İşıqlı ATALI
Dil – ruhaniliyin ifadəsidir, bu səbəbdən də o, zamandan, gerçəklikdən, quruluşdan üstündür. Əgər dil ictimai hadisə olsaydı, çoxsaylı quruluşlarla birgə dilimiz də ölüb gedərdi.
Hər bir xalq öz adıyla bağlı olan dilin yaradıcısı, yaşadıcısı, qoruyucusudur.
***
Sovet dönəmində yazarların dillə bağlı məsuliyyəti indikindən çox idi. Məncə, sovet dönəmi ədəbiyyatımız üçün poeziyada Səməd Vurğunun, nəsrdə isə Mövlud Süleymanlının dili örnək sayıla bilər.
Ancaq əsərin dilinin gözəl, axıcı olması da problemin çözümü deyil. Çünki əsər daha çox məzmunla yadda qalır.
***
Yazar xalqını təmənnasız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri də gözəl olacaq.
***
Yazıçının yaradıcı müstəqilliyi mənsub olduğu xalqdan asılı olmalı, o, xalq qarşısında məsuliyyətini unutmamalıdır.
***
Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar.
Öz dilinin təəssübünü çəkməyən yazıçı mahiyyətcə antimillidir.
Özünü Azərbaycan yazıçısı, şairi sayan türkcəmizi incəliklərinə kimi bilməlidirlər. Bunun bir yolu da folklora dərindən yiyələnməkdir. Çünki xalqın folklor dili qədər duru, anlaşıqlı dili yoxdur.
***
Milli dəyər ölçüsü olmayan, həmin dəyər əsasında yaşamayan yaradıcının əsəri də milliliyə qarşı çevrilir.
Yazıçı xalqının adından danışdığına, yazdığına əmin olmalıdır.
Yazıçı ilə xalq bir-birinə mənsub olmalıdır.
Özgə dildə yazıb özünü xalqdan (türkdən) saymaq – suçdur.
Yaradıcılığıyla bir millətə, milli mənsubiyyəti ilə başqa bir millətə məxsus olmaq – özümlüyü, müəyyənliyi itirməkdir, öz millətini şübhə altına qoymaqdır.
Yazıçının dili onun mənsub olduğu millətin dili olmalıdır.
***
Hər kəsin ana dili (buna “doğma dil”, “milli dil” də deyə bilərik) – mənsub olduğu millətin dilidir.
***
Mənsub olduğu millətin dilindən başqa insanın düşündüyü, daxili nitqini qurduğu, ünsiyyət yaratdıdğı dili – ana dili saymaq yanlışdır. Dünyada ana dilinə belə yanaşanlar da çoxalmaqdadır.
***
Belə olduqda qəribə durum yaranır: əgər bir adam üç-beş dil bilirsə və indiki işgüzar dünyada hamısını eyni səviyyədə işlədirsə, onda həmin şəxsin üç-beş ana dili olduğunu qəbul etməliyik.
***
Ana dili isə birdir. Çünki adamın bir anası (atası, milləti) olur.
Ana dili – milli dildir, şəxsin mənsub olduğu millətin dilidir.
***
Gələcəkdə yığcam janrlara gərəklik artacaq. Bu mənada çağdaş yazarlar Mütləqə İnam Ocağın yaratdığı milli fəlsəfədən yararlanmalıdırlar: yığcamlıq, mənalılıq, özünəməxsusluq yaradıcılığın başlıca yönü olmalıdır. Dilin və əsərin gözəlliyi yazarın ruhunun gözəliyindən, gücündən asılıdır.
***
Çağdaş dönəmdə yazarlarımzın yaradıcılıqda müəyyən axtarışları olsa da, ancaq oturuşmuş fərdi üslublar yoxdur, çünki indi hamı dünyaya bənzəmək istəyir.
Fərdilik isə – özünə bənzəməkdir.
Atamız var olsun!
14 Arzu günü, Yağış ayı 33-cü il.
(14 noyabr 2011).