Bizimyazı.az Bəylər Əliyevin üç hekayəsini oxuculara təqdim edir.
MÜASİR QIZ
Avtobus nizam-intizamla hərəkət edir, dayanacaqlarda dayanardı, sərnişinlərə xidmət göstərərdi. Növbəti dayanacaqda məndən qabaqda oturan sərnişinlər düşdülər və onların yerinə kürəyi və sinəsi açıq-saçıq, mini yubkada bir qız oturdu. Özü oturandan sonra, onunla bərabər avtobusa daxil olan tələbə oğlanlara yer göstərərək dedi:
– Buyurun, biriniz əyləşə bilərsiniz.
Ayaq üstə duran tələbə oğlanlar oğrun-oğrun qıza baxsalar da heç biri onun yanında əyləşmədilər. Yəqin düşündülər ki, belə abırsız geyimli qızdan hər cür abırsızlıq gözləmək olar. Ondan aralı durmaq daha məsləhətdir.
Növbəti dayanacaqda avtobusa, geyimindən ciddi qadın təəssüratı bağışlayan qadın daxil oldu. O ətrafa boylandı və qızın yanındakı boş yerdə əyləşdi. Qadının tələbə oğlanların oğrun-oğrun yanında oturan qıza baxması diqqətindən yayınmadı və o da bayaqdan fikir vermədiyi qıza və geyiminə baxdı. Qadın soruşdu:
– Sən tələbəsən? Harada oxuyursan?
Qız cavab verdi:
– Mən heç bir yerdə oxumuram.
Qadın yenə soruşdu:
– Bəs haranı qurtarmısan?
Qız dedi:
– Mən heç bir yeri qurtarmamışam. Doqquzuncu sinifdən sonra məktəbə getməmişəm.
Qadın əl çəkməyərək soruşdu:
– Bəs bu paltarı haradan almısan?
Qız həvəslə cavab verdi:
– Bu paltarı mən atamla Fransaya gedəndə almışam. Mən onları geyinəndə rəfiqələrim çox paxıllıq edirlər. Hələ kosmetikalarımı demirəm, hamısı məşhur firmaların brendidir…
Qadın soruşdu:
– Sən bu paltarı və kosmetikaları alanda, atan gördümü?
Qız dedi:
– Əlbəttə. Mənim atam «sovremenni» adamdır. O belə şeylərə pis baxmır, mənə tam «azadlıq» verib.
Qadın dedi:
– Qızım, sənin atan heç də sən düşündüyün kimi yaxşı adam deyil. O sənin gələcəyini düşünmür. Normal düşüncəli adam bunu etməz. Ola bilsin ki, sən onu yenmisən, o da bezib. Sənin özün də səhv yoldasan. İnsan bərbəzəklə, var-dövlətlə, açıq-saçıq geyinməklə və s. hörmətli olmur. İnsanın dəyəri onun biliyi, bacarığı, mərifəti, düşüncəsi və s. ilə ölçülür. Sən evdə bir iş görə bilirsənmi? Özünə bişmiş bişirə bilirsənmi?
Qız təəssüblə çiyinlərini dartıb dedi:
– Nəyimə lazımdır?! Bircə o qalmışdır ki, mən qulluqçu kimi işləyim.
Qadın başını bulayıb dedi:
– Sən çox yazıq adamsan! Özü də ailə qurmaq arzusundasan. Kim səninlə ailə quracaq? Bir qrup oğlanlar sənin iddialarından qorxaraq sənə yaxınlaşmayacaq. Çünki sənin özbaşına hərəkət etməyini heç bir oğlan qəbul etməz. Onlar itaətkar, iş bilən, aza-çoxa qane olan qızlara üstünlük verirlər. Digər qrup oğlanlar sənin iddialarını, tələblərini yerinə yetirə bilməyəcəklərini düşünərək sənə yaxınlaşmayacaqlar.
Üçüncü bir qrup oğlanlar sadəcə olaraq abırsız, həyasız olduğunu düşünərək sənə yaxınlaşmayacaqlar, çünki onlar öz abır-həyalarını qoruyacaq, gələcək ailələrinin dedi-qoduya və el qınağına düçar olacağından qorxacaqlar. Sənə oğlanlar yalnız əylənmək məqsədi ilə yaxınlaşacaqlar. Bunun da sonu bəllidir. Axırda ya toylarda müğənni, ya da yaslarda ağı deyən olacaqsan.
Avtobus dayandı. Qadın ayağa durub, tərs-tərs qıza baxıb, dedi:
– Sən azərbaycanlı qadınlara təhqirsən! Onların adını və ismətini itirənsən! Avropalıları təqlid etməyin! Siz elə bilirsiniz ki, kinolarda verilənlər Avropanı təmsil edirlər?! Xeyir! Avropada da kifayət qədər gözəl ailələr, abırlı-həyalı geyinənlər var.
Siz özünüzü bənzətmək istədikləriniz avropalılar «əxlaqsız yuvalarının» təmsilçiləridir. Siz niyə özünüzü onlara tay edirsiniz?! Get dediklərimi yaxşı-yaxşı düşün. Qadınlarımızın namusunu, ismətini, mədəniyyətini ayaqlar altına atıb, tapdalamayın!
Qadın bir daha qəzəblə qıza baxıb, avtobusdan düşdü. Qız kirmişcə pəncərədən baxırdı. Elə bil bu sözlər ona deyilmirdi…
XARİCİ QONAQLAR
Kəndə səs düşdü ki, xaricdən qonaqlar gələcək. Qeyri-hökumət təşkilatının xətti ilə layihə həyata keçirmək üçün bu kəndi seçmişdilər. Layihədən əvvəl xaricilər əhaliyə həftəlik seminar keçirəcəklərini bildirmişdilər. İcra nümayəndəsi təcili fəalları toplayıb bu xəbəri onlara çatdırdı və dedi: “Bizim millətin qonaqpərvərliyi bütün dünyaya məlumdur və biz elə etməliyik ki, gələn qonaqlar bizdən narazı qalmasın. Bunun üçün biz hər işi xırdalıqlarına qədər ölçüb-biçməliyik ki, harada qonaqlara süfrə açacağıq və harada gecələyəcəklər.”
Müzakirələri dinləyəndən sonra icra nümayəndəsi fəallarla birlikdə qərara aldılar ki. Qonaqları rayonun ərazisində olan ən yaxşı restoranda yedirdib, ən yaxşı oteldə istirahətini təşkil etsinlər. Hətta bunun üçün lazım olan vəsaiti hesablayıb, toplanmasına göstəriş də oldu.
Həmişəki kimi, hamı sakitcə oturan Kamil müəllimin fikrini gözləyirdi, çünki o yeganə adam idi ki, əksər hallarda çoxluğu təşkil edən fikirlə razılaşmırdı və özünə məxsus tərzdə insanların “ağzını pozurdu”.
Kamil müəllim orta yaşlı insan idi. Başqalarından fərqli olaraq zəngin deyildi və topladığı vəsaiti kitablara və ailəsi ilə səyahət etməyə xərcləyirdi. Hətta bir neçə xarici ölkələrdə də olmuşdu. Kamil müəllim nə villa, nə də “xarici maşın” sahibi idi. Çoxları Kamil müəllim kimi yaşamaq arzusunda olsa da, bunu edə bilmirdilər, çünki “qonşunun acığına mən də…” fikri onlara bu arzularına çatmaq imkanı vermirdi. Topladıqları vəsaiti qonşuya çatmaq və onu qabaqlamağa sərf edirdilər. Yeri gələndə Kamil müəllim haqqında söhbət düşəndə deyirdilər: “Kamil müəllim bir dənədir. Heç kim Kamil müəllim ola bilməz.” Kənddə Kamil müəllimin böyük hörməti var idi. Hamıya o eyni gözlə baxırdı və heç kəsdən məsləhətini və köməyini əsirgəmirdi. Kamil müəllimin hörməti çoxlarını “qayğılandırırdı” və gözləri götürməyənlər onun haqqında xoş olmayan sözlər yayırdılar.
Kamil müəllim bu kəndə təyinatla gəlmişdi. Uzun müddət idi ki, bu kənddə müəllimlik edirdi. Özünəməxsus təmkinli, görəcəyi işi çox götür-qoy edən adam idi. Ona görə də onun işində nöqsan tapmaq mümkün deyildi. “Tapılan” nöqsanları ona deyəndə, gülümsəyərək “işin mahiyyətini yaxşı dərk etmədiyiniz üçün, sizə belə görünür”, – deyə cavab verərdi…
Çıxış üçün Kamil müəllim söz istədi. Hamı sakitləşdi. Onlar bilirdilər ki, Kamil müəllim söz istəyibsə – yığıncağın qərarı onu qane etməyib və o yeni təklif irəli sürəcək.
– Yoldaşlar, – dedi Kamil müəllim. – Siz bizim millətin qonaqpərvərliyini düz qeyd etdiniz. Mən az-çox dünya xalqlarının nümayəndələri ilə təmasda olmuşam. Bizim qonaqpərvərliyimizdən heç bir yerdə yoxdur. Otuz nəfər azərbaycanlı içinə qeyri-bir millətin nümayəndəsi düşəndə, o otuz nəfər çalışır ki, ya o bir nəfərin dilində danışsın, ya da elə bir danışıq dili seçirlər ki, o bir nəfər onları başa düşsün. Biz bunu qonağa hörmət kimi qiymətləndirdiyimizə baxmayaraq, əksər halda bunu müsbət qarşılamırlar və o bir nəfərdə bizim haqqımızda müsbət rəy formalaşmır. Biz elə etməliyik ki, o bir nəfər bizim dilimizi öyrənməyinin zərurətini duysun və dilimizi öyrəndikdə – necə zərif, zəngin, məlahətli, dünya dillərindən gözəl olduğunu hiss etsin…
Hər xalqın öz xüsusiyyətləri və meyarları var. Siz nəzərdə tutduqlarınız yalnız qonaqların qarnını doydurub, rahat yatmaqdan ibarətdir. Sizə elə gəlir ki, insanlara bundan artıq heç nə lazım deyil. Bu fikir səhvdir. Bu, bizim millətin psixologiyasıdır. Siz qonaqların qidalanmasına əbəs yerə külli miqdarda vəsait sərf etmək fikrindəsiniz. Lazım deyil! Sizin üçün ləziz görünən “qrilləri”, “kababları” və s. onlar qəbul etməyəcəklər. Onlar bilirlər ki, hər gün yağlı, güclü qidalı yeməkləri yemək insanların sağlamlığına xeyirdən çox ziyan verir. İnsan xəstəliklərinin dörd dərin kökü olan sütunu var. Bu sütunlar soyuqdəymə, əsəb, yağlı-kalorili yeməklər və hərəkətsizlikdir. Yalnız bizim millət özünü bunlardan qorumur.
Təklif edirəm qonaqlar üçün kəndimizdə süfrə açaq. Onları millətimizin dadlı xörəklərinə qonaq edək. Onlar üçün bu daha maraqlı və xoşxatirəli olacaq. Yemək üçün nəzərdə tutduğunuz vəsaitin cüzi bir hissəsinə ətrafımızda olan tarixi abidələrimizlə tanış edək, toylarımıza, nişanlarımıza, təbiətimizin mənzərəli yerlərinə aparaq. Sizin o hər gün gördüyünüz su dəyirmanı, istifadə etdiyiniz kəhriz, toxunan xalça və s. bizim üçün adi olmağına baxmayaraq, onlar onu möcüzə sayaraq, öz ölkələrində göstərmək üçün şəklini çəkəcəklər, məqalələr yazacaqlar.
Kamil müəllim sözünü davam etmək istəyəndə icra nümayəndəsi Həsrət kişi ona otur işarəsi etdi…
Kamil müəllimə “camaatın ağzını pozan” sözünü ən çox Həsrət kişi işlədirdi. Elə indi də Kamil müəllim söz istəyəndə Həsrət kişinin kefi pozuldu. O, Kamil müəllimə tərs-tərs baxaraq söz vermişdi.
Həsrət kişi ağır-ağır durub dedi:
– Ay Kamil müəllim, sənin sözünlə gələn qonaqlar yeməkdən imtina edib, muzey axtaracaqlar? Hər şey yeməyə bağlıdır. Adamın qarnı tox olanda oynamaq da istəyir, oxumaq da.
Bu sözləri eşidəndə hamı ürəkdən gülməyə başladı. Kamil müəllim heç nə demədən sakit oturdu. O bilirdi ki, Həsrət kişini inandırmaq mümkün deyil. O heç vaxt səhvini etiraf etməzdi və sona qədər dediyinin üstündə durardı…
Bir həftədən sonra qonaqlar gəldi, seminardan razı qaldılar. Onlar çıxıb gedəndən sonra Həsrət kişi yenə də toplantı keçirdi. Bu toplantıda Kamil müəllim yox idi. Həsrət kişi toplantı iştirakçılarına, qonaqların qəbulunda iştirak edənlərə təşəkkür etdi. Amma qonaqların gəldiyi gündən bir gün sonra onların tələbi ilə Həsrət kişi qonaqları “Göy-gölə” və şəhərdəki tarix diyarşünaslıq muzeyinə apardığını, kəhrizin və su dəyirmanının yanında şəkil çəkdirdiyini, həyat yoldaşının qonaqlara yuxa yaydığını, dürmək düzəltdiyini, kətə, əvəlikli umac, dovğa bişirdiyini və s. deməsə də, camaat hər şeyi bilirdi. Onlar Kamil müəllimin haqlı olduğunu görüb, ona daha çox hörmət bəslədi.
Kamil müəllim onlara həmişə deyirdi ki, “bizimkilərdən bəziləri var-dövləti və yeməyi hər şeydən üstün tutur. Getdikləri şəhərlərin, dövlətlərin bazar-dükanlarından başqa heç bir yeri görmürlər və getdikləri ölkələr haqqında yalnız onlardan danışırlar. Getdikləri ölkə haqqında təsəvvürləri az olur. O ölkə haqqında fikir söyləməyə çətinlik çəkirlər. O ölkənin adət-ənənələrini bilmədikləri üçün “kobud” səhvlər edirlər və bununla öz xalqı və milləti haqqında mənfi rəy yaradırlar. Məsələn: heç kəs bilmir ki, qonşu dövlətlərin əksəriyyətinin muzeylərində bizim milli musiqi alətlərimiz, ərazi bütövlüyümüzü şübhə altına salan xəritələr, millətimizə məxsus çoxlu əşyalar orada nümayiş etdirilir və mənimsənilir və s. Heç kəs onlara mane olmadığı üçün milli əşyalarımızın çeşidini genişləndirirlər. Görəsən bu nə vaxta qədər davam edəcək…
QONAQLIQ
Bu gün çayçıya həmişəkindən çox insan toplanmışdı. Buna səbəb Tofiqin qonaqlığa getməsi idi. Bu adi qonaqlıq deyildi. Tofiq icra hakimiyyəti başçısının qonağı olmuşdu. Hamı səbirsizliklə Tofiqin gəlməyini gözləyirdi ki, qonaqlığın necə keçdiyini öyrənsin…
Tofiq 40 yaşını keçmiş insan idi. Bir neçə ay əvvəl onun tələbə yoldaşı rayonlarına başçı təyin olunmuşdu. O, Tofiqin bu rayonda yaşadığını bilirdi və yanına çağırmışdı…
Tofiq yaxşı insan və yaxşı mütəxəssis idi. Hamı onun təvazökarlığına heyran idi. O böyüklə böyük, kiçiklə kiçik idi. Heç vaxt qabiliyyəti ilə öyünməzdi, heç kimə köməyini əsirgəməzdi, etdiyi köməkdən təmənna güdməzdi, edilən “hörmətlə” kifayətlənərdi. Böyük hörmət sahibi olsa da, zəngin deyildi, heç zəngin olmağa da can atmazdı. İnsanların çoxu onun bu keyfiyyətinə görə hörmətini saxlasa da, bəziləri onu “ağılsız” hesab edirdi. Deyirdilər: Tofiqin qabiliyyəti və bacarığı məndə olsaydı, qaz vurub qazan doldurardım. Nəinki kəndimizin, rayonumuzun ən zəngin insanı olardım…
Yeni gəlmiş icra başçısı Tofiqi kifayət qədər tanıyırdı. Axı onlar tələbəlik həyatını birgə yaşamışdı. O, Tofiqin qabiliyyətinə, savadına bələd idi. Təvazökar və məğrur olmağını bildiyi üçün özü onu yanına çağırmışdı. Düzdür, yeni gələndə Tofiq onu evinə dəvət etmişdi. Vaxtı olmadığı üçün başçı gələ bilməmişdi. Bu Tofiqin xətrinə çox dəymişdi və bir də başçının yanına getmirdi…
Tofiq çayçıya girəndə hamı onu alqışlarla qarşıladı, mötəbər yerdə əyləşdirdilər, qabağına çay qoydular və s. “Təmtəraqlı qəbul” qurtarandan sonra qonaqlığın necə keçdiyini soruşdular. Tofiq heç bir qonaqlığın olmadığını, başçı ona iş təklif etdiyini söyləsə də ona inanmadılar, çünki səhər qəbula gedən Tofiqin gün batana yaxın evə gəldiyini bilirdilər. Onlardan biri soruşdu:
– Neçə il idi görüşmürdünüz. Görüşünüzü qeyd etmədiniz? Ola bilməz ki, siz axşama qədər ac-susuz oturaydınız.
Tofiq dedi:
– Niyə ac-susuz? O qəbulun sonuna kimi gözləməyimi xahiş etdi. Qəbul qurtarandan sonra evə dəvət etdi.
– Yəqin ki, möhkəm yediniz-içdiniz, özü də ləziz və dadlı yeməklərlə…
Tofiq qəzəblə:
– Niyə sən hər şeyi yemək-içməyə bağlayırsan? Bəyəm bundan vacib iş yoxdur? Biz başçı ilə sadəcə nahar etdik…
– Nə yediniz? – deyə həmin adam əl çəkmirdi, – yəqin ki, növbənöv kabablar…
Tofiq qəzəblənərək dedi:
– Sən necə insansan?! Kabablar nədir? Biz şorba, qarabaşaqla katlet, turşu, kompot və s. yedik…
Həmin adam əl çəkməyərək:
– Daha bunun nəyi qonaqlıq oldu? Köhnə dostların görüşünü şorba ilə “qeyd” etmək günahdır. Yəqin ki, içkiniz xarici olub…
Tofiq ona tərs-tərs baxıb dedi:
– Sənin kimiləri hər şeyi “gödənə” bağlayır. Adam bu qədər qarınqulu olmaz! Sizlər masanın üstündəkindən o yanı görmürsünüz…
İndi də sual verən qəzəblənərək dedi:
– Əgər mən başçı olsaydım, gündə bir quzu yeməsəm dayanmazdım…
Hamı qəh-qəhə çəkib güldü və biri dedi:
– Yaxşı ki, sən başçı deyilsən, yoxsa rayonu yeyib qurtarardın.
Bu sözlər hamının bir neçə dəqiqəlik gülüşünə səbəb oldu. Hamı dayanandan sonra Tofiq dedi:
– Bizi hər yerdə biabır edənlər elə belələridir. Hər şeyin həddi var, başqa xalqlarda olan “porsiya” anlayışı bizdə yoxdu. Biz həmişə doyana kimi yeməyə vərdiş etmişik. Yemək ürəyimizcə olanda “partlayana” qədər yeyirik. Bunun nəticəsində əksəriyyətimiz artıq çəkidən əziyyət çəkirik, müxtəlif xəstəliklərin baş qaldırmasına şərait yaradırıq…
Biz heç istirahət günlərində istirahət etməyi bacarmırıq. Təbiətin qoynuna gedəndə, ləziz nemətlərlə bərabər mütləq quzu aparmalıyıq, sanki biz evdə ləziz yeməklər görmürük və yemirik. Təbiət qoynunda istirahət əvəzinə, başımız quzuya və ləziz yeməklər hazırlamağa elə qarışır ki, təbiətin gözəlliyini duymağa vaxt qalmır. Təbiətə vurduğumuz ziyanı buraya əlavə etsək, bunu “istirahət” adlandırmaq olarmı? Başqa xalqların nümayəndələri, təbiətin qoynuna gedəndə “suxoy payok” götürürlər. Kifayət qədər təbiətdən zövq alandan sonra, gətirdikləri bol çeşidli turist konservaları, kolbasaları, kətələri, yumurtanı, pendiri, ayranı və s. Qabağına qoyub yeyirlər-içirlər, istirahətlərinə davam edirlər. Yeyib qurtarandan sonra mütləq təmizlik işi aparırlar; çirkləndirdikləri yeri təmizləyib, səliqə-səhman yaradırlar, zibilləri toplayırlar, yanasını yandırırlar, qalanını oturduqları yerdən kənarda bir yerə qoyurlar və ya basdırırlar.
Siz bilirsiniz ki, mən uzun müddət Rusiyada yaşamışam. Yayda onlar təbiət qoynuna göbələk, giləmeyvə yığmağa, balıq tutmağa və s. gedirdilər. Onlar göbələk yığmaq üçün özləri ilə kəsici alət aparırlar və böyümüş göbələyin kökünü zədələməmək üçün onu səliqə ilə kəsib götürürlər ki, həmin yerdən bir də göbələk tapa bilsinlər. Balıq ovu zamanı onlar müəyyən ölçüdə balaca tutduqları balıqları yenidən suya atırlar ki, böyüsün. Onlar bilirlər ki, o balıq böyüyəcək və böyüyəndən sonra onu tutmaq daha sərfəlidir…
Bunu onlara heç kim məcbur etmir. Onlar yüksək şüura malik insanlar kimi davranırlar və bilirlər ki, belə davranışla təbiətin neməti tükənməz olur: meşənin – göbələyi, göllərin – balıqları bitmir. Ümumiyyətlə, flora və fauna vəhdət təşkil edir və daha çox fayda verir.
Tofiq, onu sakitcə dinləyənləri nəzərdən keçirərək, dedi:
– Deyin görüm, sizin hansınız təbiətimizə belə münasibət bəsləyirsiniz?! Danışanda hər biriniz Vətən sevgisindən ağzı dolu danışırsınız, şeirlər söyləyib, mahnılar oxuyursunuz. O quru sevgidir! Vətənini sevən insan onun sərvətlərinə qayğı ilə yanaşmalıdır, istifadə etməlidir və israfçılığa yol verməməlidir. Təbiətimizin flora və faunasının harmoniyasını pozmamalıdır, pozulmuş sahəsində tarazlığı bərpa etməyə çalışmalıdır.
İsrafçılıqdan söhbət düşmüşkən, hansı sahədə biz israfçılıq edirik?! Xeyir işlərimizdən tutmuş, hüzr yerlərinə qədər. Dövlətimiz nə qədər mübarizə aparsa da, yenə də bizi fikrimizdən döndərə bilmir. Dövlət bir ay üçün nəzərdə tutduğu məvacibi bir neçə toyda xərcləyirik və gileylənirik ki, bizə məvacibi az verirlər. Həmin məvacibin 20-30 faizi bir ay ailənin normal qidalanması, digər hissəsi başqa xərclərə kifayət edər.
Toya dəvət edilən şəxs şahidlik etmək üçün çağırılır ki, bu izdivac elə bəlli olsun. Çoxmu vacibdir bu izdivaca yüzlərlə insan şahidlik etsin?! İnsanlar elə başa düşürlər ki, toya çox adam çağırmaqla çoxlu pul qazanacaqlar. Əlbəttə bu yanlış fikirdir. Çox qonaq çağırılan toyun xərci də çox böyük olur. Nəticədə az və çox qonaq dəvət edənlər bərabər olur. Az qonaq çağıranda – ən yaxın adamlar olur və çox pul salanda onlardır…
Onu da qeyd edim ki, toyda “qazanmaq” toya gedənin özündən, toylara saldığı puldan, cəmiyyətdə tutduğu nüfuzdan və vəzifədən asılıdır. Bəzi toylarda stollar boş qalır. Bu o adamların başına gəlir ki, cəmiyyətdəki nüfuzunu, mövqeyini, getdikləri toyun sayını və s. nəzərə almırlar. Elə hesab edirlər ki, dəvətnamə yazılarsa, deməli gələcəklər. El arasında belə fikir formalaşıb ki, toya getmək – borc vermək kimidir: çox verərsən – çox alarsan. Çox təəssüf ki, bu belə olmur.
Toylar günü-gündən bahalaşır, çünki toylara çəkilən xərclər, edilən ərzaq tədarükləri süni şəkildə bahalaşır. Səbəb – toylara göstərilən marağın artması. Hər birimiz çalışırıq ki, etdiyimiz toy digərlərinkindən üstün olsun. Məsələn: əvvəllər gəlinin ayağının altında kəsilən qoyunun başına qırmızı bağlayardılar. İndi ona o qədər bəzək-düzək vururlar ki, bəzək-düzək qoçdan baha olur. Gəlini qohum-dostun olan adi maşınla gətirirdilərsə, indi gəlini ən bahalı maşınla yüksək məbləğ kirayə pulu verib gətirirlər. Musiqi zakazları artıb və s.
Kiçik oğlan toylarında əgər əvvəl valideyn övladına təzə paltar alıb geyindirirdisə, son vaxtlar xüsusi paltar dəbdədir. İmkanı olan o paltarı alır. İmkanı olmayan o paltarı, qiymətinin azı üçdə bir hissəsinin müqabilində kirayə götürür. Özü də o paltar cəmi bir dəfə geyinilir. Ayrı yerdə onu geyinmək mümkün deyil. Son vaxtlar kiçik toya təlxək və digər personajları dəvət edirlər. Bu da əlavə xərcdir.
Bu iradı nişan və toyda gəlinlik paltarlarına da aid etmək olar.
Qız toyunda şirniyyat paylayırlar. Əgər əvvəllər o şirniyyatı adi salfetə bükürdülərsə, indi onlar üçün torba “kəşf” ediblər. Həmin torbalar içindəkindən bahadır. Toylarda süfrəmizə 30-40 adda nemət qoyulur. Onun yarıdan çoxu ümumiyyətlə heç istifadə edilmir.
Yaslarımız da toydan geri qalmır. Bəziləri bu mərasimdən biznes qurublar. Vəfat etmiş insan qalıb bir yanda, yasa gələnlər mağarın tərtibatından tutmuş, düzülən qablara, verilən nemətlərə və edilən qulluğa diqqət yetirirlər. Qəbir yerinin və baş daşlarının artan qiymətləri tez-tez mətbuatda və televiziyada qınaq obyektinə çevrilir…
Belə “qəbahətlərimizi” sadalamaqla bitmir, belə getsə heç bitməyəcək də. Məni düşündürən odur ki, görəsən biz nə vaxta qədər belə ucuz şöhrət dalınca düşəcəyik?! “Tədbirlərimizin” şan-şöhrətini yox, mahiyyətini düşünəcəyik, bir-birimizin bəhsinə girib, kreditlər girovuna çevriləcəyik, evlərimizi boş, övladlarımızı ac qoyacayıq? Axı bunlar bizə və övladlarımıza xoşbəxtlik yox – bədbəxtlik gətirir, vəfat edənlərə şöhrət yox, ruhuna narahatlıq gətirir və s…
Hamı susurdu. Tofiqin dedikləri hamını narahat etsə də, qabağa düşən yoxdur. Hamı gözləyir ki, kimsə “birinci” olacaq, nöqsanları aradan götürəcək və digərləri onun arxasınca gedəcək…
Goranboy