Başqırdıstan Dövlət Gənclər Mükafatı laureatı, istedadlı nasir Aygiz Baymuxammetin məşhur “Getmə, ana” əsəri Azərbaycan dilində işıq üzü görüb.
Bizim Yazı xəbər verir ki, “Getmə, ana” əsəri “CBS” mətbəəsində nəfis tərtibatla gün üzü görüb.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın “önsöz” yazdığı kitabın redaktoru və layihə rəhbəri Beynəlxalaq “Alaş” ədəbi mükafatının laureatı Əkbər Qoşalıdır. Əsər Azərbaycanlı yeni nəsil yazarı Aygün Yaşar tərəfindən dilimizə çevrilib.
Dünya Gənc Türk Yazarlar Birliyi ilə “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İctimai Birliyi (RHİMİB) tərəfindən nəşrə hazırlanmış kitabın rəyçiləri RHİMİB-nin sədri Arzu Bağırova, Əli Kərim ad. Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslıdır; layihənin koordinatorlaru isə DGTYB başqanı İntiqam Yaşar, DGTYB başqan yardımçısı Əfsanə Ələsgərlidir.
“Getmə, Ana” povesti Aygiz Baymuxammetin Azərbaycanda nəşr olunan ilk əsəridir. Müəllifinə Başqırd Dövlət Gənclər Mükafatı qazandıran povest, bir çox dillərə çevrilib, Başqırdıstanın və Qırğız Respublikasının tədris planına daxil edilib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın kitaba yazdığı önsözü və Əkbər Qoşalının yazdığı “Təqdim” yazısını oxucularla bölüşürük:
***
Xalqlar, ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişafı digər sahələr üzrə əlaqələr içində özünəməxsus mövqeyə malikdir.
Özəlliklə, əgər söhbət qardaş xalqlar arasındakı əlaqələrdən gedirsə, bu mövqe həm tarix əsasları, həm də gələcək vədi ilə ayrı bir gözəllik kəsb edir. Və keçmişlə gələcəyin “bugün” adlı qovşağında yaşananların, istedadlı yeni nəsil yazarının qələmindən süzülməsi özünə diqqət tələb etməkdədir. O əsərin mövzusu, dövlət uşaq tərbiyə müəssisəsindən, bir şəhər, bir ölkə daxilində baş verənlərdən götürülməsindən asılı olmayaraq, bugünkü insanın yaşantılarını əks etdirir. Bizimlə eyni zamanda yaşayan, eyni Günəşə baxan, eyni Ayı qarşılayan, bir çox hallarda eyni və ya bənzər informasiyaları eşidən, eyni texnikadan istifadə edən insanın yaşantılarını..! Və bir də, hamımız uşaq olmuşuq, şənmi-kədərlimi, yaxşımı-pismi uşaqlıq dünyasından keçmişik…
Uşaqlıq, yeniyetməlik duyğu, düşüncələrini nəsrə çevirən başqırd qardaşımız Aygiz Baymuxammet, bu, dediklərimizi çox yaxşı işlədiyindəndir ki “Getmə, Ana” povesti dillər əzbərinə dönüb. Əsər neçə dilə çevrilib, neçə dəfə çap edilib, yazarına ödüllər qazandırıb. Belə bir əsərin Azərbaycanda da yayınlanması həm yaxşı bir əsəri dilimizə qazandırmaq baxımından, həm də, Azərbaycan-Başqırd ədəbi-mədəni əlaqələrinin inkişafı baxımından təqdirəlayiqdir.
…Təbii, günümüzün gerçəkliyi onu deməyə əsas verir ki, artıq İKT-nin yaratmış olduğu geniş im¬kanlar, əlaqələrin çevikliyi insanlar arasında məsafə amilini bir xeyli aradan qaldırmış olub. Bu baxımdan, dünyanın (özəlliklə, ana materikin) çox böyük hissəsini əhatə edən türk dünyasında da ədəbi-mədəni işbirliyinin artan xətt üzrə inkişaf etməkdə olması sevindirici haldır. Qardaş ölkə və topluluqlardan olan müxtəlif yaş qruplarına mənsub yazarlar arasında qarşılıqlı əlaqələr, səfərlər, ədəbi uyğunlaşdırmalar, müştərək şəkildə icrası gerçəkləşən çoxsaylı ədəbi-mədəni layihələr, əlaqələrimizin zaman keçdikcə daha da inkişaf edəcəyini deməyə əsas verir.
Dünya Gənc Türk Yazarlar Birliyi ilə Regional Hüquqi və İqtisadi Marifləndirmə İctimai Birliyinin təqdim etdiyi, qardaş başqırd xalqının ən yeni nəsil istedadlı yazarlarından Aygiz Baymuxammetin qələmə almış olduğu bu maraqlı povestin, (yuxarıda da vurğuladığımız kimi) ümumən, qardaş xalqın yaşantılarına da ayna tutduğunu qeyd etmək istərdim.
Başqırd ədəbiyyatı nümayəndələrindən Salavat Yulayoğlu, Mustay Kərim adları bizlərə daha çox tanışdır. Əslində, zəngin şifahi xalq yaradıcılığı və tatar-başqırd ortaq ədəbi abidələrinin də akademik çevrələrlə məhdudlaşmaması, çağdaş oxucuya geniş surətdə təqdim olunması ümumi işin xeyrinə olardı. Aygiz Baymuxammetin povestini bu istəklər fonunda yaxşı bir başlanğıc saya bilərik.
Bəli, Aygiz Baymuxammet öz doğma vətəni Başqırdıstanda, bir çox qardaş ölkə və topluluqda ədəbiyyatçılar arasında tanınan, sevilən imzadır. Təsadüfi deyil ki, adıçəkilən əsər bir çox dilə çevrilərək, ayrı-ayrı ölkələrdə yayınlanıb, Başqırdıstanın özündə və Qırğız Respublikasında tədris proqramına daxil edilib.
Müxtəlif layihələr çərçivəsində Azərbaycanda da yaradıcılıq səfərlərində olmuş istedadlı başqırd gəncinin Bakıda nəşr olunan bu, ilk kitabının oxucuların rəğbətini qazanacağına inanıram. Ona da inanıram ki, Aygizin digər maraqlı əsərləri də zaman-zaman respublikamızda yayınlanacaq, yazarına yeni oxucular və şöhrət qazandıracaqdır.
Aygiz “Getmə, Ana!” deyir… Qoy, analar getməsin… – nə bizim dünyadan, nə bu dünyadan…
Prof.Dr. Qənirə PAŞAYEVA,
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri