Ana səhifə BAŞ YAZI Azərbaycan adı var mənim azadlığımın! – ŞEİR

Azərbaycan adı var mənim azadlığımın! – ŞEİR

Müəllif: Bizim Yazı
149 baxış

Bir şeir təsəvvür edin: içində Azərbaycan tarixi, coğrafiyası, etnik palitrası əks edilmiş olsun. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin baş katibi, istedadlı şair Aqşin Dadaşoğlunun “Azadlığımın” adlı şeiri məhz odur. Bu qiymətli poeziya örnəyini böyük məmnuniyyətlə oxucularımıza təqdim edirik.

Azadlığımın

Bayrağımda rəngi var mənim azadlığımın!

Cəngidə ahəngi var mənim azadlığımın!

 

Mavi rəng türk kimliyim, türk adım, türk soyumdur,

Yaşıl rəng göy Tanrıdan gələn Allah payımdır!

Yüksəlişin rəngidir qanım rəngli qırmızı,

Azərbaycan deməkdir Bayrağımın yıldızı!

 

Cahangirlik rəmzidir, dalğalanan hilalım,

Bütöv Azərbaycandır ən müqəddəs amalım.

Cümhuriyyət adı var mənim azadlığımın,

Atəşgahda odu var mənim azadlığımın.

 

Ucalardan ucadır bu yurdda haqqın səsi,

Xalqlara ərməğandır bayrağımın kölgəsi.

Türk, talış, qaraçı, ləzgilər, yəhudilər,

Kürdlər, xınalıqlılar, haputlular, udilər,

Buduq, cekli, əlikli, yergüclülər, saxurlar,

Qrızlı, tat, ingiloy, assurilər, avarlar,

Rutul, soylu tatarlar,

Birləşib bir olaraq bütöv bir can olanlar,

Azərbaycan olanlar!

 

Şəhidi, qazisi var mənim azadlığımın,

Müqəddəs arzusu var mənim azadlığımın.

 

Sinən üstdə Samurlar, Arazlar böldü bizi,

Keşişlər, vikarilər, papazlar böldü bizi..

Dərbənd, Təbriz, Borçalı, Dərələyəz, İrəvan,

Zəngəzur, Maku, Səlmas, Əhər, Əraq, Həmədan,

Adına həsrət qalan neçə yurdlar, vətənlər,

Azad olmaq istəyən milyon vətənsevənlər,

Hazırdır sənin üçün qan töküb can verməyə

Üç rəngli bayrağını Turanda yüksəltməyə!

 

Sədası var, ünü var mənim azadlığımın!

Kitabı var, dini var mənim azadlığımın!

Bu dünya yaranandan biz olmuşuq – biz varıq,

Mərd-mərdanə döyüşüb dövlət yaradanlarıq.

Lullubi, Kuti, Turukki, Manna, İşquz, Midiya,

Od yurdu Atropatan, Qəbələ, Albaniya,

Şirvanşahlar, Sacilər, Salari, Şəddadilər,

Ağsunqurlar, Atabəy, Elxani, Rəvvadilər,

Qaraqoyun, Ağqoyun, Səfəvilər, Əfşarlar,

Bizim tariximizdir yurdda tarix olanlar,

Bu torpaq məskənidir hər qeyrətli millətin

Azərbaycan adlanır ən müasir dövlətim.

 

Doğması var, yadı var mənim azadlığımın!

Azərbaycan adı var mənim azadlığımın!

 

Biz tarix yaranandan ulu, ərən millətik,

Vətən üçün baş qoyub şəhid verən millətik!

Tarixə qəhrəmanlar bəxş etmişik hər zaman

İgidlərin şahıdır mənim babam Oğuz xan!

Cavanşirlər, Babəklər, Eldəgizlər yurduyuq,

Bu dünyada tanınan sözü düzlər yurduyuq,

Düşmənə endirməyə dəmir yumruğumuz var,

Müzəffər sərkərdəmiz, müzəffər ordumuz var..

Müasir Vətənimin İlhamdır sərkərdəsi,

Xalqı Ordu, Ordusu Xalq olanlar ölkəsi..

 

Bayrağımda rəngi var mənim azadlığımın!

Cəngidə ahəngi var mənim azadlığımın!

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.