Ana səhifə TÜRK DÜNYASI Türk poeziyasının yakut-saxaca döyünən ürəyi…

Türk poeziyasının yakut-saxaca döyünən ürəyi…

Müəllif: Bizim Yazı
1. 083 baxış

Nizami CƏFƏROV, Akademik, Millət vəkili

Bu günlərdə Dünya Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə Saxa-Yakutiyadan Bakıya çox mötəbər bir xanım təşrif buyurdu. Onun oturuşu-duruşu, danışığı, hər cəhətdən, doğrudan da, xanıməfəndi olduğunu göstərirdi. Və dərhal nəzərə çarpırdı ki, bir neçə min illik zəngin türk mədəniyyəti qaynaqlarının gözündən su içib.N.Xarlamp_ Bichik


…Onun Azərbaycanda ilk dəfə nəşr olunmuş şeirlər kitabçası mənə veriləndə güman etməzdim ki, bu qədər böyük bir istedadla qarşılaşacağam; təsəvvürümə gəlməzdi ki, türk dünyasının bu qədər qüdrətli bir şairi varmış.
Saxa (Yakutiya) Respublikasının xalq şairi Natalya Xarlampyevanın “Mənim rəfiqim aprel” kitabçasında elə bir şeir yoxdur ki, müəllif mənsub olduğu etnosun hamımız üçün doğma hisslərinin arxeoloji dərinliyinə getməsin, bununla belə, elə bir şeirə də rast gəlməzsən ki, ruhuna modern düşüncə texnologiyaları hopmamış olsun. Hər cür müqayisə, xüsusilə şairlə şairin, şeirlə şeirin müqayisəsi, əlbəttə, nöqsanlıdır, ancaq deməliyəm ki, Natalya Xarlampyevanın poeziyasında Oljas Süleymenov üslubuna bənzərlik gördüm. O mənada yox ki, Natalya xanım öz möhtəşəm həmkarını təkrar edir; yox, o baxımdan ki, hər iki sənətkarın yaradıcılığında, təfəkküründə qədimliklə müasirliyin son dərəcədə zərif, həssas, eyni zamanda “akademik sistem”ə çevrilmiş mükəmməl harmoniyası var.
Kitabçanın “Natalya Xarlampyeva ilə türk ruhu gəzisi” başlıqlı ön sözündə Oqtay Hacımusalı deyir:
“Mən Natalya Xarlampyevanın yazmaq eşqini yaddaşının qut kültür süxurlarından aldığını bilirəm. O qutluluq onun damarlarındakı əsl qanda mövcuddur və elə ona görə şeirləri hər nə qədər insana kövrəkmiş, lirik duyğular üzərində köklənibmiş kimi görünsə də, bu lirikanın, bu kövrəkliyin içində qərib bir təlatüm də var; bu təlatüm türk xatununun ərcə, ərkəkcə, hər zaman meydanlarda olmasından, at minib qılınc qurşanmasından irəli gəlməkdədir. Bu onun qədəridir. Ruhunu, mənliyini, yüzilliklərdir söykəndiyi ulus kimliyini unutmaması, yaddan çıxarmaması, tam tərsi, övladlarına (mənəvi övladlarına) ötürmək istəyi onun qədəridir”.
Doğrudan da, Natalya Xarlampyevanın poeziyasını həm ideya-məzmun, həm də poetika-forma baxımından səciyyələndirən ən mühüm əlamət etnik-tarixi yaddaşın canlılığı, sağlamlığı və bütövlüyüdür…

Mən də ulu türkün bir parçasıyam –
Kökləri dərindən-dərin,
Qızılı bayrağında boz qurd,
Kültiqin dövrünün varisi.
Hansı uğursuzluğun əliylə
Quzeyə üz tutdu
Mənim ulu babam,
Quzeydə məskən saldı?..
Səhralarda qumların sehr dolu pıçıltısı,
Aralın parlaq suyu,
Düzlərin sarı üfüqü,
Qızıl dəvələrin qəmli gözləri
Uzaqlarda qaldı…

Mən də ulu türkün bir parçasıyam –
Canımda, qanımda duyuram bunu,
Hikmətini duyuram daşüstü yazıların,
Elmlərin qüdrətini
Yaddaşıma yazıram mən,
Yazıram ki,
unutmayım kim olduğumu!

Yakutlar nə müsəlman, nə xristian, nə də yəhudidirlər… Bütün türklər kimi onların da ulu babaları tanrıçı olublar. Və bu Tanrı inamının da müsəlmanlıq, xristianlıq, yəhudilik… qədər dərin həyat fəlsəfəsi, ruh aləmi, nəinki sözə bədii vüsət vermək, eləcə də bədii sözü ilahi söz səviyyəsinə yüksəltmək qüdrəti var.
Natalya xanımın Şaman dualarında da həmin vüsəti (və qüdrəti) hiss etməmək mümkün deyil:

Xalqımın düşüncələri dağınıq,
niyyətləri qarışıq…
Gələcəyi olmayana tapınmış,
Kiçik
və boş maraqlara inanmışlar.
Güclərini, iradələrini itirmişlər.
Ən zəif yel belə
sovura bilər onları,
pis ruhlar əsir edər.
Qurumuş otlar kimi
köksüzdür onların düşüncələri.
…Amma müdrik
və kamil olan
yeni nəsil gələcək!
…Mənsə boşaltdım ürəyimi,
nə lazımsa dedim sizə!

“Asiya xatın” alqış-poemasında, “Qədim türk qadınları haqqında triptix”ində, “Ana dilinə inan” şeirində (və ümumiyyətlə, kitabçada gedən bütün şeirlərdə) tarixi müdriklik, xüsusilə mənsub olduğu etnosun mənəvi varlığına, mədəniyyətinə sahiblik ehtirası nə qədərdirsə, yakut-saxaların gələcəyinə inam da o qədərdir. Və bu inam mücərrəd, deklorativ, üzəvari deyil… Konkretdir, səmimidir, hətta intimdir…

Qalx fikirlər zirvəsinə,
alış dağlar başına.
Səni dərin duysunlar –
nə qədər mümkün ola.
Ancaq
inanmaqçün özün-özünə
Ana dilində danış:
Saxa dilində!
O – ruhunun sirridir,
O – sənin duyğuların,
xoşbəxtliyin,
kədərinin dilidir.
Saxa dilində danış!
…Eşqə, xoşbəxtliyə və həqiqətə –
Saxa dilinə inan!..

Bizim bu mürəkkəb, təlatümlü, əsəbi dünyamızda “azadlığ”ı hərə bir cür başa düşür. Hətta “azadlığ”ı həyatda yox, ölümdə də axtaranlar var… Natalya xanımın tərənnüm etdiyi “azadlıq”, ola bilsin ki, bir az sadəlövhdür, ancaq bu sadəlövhlüyün təkzibi heç cür mümkün olmayan (və dəqiq!) məntiqi də var: adam olmaq…

Nə gözəldir azad olmaq! –
paxıllıqdan, küdurətdən.
Saxta addan, şan-şöhrətdən,
vəzifəyə gedən yolda sürünməkdən,
Təriflənib müdrik kimi görünməkdən!..

Nə gözəldir azad olmaq!
Adilərlə adiləşmək,
yaxşılarla yaxşılaşmaq,
Öz yolunda addımlamaq,
öz yükünü özü çəkən adam olmaq!

Nə gözəldir azad olmaq

Əlbəttə, xalq şairinin kifayət qədər mükəmməl (və mürəkkəb) poetexnologiya üzərində köklənmiş şeirlərini ərəb, fars sözlərilə zəngin Azərbaycan dilinə çevirmək elə də asan məsələ deyil, biz yakut-saxacanın səslərin ardıcıl təkrarına – assonansa, alliterasiyaya… əsaslanan poeziya dilinə çoxdan – ilk Orta əsrlərdən yadırğamağa başlamışıq… Ancaq etiraf etmək lazımdır ki, tərcüməçilər – Afaq Şıxlı, Rəsmiyyə Sabir, Oqtay Hacımusalı, Əkbər Qoşalı Natalya Xarlampyevanı azərbaycanca – Azərbaycan türkcəsində “danışdırmağ”a nail olmuşlar. Kitabçada tərcümələrlə yanaşı, şeirlərin orijinallarının da yer alması çox əhəmiyyətlidir. Kim istəsə müqayisə edə, bugün yakut-saxaca yaranan poeziyanın təbiətinə sıradan deyil, böyük bir şairin yaradıcılığı timsalında yaxından bələd ola bilər.
Natalya xanımla Atatürk Mərkəzindəki görüş çox səmimi keçdi. Və ən səmimi məqam da o oldu ki, ünvanına deyilən xoş sözləri, ürəkdən gələn (və layiq olduğu) tərifləri dinlədikdən sonra yumorlu təbəssümlə “mən kim olduğumu yaxşı bilirəm” – dedi, “ancaq təəssüf ki, bunu mənə çox da xatırlatmırlar”.
Bu yazını “Türk poeziyasının yakut-saxaca döyünən ürəyi” adlandırdım. Görünür, ona görə ki, burada söhbət xanım şairdən gedir… Ancaq ona eyni müvəffəqiyyətlə “Türk poeziyasının yakut-saxaca düşünən beyni” adını da vermək olardı…

http://edebiyyatqazeti.az/news/diger/2392-turk-poeziyasinin-yakut-saxaca-doyunen-ureyi

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.