Afaq ŞIXLI
(Güləndam İsaxanlıya həsr edirəm)
Qış uzunu yayı arzulasaq da, istilər düşən kimi sərin bir yer axtarırıq ki dincəlməyə gedək.
Belə vaxtlarda Xəzərimizin sahilləri boyu yerləşən bağlardan, istirahət evlərindən gözəl nə ola bilər?!
Düzdür, dünyada gəzməli, görməli yerlər çoxdur, amma inandırıram ki, doğma vətənimdə aldığım ləzzəti mən heç yerdə ala bilmirəm. Axı, özgə harada hava belə yumşaq, külək belə isti və eyni zamanda ruhu oxşayacaq qədər sərin, dənizin səsi isə sevimli bir musiqi qədər xoş ola bilər? Harada insan özünü bu qədər doğma və rahat hiss edə bilər? Əlbəttə ki, öz vətənində.
Bu yay, yenə də, ruhum məni çəkib öz doğma Bakıma gətirmişdi. Hələ təyyarədə ikən ürəyim bir quş kimi çırpınır, gözlərim tez-tez saata baxırdı. Yerə enəcəyimiz dəqiqələri sayırdım. Bu anlar neçə də həyacanlı və sevincli olur. Çünki, biz, sevdiklərimizin və bizi sevənlərin yanına qayıdırıq, vətənimizə, böyüyüb boya-başa çatdığımız torpağımıza qayıdırıq. Mənim bu hisslərim övladlarıma da aşılanmışdı. Azərbaycana hər gəlişimizdə onların da kiçicik qəlbləri dağa dönürdü. Hətta bir dəfə oğlum Bakı hava limanında: “Ana, havadan vətən ətri gəlir”, – demişdi. Onun bu sözlərinə mən həm heyrətlənmiş, həm də çox sevinmişdim. Bəzən uşaqların dediyi sözlər müdrik bir filosofun kəlamları qədər hikmətli olur. Uşaqlar yalan danışa, riyakarlıq edə bilmirlər. Onların qəlbləri təmiz bir ayna kimi olur. Bu aynada əks olunacaq hər bir şey – yaxşı da, pis də – ətraf mühitdən, insanlardan və biz valideyinlərdən aslıdır. Uşaqların düşündüklərini demək qabilliyətləri əvəzolunmaz bir xəzinədir. Təəssuf ki, biz onların sözlərinə çox vaxt məhəl qoymuruq, halbuki, onlar da bizi kimi insanlardır – kiçik insanlar. İstəsək, bizə həmsöhbət də ola bilərlər, dost da, sirdaş da.
Mən də indi sizə öz balaca dostum haqqında danışmaq istəyirəm.
Əhvalat üç il bundan əvvəl, Xəzərin sahilindəki istirahət evlərindən birində baş verib. Onun valideyinləri bizim ailə dostlarımızdır. O vaxt onun altı yaşı vardı. Bəli, bəli, təəccublənməyin, mənim dostumun nə az, nə çox altıca yaşı vardı. Özündən dəfələrlə böyuk olan bir adamın dostu olmaq şərəfini o özü qazanmışdı: təmiz ürəyi, ağıllı gözləri, şirin danışığı və dərrakəsiylə. Mən onunla uşaq dilində danışa və ya uşaq oyunları oynaya bilmirdim. Biz bir-birimizə şeir söyləyir, hekayə, nağıl danışırdıq. Gözlərini üzümə dikib baxanda, yanımda altı yaşlı uşaq deyil, böyük bir adam təsəvvür edirdim. Özü də, o mənə inanırdı. Onu aldatmaq, ağılkəstirici cavablar vermək ağlıma belə gəlmirdi. Dostum da bunu hiss edir, suallarına doğru cavab verəcəyimi bilirdi. Suallarının da ardı-arası kəsilmirdi: – Necə olur ki, yağış yağır? Bəs o su sonra hara gedir? Axşam düşəndə günəş harada gizlənir? Və sairə, və sairə…
Verilən cavabları maqnitofon lenti kimi yaddaşına yazır, sonra da gedib kiçik qardaşını imtahan edir, öz üstünlüklərindən ləzzət alır və yeni öyrəndiyi şeylərlə fəxr edirdi.
Öz övladlarını hamı sevər. Amma dostunun, rəfiqəsinin uşağını, mənim onu sevdiyim qədər, bəlkə də heç kim sevə bilməz. O şeytan da bunu gözəl hiss edir, bəzən pişik kimi qoynuma girir, bəzən də, mənim yatağımda yataraq öz otaqlarına getmək istəmirdi. Bir iş üçün buyuranda məsuliyyətindən rahatlıq tapmırdı. Şıltaqlığı və dəcəlliyi də o qədər təbii, o qədər şirin olurdu ki, onu sevməmək mümkün deyildi.
Gözəl yay günlərindən biri idi. Hava dəniz qoxusu ilə dolmuşdu. Göyün üzü tərtəmizdi. Dəniz dalğasız olduğundan sahildə iynə atsan yerə düşməzdi. Kişilər və uşaqlar çimərliyə getmişdi. Biz qadınlar isə eyvanda əyləşib çay içir, söhbət edirdik. Balaca dostum dənizə getməyib bizimlə qalmışdı. Alboma nə isə çəkir, pozur, öz-özünə danışırdı. Mən sevimli şairimiz Hamlet İsaxanlının “Təzadlar” adlı yeni kitabını oxuyurdum. “Susma, danış, ay ana” adlı şeir diqqətimi cəlb etmişdi. Bu şeiri bir neçə dəfə oxudum, oxudum…
Anamın vəfatından illər də keçsə, harada ana haqqında təsirləndirici mahni, şeir eşitsəydim, kövrəlib uşaq kimi ağlayırdım.
Səssizliyə dözmək olmur, ay ana!
Eşitməsəm səsini,
Duymasam nəfəsini,
Gen dünyada
Rahat-rahat gəzmək olmur, ay ana!
Bu misraları oxuduqca gəncliyim, analı günlərim gözümün önündən gəlib keçdi. Doluxsundum. Heç kimə bildirməmək üçün durub sakitcə öz otağıma keçdim. Üzümü balınca söykəyib ürəyimin yanğısını göz yaşlarımla söndürdüm.
Birdən arxada bir hənirti hiss etdim. Tez başımı qaldırıb gözlərimi sildim. Bu o idi. Gülümsəməyə çalışıb:
– Gəl yanıma, canım, – dedim.
Boynunu büküb irəli gəldi, dizimin üstündə oturdu. Gözlərimə baxıb:
– Ağlayırsan? – deyə soruşdu.
– Yox, çox oxudum deyə gözlərim qızarıb.
Susdu. Birdən başını qaldırıb:
– Mən bilirəm, sən əmimin ana haqqında yazdığı şeiri oxuyub ağladın, – dedi.
Elə təəccübləndim ki, deməyə söz tapmadım. Axı mən kitab oxuyanda, onun başı rəsm çəkməyə qarışmışdı. Bəs, mənim ağlamağımı, özü də nə üçün ağlamağımı o hardan bildi? Qəlbimdə nə baş verdiyini anlata bilməyəcəyəm: bunu sözlə ifadə edib qələmlə yazmaq mümkün deyil. Amma bilirəm ki, onu bağrıma basıb duz kimi yaladım. O da özünəməxsus mehribanlıqla qucağıma girib saçlarımı sağalladı, yanaqlarımı sildi.
– Sənin anan yoxdur deyə sən belə ağlayırsan, düzdür? Ağlama, yoxsa ürəyin ağrıyar, sən də ölərsən.
Birdən qorxmuş kimi üzümə baxıb əlavə etdi:
– Hamı öləcək, onsuz da. Amma gəl, bilirsən neyləyək?
– Neyləyək, ay çoxbilmiş? – deyə burnunun ucunu sıxdım.
– Mənim anam deyir ki, adam çoxlu alma yeyəndə gec qocalır. Gəl, biz də səninlə çoxlu alma yeyək, cavan qalaq, ölməyək.
Qəmli vaxtımda məni gülmək tutdu. Kefimi aça bildiyi üçün, bu balaca məsləhətçim, özündən çox məmnun halda, məni bir də qucaqladı:
– Gəl, üzünü yu, gedək çayımızı içək, – dedi.
Onun xətrinə ayağa qalxıb güzgünün qabağına keçdim. Gəlib yanımda duraraq süni bir ah çəkdi:
– Eh, mən də heç qəşəng deyiləm.
Açiq-aşkar öz ünvanına tərif istəyirdi: qəşəng olduğunu özü çox yaxşı bilirdi. Qucağıma alıb kətilin üstünə çıxardım. İkimiz də bir boyda olduq. Saçlarını darayıb hördüm, üz-gözündən öpüb:
– Dünyada belə qız cəmi bir dənədir, – dedim.
– Bəs sənin qızın? – deyə təəccübləndi.
– Əlbəttə, lap yadımdan çıxmışdı, cəmi iki gözəl qız var.
Şeytan-şeytan gülümsəyib yerə hoppandı, əlimdən tutub tullana-tullana eşiyə çıxdı.
Məsələ burasındadır ki, çıxıb heç kimə, heç nə demədi. Gəlib yanımda əyləşdi. Qənd qabından iki konfet götürüb birini mənim qabağıma qoydu, birini isə özü açıb körpə uşaq şıltaqlığı ilə xırtaxırtla yeməyə başladı.
Bu əhvalatdan bir neçə il keçsə də, unuda bilmədiyim üçün bu sətirləri qələmə almaq qərarına gəldim. Mənim balaca dostum indi bir qədər də böyüyüb, daha ağıllı və gözəl bir qız olub.
O kiçicik ürəyin
Necə saf, necə təmiz.
Şirin, duzlu sözlərin
Həm məzəli, həm əziz.
Böyü, gözəl bir qız ol!
Bir gün toyuna gəlim.
Gələcəyə yaxşı yol!
Balaca məsləhətçim.
Afaq Şıxlı.
Moskva.
1 şərh
Əzizimiz, Afaq xanım. Şeirləriniz ki, nəsr əsərlərinizdə dolğum, canayaxın və səmimidi. Bir jurnalist kimi deyə bilərəm ki, sizin ədəbiyyata gəlişiniz çox yerinədüşüb. Çox yazın xaish edirəm!