Ana səhifə BAŞ YAZI Avrasiyanın tarixi gerçəyi – Türk sivilizasiyası

Avrasiyanın tarixi gerçəyi – Türk sivilizasiyası

Müəllif: Bizim Yazı
974 baxış

Rahid Ulusel. FotoRahid ULUSEL, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, Atatürk Mərkəzinin elmi əməkdaşı 

Tarix boyunca dünya mədəniyyətinin klassik dəyərlərini yaradan Azərbaycanın bu gün interhumanitariya mərkəzinə çevrilməsi bir qanunauyğunluqdur.Azərbaycan təkcə coğrafiyasına görə deyil, həm də mədəniyyət və düşüncə tipologiyasına görə Doğuyla Batının harmonik vəhdət ərazisi olduğundan, ümummilli lider Heydər Əliyevin qeyd etdiyi tək, ölkəmizin Doğu ilə Batını qovuşdurmaq kimi böyük tarixi, siyasi-kulturoloji missiyası (deməli, həm də harmoniyayaradıcı missiyası!) onun elə müstəqilliyinin başlanğıcından dərk edilərək, bu yöndə zəruri fəaliyyət istiqamətlərinə təkan verdi. Son on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm Doğu, həm də Batı dövlətləri ilə apardığı uğurlu siyasət mədəniyyət sahəsində də qlobal işbirliyinə və dinamik inkişafa, tarixi-mədəni ilişkilərin dərinləşməsinə və daha da məhsuldar, çoxtərəfli, davamlı olmasına geniş perspektivləri açdı. Məqsədyönlü fəaliyyətlərin sonucunda artıq bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun gerçəkləşdiyi bir mədəni-intellektual məkan statusu qazanıb.
Azərbaycan dövləti bu missiyası ilə təkcə daxil olduğu bölgəsəl coğrafiyada deyil, bütün dünyada barış, sabitlik və işbirliyi tendensiyasını, yaradıcı mənəvi mühitdə yaşamaq, qarşılıqlı fikir mübadiləsində ortaqlaşmaq, universal mədəniyyət düşüncəsi ilə zənginləşib-zənginləşdirmək məramını gücləndirir. Bakı Beynəlxalq Humanitar Forumları artıq belə bir məramla sivilizasiyalararası münasubətlərin yeni qlobal ideologiyasını və humanist platformasını dünyaya təqdim etməkdədir. Bu mövqeyi görkəmli dövlət və mədəniyyət xadimləri, Nobel ödülçüləri səviyyəsində dəstəkləyən beynəlxalq birliyin konvergent intellektual gücü formalaşmaqdadır. Deməli, beynəlxalq siyasətdə, sivilizasiyalararası münasibətlər sistemində Azərbaycanın özünəməxsus unikal mövqe qazanması reallığı, təbii olaraq, ölkəmizdə humanitar elmlərin qarşısına tamamilə yeni vəzifələr qoyur: Azərbaycan elmi təkcə dünyada gedən innovativ proseslərlə ayaqlaşmamalı, həm də bu proseslərin önündə getməli, yeni ideyalarla çıxış etməli, qlobal humanitar mədəniyyətin inkişafı məqsədlərini güdən Azərbaycan Platformasını dərinləşdirməli, beynəlxalq humanitar siyasətin müasir dövlətlərə və xalqlara gerçəkdən gərək olan konsepsiyalarını işləməlidir. Bu istiqamətdə aparılan araşdırmaların koordinasiyası, ümumi strategiyası da artıq yaradılmaqdadır: Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ulu öndər Heydər Əliyevin dərin humanizm əsaslı, ümumbəşəri qayəli siyasi-fəlsəfi irsinə söykənərək, bu tarixi əhəmiyyətli işin fundamental əsaslarını qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli elmimizin, mədəniyyətimizin inkişafına yaratdığı münbit şərait nəticəsində, ölkəmizdəki yaradıcı atmosferin gur elmi-intellektual axtarışları prosesində məhz dünya humanitar mədəniyyətinin yüksək inkişaf səviyyəsini özündə əks etdirən tədqiqatlar ərsəyə gəlməkdədir.
Göstərilən istiqamətin bütün keyfiyyətləri ilə sanballı örnəyi – Dr. Ərəstü Həbibbəylinin “Sivilizasiyaların kəsişməsində Türk Dünyası” əsəridir ki, onun önəmi nəzərə alınaraq, daha təkmilləşdirilmiş variant üzrə türk dilinə “Uygarlıkların Kavşağında Türk Dünyası” (“Yedirenk” nəşriyyatı, 2013) adı ilə tərcümə edilib. Kitabın tərcüməçisi Azərbaycan dili və mədəniyyətinə yaxşı bələd olan Dr. Yusuf Gədiklidir. Gənc alimin türk və bu dil vasitəsilə ümumtürk auditoriyasına təqdim olunan tədqiqatının üstün dəyərləri sırasında ən önəmlisi – bu gün dövlətimiz və onun daxil olduğu türk dünyası üçün olduqca vacib sayılan yeni tarixi-kulturoloji metodologiyadan çıxış edilərək, Azərbaycan, türk və dünya tarixinə gerçək elmi münasibətin ortaya qoyulmasıdır. Etiraf edək ki, tarixin və onun yetirməsi olan sivilizasiyaların öyrənilməsində qərbyönlü tədqiqatçılar xüsusilə türk dünyasına münasibətdə bir qayda olaraq birtərəflilik nümayiş etdirmiş, hətta ifrat hallarda bu tədqiqatların altlayında Qərbin imperialist niyyətləri ilan dili kimi özünü göstərmişdir. Dr. Ərəstü Həbibbəyli əsərinin əvvəlindən sonuna kimi bu yanlış, lakin dünyaya həqiqət kimi sırınmış mövqeləri inandırıcı dəlillərlə bircə-bircə darmadağın edir. Bu onu bir daha göstərir ki, sivilizasiyaların “toqquşması”, “kəsişməsi, “interaksiyası”, “passonarlaşması”, “dominantlaşması”, “sintezi”, “dialoqu”, “qloballaşması”… sadəcə elmi-nəzəri məsələ deyil, həm də müxtəlif maraq və ideologiyaların üz-üzə gəldiyi qlobal siyasi məkanda onların strateji məqsədlərini gizləyən oxların trayektoriyasıdır. Azərbaycan kimi həssas geopolotik məkanda yerləşən bir ölkənin dövlətlərarası münasibətlərdə necə realist və praqmatik olması zəruridirsə, sivilizasiyalararası münasibətlərdə də eləcə bəsirətli olması qaçılmazdır. Bax elə buna görə də gənc Azərbaycan tədqiqatçısının Türkiyədə – çağdaş türk sivilizasiyasının qaynar mühitində çap olunmuş əsəri bizə sivilizasiyalararası tarixi münasibətlərin “romantikasını” deyil, daha çox ziddiyyət və qarşıdurmalarla müşayiət olunan gərgin, ağrılı təkamül prosesini təqdim edir.
Ərəstü Həbibbəyli türk sivilizasiyasının seçkinliyi və dünya sivilizasiyaları arasında özünəməxsus yer tutması ideyasından çıxış edərək, bu mövqeyi dəstəkləyən elmi konsepsiyaları daha da dərinləşdirir, sanki “səpələnmiş ideyaları” cəmləyərək, onların funksional nəzəri platformasını müəyyən edir. Tədqiqatçı nəinki türk sivilizasiyasını müstəqil mədəni tip olaraq səciyyələndirir, eyni zamanda, bu sivilizasiyasının mürəkkəb arxitektonikasını araşdıraraq, onun yaradıcısı türk superetnosunun tarixi nailiyyətlərinə bir sistem və bütövlük şəklində baxır, türklərlə birlikdə həmin sivilizasiyanın təşəkkül və inkişafında iştirak edən xalqların birgə yaratdığı bu əngin mədəni dünyanın dayanılmaz transformasiyasının indiyə qədər toxunulmamış identiklik və polifonik xüsusiyyətlərini üzə çıxarır. Tədqiqatçı-alim mövcud sivilizasiya nəzəriyyələrinə istinad etməklə, araşdırdığı problemə özünün orijinal yanaşmasını ortaya qoyur. Bu yanaşmaya görə, “Çöl” – Türk sivilizasiyasının, “Səhra” – Ərəb sivilizasiyasının, “Meşə” – Slavyan sivilizasiyanın, “Dəniz” – Qərb sivilizasiyasının, “Dağ-Çöl” – İran sivilizasiyasının xarakterini müəyyənləşdirən amillərdəndir (s.211). Burada türk sivilizasiyasının identikliyini şərtləndirən başlıca cəhətlərdən biri kimi – ona adət-ənənənin dindən daha çox təsir göstərməsi faktına diqqət çəkilir (s.210). Əslində, bu keyfiyyət türk sivilizasiyasının (müəyyən qədər islam sivilizasiyasından fərqli olaraq) yeni tarixi dövrdə dönmədən modernləşməsinin və eyni zamanda adət-ənənələrdən gələn arxetipik “özəyini” itirməməsinin göstəricisidir.
Kitabda mövzu və problematikanın araşdırılmasının kifayət qədər mükəmməl sistemi vardır: burada əvvəlcə sivilizasiya anlayışına, onun dəyərlər kompleksinə, sivilizasiya və mədəniyyət, sivilizasiya və geopolitika, sivilizasiya və imperiya, sivilizasiya və din münasibətlərinin xarakterinə, sivilizasiyanın tarixi inkişafını şərtləndirən amillərə, sivilizasiyalararası əlaqələrin (cazibə və itələmənin) interaktivliyinə və nəhayət, türk sivilizasiyasının spesifikasına müxtəlif elmi-nəzəri yanaşmaların panoramı cızılır. Daha sonra ayrı-ayrı fəsillər üzrə türk sivilizasiyasının Pravoslav – Slavyan, Batı (əsasən, Avropa), Çin, İslam, Ərəb və İran sivilizasiyaları ilə tarixi münasibətləri başlıca komponentləri ilə müfəssəl şəkildə öyrənilir.
Müəllif göstərir ki, türk sivilizasiyasının Pravoslav – Slavyan sivilizasiyası ilə münasibətləri Avrasiyanın tarixi taleyində həlledici rol oynayıb. Onların mədəni və geopolitik münasibətlərində həm rəqabət, həm qarşılıqlı təsir, həm də harmoniya məqamları hər birinin seçkinləşməsinin təməlində dayanıb. Rusiya imperiyasının hegemonluq ideologiyası avrasiyaçılığı törədibsə, ona qarşı müqavimət ruhunda formalaşan türkçülük Avrasiyada hərbi-ideoloji balansın pozulmasına imkan verməyib. Türk və Pravoslav-Slavyan sivilizasiyaları arasındakı münasibətlərin çox maraqlı və indiyədək yetərincə fikir verilməyən proseslərini diqqətlə izləyən müəllif bu interaksiyada tarix və müasirlik üçün gərəkli olan simvol-məqamlara belə həssaslıq göstərir: “Hazırda Ukraynanın qərbində Lvov vilayətində elə pravoslav kilsələrinə rast gəlinir ki, kilsənin qübbəsində həm xaç, həm də aypara vardır. Dünyada bəlkə də bənzəri olmayan həmin nümunə əslində bu iki sivilizasiyanın harmoniyasının göstəricisidir” (s.81).
Kitabda türk sivilizasiyasının Batı sivilizasiyası ilə əlaqələri bütövlükdə Doğu – Batı münasibətləri kontekstində öyrənilir: xristianlığın (mahiyyətcə Doğu hadisəsinin!) Batı sivilizasiyasının formalaşmasında rolu, Batı sivilizasiyasının kosmopolit siyasəti qarşısında türk sivilizasiyasının dirənişi və bu dirənişin ümumən Doğu xalqlarının Batı imperializminə qarşı müqavimət hərəkatını stimullaşdırması, Ellin mədəniyyətinin Avrasiyada sivilizasiya proseslərinə təsiri çox maraqlı tarixi faktların araşdırılması ilə dəyərləndirilir.
Müəllif göstərir ki, tarixin ən qədim çağlarından türklərin çinlilərlə münasibətləri “hərb və sülhün” bütün mərhələlərindən keçib. Türk və Çin sivilizasiyalarının interaksiyası nəinki onların bir-birini həzm etməsinə imkan verməyib, eyni zamanda, həmin interaksiyanın “Çin səddi” ilə simvollaşan prosesləri onları daim gərginlikdə, deməli, öz sivilizasiyalarının müqavimət gücünü itirməmək ruhunda saxlayıb.
Tədqiqat əsərində türk sivilizasiyasının islamaqədərki, dominant islam epoxasındakı və müasir dövrdəki inkişafının davamlı prosesi, onun islam xilafəti, mədəniyyəti, ideologiyası ilə münasibətlərinin dərin mahiyyəti və çoxtərəfli aspektləri öyrənilir: islamı qəbul edən xalqlardan yalnız türklər bu sivilizasiyanın ən üstün hərbi, siyasi və ideoloji qüvvəsinə – fatehinə çevrilərək, islam Şərqinin nəhəng imperiyalarını yaradırlar. İslam-türk sivilizasiyasının sintezi Orta Çağ Doğusunun indi çağdaş dünya üçün də çox gərəkli olan çoxmədəniyyətlilik xarakterini cizgiləndirir. İslam formasını qəbul etsə də, Türk məzmununu saxlayan türk sivilizasiyası öz mədəni arxetipləri üzərində yaradıcı ruhunu vüsətləndirərək, dünyanın böyük potensiyaya malik sivilizasiyalarından olduğunu təsdiq edir.
Müəllifin türk və ərəb, türk və İran sivilizasiyaları arasındakı münasibətlər üzərindəki araşdırmaları da çox maraqlı faktların incələnməsi və tarixi-interaktiv proseslərə türk sivilizasiyasının yönvericilik xüsusiyyətinin üzə çıxarılması ilə aparılır. Ərəb passionarlığı dövründə türk və ərəb sivilizasiya daşıyıcıları arasında, türk passionarlığı dövründə yenə həmin sivilizasiya daşıyıcıları arasında münasibətlərin səciyyəvi cəhətlərinə nəzər salınır. “İslamın qalxanı və qılıncı” olmaq missiyasını hünərlə daşıyan türklərin təkcə hərbi fatehliyi deyil, həm də ulu sivilizasiya yaratma qüdrətinə dəyər verilir.
Beləliklə, bu tədqiqat əsəri bizə mərkəzində türk sivilizasiyası dayanan Avrasiyanın tarixi həyatının real panoramını canlandırır: ətrafındakı bütün sivilizasiyalarla münasibətlərini yalnız öz yaradıcı potensialını qorumaq və artırmaq, ən qüdrətli sivilizasiyalarla “dil tapmaq”, ortaqlaşmaq, mübadilə qurmaq, onlara yenilməmək üçün mübarizə aparmaq, üstünlük keyfiyyətlərini hər zaman təsdiq etmək, sivilizasiya əxlaqının yüksək mərtəbəsində dayanmaq əzmini nümayiş etdirən türk sivilizasiyası gerçəkdən seçkinlik örnəyidir.
Qeyd etdiyimiz kimi, türk sivilizasiyasını – “çöl (bozkır) sivilizasiyası” kimi xarakterizə edən araşdırıcı “sivilizasiyaların etno-mədəni landşaft bağlılığı nəzəriyyəsinə” istinad edərək özünün bu əsas paradiqmasını kitabın bütün bölümləri üzrə əsaslandırmağa çalışır. Bunun üçün kifayət qədər elmi dəlillər vardır. Belə ki, məsələn, görkəmli fransız alimi Rene Qrusse də “Çöl imperiyaları: Mərkəzi Asiyanın tarixi” (R.Grousset The Empire of the Steppes. A History of Central Asia, Rutgers University Press, 2010) kimi fundamental tədqiqatında Mərkəzi Asiyanın sivilizasiya və dövlətçilik tarixinə yön verən türk superetnosunun maddi və mənəvi həyatında bu amillin həlledici əhəmiyyət daşıdığına önəm verir.
Dr. Ərəstü Həbibbəylinin qardaş Türkiyədə çap olunmuş bu əsəri həm də belə bir cəhətinə görə əhəmiyyətlidir ki, türk dünyasının başlıca olaraq sivilizasiya tarixi istiqamətində tədqiqi üçün əsas istinad nöqtəsi – Azərbaycandır, onun milli mədəniyyət sərvətləridir. Çünki hansı yöndən baxırsan-bax, Türk Dünyasının sivilizasiya bütövlüyü Azərbaycan coğrafiyasından daha əzəmətli, daha aydın görünür. Gənc tədqiqatçı-alim də Azərbaycan mədəniyyətinin böyük potensialını, tarixin hər zamanındakı yaradıcı enerjisini, unikallığını və mədəniyyətlərarası münasibətlərin ilgək mahiyyətini təməl götürərək, türk sivilizasiyasının geniş məkanına çıxır, onun tarixi inkişafının daim qarşılıqlı şəkildə zənginləşməyə imkan verən xüsusiyyətlərini araşdırıb dəyərləndirə bilir. Türk dilində yetərincə dolğun məzmun kəsb edən bu kitab bütün semantikası ilə məhz Azərbaycan mədəniyyət düşüncəsinin əsəridir. Onu oxuyub başa çatdıranda, tədqiqatın bu perspektivi də göz önünə gəlir: deməli, növbəti addımlar türk sivilizasiyasının müasir dövrümüzdəki inkişafının fundamental tədqiqi istiqamətində atılacaqdır. Türk Dünyası daha sıx birləşməyə doğru gedir. Bu Birliyin nüvəsində isə onun bütün tarixi və mənəviyyatı ilə yaratdığı sivilizasiya dəyərləri dayanır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.