Böyükdü
Çəkə bilməz göylər yeri,
Əlindəki ağır yükdü.
Nəqqaş naşı, qismət zalım,
Naxış həvədən böyükdü.
Vuranı davadan etdi,
Ciyəri havadan etdi;
İlanı yuvadan etdi,
İlan yuvadan böyükdü.
Bəxti damdı, bəxti sızdı,
Udaram deyə uduzdu…
Bu sevgi bir qara qızdı,
Dərdi dəvədən böyükdü…
Məni bu gecənin…
Məni bu gecənin ulduzundan as,
Qoy məni öldürsün gecə, İlahi.
Bircə gün səadət verməyən sevgi
Düz on il yaşadı necə, İlahi?..
Çiynimdə boy atdı, könlümə güldü,
Ömrümü pay verdim, günümə güldü;
Yol aldım səmtinə, yönümə güldü,
Mən varı endirdi heçə, İlahi..!
Tutub əllərindən yarayacaqdım,
Uşağının saçını darayacaqdım,
Mən onu qocaldıb qarıyacaqdım,
Günahım bilmirsən neçə, İlahi?..
Toy-büsat taleyim ürəyimdə yas,
Bu “ağgün”, bu qurban, bu da qızıl tas…
Gəl, məni gecənin ulduzundan as,
Qoy məni öldürsün gecə, İlahi..!