Aliq NAĞIOĞLU
Mən onunla öncələr özəl bir şirkətdə çalışırdım. Daha doğrusu, mən işləyirdim, amma tanış olana kimi bilmirdim ki, o, hansı işin yiyəsidir. İlk tanışlığımız isə təsadüfən oldu. Rayon mərkəzinə göndərildiyim işə görə yubandığımdan, günorta yeməyinə yır- yığış ediləndən sonra gəlib çıxdım. Hər zaman işçiləri gülərüzlə qarşılayan aşpaz qadın bu dəfə məni qabaqlayıb işarə etdi ki, əyləşim, özü nə lazımsa gətirəcək. Əslində, yeməkxanada özünə xidmətdi, kiməsə xüsusi qulluq yuxarıdan ilk gündən yasaq edilmişdi. Tələsik oturduğumdan fikir verməmişdim, məndən başqa bir nəfər də içəridə vardı, ancaq əyləşəndən sonra diqqət etdim və onu tanımadım. Bir azdan aşpaz qadın iri güllü sinidə yemək gətirdi və mənə tərəf çönüb nəvazişlə:
– Cənab, əziyyət olmasa, dayının yanına keçib əyləşərdiniz, – dedi.
Əlbəttə, mən etiraz etmədən dərhal yerimdən qalxıb, göstərilən yerdə onunla üzbəüz əyləşdim. Bu, hardasa altmış beş yaşlarında ağsaçlı, üzü tüklü idman paltarında bir kişi idi. Saçları yenicə qırxıldığından tük qırıqları alnında, burnunda, üzündə qalmışdı. Qulplu fincana tökülmüş pürrəng çay buğlanırdı. O, məni salamlayırmış kimi başını yırğaladı:
– Buyurun əyləşin, deyəsən, geçikmisiniz…
– Mərkəzə iş dalınca getmişdim, o səbəbdən yubandım, – mızıldandım. Bizim iş yeri olduqca ciddidir, həm də hər hansı problemlər olduqda, rəhbərlik dərhal məlumatlandırıldığından gecikməmi, xoşagəlməz hallar yaşamamaq üçün, dəqiq bildirməli oldum:
– Birinci dəfə belə hal baş verir, bayırda nəsə yeməyə vaxt olmadı, – dedim, əslində gecikməmin səbəbini əsaslandırırdım.
– Amma bilmirəm məlumatlısınız, yoxsa yox, yeməkxanada hər zaman hazır yemək olur, sahib özü belə tapşırıb. Bəzən sürücülər gecə saat üçdə, dörddə uzaq yoldan qayıdır, gec də olsa şam yeməyini fabrikdə yeməmiş getmirlər; sanki bura çoxlarına doğma ocağından irəlidir… Yeməklərin hazırlanması, hər kəsin bir qaydada qidalanması zahirən adi təsir bağışlasa da, bu, elə-belə şey deyil, sahib tərəfindən düşünülüb və zaman göstərdi ki, o, həqiqətən haqlıdır. Siz işinizdə olun, mənə fikir verməyin, iş adamı deyiləm, yuyunmaq üçün gəlmişəm. Ancaq deyim ki, burda işlədiyiniz müddətdə, nədənsə, sizə rast gəlməmişəm.
– Mən idarəetmədəyəm…
– Fərq etməz, hamımız bu ailənin üzvləriyik, sahibkar yeməyə ciddi nəzarət edir, hər zaman da təzə və keyfiyyətli məhsullar alınır, bu, çox yaxşıdır. Hamıya bir gözlə baxırlar, ayrı-seçkilik yoxdur, hər kəsdən də iş tələb olunur, bəlkə nəyisə səhv dedim?- başını qaldırmadan soruşdu. O, əllərini açıb diqqətlə dırnaqlarına baxırdı.
– Tamamilə düz buyurursunuz,- dedim və sürətlə yeməyə girişdim. Vaxtım az idi, məni hər zaman axtara bilərdilər, hələ gördüyüm iş barədə icraçı direktora məlumat da verməli idim. Odur ki, təzə tanışımı gözləmədən çayımı içib yerimdən qalxdım. Deyəsən, o, söhbət etməyə adam axtarırdı, ürəyi doluydu, tünd rəngli çaydan bir qurtum ağzına alıb canıyananlıqla dedi:
– Bütün günah mən maymaqdadır. Nəyə görə vaxtında bir faizdən imtina etdim. Görünür, Allah məni cəzalandırmaq üçün fəhmimi əlimdən aldı, yoxsa indi nağıllar aləmində idim, yaşayırdım özümçün, xaricə də səfərlər edə bilərdim… Mənə bu da azdır, zatən keçəni geri qaytarmaq olmaz, di gəl elə bir şans əldən çıxdı… Siz təsəvvür edə bilməzsiniz, bir faiz necə böyük məbləğdir?- O, güclə eşidiləcək yavaş səslə danışırdı. Aşpaz qadın, nədənsə, həndəvərimizdə fırlanırdı, bəlkə bulaşıq qabları yığışdırmaq üçün məqam gözləyirdi, bəlkə tanışıma qulluq göstərmək üçün ayaqda durmuşdu, hər halda baş tutan söhbəti yayındırmaqdan ötrü daha nəvazişlə:
– Siz ona fikir verməyin, cənab, – dedi – o, hər kəsə eyni şeyləri danışmaqdan usanmır ki…
Sonra çəkinə-çəkinə soruşdu:
– Dayı, yuyunmağın vaxtını ötürməmisən ki?
– Siz haqlısınız, xanım, çayı sonra da içmək olar, yemək də adama yuyunandan sonra yapışır,- tanışım əlüstü razılaşdı və selofan torbasını götürüb ayağa durdu.
Talə elə gətirdi ki, tezliklə mən bu iş yerimdən getməli oldum. İxtisasıma uyğun iş tapmışdım, indiki vaxtda hər zaman belə fürsət ələ düşmür.
Yeni işimdə o ciddilikdən, nəzarətdən əsər-əlamət olmasa da, mən intizamlı, bacarıqlı işçi olduğumdan, məni tanıyanlar bu qənaətdədilər, yeni iş yerinə tez uyuşdum. Burada mən istirahət günlərimi rahat dincələ də bilirdim.
Belə günlərin birində yenə rayon mərkəzindəki parka gəldim. Girəcəkdəki köşkdən bir-iki qəzet götürüb, iri palıd ağacının altında tənhalığa çəkildim. Park təzə salınsa da, burada dincələnlər az olurdu. İndi də baxanda, bu boyda parkda vur- tut on adam olmazdı. Mən bura tez-tez baş çəkən adam kimi dincələnlərin azlığının səbəbini bilmirəm. Görünür bu genişlikdə məkanda ictimai ayaqyolunu unudublar ona görə…
Bir müddət qəzet materiallarına necə başım qarışıbsa, yanımda dayananın nə vaxt gəldiyindən xəbər tutmamışam. Nəzərlərimiz qarşılaşanda onu tanıdım. Əlbəttə, bu, o idi, uşaq təbəssümü ilə gözlərini qıyıb mənə baxırdı. Qəzeti kənara atıb, onunla əl verib görüşdüm, hal-əhval tutdum:
– Salam, dayı, xoş gördük, necəsiniz? –Yadımda qalmışdı ki, özəl iş yerində hamı onu belə çağırırdı. – Bağışlayın, nə vaxt gəlib durmusunuz, xəbər tutmamışam…
– Gördüm qəzetə yaman yapışıbsınız, onunçun mane olmadım. Maraqlı yazırlar?!..
– Hər gün gördüklərimiz, eşitdiklərimiz, başımıza gələnlərdir, nədənsə, kağıza köçəndə maraq adama üstün gəlir. Bu da bir cürə xəstəlikdir…
– Mən heç vaxt qəzet, kitab oxumamışam, televizora da az-az baxıram. – O, əyilib oturacağa nəzər saldı və oturdu.
– Orta məktəbi bitirəndən sonra dərhal pul qazanmaq üçün həyata atıldım. Fabrik dünyaya açılanda sahibin təşəbbüsü ilə Almaniyaya göndərilmə məsələm ortaya çıxdı, bunun üçün alman dilini öyrənmək lazım idi. Bir ara lüğətlər tapıb məşğul olmağa girişdim, ancaq çox tezlikə bəlli oldu ki, bu, mənlik deyil. Həm də sağ olsun, arada gəzənlər, getməyimi əngəllədilər, o vaxtdan hər şeyə marağım öldü. Başqa şeylər də məni çəkmir, – dedi. O qədər sakit, səssiz danışırdı ki, sanki heyini- hərəkətini çəkmişdilər. – Sizi orda görmürəm, deyəsən, gecə növbəsinə keçibsiniz.
– Mən heç vaxt gecə növbəsində işləməmişəm, idarəetmədə idim. Sadəcə altı ay var, ordan uzaqlaşmışam, başqa iş tapdım, ixtisasıma uyğun…
– Canın qurtardı, – o, mənə qəribə həvəslə baxdı, – ora əsl katorqa idi…
– Mən o cür düşünmürəm, – köhnə adətimdi, həmişə özümü xoşagəlməz hallardan sığortalayıram, – hər yerdə işləmək lazımdır, işlə məşğul olanda mahiyyətə- filana varmırsan, bir də indi iş tapmaq çox müşküldür, bu, keçid dövrünün ən ağır bəlasıdır…
– Qəribədir, onlar mənim gözlərim qarşısında parladılar, indi ölkə bu milyonçulardan danışır. Hər yerdə- xeyirdə, şərdə onlara göydən düşmüş kimi baxırlar… – Araya üzücü sükut çökdü. Mən danışmaqdan çox, eşitmək istəyirdim. Amma gün kimi aydın olan o idi ki, həmsöhbətim danışmağa əziyyət çəkirdi, üzülmüş kimiydi. – Mən də bu gün məvacibimi aldım, təqaüdə hələ çox qalır, – qımışdı- milyonçular hər ay yüz əlli dollar verir. Sədəqə kimi…
– Siz nə danışırsınız, yüz əlli dollar? Niyə belə az? – O, təəccüblə mənə baxdı. – Yəni o boyda var- dövlətin müqabilində bu nədir axı…
– Əlimizdən nə gəlir ki, onu da verməsələr nə edərik, – yəni demək istəyirdi sən işləyəndə guya verilənə qail deyildin. – Bilirsiniz ki, orada əmək haqqının qədərindən danışmaq yasaq edilib, amma mənim hay-hayım gedib, kimdən, nədən qorxmalıyam. Yaxşısı budur, gəlin sizə bir şey danışım, başağrısı olmasın… Deməli, bir dəfə sahib və indi hər kəsin tanıdığı milyonçular mənim evimdə yeyib-içirdilər. Evim böyük və dəbdəbəli olmasa da, içində hər cürə şəraiti vardı. Tək-tük hallarda onlara bu tərkibdə bir yerdə olmaq nəsib olurdu, çünki sahib ilin böyük hissəsini xaricdə olur, ailəsi də həmçinin, burdakı mülkünə isə mən baxıram. Açığı buna görə o, həmişə mənim haqq-hesabımı ürəyimcə verirdi, bu isə uzun illər müxtəlif xəstəliklərdən əziyyət çəkən arvadımın dava-dərmanına, xeyir-şərə bəs edirdi. Bir müddət əvvəl bu firavan həyatdan məhrum oldum. Əslində, bu, sahibin gediş-gəlişinin kəsildiyi dövrə təsadüf edir. İndi mənə verilən yüz əlli dolları – bilirsiniz ki, burda maaşlar milli valyuta ilə ödənilmir – ancaq öz xərclərimə güclə çatdırıram. Ay ərzində yığılan borclarımı ödəyəndən sonra, cəmi-cümlətani yeddi dollar qaldı ki, ona da bu gün yüngülvari qəlyanaltı elədim. Növbəti məvacibə qədər yenə borc yığacağam. Düzdür, mən hər zaman yemək üçün fabrikə gedə bilərdim. Amma son dəfə, təxminən bir ay əvvəl, köməkçi ilə möhkəm savaşandan sonra, ordan ayağım tamamilə kəsildi. Mən onun quldurlarını üzünə söydüm, qardaşlar bu, hərəkətimi qəbul etmədi, nökərlərini üstün tutdu. Görünür, firmaya işi aparan robotlar lazımdır, onlar amöb kimilər olsa belə… Nə isə… Bir az əvvəl xanımım da dünyasını dəyişdi, tamam tək qaldım. İnsafən mərhumənin bütün yas xərclərini, hətta qəbirüstü işlərini qardaşlar gördü, onda sahib Almaniyada ağır cərahiyyə əməliyyatı keçirdiyindən mərasimə gələ bilmədi. – O, siqaret yandırdı. – Hə, onu deyirdim axı, onda məclis yaman qızışmışdı və qardaşlardan kiçiyi, hesab edirəm ki, o, çoxbilmiş və tədbirli adamdır, sahibin kifayət qədər kefli olduğunu görüb ürəkləndi:
– Şükür Allaha işlərimiz artıq qaydasına düşür, həm xaricdən mal-materiallarımız ardıcıl gəlir, həm də daxili bazarda məhsullarımız yaxşı satılır. Düzdür, artıq rəqabət aparacaq istehsal sahələri də artır, amma məhsullarımızın keyfiyyəti, çeşidlərin rəngarəngliyi, ən başlıcası qiymətlərin ucuzluğu hələ ki, qorxu yaratmır. Ona görə istehsalı artırırıq, işci sayı da çoxalır, bu da sıx bir bölgədə insanların işlə təminatında bizim üzərimizə götürdüyümüz öhdəlikləri icra etməyimizə imkan verir. Gələcək üçün perspektiv planlarımız var ki, söhbətimizin əvvəlində böyük bacıoğlu sizi ətraflı məlumatlandırdı. Amma bir məsələ qalır, bu bizim üçümüzə aiddir, onu da həll etməyin vaxtı yəqin yetişib… – müsahibim sözünə ara verdi, növbəti siqareti yandırdı, bu zaman onun arıq, saralmış barmaqları aşkar əsirdi.
– Siz yaman şox çəkirsiniz, – dedim.
– Artıq iş-işdən keçib, vəlvələdən-zəlzələdən, bizimki bura qədərmiş. Nə isə… Harda qalmışdım… hə-ə, sahib bəlkə də söhbətin nədən getdiyini anlamışdı, amma hər zaman sakit, təmkinli adam olduğu üçün susaraq diqqətlə qulaq kəsilirdi, danışmağa meylli deyildi. Mən də bir kənarda, onlar üçün meyvə soyub hazırlayaraq, ayaqüstə qulaq kəsilmişdim. Balaca kürən başladı ki, bəs pay bölgüsünə yenidən baxmağın əsl vaxtıdır, bu, sözləri deyəndə oğrun-oğrun böyük kürənə boylanırdı, yəni bu günə qədərki əlli üstəgəl iyirmi beş, üstəgəl iyirmi beş faiz bundan sonra üç bərabər yerə bölünməlidir: otuz üç, üstəgəl otuz üç, üstəgəl otuz üç… – Araya dərin sükut çökdü. Böyük kürən nəsə yeyirdi, deyəsən, alma idi, dişinə çəkmişdi, axırıncı tikə ağzında qaldı. Mən kürən qardaşların gözlərinin sahibə qəribə maraqla dikildiyini görməmək üçün meyvələrin zibil qalağını götürüb mətbəxə keçdim. Yubanmadan geri qayıdanda:
– Hər şey gün kimi aydındır, amma ortada bir faiz necə olsun? Axı bu andıra qalmış faiz havadadır, zənnimcə, bilərəkdən belə edibsiniz… – sahib xəfif-xəfif güldü.
– Elədir, dayı, o bir faizi ikimiz də, – kiçik kürən məni göstərdi, – balaca üçün nəzərdə tutmuşuq.
Otağa tam sükut çökdü, onlar duruxub, sahibin verəcəyi qərarı gözləyirdi. Mən isə açığı, söhbətin belə dönüşünü gözləmirdim, hazırlıqsız idim, həm də o vaxtlar maddi durumum çox yaxşı olduğundan heç nə eynimə deyildi. Amma hamını sakitləşdirəcək və qane edəcək qərar da uzun çəkmədi:
– Qoy onda balacanın bu işdə fikrini öyrənək,- sahib çönüb mənə baxdı.- Hə, nə deyirsən, səni də öz dəstəmizə qoşmaq istəyirik, fikrin nədir?
– Hesab edin ki, o bir faiz sizin payınıza əlavə olmalıdır, sahib. Sizin müdrikliyiniz yetər ki, gələcək işləriniz daha irəli getsin. – Sanki mən söz üçün gəzmirdim, onlar hardansa tökülürdü.- O ki qaldı mənə, qoy Allah ömür versin, hələ uzun illər qulluğunuzda durum. Dolanışığımdan razıyam, tanrı kölgənizi üstümüzdən əskik etməsin. Amma oğlanlarım böyüyüblər, onlara da fabrikdə iş verərsiniz pis yola düşməzlər, biz də keyvəni ilə evlənmələri barədə düşünərik… Keyvəninin canını xəstəliklər əldən salıb, yada düşməsə də, deməliyəm. Belə baxanda onun kimi toxdoyum insan təsəvvür etmək çətindir. Bilsə mən özümüz üçün nəsə ummuşam, üzümə baxmaz, neynim cavanlıqdan xasiyyəti ilə barışmışam…
Lənət şeytana, axırıncı sözlərimin mətləbə nə dəxli vardı?! Mən və arvadım uzun illər sahibin qulluğunda sədaqətlə durmuşuq və bunu məxsusi gözə soxmağa lüzum yoxdu, bir halda o, özü bu barədə heç vaxt münasibət bildirməmişdi.
Beləcə, mən o bir faizdən imtina etdim, öz əlimlə son ümid şamını söndürdüm. O vaxt bu rəqəmi şox kiçik bildiyimdən, fərqində deyildim. Əslində, savadsız, burnunun ucundan irəlini görməyən adam üçün belə də olmalı idi. Adamın qarnı tox olanda müvəqqəti hər şey yaddan çıxır: gələcək fəsadları, hətta ölümü unudur…
Bizim həyatımız da kəskin iqlim dəyişikliklərindən pis olub, ağıllı adamlar qətiyyən sayıqlıqlarını itirmirlər, əlbəttə, mən suyu qorxa-qorxa içənləri nəzərdə tutmuram…
İllər çox tez ötüb keçdi, hər zaman belə olub: nəyisə vaxtında çırpışdıra bilmədinsə, günahı özgələrdə axtarma. İndi həmin bir faizə nəinki mən, iki oğlum, onların gələcək ailələri və nəvələrim süd gölündə üzərdilər… Düzdür, sonradan hər iki oğlumu fabrikə işə düzəltdilər, amma zaman keçmədi ki, hiyləgər ətraf qulp quraşdırıb uzaqlaşdırdılar. İndi Rusiyadadırlar, yerləri- yurdları da bəlli deyil… Belədə mənim özümə yaxın bildiyim adamlardan da orda kimsə qalmayıb…
– Siz bir neçə dəfə kürən dediniz… – mən nahaq soruşduğumu sual ağzımdan çıxan anda hiss etdim. Amma cavab özünü yubatmadı, çünki o, artıq ayrılmaq üçün ayağa durmuşdu:
– Onların rəhmətlik anaları sarışındı… Hər ikisi ona oxşayıb. Yaşca hamımızdan böyük idi… Bunun nəyi pisdir ki… Çoxları bilmir, axı… mən onların kiçik dayısıyam…
O, qəddini düzəltmək üçün geri qanrılmağa cəhd etdi, bacarmadı. Donuq baxışlarla məni süzdü:
– Mənimki daha bitdi… Amma mən yas mərasimimi yüz faiz sizə cıza bilərdim, tələsirəm, onlar bunu adlarına layiq edəcəklər, ölülərinə sahib çıxacaqlar, həmişə belə olub: canımız çıxandan sonra mataha minirik, görərsiz…