Ana səhifə BAŞ YAZI Asiya dediyin…

Asiya dediyin…

Müəllif: Bizim Yazı
385 baxış

Oljas SÜLEYMENOV

 

 

QIRMIZI, YAŞIL

İnanmıram qış ola,
Uşaqlıq illərində
Hmişəlik yaydır!
Yay!
Hətta yaydandır oktyabr –
Uşaqlıq illərində.

Məktəbimiz – saman ev.
Çəpərdən o tərəfdə məscid!
Bir ortaq ayaqyolu.
Tez-tez qarşılaşır məktəbli, ahıl,
Qızarır, bozarır abır-həyadan.
Gün günorta oldumu
Azançının minarədən
həzin səsi yüksəlir,
“Al-lah!”
Bu da mənə işarə –
Yollanıram məktəbə.
Yaşıl çəpər,
Sarı divar.
Boz həyət.
Yadımda ömürlük
qalasıdır həmin gün.

Səhər tezdən anamla bir neçə mağazaya baş çəkdik – qırmızı parça tapılmadı. Qırmızının heç də hamısı cəbhədən qayıtmamışdı; görünür mənim qalstukum Mancuriya təpəciyində yellənirdi.
Mən məktəbə böyük bir üçbucağı xatırladan qırmızı parça ilə yollandım. Bu qırmızı ipək şal idi. Bu şalı bayram günlərində bizim qadınların dörd nəsli örtmüşdü.
Mən ağ ipək köynəkdə, ağ şalvarda, ağ kətan ayaqqabıda qovaq ağacının kölgəsinin zolaq-zolaq doğradığı sarı küçə ilə qaçırdım. Azançı çoxdan susmuşdu.
Cərgənin sonunda ağarırdım. Həyətin o biri küncündən dinməzcə bir bölük dindar baxırdı –hamı başa düşürdü ki, öz ciddiliyi ilə sünnətdən heç də dala qalmayan bir törən baş verir.
“Mən, Sovet İttifaqının gənc vətəndaşı, öz yoldaşlarım qarşısında təntənəli surətdə and içirəm…” – Həyatımda ilk and!..
Gözəl, dolu bir qız (mən onu şagird çılğınlığının var gücü ilə sevdim) ilk dəfə mənə bu qədər yaxın gəlirdi.
O, qalstuk bağlayırdı – mən and içirdim, o nəfəs alırdı – mən and içirdim, o məndən uzaqlaşırdı – mən and içirdim. Bütün varlığımla xirtdəyimdən üzü aşağı qırmızı ipək bir axının süzüldüyünü hiss edirdim. Heç kim, heç nə mənə bir şey vəd eləmirdi. Nə qız, nə göy, nə yer! Bircə o qırmızı rəngdən başqa…
Gözlərimi bərəldib qaranquşlara, sərçələrə, uçan nə vardısa, hamısına zilləmişdim. Göz yaşlarımı saxlamaq üçün!
İlk dəfə təbil səsi eşidirdim.
İlk dəfə yoldaşlarımla bir sırada addımlayırdım. Belimi bükmədən, əllərimi yelləmədən gedirdim, elə yüngül, elə şux addım atırdım, sanki başımda nəsə bir şey aparırdım.
Məscidin yanından, evimizin yanından düz keçib Komintern meydanına yollanırdıq. Alabəzək geyinmiş bir bölük qadın gülürdü, əl eləyirdi, qışqırırdı.
Mənim anamsa kənarda durmuşdu.
Mən addımlayırdım. Çalışırdım ki, addımlarımı təbilin ahənginə uyğun atım.
Oktyabr şəhərinin günəşli yay küçəsiylə biz pionerlər addımlayırdıq və elə bilirdik ki, bütün həyatımız verdiyimiz ilk andın sözləri kimi beləcə təntənəli gedəcək…

BAKIDA BÜRKÜ

QAR  Yazılıb hasara,
həmən təbaşirdi,
bu həmən xətdi.
Ağzına nə gəldi
yazırdı dünən –
başqa söz qəhətdi.
Birdən-birə – adi Qar.
Bu söz
Ələ aldı hamını
təzəliyiynən,
təmizliyiynən.
Nə yazın ətri var,
Nə qışın.
Yox! Bu sənin işin deyil!
Gücsüzdür təb bu yerdə!
Yazanın üstünlüyü
üslubu gözləməsində,
Kağız da var, hasar da.
Gəlib minir qiymətə
Səmimi söz gör harda!
…İsti iyul günüydü.
Arxın
Sərinliyi qəhətdi
Qalın ağac kölgəsi
Xəzinədən qiymətli.
Hava bürosunun da
Fındıqburun müdiri
Suallara vəd verir:
“Üçüncü məhəllədə –
yağış, şeh,
dördüncü məhəllədə –
soyuqdəymə,
Gecələr
əsməcə, qrip”
Eh!
Birdən-birə əncirin
Qopub düşür böyrünə
QAR.
O düşür qəflətən
əriməyən yağ kimi.
QAR.
Hava bürosunun
Fındıqburun müdiri
Donub qalır heyrətdən:
“Ay Allah,
Belə iyul
Ağlıma gəlmir hələ.
Uzağı
Yüz ildən bir düşür ələ!”
Sevindirmir dəyişiklik
kimsəni biz tərəfdə.
Razıyam
adətlərin əksinə
donuz əti,
içki olsun süfrədə!
…Çayxanada nərd oynamırlar,
Arabalar çəkilirlər kənara.
Küçüklər də dil çıxarıb ləhləyir
Noxtalı eşşəklər də sallayırlar burnunu.
Böyük-kiçik razıdır.
…Əridi QAR,
Düşdü QAR.
Tez-tələsik tapdadıq.
Bitti oyun, ötüşdü.
Getdi görən bəs hara?
İndi kəsib söz-sovu
Bayraq kimi üz tutur,
Dua edir,
Yalvarırıq hasara!
1976

DÜNYANIN QURTARACAĞINDA BİR DƏQİQƏLİK SÜKUT

…Hindistan yarımadasının güney burnunun lap qurtaracağında – Kanya Kumarin burnunda – mübariz Qandinin sadə, mərmər qəbri ağarır. Ona dəyən güllələrin sayı beşdir. Ağ köynəkdə beş qanlı ləkə, beş qanlı həlqə. Bəlkə də elə bu həlqələrə görə dünyanın rəmzini məhz ağ olimpiya bayraqlarında gördüyümüz kimi çəkmək rəssamların ağlına gəlib.
…Qandiyə arxadan atəş açan  hindli – kimi deyir millətçiymiş, kimi deyir fanatik. Mənim yol yoldaşım Çatterji isə qatili sadəcə olaraq belə andırdı: “Əclaf!”
Çatterji bir dəri, bir sümükdür. Günün altında yanıb. Onun əksi sanki məqbərənin mərmər şüşəsinə həkk olunur.
Həmin gün Amerikada bir qətl də baş verdi – qandiçi zənci Martin Luter Kinq öldürüldü. Hindistan onun xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Min ilə bərabər 500 milyon dəqiqəlik sükut!
Hər açılan atəşin dalında, “hansısa bir əclaf” durur və mədəniyyətimizdə bir dəqiqəlik sükut yaranır.
Görəsən bir dəqiqə sükuta dalarkən Çatterji nə haqda düşünürdü?

***
Kumarin burnu yuyur qürubu
Gözəllik aləmi –
Palma və toddi
Bərq vurur elə bil daş-qaş içində
İncə közənibdir
bəyaz dhoti.
Quru baldırları damar-damardı,
Qara dabanları quma batıbdır,
Palma şirəsini çəkib başına.
Başımı qaldırıb baxdım gözucu.
Gördüm ki, hər dəfə nəfəs aldıqca,
Atır gicgahında damarları da…
Gördüm ki, güc verib o göz yaşına:
– Bizim Asiyaya
Ağlar göz dikib,
Dəyib Asiyaya yadların gözü
Fürsət düşən kimi qara cadugər
Min cürə bəlanı göndərir bizə.
Asiya dediyin
adəti üzrə
aclıq içindədir, vəba içində!
Dərdi bilinməyən
qarın kimidir.
Keçmişi sürünür
söz quyruğunda.
Bizim Asiyaya dikilib Ağ göz!
Başdan ayağadək qan çanağıdır.
Əlçatmaz azadlıq
beli bükülü
Çəkilir
söz-sovun cəngəlliyində!..
…Qürub günəşinin
rəngi çökübdür
bir az məqbərənin qapılarına,
bir az üzlərə,
bir az sözlərə,
Əlçatmaz mavilik
çırpır özünü,
çırpır var gücüylə
sahilə sarı.
***
Onlar ki var, Çatterji, –
Əclafları deyirəm,
Yuva qurub, yurd salıb
hər obada, hər eldə.
Onlar ki, var, seçilmir
Gözünün qıyığından
Olur Göy də, Qonur da
Onlar ki, var, seçilmir
Dərisinin rəngindən –
Almaz kimi yanır da,
Kömürtək qaralır da.
Qamaşdırar gözünü
İşıq düşsə dazına.
Saçını dik darayar,
Qıvrım-qıvrım burar da!
Neynirsən ki, o kimdir?
Nə fərqi var – əclafdır!
O axmaq deyil, amma,
Kim bilir bəlkə də o
Başbiləndir, alimdir!
Var özünün inamı.
Baxmır quru şöhrətə,
Baxmır varın azına,
Baxmır varın çoxuna.
Əriyir gah bəyazın,
Gah qaranın içində,
Gah sarayın içində.
Parıldayır qızıl tək,
Bürünc kimi bərq vurur.
Bəzən olur ki, boz rəng
Qara qəlbin küncündə
Sıxılır küdurət tək.

…Mavi sular qaraldı.
Asiya qurtaran yer –
Bizim böyük Qandinin
Ağ qübbəli məzarı..!
Qanayan bəbək kimi
Yenə doğdu göydə Ay!
Nəmli daşların üstə
Ay işığı düşdümü?
Palma başında quşlar
Niyə saldı hay-haray?!
                                     1958

/Azərbaycan dilinə Akif ƏHMƏDGİL çevirmişdir/

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.