Ana səhifə SÖYLƏŞİLƏR “Bəzən olur ki, bütün dünyanın dərdini çiyinlərimə alıb daşıyıram”

“Bəzən olur ki, bütün dünyanın dərdini çiyinlərimə alıb daşıyıram”

Müəllif: Bizim Yazı
926 baxış

Türkiyənin tanınmış elm xadimi, şairi, professor Nurullah Gənc: “Camaatın rəhbəri şairlərdir, onlar ya açılmış yolları genişləndirməli ya da yoldan çəkilməlidirlər”

– Nurullah Gənc olaraq özünüzü Azərbaycan oxucusuna necə təqdim edərdiz? Adətən təqdimat  şairin öz dilindən olanda daha axıcı, rəngli və təsiredici olur.
– Mən 1960- cı ildə Ərzurumun Xorasan mahalında dünyaya göz açmışam. Orta məktəbi də Ərzurumda oxumuşam. Sonra Atatürk Universitetinin İqtisadi və idarə elmlər fakültəsindən məzun olmuşam. 1984-cü ildə həmin fakültəyə asistent olaraq qayıtmışam. 1990-cı ildə doktor, 1995-ci ildə dosent, 2001-ci ildə professor oldum. Həmin fakültədə illərlə işlədim və yoruldum demədim. İndi isə İstanbul Ticarət Universitetinin Ticarət elmləri fakültəsinin işlətmə hissəsində müəllim işləyirəm. 1980-ci ildən bu yana çox sayda mədəni və sənət jurnallarında şeirlərim, yazılarım dərc olunub. Hamıya məlum olan bir sənət keçmişim var. Həmçinin bu günə qədər 17 şeir kitabım, 3 romanım, ixtisasıma aid olan kitablarım çap olunub  və təbii ki, bir fotoqraf olaraq çap olunan “Ruhumdan yansıyanlar” kitabım var. Çox gərgin bir qrafiklə işlədiyimi deyə bilərəm…

– Bakıda olduğunuz iki gün ərzində çıxışlarınızı dinlədim, pozitiv təsir bağışladı. Enerjinizin qaynağı hardan gəlir? O sehirli aləmdən bizə danışın…
– Azərbaycanın Odlar Yurdu Universitetinə uğurla və bacarıqla əlaqəli bir konfrans verməyim üçün dəvət almışdım. Mən də bu konfransda sadəcə sözlər, cümlələr olsun deyə danışmadım. Çünki nə edirəmsə edim, yaşayaraq edirəm və burda da yaşayaraq, hiss edərək çıxış etdim. Bu tamamilə mənim kəlmələrimin ağlımla, qəlbimlə, ruhumla birləşib dinləyiciyə olduğu kimi getməsindən qaynaqlanan bir haldır. Bəlkə də mənim səmimi olmam o insanları mənim çıxışıma indeksləyir və sonuna qədər də o təsirdə saxlayır. İkincisi isə öz işlərimi sırf akademik bir elmlərlə izah etmirəm, həyatdan alınan, yaşadığım hadisələrlə, bəlkə də çoxumuzun da yaşadığı, duyduğu hadisələrlə əlaqəli olan şeyləri danışıram. Üçüncüsü, əlaqə quraraq izah edirəm. İnsanların gözləri mənim vətənimdir. Mən onların gözlərinə baxaraq danışıram. Əgər onların gözlərində özümə bir yer ala bilməmişəmsə, qəlblərində də ala bilmərəm. Çünki gözlər qəlbin aynasıdır demişlər. Ona görə də danışıq əsnasında dinləyicilərin gözləri ilə təmas qururam. Sanki onlarla söhbətimin o tayından da o yana  danışa bilirəm və onlar istəsələr də , istəməsələr də gözlərini məndən ayıra bilməz bir hala gəlirlər.

– O zaman mən belə deyərdim ki, sizdə insanları özünə çəkə biləcək bir maqnit gücü var. Həm də bir növ sizin bu çıxışlarınız terapiyaya bənzəyir. Sanki insanalara dünyalarındakı təlatümləri müalicə edə biləcək bir terapiya seansları təqdim edirsiz.
– Bəli, mən tam olaraq bir maqnit kimi insanları özümə doğru çəkirəm. Yenə də deyirəm mən havaya baxaraq danışmıram, insanların gözlərinə, qəlblərinə təsir edərək onlara baxıb danışıram. Çünki mənim həmsöhbətim məhz onlardır.

– Belə bir gücə sahib olmaq da asan bir iş deyil.
– Əlbəttə, asan deyil. Bu Allahın mənə verdiyi bir qüvvər və gücdür. Özümü həmin an qıraqdan seyr edə bilmədiyim üçün tam olaraq nələrin yaşandığını deyə bilmərəm. Amma bildiyim bir şey var o da  qarşımda insanlar var və mən o insanlara bir şeylər danışıram.

– Psixoloqlar isə deyir ki, qarşındakı insana təsir etmək istəyirsənsə, mütləq o insanın alnına baxmalısan. Gözlərinə baxsan, sən ondan asılı olub qalacaqsan. Amma alnına baxaraq danışsan, istər-istəməz o insan səndən asılı olacaq…
– Əslində mən o insanların qəlbinə baxaraq danışıram və göz, alın isə bu işdə bir vasitədir. Qəlblərinə baxıram və əlaqə qururam. Biz qəlbi idarə edə bilən bir insanlarıq və duyğuların yeri isə bildiyimiz kimi qəlbdərir. Ona görə də bir insanın duyğusunu özünüzə bağlaya bilmədiyinizdə gözlərini də bağlaya bilməzsiz. O tam olaraq hisslərlə bağlı bir şeydir və ağılla belə idarə oluna bilməz. Çünki məntiqin belə gücü sizə qarşınızda olan insanı özünüzə bağlamağa çatmaz , amma o duyğu dolu bir zəkanızla bir qəlb dərinliyinə toxuna bilsəz,  əlinizdə sanki  bir mizrab bir tarın və ya sazın tellərinə toxunursuz. Bax qarşınızdakının könül tellərinə  də belə toxunmalısız. Mən də hər halda bunu bacarıram.

– Yaradıcılıqda uğuru necə əldə edirsiz ?
– Allah hər bir insana fərqli isdedad və qabiliyyətlər verib, insanlar da bu qabiliyyətlərini kəşf etmələrinin nəyə bağlı olduğunu öyənməlidir. Bir insan nəyi yarada biləcəyini, nəyi edə biləcəyini, hansı əsəri yaza biləcəyini bilmirsə, həyatını da ona görə də plana sala bilməz, nizamını belə qura bilməz. Ona görə də insanların öz qabiliyyətlərini, hünərlərini və istedadlarını bilmələri lazımdı. İkincisi zamanı düzgün idarə etmək lazımdı. Çünki gün ərzidə olan planları da o saatları necə idarə etməsindən asılıdır. Mən hər hansı bir işi gördüyümdə və eyni zamanda  könül dünyamda bir şeiri də yaza bilirəm.Bu içimdə, qəlbimdə var olan bir haldır. Sanki ürəyin bulud kimi dolur və şeir də qəlbimdən vərərqlərə bir yağış kimi yağa bilir. Amma qarşımda olan insanlar o daxilimə axan göz yaşlarımı görə bilmir. Amma bəzəm də olur ki, məni anlamadıqları üçün qəlbimə və o buludlara toxunurlar və dağıdırlar. Amma bən belə bir iqlim şəraitində yazıram əsərlərimi. Bacarıq, zamanı idarə etmək və şeirlə iç-içə yaşamaq. Mənim əsərlərimin də sirri bundan ibarətdir.

– Siz dediniz ki, günün saatlarını qrafikə uyğun bölürsünüz, amma yaradıcı insan nə öz duyğularını, nə də özünü bir qrafikə sığdıra bilər. Daşar və bu sərhəddən o yana keçmək istər. Yaradıcı insan qəlibə sığmaz.
– Yox, bu plan qurmağım o anlama gəlmir ki, mən özümü bir qəlibə sığdırıram. İstənilən an şeir gələ bilər və mən yazaram. Sənət işlərində bircə ilhamın qrafiki olmaz. Amma nəyi planlamalısız biliriz? Ona dəstək olacaq fəaliyyətlərinizi, oxumağınızı və o yolu dəqiqləşdirməyinizi… Digərlərini də sərbəst buraxın nə zaman istəyirsə gəlsin.

– Belə bir enerjiyə sahib olan insanın yaradıcılığında kədər də yer alıbmı?
– Mənim şeirlərimin təməl daşı kədər və hüzündür. Üzümün belə güldüyünə baxmayın, çünki qəlbimdə, içimdə qan ağlayan bir dünya var. Bəzən olur ki, bütün dünyanın dərdini çiyinlərimə alıb daşıyıram. Öz millətimin, xüsusən də Qarabağın dərdini zaman-zaman öz çiyinlərimdə daşıyıram və bu enerji bu təbəssüm insanlara hüzursuzluq verməmək üçündür. Mən özümlə tək olduğum zamanlarda öz içinə, öz dünyasına qapanan bir insanam. Özü ilə hesablaşan və bəzən də özümü belə bəyənməyən bir insanam. Amma yenə də deyirəm şeirlərimin təməl təması kədər, ölüm, ağrılıqdır. Çünki bu dünya əbədiyyən qala biləcəyimiz bir dünya deyil. Çox şeyə sahib ola bilərik, amma zamanla da onları itirmiş oluruq. Ən sonunda da ölümlə özümüz də bu dünyadan ayrılırıq. Kədərlə, problemlə dolu olan bir dünya mənə şeirlərimdə sevinclə yazmağa mane olacaq. Mütləq də belə olur.

– Səhv etmirəmsə siz əvvəllər təxəllüsünüzdə bir Qərib sözünü də işlədirdiniz. Bu sizin ananızın ailəsinin nə zamansa Gəncədən köçüb getməsi və sizin qəriblikdə yaşamanızla əlaqəli ola bilərmi?
– Mən elə deməzdim, çünki mənim qəriblik duyğularım ondan da üstün bir mərtəbədədir. Mənim anam Gəncədən gəlib, mənim qohumlarım orda qalıb və “burda qəribəm” deyə bir duyğum belə olmayıb. Bu qəriblik mənim öz dünyamla əlaqəlidi. Bir insan olaraq qəribliyimdən irəli gələn bir təxəllüs olub. Bu dünyada bir insan olaraq çox qəriblik duyğuları çəkirəm. Mənim bu dünya ilə uyğun gəlməyən bir tərəfim də var. Ta uşaqlığımdan belə bir duyğunun içindəyəm. Mən arada buludlarla, dağlarla da söhbət edərdim. Oturub saatlarla bir çiçəyi seyr edərdim. Bu da mənim yazı aləminə ilk başladığım anlarda təxəllüsümdə Qərib sözünü də işlətməyimə səbəb oldu. Soyadım da Koyuncu idi. Çünki mən kənddə böyüdüm və atamın da kənddə evi, qoyunları vardı. Qərib təxəllüüsü isə mənim ailəmlə əlaqəli olmayan bir üst məqamdan irəli gəlirdi.

– Kənd həyatında böyümüsüz və bu sizə təbiətin hər daşı, hər çiçəyini daha da yaxından duymağa, onlara təmas etmənizə  yardımcı olub. Bu sizin ruh dünyanızdanmı irəli gəlir?
– Mən təbiəti çox sevirəm. Çünki təbiətdə yaşayan canlı və cansız nə varsa, zərərsizdir. Amma insanlar bir-birinə daha çox xətər və zərər yetirə bilər. Həm də mənim ruhum təbiətlə çox sıx bağlıdır.

– Təbiətdə nə varsa idealdır və Tanrı da onları çox gözəl yaradıb. Bəs siz bu təbiət təsvirlərində gördüklərinizi fərqli şəkildə çatdıra bilirsizmi? Yəni fotoqraflar çoxdur, amma fərqli şəkildə insanlara çatdıra biləni isə təəssüf ki, çox azdır.
– Mən də fərqli şəkildə çatdırmağa çalışıram. Amma belə bir şey var ki, fotoaparat bir anı yaxlaya bilər. Amma həmin anı qəlbiniz, aparatın düyməsi və bacarığınız tuta bilirsə, fərqli bir şəkil alınacaq. O çiçək və böcək belə sizin qəlbinizdən təsirlənə bilər. Mən buna çox inanıram. Su verib danışdığım çiçəklərlə, su vermədiyim çiçəklər fərqli bir boyda açılarlar. Bütün cansız və canlı varlıqların da bir dili vardır. Sənət bu dili tuta bilmək üçündür. Və fotoaparatda o dili tutub bir ömür boyu ölümsüzləşdirmə sənətidir. Çünki dünyada işıq gündə bir neçə milyon dəfə dəyişir və heç bir anın təkrarı yoxdur. Hətta bir böcəyin belə təkrarı yoxdur və o böcək bir dəfə yaşayır, ölür. Mənim şəkil albomumda bir kəpənək şəkli var və mən ikinci dəfə də onu çəkə bilmərəm axı o ölüb. Mən o şəkilləri sizə buraxdım və insanlar da bunu mutləq duymalıdırlar. Bir daha həyata dönə bilməyəcək bir kəpənəyin şəklinə baxan kimi baxmalıdırlar.

– Fotoqraf olduğunuz zamanlarda çoxlu şəkillər çəkirsiniz və təbii ki, bu da təsirdən irəli gələn bir yaşantıdı. Sonradan nə zamansa həmin bu çəkdiyiniz şəkillər sizə təsir edib hansısa bir şeirinizə və ya fəlsəfə dünyanıza da köçə bilirmi?
– Mənim belə bir xəyalım var ki, nə zamansa çəkdiyim bu şəkillərin hər birisinə ayrı-ayrılıqda bir şeirlər yazım. Bu günə qədər məncə şairin özünün çəkdiyi şəkillərə yazdığı şeirlər olmayıb. Amma bu şəkil albomumda hər bir şəkilin başlığında bir beyt yazmışam. Bunu nə zamansa mütləq həyata keçirmək istərdim.

– Həyatınızda belə bir hasisə olubmu ki, sizə təsir edən hər hansı  bir hadisə beyninizdə formalaşsın, amma misralara çevrilmədən qəlbinizdə ölsün. Və zaman-zaman onu ağrısı, sızısı sizi incitsin və göynətsin?
– Bəzən olur ki, hansısa şeiri yazmaq istəyirəm, amma yaza bilmirəm. Daha doğrusu həmin misraları tuta bilmirəm ki, şeirə çevrilsin. Bəzən isə şeiri yazırsan və bitənsə anlayırsan ki, bunlar mənim yazmaq istədiyim misralar deyildi. Mən daha fəqrli bir şeylər düşünmüşdüm. Amma bəzən də elə olur ki, ağlıma gözəl sözlər gəlir və həmin an yaza bilmirəm, sonra da unuduram. Olur ki, həmin misraları nə qədər etsən də xatırlaya bilmirsən. Yazmaq istəyib yaza bilmədikləriniz, ya da ki, unutduqlarımız sonradan qəlbimizdə bir acıya çevrilir. Bəzən də o acı zamanla insanı özü o şeiri yazdırır.

– Tədbirdə çox böyük sevgi ilə oxuduğunuz Gülnarə şeirini kimə yazmısınız?
– 1996-cı ildə bir qrup azərbaycanlı tələbə məni ziyarət etdi. Universitedəki otağımda mənim qonağım oldular və mənim şeirlərimi oxudular. Onlar İzmirdən gələn tələbələr idi və məni çox heyran qoydular. Çox fərqli bir dünyaları olduqlarını anladım və anamın da kökünün Gəncədən olduğu üçün o tələbələr dayım uşaqları kimi baxdım. Onlar gedəndən sonra isə arxalarından bir xeyli baxdım. Bir də Azərbaycanda ən çox işlənən adı soruşdum və mənə Gülnarə dedilər. Mənası da atəş çiçəyi imiş və bu torpaqlarda atəş torpaqları olduğu üçün Gülnarə dedim və yazdım. O Gülnarə isə tam simvolikdir. O ana Vətəni ifadə edir. O şeir bir ada sığacaq qədər kiçik bir anlamlı deyildir və bir Azərbaycan,  bir Vətən şeiridir.

– İki gün ərzində tədbirlərdə sizin şeirlərinizi elə öz dilinizdən dinlədim və mənə elə gəldi ki, bu şeirləri dinləməklə yanaşı bir filmi də izlədim. Ssenari də yazırsınız?
– Bu fikirlə tam razıyam və həqiqətən mənim şeirlərimin bir film kimi görünüşü və yaşantısı var. Bu günə kimi də bir ssenari yazmağı düşünmüşəm, amma belə deyək də, bir zaman tapa bilməmişəm bu iş üçün. Buna da mütləq zaman ayırmalıyam, amma düşünüəm ki, yenidən nəsə yazmalı olsam, bu mütləq roman olacaq. Çünki 90-cı ildən bu yana hardasa 20 il olacaq ki, mən roman yazmıram. Amma yenidən yazma arzum var.

– İlk şeirləriniz neçə yaşınız olanda yazmısız və nədən təsirlənmisiz?
– Mənim uşaqlıq illərim Ərzurumun Xorasan mahalnın bir kəndində keçdi  və orada heç məktəb belə yox idi. Amma mənim atam, əmim və qohumlarım çox savadlı və irfan əhli olan insanlar idi. Özlərini çox yüksək səviyyədə yetişdirməyi bacarmış insanlar idi. Bir əmim isə daim kitab gətirib oxumaqla və oxutmaqla məşğul idi. Gecələr oturub Koroğlu və başqa dastanları oxuyurdular. Tarixdən və şeir sənətindən də uzun-uzadı danışardılar. Arada çay fasiləsi edəndə belə, şeir deyirdilər. İlk dəfə Nizami Gəncəvini, Füzulini, Yunus Əmrəni orda eşitdim. Mənim uşaqlıq illərim şeir məclislərində keçib və şeir yazmağım üçün bəlkə də ilk təsir elə bu olub. Mən uşaqlığımı bu şeirlərin işində keçirtmişəm və orta məktəbdə oxuyanda ilk dəfə yazmağa başladım. Və bu günə qədər də usanmadan yazıram.

– Qarabağla bağlı yeni bir şeirinizi eşitdim. Çox təsiredici bir şeirdir. Bu Qarabağla bağlı birinci şeirinizdi, yoxsa ayrı şeirlər də var?
– Qarabağla bağlı birinci şeirim idi, amma eyni zamanda Gülnarə şeirim də Azərbaycana, Vətənə həsr olunub. O da bir Qarabağ və Azərbaycan şeiridir.

– Siz portret şəkillərində daha çox nəyə üstünlük verirsiniz və gördüklərinizi o şəkillərdə də yarada bilirsinizmi? O insanların kədərini, dərdini, acılarını da çəkə bilirsiniz?
– Portret sənətində duyğuları göstərmək çox önəmlidir. Portretini  çəkmək istədiyim insan onu hiss eləsə, çox süni şəkil alınacaq. Ona görə də mən öncə o insanlarla dialoq qururam, söhbət edirəm və sonra onların tam rahat olduqlarına əmin olduqdan sonra dost oluram və onları sərbəst buraxıram. Sonra da deyirəm ki, gündəlik işlərinə davam etsinlər və elə düşünsünlər ki, mən yanlarında yoxam. Ona görə mənim rəsmlərimdə təbiilik var və insanların duyğuları demək olar olduğu kimi də əks olunub.

– Şairlərin oxuculara ümid verməyə ixtiyarları varmı?
– İlk öncə buna özləri inanmalı, sonra əsərlərinə köçürməli və daha sonra insanları inandırmlıdırlar. İnsanlara ümidi onlar verməsə, kim verəcək ? Kim onların yolunu aydınladacaq? Camaatın rəhbəri şairlərdir. Onlar yeni üfüqlərə doğru getməsələr, bəs kim gedəcək ? O zaman hər kəs qaranlığa qərq olar. Şairlərin də dik durmaları və yeni yolları açmaları lazmıdı, ya  açılmış yolları genişlətməlidirlər, ya da yoldan çəkilməlidirlər.

– Bir az da bizə tələbəlik illərinizdən danışın, çünki bildiyim qədər ağır iş həyatınız olub.
– Mən daim işləmişəm və hələ də işləməyə davam edirəm. Mənim də bir ailəm var və onları dolandırmaq üçün də hər zaman işləməliyəm. Mən 13 yaşından sonra demək olar ki, hər gün işlədim və sonra tələbə olanda da ağır işlərim oldu. Gah çörək  bişirdim, gah ev boyadım. Hətta restoran  və inşaatlarda da işlədim,  heç vaxt tənbəl olmadım. Bir sözlə mən bir iş adamıyam.

– Bəs bu işlərin ağırlığı sizi sıxmır ki?
– Bəzən yox, elə çox vaxt ağır işlərin olduğunu anlayıram. Amma buna baxmayaraq, işə davam edirəm və bir də düşünün ki, bu ağırlığın içində indi Azərbaycandayam və burda sizinlə bunları danışıram.

– O zaman sizin uğurlarınızın açarı da elə burdan bilinir .
– Əlbəttə ki, mən hər zaman bütün işlərə qaçdım və yoruldum demədim. Ona görə indi bu an burdayam.

– Sizin özünüzlə bir bütöv olduğunuzu düşündüyünüz  məkanlar varmı?
– İstanbulda olan bütün tarixi məkanlar mənə təsir edir. Boğazın hər tərəfi məni özünə cəlb edir və çəkir. Həm şəkil çəkmək üçün, həm də ədəbiyyat baxımından çox maraqlı və təsiredici məkanlardı. Sonra Ərzurumda rahatlıq tapıram, çünki mən orda böyümüşəm. Həm də bir ayağım evimdə, bir ayağım işimdə, bir ayağım isə təbiətin qoynundadı. Bax bunların arasında həyatım keçir. Həm də bu rahatlıq, bu məkanlar insana təsir edir və yarada bilirsən.

– Sizin şeirlərinizdə, romanlarınızda özünüzü və ailənizi əks elətdirən məqamlar varmı ? Adətən şairlər deyirlər ki, onların xarakterini, dünyasını və həyatlarını əsərlərində axtarmaq lazımdı.
– Bu ancaq romanlarımda var. “Kədərlər hüzün oldu” romanımda məktəb illərində olan vaxtlarımdan bir qəhrəman kimi varam. Sonra dostlarım və yoldaşlarım da var. “İntizar” romanım var, orda demək olar ki yoxam, amma “Yollar dönuşə gedər” romanımda isə dədəm, atamın atası var. Həmin romanın qəhrəmanı odur. Romanlarımda da həyatımızdan müəyyən izlər var. Amma tam olaraq həyatımı əks elətdirən bir əsərim yoxdur.

– Azərbaycanın gənc yazarlarına nə arzu edərdiz?
– Dörd qrup insan vardır, 3-dən olsunlar, amma birindən olmasınlar. Bu dörd qrup insanlar bunlardır: oxuyanlar, öyrədənlər, öyrədilənlər və dinləyənlər.

– Həyatımız başdan–ayağa fəlsəfədir, bu fikirlə razısız?
– Nə üçün, nəyə görə sualını soruşmaq məcburiyyətində qalırıq bəzən. Heyvanlar nə üçün sualını soruşa bilirlər? Yox … Ötüb keçən hər hansı bir it nə üçün sualını soruşa bilərmi? Yox… Ya da it deyə bilərmi ki, bu kəməri boğazıma bağlamayın, ya at deyə bilərmi ki, mənim belimə minməyin? Amma bir baxın onun işi bundan ibarətdir, amma mən yoldan ötən bir insanın barmağından tutsam, mənə həmin an nə üçün mənim barmağımdam tutdun sualını verəcək. Yoldan ötən birinə bir tərs baxışla baxsam, həmin an mənə nə üçün belə baxdın deyə soruşar. Fəlsəfə də suallardan ibarətdir və elə bu dediklərim də bir fəlsəfədir. Həyat niyə var? Niyə yaşayırıq? Bu sualları daim soruşuruq. Nə üçün belə olduğumuzu soruşmalıyıq ki, səhvlərimizi də düzəldə bilək. Belə olmasa, özümüzü belə hesaba çəkə bilmərik. Biz soruşmalıyıq Qarabağ niyə işğal altındadır? Biz soruşmalıyıq niyə insanlar öz doğma torpaqlarından uzaqda bir çadırda yaşayır? Niyə belə hala gəldik? Bunların hamısını soruşmalıyıq ki, reallıq ortaya çıxsın. O zaman biləcəyik ki, ya silahımız zəif idi, ya da ayrı bir hiylələr oldu və bunun nəticəsində fəlsəfi bir addım atmaq olar. Bu addımı atmasan boş söhbətlərdən o yana keçməyəcəyik.

– Bir insan kimi, bir ata kimi, bir yazıçı kimi fəlsəfə sizin həyatınızda hansı önəmi daşıyır?
– Mənim fərqli-fərqli rolları uğurla həyata keçirməyim üçün fəlsəfənin böyük bir rolu var. Fəlsəfə bir vasitədir. Fəlsəfə olmasa, həyat da olmaz. Həm də mənim işimin və fəaliyyətimin qarşısında suallarım olmasa inkişaf da etmərəm. Bir yerdə dağılaram, ya işi, ya şeiri,  ya da ailəmi buraxmalı olaram. Mən bu ağırlığı, bu fəlsəfəmi sadəcə gücümlə davam etdirə bilirəm.

– Şeir sizin həyatınızdırsa siz onu heç vaxt buraxa bilməzsiniz.
– Şeir mənimlə iç-içə yaşayan bir dünyadır. Sizinlə danışdığım an belə bir şeir yaza bilərəm.

Könül Səid
/Modern.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.