaq ağaclar yol boyu hamıyla vidalaşır.
Payızdı,
göz yaşları da geri qayıdır sanki,
Yada düşür unudulmuş köhnə romanslar belə,
o acı dərdlərlə, bəyaz şərabla geri dönür
gündəliyimdəki sapsarı kağız…
Payızdı,
addımlarının izi qalır Tiranda,
Yaşıl çiçiəklər içində daim çılpaq skamya,
çiyinlərdən atılan son şüşədə
dodaq parçaları, sevgi səması.
Payızdı,
bu həsrət də zamanla keçib gedir deyəsən,
Bəyaz ruha yenidən işıq dolacaq bəlkə,
təzadlar çərçivəsində atılan yaşam üçün,
bütün ölümlərə tərk edilmiş yarpaqlar üçün.
Payızdı,
qəlbin hər döyüntüsündə
Onunçun… səninçün… eşq üçün,
Çox hay-küyə məruz qalandan sonra
…və payızın melanxolik pentoqrammı…
APOKALİPSİS
Quşlar
səmanın sonsuz ənginliyində,
Ulduzların ulduzları parlayır.
Gecə yarı macəralarla dolu bir sonet oğlu,
atəş səslərindən və ruhun ömründən sonra…
Payız budaqlarının ən təzə yarpaqları tək
haray salaraq bulud səmada hey yellənir.
Soyuq bir haraydan sonra
gələn buz
və ilk qarın bəyaz örtüyə bürüdüyü torpaq.
…Və sürətli addımlar bilmək olmur
kimə gedir.
…Ya da heç nə, dönüşünü gözlədiyin
boz qaranlıq çevrəsi axşam kimi
Aysız bir gecədən
sonsuz qaranlığa dönür…
Ağır qapıya doğru hər kəs yol göstərir
kədərlə,
Günahları
və tufanlı beyinləri
Dante yolunun yolçuları mühasirəyə aldı,
bəlkə də Beatriçenin möhtəşəm haləsində…
Və boz tozun pərdəyə həvəsi kimi
əfvetmə örtüsü
dəmir pərdədə,
Dustaq duygular yox oldu uzağında
bitən ömürlərin
və gələn həyatların…
Və onlar gəlir durmadan
fəryadlardan, qılınclardan,
silahlardan, bombalardan.
Söz və qanun zəfər çalır sakinlərin üzərində,
Yeni xaçlı yürüşü cəngavərləri
modern kəşfiyyatçı kimi…
Və tale bu günahları gətirmək istədi
barış ağrısıyla,
ölü birinə dönməkçün
Zaman geriyə axdı,
bir gün mövsümlər yenidən canlansın deyə…
(Azərbaycancaya Təranə TURAN Rəhimli çevirib.)