Ana səhifə YAZILAR “Hacı İsgəndər” tarixi romanı haqqında – Nemət Mətin yazır

“Hacı İsgəndər” tarixi romanı haqqında – Nemət Mətin yazır

Müəllif: Bizim Yazı
1. 133 baxış

Meylim üzündəki qara xaldadır

Hicranın əlacı ilk vüsaldadır.

Nə vaxtdır Bakının gözü yoldadır

Bir qonaq gələsiz bizə lalələr.

Tarixi roman

Tarixi bədiiləşdirəndə daha maraqlı olur. Məsələn: Sezar Hindistanla döyüşdə fil görməyən döyüşçüləri üçün döyüşdən öncə fil gətizdirir. Onlar təlim zamanı filə toxunur, heyvanları yemləyirlər. Beləcə qorxu yox olub gedir. Çingiz xan isə yun parçanı döyüşçülərin əyninə tikdirir ki, döyüşdə atılan oxlar çox da dərinə bata bilməsinlər. Xırdalıqlar ədəbiyyatdır. Bir dəfə Rasim Qaraca ilə söhbət edirdim. Mənə müharibə haqqında oxuduğu romandan danışdı. Bir cümləni xatırlayaraq dedi: Atılan oxlar göy üzünə qalxıb enəndə bəzi oxlar qatarla keçən quşlara dəyirdi. Cümlə bədiiləşəndə sujet xəttindəki hadisə adama daha tez yapışır. Məktəbdə keçirilən tarix dərsliklərini bədiiləşdirsələr şagirdlər həvəslə oxuyar. Sözümü nəyə gətirirəm?! Bu yaxınlarda Kənan Hacının “Hacı İsgəndər” adlı tarixi romanını oxuyub bitirdim. Dəqiq məlumatlarla bol olsa da yazıçı dilin və təfəkkürün gücü ilə ortaya bədii cəhətdən estetik zövq bəxş edən tarixi roman qoymağı bacarıb.  Müəllif o dövrü təsvir etmək üçün yüzdən çox kitab oxuyub.

Hacı İsgəndər kimdir?

O, ehtiyacı olanlara əl tutan, haqqı tabdalamağa qoymayan, ermənilərin törəddikləri vəhşiliklərin qarşısını alan, Nuru Paşaya Azərbaycanda ordu toplamağa kömək edən, silahsız müsəlmanları silahlarla təmin edən, döyüşçülər üçün 800 nəfərlik sığınacaq tikdirən və digər xeyirxah işlər görmüş mərd insandır. Azərbaycanın qəhrəman övladıdır. Sadəcə indiyə kimi təkcə bir kitabda 2-3 cümlə ilə yada salınıb. Daha doğrusu salınmışdı. Kənan Hacı olduqca dərin məqamlara toxunaraq Hacı İsgəndər şəxsiyyətindən xəbərsiz oxucuya dəyərli məlumatlar ötürüb.

“Hacı İsgəndər” tarixi romanı təkcə Hacı İsgəndərdən bəhs etmir. III Aleksandr və onun dövründə baş verən hadisələrini, Nəriman Nərimanovun Şaumyana inanmasını, Difai təşkilatının yaranmasını, erməni müsəlman qarşıdurmasını, qoçuların özbaşınalığını, Nağı bəy Şeyxzamanlının Osmanlıdan yardım istəməsini geniş şəkildə təsvir edir. Müəllif romanda qeyd edir ki, Nəriman Nərimanovun ən böyük səhvi Şaumyana inanmağı idi.

III Aleksandr zamanında

Qalaq-qalaq kitab oxumuş qoca kişi var idi. Bir dəfə III Aleksandrdan danışanda dedi:

“O vaxt Bakıya gələn şah hansısa Bakı kəndinin kənarı ilə gedən faytondan kəndə nəzər salır. Yolun kənarında çarıqları cırılmış, üst-başları toz-torpaq olan kəndliləri görür. Əmr edərək faytonu saxlatdırır. Qızıl sikkələrdən bir neçəsini onların ayağının altına atır. Qızıl sikkənin biri qarşıda dayanan qoca kişinin çarığının üstünə düşür. Qoca ayağını sürətlə ürəli uzadır. Sikkə göydə fırlanaraq faytonun içinə düşür.”

Azərbaycanda belə mərd insanların olması tariximizin bəzəyidir.

Hacı İsgəndərin dostları

Haşım bəy Sabiq məclislərin birində qəzəl deyir. Namulla bəy və Hacı İsgəndər təəssüflənirlər ki, Məşədi Azər yoxdur. Çünki qəzəli onun kimi duyan çətin tapılardı. Kim idi Məşədi Azər? Onun haqqında da Kənan Hacı kitab yazıb (Məşədi Azər təzkirəsi).

Səhrada sürüm yox, dəryada gəmim,

Tufanlar qopsa da, mənim nə qəmim?

Dünyanın malından, mülkündən ancaq

Bircə təbim qaldı, bir də qələmim.

Məşədi Azər qəzəlxan, alim, söz ustadı, müəllim, etibarlı dost olmaqla yanaşı həm də düzgün insan idi. Stalin rejiminə baş əyməyən tək-tük söz adamlarından idi. Ona görə ölənə kimi kitabı çap olunmadı. Hər zaman kölgədə qaldı. Ona görə ona medallar, mükafatlar verilmədi. Ona görə ölümündən illər sonra yaradıcılığı barəsində kitab çap olundu. Məhz ona görə bir çox insan ondan uzaq gəzdi. Lakin Məşədi Azər kimi söz bilicisinin, arif oxucunun qədrini bilənlər hər zaman yanında olmuşlar. Dahi Nizami Gəncəvinin Xəmsəsinin Azərbaycan dilinə tərcüməsində bir başa iştirak etməyən Məşədi Azəri günorta çırağla gəziblər. Anlaşılmayan beytlərin açılışını məhz ondan soruşurdular. Məşədi Azər haqqında bir çox söz ustadları xatirələrini bölüşüblər. Əliağa Vahid dostlarını yığaraq tez-tez Məşədi Azərin bağına gedərdilər. Azər onlara Füzulidən, Nizamidən qəzəllər deyər və açılışını, mənasını başa salardı. Bir dəfə Məşədi Azər Əliağa Vahidin çox içindiyi və toyxanaların küncündə gecələdiyini eşidir. Ona qəzəl şəklində məktub yazır. Məktuba cavab olaraq Əliağa Vahid də qəzəl yazaraq ustadına göndərir. Məşədi Azər sovet rejiminə baş əymədi. Hətta bununla bağlı maraqlı bir hadisə də olub. Süleyman Rüstəm yolda Məşədi Azəri görərək ona tövsiyə verir ki, sən də sovet rejimindən bir-iki qəzəl yaz. Sənə də dəyər versinlər. Məşədi gülümsəyərək heç vaxt yazmayacağını bildirib. Kitabda xeyli maraqlı məlumat var. Kənan Hacı o dövrün bütün əcaibliklərini, ədəbi mühiti, sözə qiyməti adını çəkdiyim kitabda göstərmişdir. Məşədi Azər göyərti becərərək dolanırdı. Dünya malında gözü yox idi. Onun yanına Cəfər Cabbarlıdan tutmuş, Səməd Vurğuna kimi hamı öyrənməyə gəlirdi.

Mən hələ Vahidiyəm Azərbaycanımızın,

Atəşi-eşqə yanan Azərimiz evdə qalıb.

Hacı İsgəndərin arzusu

Hacı İsgəndər hələ Cümə məscidini tikdirməyə çalışanda ermənilər ona göz verib, işıq vermirdilər. Ustalara təmənnasız kömək edən sakinləri gecə yolda tutub başlarını kəsirdilər.

Haqsızlığa boyun əyməyən kəslər olmasaydı, indi Azərbaycan da olmazdı. Difai təşkilatını yaradanların, Qafqaz islam ordusunun banilərinin, Hacı İsgəndər və digər uzaqgörən şəxsiyyətlərin şücaəti danılmazdır. Hacı İsgəndərin ən böyük arzusu Cümə məscidinin hazır olması idi. Təəssüfki, sağlığında bunu görmədi. Erməni cəlladları onu güllələdilər. Sovet dövründə anbar və mağaza kimi işlədilən məscid 90 ildən sonra bərpa edilərək öz təyinatı üzrə fəaliyyətə başlamışdır…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.