Ana səhifə AŞIQ SƏNƏTİ AŞIQLARIMIZI YAXINDAN TANIYAQ:

AŞIQLARIMIZI YAXINDAN TANIYAQ:

Müəllif: Bizim Yazı
603 baxış

AŞIQ MƏHƏRRƏM HÜSEYNLİ
– 1959-cu il, iyul ayının 26-da Tovuz rayonunun Qaradaş (Seyidlər) kəndində doğulub. Gözünü açandan dünya şöhrətli Aşıq İmranla Aşıq Əkbərin səsininin sehrinə qapılaraq, Türk Dünyasının əzəmətli ozanı Mikayıl Azaflının, Aşıq Yusifin, Xatınlı Ələkbərin, Məhəmməd Covdaroğlunun, Huseyn Cavan kimi sənətçilərin şeir-sənət dunyasına könül verib. Onların ifa texnikasına, danışıq və toy-səhnə mədəniyyətinə məhəbbətlə yanaşan Məhərrəm Hüseyinli Aşıq Mikayıl Azaflını özünə bilavasitə ustad seçib.
Orta məktəbi qurtardıqdan sonra Bakı Dövlət Universitetinə  (BDU) daxil olub. Onun sənətdə bir daha kamilləşməsi tələbəlik illərinə təsaduf edir. Böyük məclislərə dəvət alan Məhərrəm ustad Mikayıl Azaflı ilə məclis və konsert salonlarında qoşa, qabaq-qarşı calıb-çağırıb, necə deyərlər, elin gözü qarşısında püxtələşib.
Böyük ustad aşıqlarla dostluq və dərin sənət münasibətlərində bulunan sənətçinin arxivində onlarla aşıqla apardığı söhbətlərin audio və videoyazıları mövcuddur.
1981-ci ildə xalq şairi Huseyn Arifin cağırışına ilk qoşulanlardan biri kimi Məhərrəm Huseynlinin də çalışmaları Azərbaycan Aşıqlar Birliyinin (AAB) təməl daşının qoyulmasında rol oynamış, 1984-cü ildə Azərbaycan aşıqlarının uzun aradan sonra keçirilən növbəti – IV Qurultayına nümayəndə seçilmişdir. Aşıq hələ gənc yaşlarından üzvü olduğu Birliyin keçirdiyi tədbirlərdə yaddaqalan çıxışlar edib.
O, ustadı Aşıq Mikayıl Azaflı ilə yanaşı Aşıq Aydın Cobanoğlu, Aşıq Rza Qobustanlı, Aşıq Əjdər (İbrahimov), Aşıq-balabancı Sərdar Məmmədli, Aşıq Cuma ilə də Novruz və digər toplantılarda  birgə çıxışlar edib. Hələ tələbəikən BDU-da  kecirilən tədbirlərdə yuksək professionallıqla çıxışlar edib. Respublikada keçirilən tələbə və gənclərin ümumittifaq xalq yaradıcılığı festivalında yüksək yer tutaraq diplom və fəxri fərmanlara layiq gorulub. 1990-cı ildə İçəri Şəhərdə “Qoca qartal” Aşıqlar Ansamblı yaradaraq televiziyada, radioda, habelə xeyriyyə konsertlərində – böyük konsert salonlarında çıxışlar etmişdir. Bu ansamblın tərkibində Aşıq Rakif (İsmayılov), Aşıq Fikrət Körpülü, Aşıq Ədalət Qiyasoğlu, Aşıq-balabançı Sərdar Məmmədli, Aşıq Nuru Məhəmmədoğlu kimi gözəl sənətçilər birləşirdi. 1991-ci ildə keçmiş adı ilə “Oğuz”olan, indiki adı ilə “Tovuz” Xeyriyyə Cəmiyyəti kimi fəaliyyət göstərən qurumun dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xeyriyyə konsertləri düzənləmişdir.
Tanınmış aşıq həmçinin keçmiş adı ilə Mərkəzi Konsert Sarayı – indiki Heydər Əliyev adına Sarayında “Koroğluya qayıdaq”, “Hoydu, igidlərim, hoydu” adlı (cəng ruhlu) konsertlər düzənləmişdir. Hə iki konsertin videoyazısı Az.TV tərəfindən bir neçə dəfə yayınlamışdır və hazırda da  arxivdə qorunur.
Məhərrəm Huseynli yalnız aşıq və konsertlərin təşkiltaçısı kimi deyil, habelə yubilyar aşıqlar haqqında mətbuatda yazılarla çıxış etmək, gecənin ssenaristliyini, rejissorluğunu və aparıcılığını üstənməklə də aşıq sənətinə öz fədakar qatqıların verirdi. (Örnəyi, “Aşıq Mirzə (Bayramov)-100”, “Aşıq Əsəd (Rzayev)-120”, “Aşıq Ələsgər (Tağıyev”-60”, “Aşıq İmran (Həsənov)-65”, “Aşıq Əkbər (Cəfərov)-70”, “Aşıq İlyas Alovlu-60 (və 70), “Aşıq Mikayıl Azaflı-60 (-70-80)”, “Aşıq Alqayıt (Xəlilov)-50”, “Xalq şairi Səməd Vurğun-100”).

Aşığın Dədə Ələsgərin, Aşıq Hüseyn Bozalqanlının,  Xəstə Bayraməlinin, Aşıq İmranın, Bəhmən Vətənoğlunun, Həmid Abbasın, Abbas Abdullanin, şair Musa Ələkbərlinin, şairə Dülarə Azaflının yubiley törənlərindəki çıxışları yaddaşlardan silinməz iz buraxmışdır.
Məhərrəm Hüseyinli yaradıcı aşıqdır. Onun mətbuatda dərc edilmiş məqalələrinin bir qismi “Tovuz aşıqları” adı ilə kitablaşdırılmışdır. Bəhrələndiyi və daima sevdiyi sənətkarlardan olan Aşıq Mikayıl Azaflıya ünvanladığı “Azaflı “poeması, Aşıq Əsədə ad etdiyi “Şilləsi səndən, siftəsi məndən” adlı dastanları, o cümlədən “Mirəli Ağa” (“Alı Dədə”) dastanı, “Kişi dastanı”, eləcə də  Dədə Ələsgərlə Aşıq Hüseyn Bozalqanlının görüşünün mənzum formada yenidən işlənməsi və digər olmuş həqiqətləri dastanlaşdırması, kitablaşdırması şükranlıqla vurğulanmalıdır. İndiyə qədər işıq üzü görən 11 kitabının sənətsevərlərin masaüstü kitabı olması da ona olan oxucu marağının ifadəsidir.

Aşıq 2004-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə Altay Respublikasında keçirilən uluslararsı festivalda Azərbaycanı təmsil etmişdir. O, I Uluslararsı Dastançılar Qurultayının və Festivalının birinci dərəcəli diplomuna layiq gorulərək ödülləndirilmişdir.

2008-ci ildə Azərbaycan kütləvi informasiya vasitələri işçilərinin həmkarlar ittifaqı onu “QIZIL QƏLƏM”lə ödülləndirib. Ömrünü-gününü mədəniyyətimizə, ədəbiyyatımıza həsr edən Məhərrəm Huseynli hal-hazırda AAB-nin 5-ci qurultayında seçilmiş Azərbaycan Aşıqlar BirliyininYönətim Kurulu üzvü və uzun illərdən bəri çalışdığı Azərneftyağ NEZ-in  Mədəniyyət Evinin mudir muavini vəzifəsini daşıyır.

Yuxarıda da vurğuladığımı kimi Məhərrəm Huseynli yaradıcı aşıqıdr. Onun bədii yaradıcılığı çoxşaxəlidir. O, publisist yazıları ilə yanaşı, qoşma, gəraylı, təcnis, divani, müxəmməs, ustadnamə, satirik şeirlər, sərbəst şeirlər, gozəlləmələr, deyişmələr yazıb. Aşığın indiyə qədər 15 albomu səsyazma studiyaları tərəfindən sənətsevərlər təqdim olunub.
Onun ifasında klassiklərimizin ruhi bağlılığı, sözün aşıq musiqisinə uyğun seçimi, səhnə mədəniyyəti, yerli-yataqlı vurulan zəngulələri, yaraşıqlı və nurlu siması, sazın sinəsinə qədər bütün zil gedişatlarla birgə, sözun düzgün ifası şəkillənir… Özəlliklə, onun ifasında zil Koroğlu havaları, bayatılar və nadir halda oxunan havaların əzəməti özünü göstərir.
Qastrol səfərlərinə tez-tez yollanan aşıq Məhərrəm Huseynli Orta Asiyada, İranda, Türkiyədə, Rusiyanın böyük şəhərlərində və digər yerlərdə çalıb-çağırmış, ödüllər qazanmışdır.
Dəfələrlə Azərbaycanda keçirilən baxış müsabiqəsində qalib olub.

Onun haqqında  bir sıra qələm sahibləri yaddaqalan məqalələr yazıb. Bunlardan şair Cabir Novruz, şair- publisist Knyaz Aslan, şair-publisist Vaqif İsaqoğlu, ustad jurnalist Cəfər Əliyev, şair Müzəffər Şükür Məchul, şair-publisist Məhəmməd Nərimanoğlu, jurnalist Fikrət Mahmudov, təbrizli şair Bəşir İbadi və digərlərinin adını çəkmək olar.

Aşığın bir neçə şeirini bizimyazi.com-un oxucularına təqdim edirik:

***
SALAM

Ürəyin sözünü, ağlın gücünü,
Haqqın haqq sözünü yazana salam.
Düz yola çağıran insan oğlunu,
Kəlməsi ləl-gövhər ozana salam.

Mənası sözündən ap-aydın olan,
Damaqda dadlanan xoş dadın olan,
Uçmağa söz adlı qanadın olan,
Nahaqqı ürəkdən pozana salam.

Həqiqət ustundə qorxu bilməyən,
Bəzən gecələrlə yuxu bilməyən.
Dirilik suyutək qoxu bilməyən,
Urəkdən urəyə sızana salam.

Məddahlığa, mütrüflüyə uymayan,
Vətənindən, millətindən doymayan.
Hiyləni, fitnəni yaxın qoymayan,
Şirtək nərildəyib qızana salam.

…Söz-sənətim ürəklərə toxuna,
Sazımda, səsimdə qoşa oxuna.
Məhərrəm, zəhmətin gultək qoxuna,
Gozəllik planı cızana salam.

DÜNYASAN

Yaxşını yamana, düzü əyriyə
Əyridən dünyasan, əyən dünyasan.
Kimini qəhərlə, kimini varla
Döydürən dünyasan, döyən dünyasan.

Gahdan alçalanı çəkirsən başa,
Nifrətin sevinclə dayanıb qoşa.
Ürəkdə həsrətə, kirpikdə yaşa,
Söydürən dünyasan, söyən dünyasan.

Aşıq Məhərrəmin çoxdu diləyi,
Bahara həsrətdi qönçə çiçəyi.
Bimürvət zamanı, qoca fələyi
Öydürən dünyasan, öyən dünyasan.

DÜNYA

Əvvəlki tarixi deyə bilmərəm,
Mənim yaşıdımdı, tayımdı dünya.
Onun mizanını əyə bilmərəm,
Varlığım, aləmim, payımdı dünya.

Harda şadlıq olsa, orda coşuram,
Zəhmətimlə uca dağlar aşıram.
Mən sazla-söhbətlə qucaqlaşıram,
Müqəddəs arzulu toyumdu dünya.

Haqq dilərkən kəsməmişəm dilimi,
Azadlığa səsləmişəm elimi,
Oxumuşam Koroğluda zilimi,
Odur ki, harayım, hoyumdu dünya.

Az-çox bildirmişəm fərasətimi,
Özümü, sözümü, cəsarətimi,
İnsantək bilən var hərarətimi,
Əslimdi, nəslimdi, soyumdu dünya.

Məhərrəm sərrafdı, gövhəri seçdi,
Ömür yollarını şərəflə keçdi,
Könül bulağından şərbətlər içdi,
Coşqun sellər sayaq çayımdı dünya.

DİLƏMƏ

Mürvətsiz əl kəsər, ürək göynədər,
Kərəmsiz can demə, aman diləmə.
Mərdin yarasından ölmək şərəfdir,
Dərd verən namərddən dərman diləmə.

Xalqın güvənci ol, yolun nur olsun,
Yollarda nura dön, yol uğur olsun.
Dünyalaş, dünyada dünyan durulsun,
Haqq gəzən ellərə duman diləmə.

Məhərrəm, sazını köklə zil üstə,
Dövran bəd gəlibdi, zəmanə xəstə…
Hünəri hünər var oğuldan istə,
Sarvansız karvana Sübhan diləmə.

GÖRMÜŞƏM

Nanəcib nəcbi, güclü gücsüzü,
Yamanlar  yaxşını sıxan görmüşəm.
Xainin dəyişib astarı, üzü,
Fitnəylə, yüksəyi yıxan görmüşəm.

Adamlar yaşayır həyatda artıq,
Kimsəyə xeyirsiz, sifəti sırtıq.
yaltaqlar bilirəm – boğazdan mırtıq,
Unanılmaz yerə çıxan görmüşəm.

…Sümüyü ac nə yesə də, doymayır,
Öz nəfsini, mədəsini duymayır.
Nadan naqqallığı yerə qoymayır,
Axırda sel-suda axan görmüşəm.

Qudurğan durmayıb dava-qal gəzib,
Şeytan şərqisinə əhli-hal gəzib.
Pislik etdiyindən şirin bal gəzib,
Şərin şər işinə baxan görmüşəm.

Yaradan, yaşadan ölməz kəslərdi,
Sözü-söhbətindən dönməz kəslərdi.
Məhərrəm, sözündən enməz kəslərdi,
Sozləri şimşək tək caxan gormuşəm.

MƏNİM

Dolaşıq zəmanə, bulaşıq dövran
Uçurub dağımı, daşımı mənim.
Könlümün evini eyləyib viran,
Çatdırıb çatılmış qaşımı mənim.

Atıldım meydana, düşdüm həvəsə,
Ədalət eşqinə səs verdim səsə.
Doğmalar salmasa, məni qəfəsə
Özgə, yad qatammaz başımı mənim.

Bir aşıq-şairəm, Məhərrəm adım,
Od-alov sayılıb köküm, soyadım.
Haqsızlıq olubdu – bircə fəryadım,
Vədəsiz gətirib qışımı mənim.

TAPILAR

Çalış ürəklərdə şölə saç, parla,
Bax onda oduna yanan tapılar.
Bir təmiz ad qazan namusla, arla,
Dərdini deməmiş qanan tapılar.

Vəfalı kimsəni baxışdan tanı,
Ürəkdən ürəyə axışdan tanı.
Təbiət hüsnünü naxışdan tanı,
Laləsi üstünə qonan tapılar.

Kimsəyə pis demə gözün görməsə,
Qoca dağ aşammaz nəfəs dərməsə.
Kef çəkər qolunu bağban çirməsə,
Zəhmətsiz kəsləri danan tapılar.

Haraya yet, əhval soruş, dərd ara,
Mərdlik göstər, cavabında mərd ara.
Haqqı çağır əgər düşsən bir dara,
Səni əsl bəndə sanan tapılar.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.