Ana səhifə KateqoriyasızƏDƏBİYYAT “ANİPARKTOSYA QONAĞI” – Ayşən Qədirovanın hekayəsi

“ANİPARKTOSYA QONAĞI” – Ayşən Qədirovanın hekayəsi

Müəllif: Bizim Yazı
189 baxış

Gözlərimi açanda göz paqapaqlarımda ağırlıq hiss etdim. Sanki illərdir dərin bir yuxuda idim. Gözlərimi tam açmadığımdan, bulanıq görüntüdən və səslərdən anlaya bilirdim ki, başımın üzərindən çoxlu sayda insan var idi. İnsan? Bəlkə də deməzdim. Onların qəribə səsləri var idi. Və sonra gözlərimi açdım. Kişisindən qadınına topuqlarıma qədər uzun saçları olan qıyıq gözlü, hündür və olduqca ecaskar görünən bu varlıqlar mənə heyrət və diqqətlə baxırdılar. Mən ilk saniyədən hər şeyin normaldan çox fərqli olduğunu anlamışdım. Onlar pıçıldaşırdılar və sanki məndən çəkinirdilər. Gözlərimi yenidən qapatdım. Oyandıqda isə artıq qəribə simmetrik fiqurlarla bəzədilmiş böyük və bəyaz bir otaqda idim. Yanımda isə o var idi. Onlardan biri. Bu qadın sual dolu nəzərlərlə mənə baxıb onun yox, sanki mənim izah etməli olduğum çox şeyin olduğunu göstərməyə çalışırdı. Dilimi bilib-bilmədiyini soruşduqda sanki bir az da özünə gəldi və səni anlaya bilirəm dedi sakit bir səslə.

“Sən nəsən”, -dedim yataqda oturaraq.”Bura haradır?

Və o da ayağa qalxıb eyni ifadə ilə önə doğru əyildi və dedi :”Sən nəsən”?

Mən onun gözəlliyini və qeyri-adiliyinin qarşısında çaşıb qalmışdım və biixtiyar olaraq gülümsəyib,-“mən insanam”- dedim. Uzun incə barmaqları ilə saçlarını qulağının arxasına itələyib mənə daha da yaxınlaşdı və mən isə Aniparktosam dedi. Çaşıb qalmışdım.

“Bəs mən bura necə gəlmişəm?”,-dedim.

“Bilmirəm. Səni ilk dəfə görəndə sadəcə olaraq yerdə uzanmışdın.Yanında qəribə, uzun köynəkli bir nəfər vardı. Mən onu görəndə kim olduğunu soruşdum. O isə mən bələdçiyəm dedi və “Ona yaxşı bax.Tezliklə qayıdacağam” deyib birdən birə ortadan yox oldu”.

Mən isə heç nə xatırlamırdım.

“Yəqin ki yıxılanda başını bərk vurmusan. Ona görə də indi kim olduğunu bilmirsən”.

Ona təşəkkür edib otaqdan çıxmaq istəyirdim ki, arxamca gəldiyini görüb ondan bunun səbəbini soruşduqda, o mənə belə cavab verdi:

“Aniparktosyada biz heç birimiz bizə əmanət edilənləri atmırıq. Biz heç vaxt xəyanət etmirik”.

O bunu deyəndə mənə elə gözəl baxırdı ki, onsuz da qeri adi olan və göz bəbəkləri həddindən artıq böyük və qıyıq olan bu qızın gözlərində sanki ulduzlar parlayırdı.

Aniparktosyanı sanki çoxdandır tanıyırdım. Səkilər rəngarəng üçbucaq fikurlarla bəzədilmişdi. Yer düz deyildi. Sanki hər şey dalğalı idi. Adətim üzrə sadəcə müəyyən bir rəngli xanaya ayağımı qoyaraq yeridiyimi görəndə yanımdakı qızın mənə gizlincə baxıb hərəkətlərimi təkrar etdiyini gördüm. Bəyaz və günəşi olmayan səma, bəyaz binaların içərisində o mənə sanki bu yeni dünyanın ən əsas ünsürü kimi görünürdü. Az sonra bütün aniparktoslar mənə baxaraq nə olduğumu anlamağa çalışırdılar. Mən orada artıq bir neçə həftədir ki yaşayırdım. Hər gün adının Uriana olduğunu yenicə öyrəndiyim bu gözəl qadınla bu ölkənin müxtəlif yerlərinə gedir və hər dəfəsində də sadəcə ona baxaraq bütün bu fərqliliklərdən məhrum olurdum. Sanki yalnız onun özü belə ayrıca bir dünya idi. Zamanla anladım ki bu diyardan çıxış yoxdur. Bura sadəcə üçbucaq şəklində, dalğavari zəmini olan bir fiqurdan başqa bir şey deyildi. Və mən artıq buranın sakini idim. Ətrafdakılar üçün bu hər zaman belə deyildi təbii ki. Onlar məni özləri üçün təhlükə hesab edərək hətta öldürmək qərarın gəlsələr belə Uriana onlara maneə olmuşdu. Etiraf etməsəm də zamanla həm o, həm də mən ona çox bağlanır və ona aşiq olurdum. Artıq 3 ay keçmişdi. Və mən onu nə qədər çox sevdiyimi anlamağa başlayırdım. Bu isə bu diyara olan sevgimi daha da artırmışdı.Lakin bir sabah gözümü qamaşdıran bir gün işığı ilə oyandım. Uriana gəlməmişdi. Qapını açdıqda hər kəsin günəşə gözünü ayırmadan baxdığını, lakin bunu dəvam etdirə bilməyib gözlərini bağladıqlarını gördüm. Uriana da onların arasında idi. Mənə tərəf çevilib “Necə də qəribədir. Bu ilk dəfədir ki baş verir dedi və üzünü qorxulu bir ifadə aldı”. Bu mənə də qəribə görünmüşdü. Bir müddət sonra isə zəmində yaşıl kiçik fidanlar böyüməyə başladığını gördükdə artıq bütün aniparktosya çox böyük bir problemin yarandığının fərqində idi. Mən isə nələr olduğunu deyəsən artıq anlayırdım. Bura get-gedə mənim dünyama bənzəyirdi. Aniparktoslar isə get-gedə xəstə olurdular. Onların rəngi dəyişir, gözləri şişir və artıq əvvəlki kimi gücləri qalmırdı. Yenə belə bir sabaha oyandıqda Uriananı tapa bilmədim. Onun qaldığı fiqura getdikdə onun da xəstə olduğunu, aşiq olduğum gözlərinin artıq qısmən də olsa bağlanmaq üzrə olduğunu gördükdə bütün aniparktoslar kimi mən də özümdən şüphələnib, bütün bunların mənim günahım olduğunu anladım. Uriananın əlindən tutub ona dedim:

-Mən bura necə gəldiyimi bilmirəm. Bəlkə də burda ağlımı itirmədən qala bilməzdim Uriana. Amma elə ilk andan sən yanımda oldun. Mən bu hissin nə olduğunu bilmirəm. Adını bilmirəm bu duyğunun. Lakin ilk dəfədir yaşadığıma əminəm. Varlığın məni isidir. Sən mənim üçün günəş idin.

Uriana əlimi güclə sıxaraq “Sən isə mənim bəyazımsan”- dedi. Mən onun da mənimlə eyni duyğuları hiss etdiyini anladım. Lakin ona zərər verdiyimi də anlyırdım. Elə bu vaxt  Uriana gözlərini çəkmədən arxamdakı nəyəsə baxırdı. Mən çevrildikdə qarşımda uzun köynəkli, hündür şlyapalı birini gördüm. -Sən kimsən?- dedim aniparktoslara bənzəməyən bu adama.

Uriana başını tavana doğru çevirərək -bələdçi- deyə pıçıldadı.

İkimizdə getmə vaxtının çatdığını anlamışdıq. Burda qaldıqca ona zərər verirdim. Həm ona, həm də bütün aniparktoslara. Uriana əlimi buraxmaq istəmirdi.

-“Getmə”- dedi gözlərindəki ulduzları daha da parladaraq.

Bələdçinin getməsəm onların dünyasını məhv edəcəyimi dediyini eşidəndə Uriana mənimlə gəlmək istədi.

Bələdçi isə xəfif bir gülümsəmə ilə “Uriana səninlə gəlsə onu birdəfəlik itirə bilərsən”-dedi. Onun həm belə danışması, həm də soyuqqanlılığı məni çox əsəbiləşdirdi. Amma o qədər gülərüzlü və sanki hər şeyi bilirmiş kimi davranırdı ki, heç nə edə bilmədim. Yataqdakı yarıcan Urianaya baxdıqda anladım ki, sevgimi fəda etməliyəm.

Yalvarış dolu gözləri ilə mənə baxan gözlərindən gözlərimi çəkməsəm də əllərini buraxmalı oldum. Onu itirmək istəmirdim amma bu qərar onun sonu olardı. Mən getdim…

Bələdçi məni bəyaz bir yol ilə apardıqda ətrafın birdən-birə necə yaşıla çevrildiyinin fərqinə belə varmadım. Ətrafımızdakı labirintəbənzər divarlar sıxılmağa başladı. Bələdci tez ol getməliyik deyib qaçmağa başladı. Yaşıl otlar get-gedə ayağıma daha çox dolanırdı Bələdçi gözlərimdən itdi. Labirintin sonuna özümü güclə çatdırdıqda, burdan qurtulduğumu düşünüb rahat nəfəs almağa baslamışdım ki, hər şeyin o qədər də sadə olmadığının fərqinə vardım. Bu son deyildi. Bu yeni bir başlanğıc idi. Bura yaşıl əyri təpəciklərdən, qırmızı çiçəklər və mas-mavi səmadan ibarət geniş lakin məhdud bir diyar idi. Heç kimin olmadığını gördükdə yenidən labirintə doğru irəlilədim. Nə qədər gəzsəm də labirintin sonu yalnız bura gətirib çıxarırdı. Təpəciklərdən birinin üzərində uzanıb səmaya baxaraq dərin bir ah çəkdim. Elə bu zaman yanımdan nəyinsə sürətlə keçdiyini hiss etdim. Qalxaraq onu ətrafımda axtarmağa başlasam da heç nə tapa bilməmişdim. Həmin an tək olmadığımı hiss etdiyim zaman burdan çıxmaq üçün ümidim artmışdı. Lakin axtardığımı tapmayanda xəyal gördüyümü düşünərək yerdəki çiçəklərdən birini qoparıb əlimdə oynatmağa başladım və sakit bir səslə “Bəlkə bura düşündüyüm qədər də pis yer deyil”, -dedim.

“Bəlkə də elədir”,-dedi arxadan gələn incə bir səs.

Sevinc və qorxu qarışıq bir duyğu ilə sürətlə arxama çevrildim. Uzun səma mavisi tül don geyinmiş səma gözlü, uzun buruq saçları olan bir qız  ağır addımlarla yanıma gəlib əyləşdi. Onun insan kimi göründüyünü nəzərə alsaq və nəzərə alsaq ki digər canlılardan da rastıma çıxan olmuşdu, o qədər də narahat olmadım.

Gözlərini ayırmadan mənə baxırdı. Nə qədər çalışsam da 10 saniyədən artıq gözlerinə baxa bilmədiyim bu qızın, xəfif rüzgar əsintisi saçlarını sanki darayırdı və bir müddət israrla danışmamaqda qərarlı idi. Az sonra gözlərini məndən çəkdi. Ecaskar bir səs tonu ilə “Sənin bura necə gəldiyini bilmirəm. Lakin necə gedəcəyini bilirəm. Amma niyə də bunu sənə deməliyəm axı? Mən çox uzun zamandır ki burda tək-tənhayam. İndi isə sən gəlmisən. Getməyini istəmərəm”, – dedi. Heç nə demədim. Bəlkə də demək istəmədim. Onun sehri ilə hipnoz olmuşdum sanki. Bir az da susduqdan sonra mənə suallar verməyə başladı. Eşitmirəmmiş kimi davrandım və susdum. Sonra isə adını soruşdum. “Axır ki danışmağa başladın”, -deyib incə dodaqları ilə gülümsədi. “Adım yoxdur,-dedi yerdəki çiçəkləri əlləri ilə oxşayaraq. -əvvəllər var idi. Soyuq, qaranlıq bir evim, bir də yaşca balaca bir qardaşım vardı. Əlimdə olan sadəcə bunlar idi”.

Mənalı gülüşünün itdiyini gördükdə onun hekayəsini bilməsəm də qəlbim sızlamağa başladı. “Bəs sonra? Bura necə düşdün? Çıxış yolunu bilirsənsə niyə özün getmirsən”,- dedim üzümü qəribə bir hala salaraq.

” Sonra əlimdə olanlar da alındı məndə. Ona baxa bilmədim. İş əvəzinə məndən başqa şeylər istəyən bir cəmiyyətdə yaşamağım həqiqətən ikimizə də həm maddi, həm də mənəvi şəkildə təsir etmişdi. Bu zaman ərzində qonşu qadın Fareena bizə yemək gətirir, əri Kemterdən gizlin bizə tez-tez kömək edirdi. Qardaşım bir müddət sonra xəstələndi və yatağa düşdü. Dərmanlar üçün pul tapmadığımdan hər gün onun yavaş-yavaş ölümünü izləmək məcburiyyətində idim. Kemterdən pul oğurlayaraq mənə kömək etmək istəyən Fareenanın isə sonu faciəli oldu. Kemter onu yalan danışdığı və gecə vaxtı evdən çıxıb mənim yanıma gəldiyi üçün öldürdü. Bu azmış kimi qardaşımın ölümündən sonra bunu fürsət bilib məndən yaralanmağa çalışdı. Və mən qadınlara, yoxsullara bu qədər əziyyət verən bir dünya ilə barışa bilməyib bura gəldim. Adımı da unutdum,kimliyimi də”.

Mən onun üçün çox üzülmüşdüm. Onu anlaya bilirdim.

“Bəs mənim niyə burda qalmağımı istəyirsən”?

“Mənimlə eyni yerə düşmüsənsə deməli sən də mənim kimi incə ruhlu birisən. Mən ömrüm boyu və burda olduğum zaman müddətdində sənin kimi birini gözlədim. Buna görə də getməyinə icazə verməyəcəm”,- deyərək yenidən gülümsədi və gözlərini mənə çevirdikdə məndən nə istədiyini anlamışdım. Lakin mən bu gözlərdə kainatı və ulduzları görə bilmirdim. Sadəcə boşluq var idi. Mənsə kainata aşiq idim. Yanımda bu qədər gözəl bir məxluq olmasına baxmayaraq, onunla bağlı bu qədər gözəl şey bilməyimə baxmayaraq mənim gözlərim hələ də Uriananı axtarırdı. Bu adsız gözəl mənimlə yaxın olmağa çalışdıqxa onu Uriana ilə müqayisə edir, geri dönməyi bir o qədər çox istəyirdim. Axırki qəbul etdim. Mən Urianaya həqiqətən də vurulmuşdum. Səma gözlü qadın mənim bu davranışlarımdan artıq nə hiss etdiyimi anlamışdı. Hətda onun bir anlığa başqa bir təpədə görünərək ağladığının şahidi oldum. Və həmin andaca o mənim yanımda peyda oldu.

“Kimdir o ? -dedi sanki heç nə olmamışcasına. “Uriana. Gözlərində ulduzları gördüyüm yeganə məxluq. Mənim üçün özünü fəda etməyə hazır olan və məni qoruyan o mələk”… Səma gözlü bu qızın alnındakı qırışlar yavaş-yavaş açıldı. Dodaqları büzülsə də özünü toparlayıb:”O zaman, onun yanına get”,- dedi gülümsəməyə çalışaraq

“Gedə bilmərəm. Getdiyim yollarla qayıtmaq olmaz”.-dedim başımı aşağı salaraq. –

“Yaxşı heç olmasa ümidlər tükənməyən bir yerə get. Nə zaman ümidlərin bitsə, səni burdə yenə gözləyəcəm”,- dedi əlləri ilə saçlarımı oxşayaraq. Başımı qaldırıb ona mehribanlıqlar baxdım və gülümsədim.  Onun köməyi ilə bələdçini tapdım və bu labirintin sonuna gəldik. Bu zaman bələdçi mənə qapını göstərərək

“Sizi yenə gözləyəcəyəm. Və bir gün mütləq yenə görüşəcəyik”-dedi bələdçi. Mən isə yarı peşman, yarı sevincli halda qapıya tərəf getdim. Sanki ağ şüanın içərisindən keçərək yenidən öz dünyama qayıtmışdım. Gözlərimi açanda bir xəstəxana palatasında idim.Yanımda isə bu dəfə nə Uriana var idi, nə də bir insan. Bir neçə ay sonra xəstəxanadan ayrıldım. Təmamilə sağaldıqda isə sahildə gəzmək qərarına gəldim. Yorulduğunu hiss etdiyim üçün bir bankda əyləşib dənizə baxaraq yaşadıqlarımı gözdən keçirirdim. Ailəm tərəfindən rədd edildikdən sonra depresiaya düşməyim, keçirdiyim həmin o qəza və getdiyim həmin o diyarlar. Elə bu zaman yanıma bir xanım gəldi. Başımı aşağı salaraq hər iki əlimi birləşdirib, dalğın şəkildə ayaqlarıma baxdığım üçün onu görmürdüm. Əli ilə skamekanı göstəri və bir kəlmə də etmədi. Mən isə başımı tərpətdim. Lakin onun bu səssizliyi və sanki mənə tərəf dönən vücudu məni ona baxmağa vadar etdi. Və artıq mən özümü əvvəlki kimi hiss etmirdim. Bu o idi. Bəli o idi. Uriana. Lakin necə. Burda necə ola bilərdi? Mənə baxaraq gülümsədi. Və yenidən gözlərində ulduzlar göründü..

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.