Ana səhifə YAZILAR “Şair özünün inanmadığı həqiqətə oxucunu inandıra bilməz.”

“Şair özünün inanmadığı həqiqətə oxucunu inandıra bilməz.”

Müəllif: Bizim Yazı
1. 116 baxış

DGTYB Məsləhət Şurasının üzvü, şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Turan Rəhimli Amerika Birləşmiş Ştatlarında Our Poetry Archive Beynəlxalq Ədəbi Qurumu tərəfindən “Aprel ayının şairi” seçilib. Qurumun ədəbi jurnalı “Our Poetry Archive” Təranə Turan Rəhimli ilə geniş müsahibə dərc edib. Müsahibənin sualları jurnalın gələnəyinə uyğun olaraq müxtəlif ölkələrin – ABŞ, İtaliya, Polşa, Çexiya, İngiltərə və qardaş Türkiyənin tanınmış şairləri tərəfindən ünvanlanıb. Müsahibəni oxuyan ABŞ və Avropa sənətsevərləri şairə rəğbətlərini ifadə edib. Jurnalın aprel və may saylarında Təranə Turan Rəhimlinin özkeçmişi və şeirləri də yer alıb.

ALİCJA KUBERSKA: Sizə görə poeziya nədir?

TƏRANƏ TURAN RƏHİMLİ: Mənə görə poeziya ilahi bir sözdür. Yerlə rabitəsi olmayan, Allahdan gələn nidadır. Əgər Allah şairlik istedadı verməyibsə, mən əlimə qələm alıb şeir yazmaq istəməklə, bu mümkün olmaz. Şeir – sanki mələklərin nəğməsidir. Və bu nəğməni biz Allahın köməyi ilə bəstələyirik. Şərq ədəbiyyatında şairlər peyğəmbərlərlə qoşa dəyərləndirilir. Peyğəmbərlərdən sonra şairlər Allaha yaxın hesab edilir. Məncə bu təsadüfi deyil. Mənim poeziya haqqında fikrimin təsdiqidir.

ALİCJA KUBERSKA: Müasir dünyada poeziyanın mənası, əhəmiyyəti nədir?

TƏRANƏ TURAN RƏHİMLİ: Müsahibələrimdə tez-tez bu sualla qarşılaşıram. Mən poeziyanı ən böyük siyasət hesab edirəm. Poeziya insan şüurunun dərin qatlarına təsir edə bilən ən gözəl vasitədir. Siyasi nitqlər xalq şüuruna təsir etməyəndə hökmdarlar şeirin təsirindən istifadə ediblər. Bu tarix boyu belə olub. Ən nüfuzlu, ən istedadlı şairləri buna görə saraylarda yaşamağa dəvət ediblər. Ona görə ki, onlar şeirləri ilə birbaşa ölkə siyasətinə xidmət etsinlər. Bu gün poeziya yalnız ruhumuzu, zövqümüzü dincəltmək üçün deyil. O daha dərin məna yükü daşıyır. Müharibələrin çox olduğu müasir dövrdə poeziya insan qəlbinə, insan beyninə təsir etməyin ən yaxşı yoludur. İçində yaşadığımız müharibələr yüzilliyində poeziyanın təsir gücündən istifadə etmək lazımdır. Məncə, poeziyanın mənasını bu məqsədə yönəltmək zəruridir.

ALİCJA KUBERSKA: Yeni bir şeir yazan vaxt keçdiyiniz yaradıcılıq prosesini təsvir edə bilərsinizmi?

TƏRANƏ TURAN RƏHİMLİ: Bu çox sadədir. Şeirlərimi əsasən gecələr yazıram. Və masa arxasında oturub indi şeir yazacağam deyə düşünmürəm. Hərhansı bir mövzu məni xeyli düşündürür. Və bir gün… Gecə yarısı yatdığım halda bir misra beynimi “cırmaqlayır”, daha sonra digər bir misra doğulur… və mən məcbur qalıb ayağa dururam, məni yatmağa qoymayan o şeiri yazıram. Şeirlərimin hamısı bu yaradıcılıq prosesindən keçib.

ALİCJA KUBERSKA: Heç elə olubmu ki, hərhansı bir şeir arzunuza çevrilsin?

TƏRANƏ TURAN RƏHİMLİ: Belə bir hal olub,, mən konkret bir mövzuda (anam haqqında) şeir yazmaq istəmişəm, amma yaza bilməmişəm. Anama layiq şeir yaza bilməmək qorxusu mənə mane olub. Sonralar o şeir mənim arzuma çevrilib. O şeir hələ də arzu olaraq qalır.

ALİCJA KUBERSKA: Bizə ilham mənbəyiniz haqqında danışın. Sizin üçün ən maraqlı mövzular hansılardır?

TƏRANƏ TURAN RƏHİMLİ: Mənim ilham mənbəyim Vətənim, Ailəm və Allah sevgisidir. Şeirlərimin mövzusu isə müxtəlifdir. Mövzunu mən seçmirəm, həyat müşahidələrim diqtə edir.

MARİA MİRAGLİA: İlk şeirlərinizə hansı duyğular ilham verdi?

TƏRANƏ TURAN RƏHİMLİ: İlk şeirimi dünya haqqında yazmışdım. O zaman 14 yaşım vardı. Şeir belə adlanırdı: “Dünya, hələ sənə bələd deyiləm.” Həqiqətən də o vaxt dünyanı yaxşı tanımırdım. Və bu haqda çox düşünürdüm. Sonra yağış haqqında şeir yazdım. Daha sonra sevgi şeirləri…

MARİA MİRAGLİA: Şair olmaq haqqında düşündünüzmü, yoxsa hər şey təsadüfən oldu?

TƏRANƏ TURAN RƏHİMLİ: Uşaq yaşlarından ədəbiyyatı çox sevmişəm. Amma şair olmaq haqda heç vaxt düşünməmişəm. Məncə şairlik seçilə biləcək bir sənət deyil. Təsadüf olduğunu da düşünmürəm. Həyatda təsadüf deyə heç nə yoxdur. Yaşadığımız hər şey Tanrının bizim üçün zəruri bildikləridir. Biz səbəbini dərk etmədiyimiz şeylərə təsadüf deyirik.

 MARİA MİRAGLİA: Şeirlərinizi ilk kimə oxuyursunuz? Və nə üçün?

TƏRANƏ TURAN RƏHİMLİ: Şeirlərimi ilk olaraq qızlarıma oxuyuram. Çünki çox gəncdirlər. Və gəncliyin fikri həmişə təzə-tər olur, ona görə onların düşüncələri məni daha çox maraqlandırır.

MARİA MİRAGLİA: Nə vaxtsa poeziya antologiyası nəşr etdirmisiniz? Əgər belə bir antologiya olubsa, onu ilk əlinizə alanda hansı hissləri keçirmisiniz?

TƏRANƏ TURAN RƏHİMLİ: Bəli, ilk nəşr etdirdiyim poeziya antologiyası “Addımlar” (1996) adlanırdı. Mən “Addımlar” adlı Poeziya Dərnəyinin rəhbəri idim. Antologiyanın adı da dərnəyin adı ilə eyni idi. O vaxt çox gənc idim və hələ ilk şeirlər kitabım nəşr olunmamışdı. Həmin antologiyanı ilk əlimə alanda o qədər sevinmişdim ki…. Sanki öz kitabım nəşr edilmişdi. Bu sevinci sözlərlə ifadə etmək mümkün deyil. Öz işimlə çox qürur duyurdum.

MARİA MİRAGLİA: Hansı şairləri oxumağa üstünlük verirsiniz və onlardan ilham alırsınız?

TƏRANƏ TURAN RƏHİMLİ: Dünya ədəbiyyatında sevdiyim, dəyər verdiyim şair və yazıçılar çoxdur. Bu təbiidir. Çünki, mən universitetdə dünya ədəbiyyatını tədris edirəm. Amma ən çox sevdiyim sənətkarlar Azərbaycanda Məhəmməd Füzuli, Avropada Viktor Hüqodur.

APRİLIA ZANK: Fikirlərinizin anlaşıqlı olması sizin üçün nə dərəcədə vacibdir? Oxucularınızın sizin şeirlərinizi çətin çözə bilməsi üçün onlara meydanmı oxuyursunuz? Yoxsa ifadələrin şəffaflığınamı üstünlük verirsiniz?

TƏRANƏ TURAN RƏHİMLİ: Əlbəttə, hər bir şair istəyir ki, oxucu onu başa düşsün. Amma şeir yazanda bu haqda düşünmür, öz üslubuna və mövzunun tələblərinə sadiq qalır. Mən də beləyəm. Oxucunun şeirimi asan başa düşməsinin qayğısına qalmıram. Müəlliflər yaradıcılıq prosesi zamanı belə məsələlər haqda düşünmürlər. Amma bütün şairlər kimi mənimçün də oxucu sevgisi önəmlidir.

APRİLIA ZANK: Əsasən necə şeirlər yazırsınız? Mövzularınızı təkrar edirsiniz, yoxsa bütün şeirləriniz unikaldır?

TƏRANƏ TURAN RƏHİMLİ: Bu suala cavab vermək çətindir. Bunu oxucu deyə bilər, mən nə qədər özümü təkrar edirəm, yaxud etmirəm. Yalnız onu deyə bilərəm ki, yaradıcılığımda mövzu məhdudiyyəti yoxdur. Bəzən eyni mövzuya təkrar müraciət edə bilərəm. Amma bu əvvəl yazdığım şeirin eyni ola bilməz.

APRİLIA ZANK: Necə bilirsiniz sizin poeziyanız qadınsaldır, yoxsa əksinə? Əgər belədirsə, izahınız…

TƏRANƏ TURAN RƏHİMLİ: Ötən əsrlərdə cəmiyyətdə belə bir fikir formalaşmışdı: qadın şeir (roman və s.) yaza bilməz. Jorj Sand (Amantine Lucile Aurora Dupen), Şarlotta, Emili və Anna Bronte bacıları, Louisa May Alcott, Jorj Eliot (Mary Ann Evans) və başqaları buna görə əsərlərini kişi adları ilə yazıblar. Amma kişi yazarların çoxundan daha güclü yazıblar, qadınsal yazmaqlarına baxmayaraq. Mən düşünürəm ki, qadınlar fərqli yazırlar. Onların yazdıqlarında əsrarəngiz, insan ruhuna daha dərin toxunan çalarlar var. Bu qadınsallıqla bağlıdır. Mən də qadın yazaram və təbii olaraq şeirlərim qadınsaldır.

APRİLIA ZANK: Siz əsasən özünüz haqda yazırsınız, yoxsa dünyanın problemləri üçün də bəsirət gözünüz var?

TƏRANƏ TURAN RƏHİMLİ: Yazıçı yalnız özü haqqında yazırsa, bu onun bəsitliyi, istedadının yetərsizliyidir. Mənim bütün şeirlərimdə dünyaya mesaj var. Hətta sevgi şeirlərimdə belə. Arif oxucu bunu dərhal başa düşə bilər.

APRİLIA ZANK: Sizin poeziyanızı digər şairlərin poeziyasından fərqləndirən nədir?

TƏRANƏ TURAN RƏHİMLİ: Bu haqda heç bir təsəvvürüm yoxdur. Ya da təvazökarlıqdan uzaq görünmək istəmirəm.

LEYLA İŞIK: Əsil şeir yaratmaq üçün əsas amillər hansılardır?

TƏRANƏ TURAN RƏHİMLİ: Əsil şeir səmimi olmalıdır, şair oxucunu inandırmağı bacarmalıdır. Şair özünün inanmadığı həqiqətə oxucunu inandıra bilməz. Buna görə də ən önəmli faktor səmimiyyətdir. Şair yaxşı bildiyi məsələlərdən yazmalıdır. Özünün dərindən bilmədiyi mövzu ilə oxucunun fikrini qarışdırmamalıdır. Şair zamanın çərçivəsinə sığmamalıdır. Əsil poeziya zamandan irəlidə gedən poeziyadır. Şair öz fikrini belə təkrar etməməlidir, həmişə yeni söz deməyə çalışmalıdır.

LEYLA İŞIK: Şeirdə obraz vacibdirmi? Bu obrazlılıq şeirdə harada başlayıb harada bitməlidir?

TƏRANƏ TURAN RƏHİMLİ: Fikrimcə, şeirdə obraz vacibdir. Lakin bu obrazın şeirdəki dinamikası heç bir hüdud tanımır.

LEYLA İŞIK: Sizin ölkənizdə ən çox istifadə edilən şeir vəznləri hansılardır?

TƏRANƏ TURAN RƏHİMLİ: Azərbaycan ədəbiyyatında ən populyar şeir vəzni hecadır. Bizim şairlər tarixən əruz və heca vəznlərində yazıblar. Amma sonralarr sərbəst şeirə də böyük maraq yaranıb, bu vəzndə yazan şairlərin sayı artıb. Mən özüm həm heca, həm sərbəst vəznlərdə yazıram.

LEYLA İŞIK: Yaxşı şair olmaq üçün nə lazımdır? Yalnız gözəl şeirlər yazmaq?

TƏRANƏ TURAN RƏHİMLİ: Yaxşı şair olmaq üçün gözəl və böyük ürəyə sahib olmaq lazımdır. Yaxşı şair həm də əqidə sahibi olmalıdır…

LEYLA İŞIK: Sizin üçün yaradıcılığı ən əhəmiyyətli olan şairlər kimlərdir və onların əsas xüsusiyyətləri hansılardır?

TƏRANƏ TURAN RƏHİMLİ: Konkret adlar göstərmək istəmirəm. Amma yaradıcılığına əhəmiyyət verdiyim şairlər çoxdur. Onlar ucuz şöhrət üçün deyil, qəlbinin səsini eşitdirmək üçün yazanlardır.

DEBORAH BROOKS LANGFORD: Poeziya anlamı şeirin mərkəzindəki obrazın vizuallığından başlayır. Siz necə görürsünüz, duyursunuz, eşidirsiniz və hiss edirsininz? Şeirinizin təsvir hədəfləri nələrdir?

TƏRANƏ TURAN RƏHİMLİ: Əlbəttə, poeziya obrazlı təfəkkür hadisəsidir. Mən şeiri yaşayıram. Mənə görə hər bir şeirin öz qoxusu, dadı, səsi, rəngi var. Oradakı təsvirlər mənə sehirli bir aləmdən xəbər verir. Mənim şeirimin təsvir hədəfləri təbiətdir, Vətəndir, sevgidir, dünyanın müxtəlif problemləridir, bir sözlə, həyatın özüdür.

DEBORAH BROOKS LANGFORD: Şeirinizin ovqatı necədir? (ya da sizə özünüzü necə hiss etdirir?)

TƏRANƏ TURAN RƏHİMLİ: Mənim şeirlərimin çoxu pessimistdir. Amma bu o demək deyil ki, bu şeirlərdə həyata sevgi yoxdur, həyəcan və s. yoxdur…

DEBORAH BROOKS LANGFORD: Şeirlərinizdə natiq kimdir? O, özünüz üçünmü, başqaları üçünmü danışır?

TƏRANƏ TURAN RƏHİMLİ: Şeirlərimdə natiq həmişə özüməm. Bəzən özüm üçün, bəzən də başqaları üçün danışıram.

DEBORAH BROOKS LANGFORD: Şeirinizin mesajı nədir? Şeirlərinizə hansı mesajlar çatdırılır?

TƏRANƏ TURAN RƏHİMLİ: Şeirimin mesajı – dünyada humanizm və xeyirxahlıq, ədalətin bərpası.

DEBORAH BROOKS LANGFORD: İnternet və sosial media sizin şeirinizin uğuruna kömək edirmi? Bu, yazmaq üçün səbəbdirmi?

TƏRANƏ TURAN RƏHİMLİ: İnternet və sosial media hər bir şairin uğurlarını təmin edir. Müasir dünyada bunsuz inkişaf etmək mümkün deyil. Dünya ədəbi tədbirlərindən tanıdığım dostlarla münasibətlərin davamı, eləcə də yeni dostlarla virtual tanışlıqlar, dostluqlar çox önəmlidir. Bir çox hörmətli şair və yazıçılarla dostluğumuz sosial şəbəkələrdən başlayıb. Beynəlxalq ədəbi saytlarda tez-tez şeirlərim, məqalələrim yayımlanır, əsərlərim nüfuzlu antologiyalarda nəşr olunur. Bu, böyük uğurdur. Bu uğurların gələcəkdə daha da artacağına inanıram. Amma bu, əlbəttə, yazmaq üçün səbəb deyil.

NILAVRONILL SHOOVRO: Müsahibə üçün çox əziz şairə təşəkkür edirəm. Our Poetry Archive ilə şəxsi təcrübənizi ədəbi jurnal olaraq bilmək istərdik. Oxucularla daha çox şey paylaşmaq istəyirsinizmi?

TƏRANƏ TURAN RƏHİMLİ: Müsahibə aldığınız üçün mən təşəkkür edirəm. Suallar bir-birindən maraqlı idi. Cavablarım nə dərəcədə sizi qane etdi, bilmirəm. Amma səmimi cavablar verməyə çalışdım. OPA ilə şəxsi təcrübəm mənə bir daha öyrətdi ki, ədəbiyyat – böyük bir missiyanı yerinə yetirir. Our Poetry Archive jurnalı dünya şairlərini bir-birinə tanıdır, şeirin həyatımızdakı rolunu aydın göstərir, dəyərləndirir. OPA şairləri ailəsinin bir üzvü olmaqdan qürur duyuram. Gələcəkdə ABŞ-da nəşr edilən Our Poetry Archive ilə Azərbaycan şairlərinin birgə layihələr gerçəkləşdirəcəyinə ümid edirəm. Daha sıx yaradıcılıq əlaqələri quracağımıza inanıram. Mənə dəyər verdiyiniz üçün, Our Poetry Archive jurnalının və antologiyasının səhifələrində şeirlərimə müntəzəm olaraq yer verdiyiniz üçün sizə çox təşəkkür edirəm. Allah sizin kimi nəcib ədəbiyyat mələklərini qorusun, cənab Nilavronil Shoovro! Sizə bu müqəddəs yolda böyük uğurlar arzulayıram.

NILAVRONILL SHOOVRO: Çox təşəkkür edirəm, dəyərli şair! Sizə yeni yaradıcılıq uğurları diləyirəm.

“Our Poetry Archive”dən: Dosent Doktor TƏRANƏ TURAN RƏHİMLİ Azərbaycanlı şair, nasir, jurnalist, tərcüməçi, ədəbiyyatşünas, pedaqoqdur. O, Azərbaycanda, Türkiyədə və İtaliyada bir çox uluslararası ədəbiyyat qurumlarının fəal üzvüdür. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi, 7 kitab və 400-dək məqalə müəllifidir. 20-dən çox şeir kitabı və monoqrafiyanın ön söz yazarı, redaktoru və rəyçisidir. Əsərləri 15-dən çox dilə çevrilib, Qərb və Şərq ölkələrində yayımlanıb. Şeir və məqalələri Azərbaycan, İngiltərə, İtaliya, İspaniya, Almaniya, Belçika, Çili, Türkiyə, ABŞ, Rusiya, Ukrayna, Qazaxıstan, Tatarıstan, Özbəkistan və b. ölkələrdə çap olunub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.