Ana səhifə BAŞ YAZI Barışdım səndən qalan ürək ağrılarıyla – Yeni şeirlər

Barışdım səndən qalan ürək ağrılarıyla – Yeni şeirlər

Müəllif: Bizim Yazı
143 baxış

Ayaz ARABAÇI

***

Keçib getdi ömrümüz gündə bir qaçaqovda,

Bir gün istidə yandıq, bir gün qarda-qırovda,

Bir yerdə qərar tutub bitən deyil bu sevda,

Həyat davam eləyir, yaşayırıq hələ ki..

 

Savaşımız kəsilmir kainatla, cahanla,

Əzib udur bir ucdan mişar dişli dəhanla,

Sınansaq da hər çətin, hər ağır imtahanla,

Həyat davam eləyir, yaşayırıq hələ ki..

 

Min-min qayğı əlində düyümlənir qaşımız,

Qovğalardan açılmır bir an olsun başımız,

İşıq sürəti ilə ötüb keçir yaşımız,

Həyat davam eləyir, yaşayırıq hələ ki..

 

Heç bir şeylə ödənmir ürəyin ehtiyacı,

Gün çıxır acı-acı, gün batır acı-acı,

Bütün bu acıların olmasa da əlacı,

Həyat davam eləyir, yaşayırıq hələ ki..

 

Ruhumuzu titrədib dilləndirir saz kimi,

Qışa don geyindirir allı-güllü yaz kimi,

Dünya daim aldadır bizi sehirbaz kimi,

Həyat davam eləyir, yaşayırıq hələ ki..

 

Gedirik bu yolları dolama da, kəsə də,

Ən sonuncu işığa, ən sonuncu səsə də,

Xoşumuza gəlsə də, lap elə gəlməsə də,

Həyat davam eləyir, yaşayırıq hələ ki..

 

***

İndi bir az yaxşıyam gəlib-gedən seyrəlib,

Canımdakı ağrılar balaca sakitləşib.

Qayıdıb öz yerinə təzyiq,iştaha,filan..

Amma səninlə bağlı xatirələr itləşib..

 

Çarpazlanıb sinəmdə qanı qaçmış əllərim,

Şükür əcəl adlanan o mənfur sap uzanıb..

Məzhun baxışlarını tavana zilləyərək,

Ağ vərəqin böyrünə qələm tirtap uzanıb.

 

Başımda arzuların axsaq atları yortur.

Könlümü məşğul etmir bir elə, tərlan-tülək..

Bu aralar çöldə də hava yoxdu sən deyən,

Yumurtası tərs gələn toyuğa dönüb külək..

 

Mənasını itirib uzun təfərrüatlar,

Günlər xeyli qısalıb,anlar xeyli daralıb..

Payızdı də tək elə ağacların deyil ki,

Elə adamların da rəngi-rufu saralıb..

 

Neyləsək də alınmır xəyal etdiyimiz tək,

Dünya böyük olsa da adama künc görünür..

Bir yer var ki,o yerdən aşağıya baxanda,

Yolunda öldüyümüz hər şey gülünc görünür..

 

***

Həkimlərim biganə, dərmanlarım saxtadır,

Yüz həkimdən, dərmandan biri şəfa eləmir.

Barışdım səndən qalan ürək ağrılarıyla,

Daha mənə o qədər cövrü-cəfa eləmir.

 

Hamıya doğma könlüm, tək özümə yadmışam,

Doydum cəfəngiyyatdan, quruca bir admışam,

İki dəfə infarktın ləzzətini dadmışam,

Ürək sağ-sol vursa da tam istefa eləmir..

 

Könlünü ram etsə də gözləri xurma-xurma,

Bir gün ilana dönür, altun telləri burma..

Bir də heç bir gözəlnən duel xəyalı qurma,

Nə qədər ağıl qoyum, ah bu qafa..eləmir..

 

Qızıl suyuna çəkdim,oturduğum qəfəsi,

İçimdə yallı gedir küləklərin nəfəsi,

Könlümdəki bülbülün elə batıb ki, səsi..

Bir dəfə “do” eləmir,bir dəfə “fa” eləmir..

 

Getdim neçə bəzəkdən,çıxdım neçə naxışdan..

Aramasın polislər məni özgə baxışdan,

Mənə nə bu payızdan,mənə nə bu yağışdan,

O nəğməni mənimçün heç kim ifa eləmir..

 

Dalınca nə bacardım yaş yuyub quru sərdim..

Taleyin qılıncına sinəmi təkcə gərdim,

Mən səni yorulmadan yüz il də gözləyərdim,

Amma ki,neyləyəsən ömür vəfa eləmir.

 

***

Daha saxlayammıram bir tikə təmiz adı,

Ürəyimin yükündən qollarıma güc düşür..

Ancaq ayaq səsini eşidirəm bəxtimin,

Mənim arzularımın üstünə gün gec düşür..

 

Bu nə cavana baxır, nə də ki, bir ahıla,

Qulluq edir həyatda hərə bir cür ağıla,

Məndən yaxşı inanan adam yoxdu, nağıla,

Gör ey, o üç almadan biri mənə heç düşür.

 

Elə həmin köhnə yol, həmin sevda, həmin ad,

Nə şeytani həvəs var, nə ilahi təminat,

Elə bil içimdəki eşqə, sevgiyə inad,

Harda bir bəla varsa sevincimə eş düşür.

 

Lap yüz il üst-üstə yığ qaralmış qəpikləri,

Sənə sarı əyiməz xəyalının pikləri,

Elə amansızdı ki, taleyin təpikləri,

İkisini yeməmiş adam tamam leş düşür.

 

Gecəsini bilirəm, gündüzünə bələdəm,

Hansı qanda dövr edir hansı zina, bələdəm,

Mən bu alçaq həyatın hər üzünə bələdəm,

Bilirəm kimin zəri nəyə görə şeş düşür.

 

Çoxmu çətin sağalar həkim, səncə bu yara,

Hər gün gedib – gəlirəm içimdəki biyara,

Bu qədər stresnən ömrü-günü bu yerə,

Gətirib çıxartmağın özünə bir “5” düşür..

 

***

Sənə çətin gəlir unutmaq məni,

Gözünün ilk ovu,nübarı mənəm.

Yalandan ağlama başqa ad çəkib,

Hələ də könlünün qübarı mənəm..

 

Adım əzbər oldu neçə aşığa,

Qorxmadan qanımı qoydum qaşığa,

Səni mən gətirdim bu yaraşığa,

Ömrünün-gününün memarı mənəm.

 

Belə ki, öyrəşib könül xoşluğa,

Atma addımını çaşıb boşluğa,

Ad tapa bilmirsən bu sərxoşluğa,

Xumar gözlərinin xumarı mənəm.

 

O səs qulağında mənim səsimdir,

O səsdən ürəyin əsim-əsimdir,

Saçında oynayan meh nəfəsimdir,

Qara tellərinin tumarı mənəm.

 

Dikəlməz gözündə saraylar çökən..

Könüllər qanadan,ürəklər sökən..

Yayın istisində zəhləni tökən,

Başına dolanan o arı mənəm..

 

Hər gün ürəyində yara keçərsən,

Ağappaq yolları qara keçərsən,

Sən məndən adlayıb hara keçərsən,

O hasar,o divar,o barı mənəm.

 

Qopar bu nəğmədən qopar sən,məni…

Gözündə-könlündə apar,sən məni,

Harda arzulasan taparsan məni,

Bütün Azərbaycan diyarı mənəm.

 

Tural Adışirinin təqdimatında..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.