Ana səhifə BAŞ YAZI Bəkir Çobanzadə

Bəkir Çobanzadə

Müəllif: Bizim Yazı
1. 584 baxış

Çobanzadə beynində elm və mədəniyyət yükü,
ürəyində türklük və yurd sevgisi daşıyan, misli-bərabərinə zəmanəmizdə az-az təsadüf olunan idealist ruhlu bir türk övladı idi.
Abdulla Battal Taymas

Dahilər haqqında həmişə miflər dolaşır – bu sevgidən, heyrətdən və hörmətdəndir. Bəkir Çobanzadə haqqında da gerçəkliklə uzlaşan və uzlaşmayan miflər dolaşmaqdadır. Kimdir Bəkir Çobanzadə?
Bəkir Çobanzadə 15 may 1893-cü ildə Tavrida vilayətininSimferopol (Akməscit) qəzasının Qarasubazar bölgəsi yaxınlığındakı kiçik Arqun kəndində anadan olmuşdu. O, ailəsi haqqında “Bakiniskiy raboçiy” qəzetində yazdığı məqalədə “əsil-nəsilcə mən çoban oğluyam və 15 yaşıma qədər özüm də çoban olmuşam” qeydini etmişdir.
Onun atasını Vahab çağırırdılar. Lakin bəzən ona Qurd Vahab, Əbdülvahab da deyərdilər. İlk bioqrafa görə  anasının adı Zahidə olub. Ancaq Bəkirin bacısı xatırlayır ki, onun anasını Vadə-şərfə çağırırlarmış. Qardaşından 11 yaş kiçik olan Zəlixa (Züleyxa) isə 1904-cü ildə doğulmuşdur.

Bəkir Çobanzadənin müxtəlif adları və ləqəbləri olduğu bəllidir. Onu yaxından tanıyan Şövqü Bektorə  yazırdı ki, əvvəllər onu xəlifə Əbu-Bəkrin şərəfinə Əbu-Bəkr adlandırıblar. Daha sonra, o rüştiyyədə oxuyanda adına Sidqi təxəllüsü əlavə olunub. Özünün ilk ədəbi və elmi məqalələrini o, Çobanzadə Bəkir, Çobanoğlu Bəkir Bavbək, Bəkir Cavbək, Krımlı Çobanoğlu və Bəkir Sidqi imzası ilə yazmışdı. Bəkir Sidqi adı onun 1916-ci ildə Budapeşt Universitetinə qəbulu haqqında sənəddə və 1919-cu ildə öz əliilə rektora yazdığı ərizədə də göstərilmişdir. Onun Krıma döndüyü pasport 23 iyun 1920-ci ildə “cənab doctor Sidqi Bəkir”in adına verilmişdir. İ.Otarın iddiasına görə, artıq 1916-1919-cu illərdə o, yazdığı şerlərə Bəkir Sidqi Çobanzadə imzası qoyurmuş.

Çobanzadə özünün ilk təhsilini 1904-1908-ci illərdə Qarasubazar rüşdiyyəsində aldığını yazmışdı. özkeçmişində o yazır “8 yaşımda öncə  ibtidai sinfə getmişəm və üç ildən sonra, daha doğrusu 1904-cü ildə Yeni üslublu giminaziya tərkibində olan  “Rüşdiyyə”yə qəbul olundum, hansı ki, 1908-ci ildə onu bitirdim”.
F.D.Aşinin Çobanzadə haqqında yazdığı məhşur məqaləsində qeyd edir ki, “…bir il ərzində onu “43 saylı şagird” adlandırmışlar”. Lakin bu 43 saylı şagird öz fitri istedadı ilə rüşdiyyədə böyük sayğı və soyad qazanır – Çobanzadə.

1909-cu ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin köməkliyi ilə İstanbula gedən Bəkir Sidqi Türk litseyinə qəbul olunur. 1914-cü ildə litseyi və parallel olaraq İstanbul Universitetinin nəzdində olan 3 illik  ərəb və fransız dillərini öyrədən ali kursu bitirir və orta məktəblərdə, litseylərdə bu dilləri tədris etmək hüququ alır.
1914-cü ilin yayında təhsilini bitirib Krıma gələn Bəkir az keçmir ki, rus dilini mükəmməl öyrənmək üçün Odessaya gedir. 1914-cü ilin payızında isə  yenidən İstanbula qayıdır. 1914-cü ilin payızından 1915 –ci ilin payızına qədər İstanbul Universitetində azad dinləyici olan Çobanzadə,  professor Mesaroşla və Macarıstanın baş konsulu ilə münasibət yara dabilir. 1915-ci ilin dekabrında Qalatasaray litseyindən müvafiq sənədlərini götürən Bəkir təhsil almaq üçün Macarıstana gedir.

7 fevral 1916-cı ildə o, sənədlərini Budapeşt Universitetinə və universitetin nəzdində olan, baronYozef Etveyş adına kolleguma verir. Lakin onun sənədləri qəbul olunmur. Bu iki səbəbdən ola bilərdi: ya artıq  boş yer qalmamışdı, ya da Çobanzadənin macar dilini bilməməsi onun normal təhsil almasına maneçilik törədəcəyini düşünürdülər. Çörək puluqazanmaq üçün bir baronun kənd təsərüfatında işləyən Bəkir, eyni zamanda macar dilini öyrənməyə başlayır.

12 oktyabr 1916-cı ildə o Universitetin tarix-filologiya fakültəsinə qəbul olunur. Türkoloq Dyul Nemetin və ərəb dili üzrə müstəxəssis olan İqnaç Qoldçierin rəhbərliyi altında türk, ərəb və macar filologiyasını öyrənir.

O dövrdə Budapeşt Universitetində çox görkəmli şərqşünas alimlər çalışırdılar. A.Çomade Kyeryeşi, Armin Vamberi, İqnaç Qoldçiqer, Dyula Nemet, Layoş Fekete, Dyula Mesaroş, Layoş Liqetinin adlarını sadalamaq yetərlidir. Məhz Budapeştdə 1881-ci ildə qraf Kunilk dəfə türk dilinin qiymətli abidəsi olan “Codex Cumanicus”un tam mətnini və tərcüməsini nəşr etdirmişdi. Çobanzadənin dissertasiya mövzusu da məhz “Codex Cumanicus” olmuşdur. Dissertasiyanın bizə gəlib çatmaması ilə bağlı olaraq onun necə adlanması  ətrafında fakir ayrılığı mövcuddur. Lakin D.P.Ursunun “Bekir Çoban-zade. Jizn. Sudba. Epoxa” kitabında  Çobanzadənin özü tərəfindən yazılmış özkeçmişdə yayımlanıb ki, burada dissertasiyanın mövzusu ”Kodeks Kumanikus”da görünən ahəng qanununun pozulması və Türk dillərində tələffüz qaydaları problem kimi göstərilib.

 Kommunist lideri Bela Kun (1886-1938) 1919-cu il martın 21-də Macarıstan Sovet Respublikasının yarandığını élan edir. Həmin ilin 1 avqustunda Antatnta tərəfindən dəstəklənən rumın qoşunları Budapeşti işğal etdi və bu respublika süquta uğradı. O zaman Macarıstanda təhsil alan Çobanzadə özünün də etiraf etdiyi kimi, o, bu zaman kommunistlərin tərəfində idi.

1919-cu ilin aprelində doktorluq imtahanı verən və 15 mayda dissertasiyasını müdafiə edən Çobanzadə fəlsəfə doktoru adını alır. Dissertasiyanın taleyi qəribə olub. Yalnız bir adam, professor İştvan Mandoki Q.Yankovskiyə etiraf edib ki, Çobanzadənin dissertasiyasını görüb və ondan bir neçə çıxarış  yazıb.
Heç bir yerdən gəliri olmayan Çobanzadə  maddi durumunu düzəltmək məqsədi ilə 1919-1920-ci illərdə  Budapeştdəki Şərq Akademiyasında türk dili müəllimi işləyib. 1920-ci il martın sonlarında isə o, Budapeşti həmişəlik tərk edib İsveçrəyə gedir. Ordan İtaliyaya , İtaliayadan isə  İstanbula gələn Çobanzadə  17 iyul 1920-ci ildə artıq İstanbulda idi.

Bəzi tədqiqatçılar Çobanzadənin Budapeştdə, Lozannada və Neapolda professor olduğunu iddia etsələr də bu belə deyil. O dövrdə Lozannada türkologiya kafedrası yox idi, Neapolda isə daha sonar yarandı. Çobanzadə  yalnız Krımda professor olmuşdur.

Bir qisim tədqiqatçı isə Çobanzadənin Macarıstanda “Şərq” qəzetində işlədiyini göstərirlər. Lakin Vilayət Quliyevin araşdırması bunun həqiqətə uyğun olmadığını sübut edir. Macarıstanda ümumiyyətlə bu adda qəzet olmayıb.

İsveçrədə  olarkən Çobanzadə  “Xalq partiyasının Milli Firqəsinin lideri Cəfər Seydəmətlə görüşür. Bu görüş hər ikisində uzunmüddət sürən xoş hisslər buraxır. Hətta Cəfər Seydəmət Lozannada Krım haqqında çap olunan kitabında da Çobanzadənin şerlərini verib və  şişirdilərək “ikiqat filosofiya və filologiya doktoru” kimi göstərilib. Onların bu görüşü Bəkirin taleyində rol oynadı və sonralar da onların yazışmaları davam edirdi.

Krıma döndükdən sonra Çobanzadə siyasi fəaliyyət göstərməyə başladı və özü də qeydetdiyikimi ”Budapeştdə kommunistolan Çobanzadə Krımda millətçi oldu “Çobanzadənin Krımdakı fəaliyyəti D.P.Ursununkitabındadahageniş işıqlandırılmışdır.
Krımadöndükdənsonra Çobanzadə 1917- ci ilin iyulunda yaradılan və qarşısına Krımtatarmilli – demokiratik respublikasını yaratmaq kimi məqsəd qoyan Milli Firqə (Xalq partiyası)nin sədri olmuşdu. Krımda yaşadığı müddətdə Çobanzadə var gücü ilə  xalqının müstəqilliyi, savadlı gələcəyi uğrunda çalışmışdı. Krım Universitetinin yaradılmasında onun da əməyi az olmamışdır.
1920-ci ildə o, Simferpoldakı Tavri Universitetindən təklif alır və dilçilik kafedrasının dossenti olur. 1924-cü ildə Krım Universitetinin rektoru seçilir.
1922-ci il avqustun 11-də V.İ.Lenin Azərbaycan MK-nın sədri S.İ.Ağa- malıoğlunu və onu müşayət edən A.S.Enukidzeni qəbul edir. Görüşün səbəbi Azərbaycanda yeni əlifbaya keçmək idi. Ərəb əlifbasından Latın qrafikasına keçrilmənin N.Nərimanov da tərəfdarı idi. 20 oktyabr 1923-cü ildə Latın qrafikasına keçmək barədə dekret imzalandı. Azərbaycanda yeni əlifba islahatını gerçəkləşdirə biləcək, Türk dillərini gözəlbilən, milli ruhlu bir insane lazımidi. S.Ağamalıoğlu Türk dövlətlərinə səfərlərindən birində belə bir insanla rastaşdı. Bu alman, türk, macar, fransız, ərəb, fars, rus, özbək, qazax, türkmən dillərini bilən Bəkir Çobanzadə idi.
Ağamalıoğlu Çobanzadəni Bakıya dəvət edir. Artıq Krımdakı yersiz təzyiqlərdən bezmiş olan Çobanzadə bu təklifi qəbul edərək Azərbaycana gəlir.
1925-ci ilin yazından ömrünün son gününə kimi-13 oktyabr 1937-ci ilə qədər Çobanzadə Bakıda yaşamışdır. Bu 12 il Çobanzadənin elmi fəaliyyətinin ən məhsuladar dövrü olub. Çobanzadə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilmişdir. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş apan Çobanzadə, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuşdur (1920-1936). Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlamışdır. I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışmışdır (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparmış, Moskvada təlimatçı kurslarında mühazirələr oxumuşdur (1928).
Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır (1924-1929). Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir (1928). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir (1929). SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilən Çobanzadə, Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur.
Çobanzadənin 1926-cı il fevralın sonu martın əvvəlində Bakıda keçirilən Ümumittifaq Türkoloji Qrultayın keçirilməsində əməyi danılmazdır. Dünyanın ən məhşur 24 türkoloq–aliminin dəvət edildiyi bu qrultayda Almaniyadan 6, Türkiyədən 7, Macarıstandan 5, İtaliya, Danimarka, İsveçrə, Finlandiyadan hər birindən bir nəfər iştirak edirdi. V.Tomsen, Teodor Mançel, Valter Radebold,Yulius (Dyula) Mesaroş, Fuad Köprülü, Əlibəy Hüseyinzadə, Hikmət Cövdətzadə, İsmaıl Hikmət kimi alimlərin iştirak etdiyi bu qrultay Türk Dünyasının həyatında əhəmiyyətli bir addım kimi səciyələndirilmişdi.
Çobanzadənin elmi fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşmadığını yuxarıda qeyd etmişdik.1930- cu ildə onu Fərqanədə yaradılan pedoqoji inistututda özbək dili və ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə dəvət ediblər. 1935-ci ildə isə o Daşkənd və Buxara universitetlərində türk dillərinin problemləri adı ilə xüsusi kurs keçmişdir.
Çobanzadə A.Tahirzadə və Vəli Xluflu ilə birlikdə üçdilli azərbaycanca-almanca-rusca lüğət işləmişdilər.
1930-cu ildə Çobanzadəyə qarşı təzyiqlərbaşladı və Azərbaycanda Çoban- zadəyə  ilk qarşı çıxan Mikail Rəfili oldu. Rəfilinin başladığı kompaniyanı “İnqilab və mədəniyyət” jurnalında Mustafa Quliyev və Osman Əfəndizadə davam ediblər. …Təzyiqlər 1931-ci ildə pik nöqtəyə çatdı. Krımda isə onun ailəsinə, yeganə bacısı Zəlixaya təzyiqlər olurdu. Çox keşməkeşli taleyi olan Zəlixa, 18 yaşında Simferopolda Darülmüəllimatı (qadın peoqoji uçilişi) daha sonar qiyabi olaraq Krım Pedoqoji İnistutunu bitirir. Ömrü boyu müəllim işləyən Zəlixanın  şəxsi həyatı əsl faciə olur:  əri 1940-ci ildə vəfat edir,  müharibə zamanı isə uşaqlarını-qızını və ikioğlunuitirir. 1933 -cü ildə Zəlixanı Qarasubazarrayonundakı  9 saylı məktəbdən – iş yerindən çıxardırlar. Bir müddətdən sonra o kəndlərin birində müəllim işləməyə müvəffəq olur. Ömrünün sonuna qədər də bu məktəbdə müəllim işləyir.
Onu qeyd edək ki, 1928-35 ci illər ərzində Çobanzadə ilə bağlı araşdırmalar aparılsa da, onu günahlandırmaq üçün tutarlı  bir dəlil tapılmamışdı. Hətta Azərbaycanın daxili işlər üzrə xalq komitəsi olan Y.D.Sumbatov-Topuridze 1935-ci ilin sonunda Moskvaya hesabat vermişdi ki, Çobanzadəni həbs etmək üçün heç bir əsas yoxdur. 1937-ci ildə onun siyahıya düşməsinin səbəbi kimi Çobanzadənin Ruhulla Axundovla dostluğunun olduğu ehtimal edilir. Bağırov R.Axundovu özünə rəqib bildiyi üçün ilk anda onu və onun ətrafını  məhv etməyi düşündü.
Axundovun yaxınları siyahısına Çobanzadədən başqa Əziz Qaybadulin, Vəli Xuluflu, Hənəfi Zeynallı, Əli Kərimov, Ağakərim Dadaşov, Qulam Bağırov, Xalid Səid Xocayev, A. Mahmudzadə, Yaqub Zəki və başqaları vardı. Çobanzadə ilə birlikdə özbək X.S.Xocayev  də vardı. O S.Ağamalının dostu idi və onun tərəfindən türkologiya sahəsində çalışmaq üçün Bakıya dəvət olunmuşdu. O, 1911-1917 ci illərdə İstanbul universitetində türkoloji təhsil almışdı. Xocayev Mahmud Kaşğarlının divanının azərb dilinə tərcümə etməsində təqsirli bilinərək həps olunmuşdur.
1935-ci ildən sonra Çobanzadə burulğanın sovuşduğunu güman edirdi. Lakin təssüf ki bu belə olmadı. Onu 28 yanvar 1937- ci ildə  Kislavodiskidə “Qornyak” sanatoriyasında  dincələrkən həps edirlər. Öncə Pitiqorsk türməsində saxlanılan Çobanzadəni daha sonra Bakıya gətirilərək Azərbaycan SSR Daxili İşlər  Xalq Komissarlığının təcridxanasınanda saxlanılır. Bakıya gətirildikdən sonar dəfələrlə-ümumilikdə 32 dəfə – dindirilən Çobanzadənin  məhkəməsi Ali Məhkəmənin hərbi kollegiyasının 3 nəfər əməkdaşının iştirakilə keçirilmişdi. Məhbusların sayı çox olduğundan məhkəmə 3 gün-11, 12, 13 oktyabrda olmuşdu B.Çobanzadə 12 oktyabrda dindirilmiş və 13 oktyabrda məhbuslarla bir yerdə güllələnmişdi. Onun məhkəməsi 11:20-dən 11:40-a qədər yəni  cəmi 20 dəqiqə davam etmişdi. Çobanzadədən  sonra tatar   tarixçisi Əziz Qaybadulin mühakimə edilmiş və ona da ölüm hokum kəsilmişdi. Çobanzadənin  ölümünün sabahsı günü -14 oktyabrda, qadını, Bakı Opera Teatrının aktrisası  Ruqiyə Qriyevna Abdulina həps olunmuşdu. Tezliklə ona da vətən xaininin ailəsi damğası vurularaq  və islah-əmək düşərgəsində 8 il müddətində həps cəzasına məhkum edilmişdir. Ruqiyə xanımın  həyatı haqqında az məlumat var. Yalnız o məlumdur ki, Qazağıstandan – sürgündən qayıtdıqdan  sonra Xaçmaz rayonunda musiqi müəllimi işləyib.
Bəzi araşdırmaçılar iddia edirlər ki, 1941-ci ildə Ruqiyə xanımın Çobanzadədən   bir oğlu olub – Qirey Bəkir oğlu Abdulin. Yeri gəlmişkən onu qeyd edək ki,Çobanzadə  ilk qadını Dilarə xanımın öncəki ərindən olan oğlu Mustafanı özünə oğulluq götürmüş ,ad və soyadını ona vermiş və həmişə oğlu kimi qayğısına qalmışdı. Ruqiyə xanımdan isə 1941 -ci ildə onun oğlu ola bilməzdir. Baxmayaraq ki, onun ölüm haqqında şəhadətnaməsində Çobanzadənin 12 iyul 1939-cu ildə Xaçmaz kəndində vəfat etdiyi göstərilsə də, həqiqətdə bu böyük alim 1937 ci ildə güllələnmişdi.
Bəkir Çobanzadənin dəfn yeri bəlli deyil.
Keşməkeşli ömür yaşamış böyük Türk aliminə 6 iyun 1937-ci ildə bəraət verilib.

Şahnaz Kamalova

/Sankt-Peterburq

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.