AĞIR KİTAB

Müəllif: Bizim Yazı
1. 126 baxış

İllərin hesabatını vermək kimi bir məsuliyyət hər bir yaradıcı adama, öz çalışmaları ilə nəzər nöqtəsində olan hər bir quruma məxsusdur. Bu məxsusluğu DGTYB fərqli yaşayır. Hər il DGTYB-nin adını fərqli layihələrlə, ümumtürk ədəbiyyatına ərməğan olunan müxtəlif ədəbi toplularla duyuruq.
2017-ci ildə DGTYB “Bölgələrdən səslər-3” adlı gənc yazarların yaradıcılığına işıq tutan antologiya, Rusiyanın Arxangelsk vilayətinin şairlərinin şeirlərindən ibarət “Fəzanın cazibəsi” adlı antologiya və “Yeni qazax şeiri antologiyası” ilə Azərbaycan ədəbi mühiti və eləcə də bütün türk xalqlarının (habelə əqraba topluluqlarının) ortaq ədəbiyyat tarixinə verdiyi töhfələrlə yadda qaldı.Bu yazımızda “Yeni qazax şeiri antologiyası”na bir oxucu yanaşması sərgiləməyə çalışacağıq. Ona görə çalışacağıq deyirik ki, ürəyimizdəki fərəhi, qüruru, kövrəkliyi necə ifadə edəcəyimizdən əmin deyilik. Bəzən sözlərin belə yetərsiz qaldığı məqamlar, yəqin ki, hamıya tanışdı.
(Antologiyanın nəşrinə (və ümumi redaktəyə) məsul, DGTYB-nin fəxri başqanı, şair-publisist Əkbər Qoşalı, tərtibçilər Qazax(ıstan) şairləri Tanagöz İlyass, Dauren Kasenov və Azərbaycan şairi dos.dr. Rəsmiyyə Sabirdi. Nəşrin məsləhətçiləri isə Azərbaycandan Millət vəkili dr.Cavanşir Feyziyev, AYB-nin katibi Rəşad Məcid, “Olaylar” qəzetinin baş redaktoru dr.Yunus Oğuz, Qazaxıstandan isə Qazaxıstan Yazıçılar Birliyi (QYB) başqanının I müavini Qalım Jaylıbaydır.
Akademik, Millət vəkili Nizami Cəfərovun, Prof.dr.Elçin İsgəndərzadənin, BAMF başqanı Umud Rəhimoğlunun, Mahmud Kaşğari adına Uluslararası Fondun başqanı Elxan Zal Qaraxanlının rəyi ilə nəşr olunan antologiyanın redaktorları Rəsmiyyə Sabirlə DGTYB Məclis üzvü Əfsanə Ələsgərlidir.

“Yeni qazax şeiri antologiyasi”nda yer alan şeirlər Qazaxıstanlı yeni nəsil yazarları dr.Gülnaz Fayzulla, Gülnaz Satbay, Azərbaycanlı yazarlar dos.dr. Rəsmiyyə Sabir, dos.dr. Təranə Turan (Rəhimli), Gülnar Səma (Qasımlı), Afaq Şıxlı, Əkbər Qoşalı, Elxan Zal Qaraxanlı, İbrahim İlyaslı, İntiqam Yaşar və Ruslan Dost Əli tərəfindən çevrilib.
(Antologiyanı http://kitabxana.net/?oper=readBook&id=3267 ünvanından da oxumaq (və ya endirmək mümkündür.))
Antologiya oxucuların qarşısında “Kaspi” qəzetinin təsisçisi, əməkdar jurnalist, dr.Sona Vəliyevanın “Xəzərin o tayında vuran isti ürəklər” adlı yazısı ilə açılır. Sona xanım yazır ki: “Yeni qazax şeiri antologiyası”nın Bakıda gün üzü görməsi, bir çox ortaq dəyərlərə sahib iki qardaş ölkənin – Qazaxıstanla Azərbaycanın ictimai-mədəni həyatında əlamətdar hadisədir”.
Təbii ki, ortaq ədəbiyyata, ortaq mədəniyyətə, hətta, ortaq yaşantılara məxsus olan qardaş xalqların bir-biri üçün döyünən ürəklərinin hərarəti məsafələr tanımır… Antologiya bu məsafələrin önəmsizliyinin daha bir sübutudur.
Qazaxıstan Respublikasının Dövlət Ödülü Laureatı ustad Temirxan Mədətbek, iki qardaşın ürəyinin birgə döyünməsinə daha duyğusal yanaşır: “Mənim qarşımda Xəzər Dənizinin ötəsinə doğru yola düşən qağayı kimi 57 qazax şairinin şeirləri qanad vurur…
Yadlardan biri deyə bilməzsiniz – kökü bir, diləyi bir qardaş millətdir onlar –azərbaycanlılar!”
Və bundan sonra hər vərəqdə bir şair könlü çırpınır. Çırpındıqca da əsintisi oxucu hisslərini riqqətə gətirir; gah vətəndən danışır bu şeirlər, gah dərin köklərdən… Bəzən də sevgidən və ana təbiətdən… Yaxşı oxucu bu şeirləri diqqətlə incələsə Ana Türkün, Ata Türkün tapındığı qutsallıqların da izinə rastlayar…
Qazaxıstan Yazıçılar Birliyinin (QYB) Karaqanda vilayəti bölümünün baş katibi Serik Aksunkaroğlu yazır:

Dövləti qurmağa üç haqlı vardır:
Tanrı, Ulus

Bozqurdlar nəsli!
Onun bu əminliyi Turan ucalığına gedən yolun bələdçisidir! Göy Tanrı, Bəlli Ulus və ən cəngavər oğullar- Bozqurdlar nəsli!
Jənibek Əliman öz qələm dostunun fikrini belə təsdiqləyir: “İçimdə intiqam toxumu səpər, Boz qurdun Altayda ağlayan səsi…” Bu misralar bir daha göstərir ki, çiçəkləyən, budaqlayan ağac öz kökünə necə sığınırsa, türk elləri də soy-kökünə söykənir. Bilir ki, qədim türklərin yaşamı, düşüncələri, idrakı bu gün hər birimizin – hər bir “Türkəm!” deyənin qanında, canındadır. Candan cana, qandan qana keçərək də gələcək nəsillərə ötürülür, öz əbədiliyi, əzəliliyi ilə tarixin zaman-məkan çərçivəsinə meydan oxuyur. Erbol Beyirxanın özünə qayıdışı kimi: “Mənim canım qızıl buynuzlu maraldadır...” Yaxud Miras Asanın “gözəlləmə”si kimi:

Qıpçaq gözəli!
Umay qız soylu!
Ağ Ana!
Hisslərinə mənim canım sadağa!

Bunun arxasınca şair təfəkküründən süzülən tarixə tanıq oluruq. Oljas Kasım etiraf edir:
“Mən necə qıyaram bu torpağımın
Tarixlər sığınan hekayəsinə!”
“Jıldız” (“Ulduz”) dərgisinin baş redaktoru Uluqbek Esdevletin hayqırışı isə bugün hər bir türk gəncinin təfəkkürünə ismarlanıb:

Oğlum, Qərbə çox baxma!
Batan gün, bizim günümüzdür…
Bu yer üzündə
Sinəyədək diriyik…
…Dillən, oğlum, gün batmadan
Öz sözünü deyəndən ol…

Qazax ədəbiyyatı hələ qədimdən mifoloji hekayələr, mərasim və əmək nəğmələri, tayfalar haqqında əfsanələrlə zəngin olub. Mərasim nəğmələri arasında mövsümə uyğun söyləmələr də daim maraqlı obrazlaşdırılmayla yadda qalıb. Elə buna görə də antologiyada Ana Təbiətə incə, duyğusal yanaşmaları oxuduqca heç də təəccüblənmədik. Əksinə, QYB üzvü Onaygül Turjanın şeirini oxuyanda hisslərimiz fəsillərin “döyüşü”nə şahidlik elədi:

Yaz: “Mən həyatın bəzəyiyəm” söyləyir,
Payız deyir: “Yaşlılıqdı bu həyatın mənası”…
“Yarpaqlar yaşıldır” – yaz astaca dillənr…
“Yarpaqlar sarı geyinir” – bu da payızın “əmma”sı…

Yaz–payız təzadını iki başqa şairin də misralarında görürük. Xamit Esaman şikayətlənir ki: “Məni görüb “eh” söyləyər baharlar…Jıldız Baysek isə sanki, əbədi təzadın nizamını pozulmağa qoymur: “Payız, Mən səni çox sevmişdim…” QYB-nin daha bir üzvü Anar Şamşaddin şeirində sarı-boz çizgiləri özünəməxsus çəkir: “Jetisuya payız gəldi… Küçədə Yarpaqlar ölürdü məzarsız…

***
Çağdaş Azərbaycan ədəbiyyatında ağaclar haqqında ən yaxşı nağılları (bizcə) Hədiyyə Şəfaqət yazır. Özü də şeir-şeir, misra-misra söyləyir bu nağılları… “Mən o səsi quru ağacın nəfəsindən aldım…”, “Qurumuş ağacın Qurumuş budağında can axtarıram…” kimi misralarıyla o, öz şeirlərində Ağac Ananı özününküləşdirməyə cəhd edir. Nəsil ağacında bir ağacın budaqları olan iki qardaş xalqın şairlərindən danışarkən Hədiyyə Şəfaqətin şeirlərinə doğma olan misraları tapmaq elə də çətin olmadı. Əksinə, Janat Əskərbəyqızının “Ağac mövsümü” adlı şeiri Ağac Ana haqqındakı sehrli nağıla döndü:

Tənha söyüd ağlayır,
Tökülür yarpaqları…
Ümiddən dayaq gəzir,
Titrəyən budaqları…

Gülnaz Fayzulla eynən Hədiyyə Şəfaqət kimi Ağac Ananı özününküləşdirir: “Küçədə ağaclar tumurcuqlasa, Mənəm gözlərini qırpmayan ağac…
Ağac Ananın şəfqətini isə bizə Dauletkerey Kapoğlu anladır. Özü də hönkürən misralarla:
“…Mənə sarı ötürdü Günəş öz istisini,
Kənd başında anamın gül-çiçəkli qəbrindən…”
Və bütün bunların arxasınca Nauruzxan Gazizoğlunun etirafı oxucunu ağacların qoynundan alıb birbaşa şeiriyyətin ənginliklərinə atır:

Bu dünyanın ağacları adamlardan doğmadı…
Bir də şeirdi mənim əziz, əvəzsiz dostum…

***
Şeir şairin səmimiyyətidir… məsumiyyətidir, günahıdır… ləyaqətidir, xəyanətidir… Şeir, şairin varolma səbəbidir… Və maraqlısı budur ki, şair şeiri yazdığı kimi şeir də şairi yazır; onun kimliyini, düşüncəsini, yeri gələndə ən adi vərdişlərini də anlada bilir. Buna görə də bəzən şairlər demək istəmədiklərini öz şeirində oxuyanda bilmir şeirinə dost gözüylə baxsın ya onu silib yox etsin?.. Azərbaycan poeziya tarixində zirvələrdən birində əbədi məkan qazanan Məmməd Araz deyirdi ki: “Anadan-bacıdan gizlətdiyimi, Kağızdan-qələmdən gizlətməmişəm”…
Qazaxıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Almas Ahmetbekuli isə deyilməyən şeirlərin özündə nələr gizlətdiyini belə anladır: “Heç kimin demədiyi Şeir deyərəm sənə, Hər bəndi həyat olar…Amirxan Balkıbek şairin öz şeirinə inamsızlığını (“Qova bilərmi ki, bu gücsüz şeirim, Beynimdəki cavabsız sualları”…), Ruslan Nurbay şeirə sitayişi yazır: “Əməl dəftəri… Hələlik ona şeir uyğundur...”
Batırxan SarsenxanQızlar şairlər üçün doğulmuşdur…” qənaətindəykən, Əlibek Şegebay sevgilisinə şeirlə məktub yazır deyir:
“Xatırlayıram sənə ilk şeir göndərməyi…
“Sevirəm”
titrəkcə yazdığım şeirə
Qoyulmamış nöqtə
bəlkə sən idin!”
Bakıtjan Aldujarın bir bəndində yenidən Məmməd Arazla rastlaşırıq. Məmməd Araz yazırdı: “Məni şeirimdə gəz bir insan kimi…” Bakıtjan Aldujarın da özünü şeirdə gizlətdiyini dilə gətirir:

Öz könlündə
başqalarının sevilməsi gözəldir,
sən xoşbəxt olmalısan!
Salam olsun, şeirdəki Bakıtjana!

Erlan Junis şair olduğu ilə öyünür: “Mənim kimi şeir yazmaz dünya…”
Bu özünə əmin olmağı Azamat Esalının şeirində də görürük:
“Kağız ilə qələmi Tanrı özü mənə əmanət edib.”
Bakıtgül Zarkumar “Şeirin də öz qədəri var, Bilirəm…” sözləri ilə təsəlli axtarır… Onun təsəlli yükünün bir parçası da Qazaxıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Elena Əbdixalikin payına düşüb: “Mənə şeir yazmaya da bilərsən…”
Janat Jankaçoğlunun fikrincə, heç bir şair öz şeirlərində hələ də özünü, duyğularını yetərincə anlatmağa qadir olmayıb:

Şeir yazır…
Yazdığı şeirə
“Xoşbəxtlik” sözü sığmır…

Şeirin öz dünyası şairin təxəyyülündən və hisslərindən süzülüb gələn lirik obrazlarla var olur. Adətən, bu cür deyirik: “Şeirdəki lirik obraz”.Janar Aylaş öz lirik obrazının aşiqliyini indiyədək eşitmədiyimiz tərzdə dilə gətirir: “Şeir dünyasından gəlib, Mənə aşiq bir şair…” Şeirin rənglərdən ibarət olması isə təzə fikir deyilsə də, Aliya İnkərbek şeirində bu məqamı sözün yaxşı anlamında ağardıb: “Dərdim şeirdir, rəngim ağdır…”
Rəvan Kabidoldin şairin təbiətindəki həssaslığı, onun daim riqqətə gəlməyə hazır olan ürəyini anladıb: “Bu soluxan halı görsən, Şair olardın…”
Ayazda Berkut üçün isə Rəfiq Zəka Xəndan demiş, “hicrandı şairi şair eyləyən”…

Ömür boyu şeir yazmağım üçün
borcluyam
mənə verdiyin qəmə…

Ularbek Nurğalim özünə ithafən yazdığı misralarda bir növ şairliyini sınağa çəkirsə də (“Şair, Bu dağ qoynunu necə vəsf eyləyərsən?”), Dinara Məlik daha irəli gedir. O, insanın ruhundan süzülən şeirə üz tutur:
“Hey, şeir,
Gedəkmi,
gedəkmi uzaqlara?”

***
Aktöbe” qəzetinin baş redaktoru Bauırjan Babajanoğlunun “Qızıl alma…Qadın…” şeiri diqqətimizi başqa səmtdən çəkdi.

Sevincini paylaşan kişilər çoxdu,
Üzüntünü paylaşan bircə qadın taparsan…

Bu misralar, yəqin ki, hər bir azərbaycanlı oxucuya Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini xatırladacaq. Çünki, ənginliyə baş vurduqca hər iki şairin şeirində eyni obrazı görürük: sonuncu liman olan hüznlü qadını…
Talğat Eşenoğlunun misralarını oxuyanda isə ağlımızın bir ucundan bizim Gündüz Sevindik “keçir”… Gündüz yazır ki: “Eh, mən ağladım ki, sən kiriyəsən…” Xəzərin o tayından gələn şeirdə də Talğat Eşenoğlu eyni fikirdədir:

Hey, dünya,
Mən ağlayım,
Sən sakitləş bir azca…

***
Şairin vətəndən, sevgidən, ruhdan, doğmalıqdan, elə şairliyin özündən yazması Tanrının yazısı, tarixin hökmüdür. Günümüzdə isə yaşamın detalları dəyişdikcə, şeirin də hardasa yaşama uyması nəzərə çarpır. Ona görə də get-gedə intellektual şeirlər çoxalır. Bu şeirlər duyğusallığın qarşısında hesabat verməyə məcburdur… – Bu, bizim subyektiv fikrimizdir. – Axı, poeziya elə duyğuların tərənnümüdür… Bununla belə, intellektual şeirin önünü kəsmək, onu ədəbiyyatdan qıraqda tutmaq da haqsızlıq olardı. Çünki, həyat şairi yazmağa məcbur edirsə, o, yazmalıdır…
Dauren Berikkajıoğlunun getdikcə artan intihar hadisələrinin ağrısını şeirə gətirməsi onun bir şair kimi rahatsızlığından doğur. Və yazmağa məcbur olduğunu özü də etiraf edir:

Həyatdan bezmiş insanın
Gözüylə “məhv ol!” deməsi
əlinə qələm almağa məcbur edir…
Sağınış Namazşam məktubun və poçtalyonun unudulmağa məhkum olduğu texnologiya əsrində nostalgiyanı şeirində əbədiləşdirib:
“Başımın üstündə Quş tükləri uçarsa,
Tutub sizə məktub yazardım…”
Tanagöz Tolkınqızı (İlyass) həyatın sürətinin fonunda insanların laqeydliyinə üsyan edir:

Bu incəcik qəlbimi
İnsanlar incə-incə yaralayınca
Tez-tez
Bağışlamağı öyrət…
Bu ağappaq dünyanı ağlar qaralayanda
Sakitcə-sakitcə sevməyi öyrət…
Bəşəriyyət tarixinin əkiz tayı sayılacaq “Olum, ya ölüm?” sualı da qazax qardaşlarımızın bədii yaradıcılığından süzülüb. Almat İsadil yazıb:
“Bir həyat, Bir ömür, Bir ölüm…
Bu günədək cavabını kim tapmış?”
Kalmaxambet Muxametqali də əbədilik qazanmış bədii suala cavab axtarır. Və deyəsən, tapıb da: “Təkcə, əfsanələr köhnə, Bunu unutma, körpəm…”

***
Azərbaycan folklorunda çox düşündürücü bir bayatı var:

Aşiq, qardaşa düşər,
Yağar qar, daşa düşər…
Qardaşın müşkül işi
Yenə qardaşa düşər…

Bu bayatını bizə Sayat Kamşıgerin şeiri xatırlatdı. Şair Azərbaycana olan doğmalığını, Bakıya olan sevgisini ürəklə deyir. Lakin, Azərbaycanın Qarabağ adlı dərdini, göynərtisini də duyur… Və sevdiyi şəhərin həmdərdi olur: “Bakım, sənin dərdin var: Qarabağ deyə sızlar…”

***
“Yeni qazax şeiri antologiyası”nda elə şeirlər var ki, onların fəlsəfi yükü şairin daxili dünyasına səyahətə çıxmaqdan daha çox oxucunu düşündürməyə hesablanıb. Misal üçün, Kazıbek Şaxan deyir: “Saatlar zamana “tələs!” söyləmir…” Yaxud, Nazira Berdalının misraları kimi: “Yer” adlı böyük yeri kirayə tutub yaşayırıq…”.
Kuralay Omar nöqtə fəlsəfəsi haqqında bildiklərini toplayıb “Hamımız sonunda nöqtəyik…” qənaətinə gəlir. Janar Əbsadık “İnsanların fikrinə ibadət, Həqiqəti öldürdü…” deyir. Tolkın Kabılşa insanın həyata olan sevgisindən, sonsuz umacağından söz açır: “Günəşə anlatdım istəklərimi…”
Akberen Elgezek kədərin ən bəsit ifadəsindən danışır:
“Göz yaşı da, çox ağırdır, çox,
Özü boyda qaranlıqdır, böyük damlalar…”
Baxıtgül Babaş isə Tanrıyla dərdləşməyə cəhd edir:
“Tanrım, cəhənnəmin hardadı sənin?”
Qələm dostunun Tanrıya asi çıxmaq cəhdinin cavabı Ənvər Bimağambetin təskinlik verən misralarındadır:

Həyatdır bu…
Başı qara…
Sonu ağappaq…

Və bu andaca Makpal Jumabayın Yaradana heyranlığını və sevgisini oxumaqda gecikmirik:

Tanrım necə ustaymış,
Tanıtmış
tanıtdığıma
həyatın öz ətrini…

***
Jadıra Baybula şeirində gizlətdiyi lirik obrazına həqiqəti deməkdən çəkinmir: “Mənim xoşuma gəlir, Sənin əlçatmazlığın…” Daha bir etiraf da Kuanış Medevbaydan gəlir: “Çox xəyalı batan günlə söndürdüm…” Burda həm də yeni gün, yeni yaşam zənciri fəlsəfəsi var ki, hər insan bu fəlsəfənin fərqli çizgilərini yaşamaqda, beləcə, ümumbəşər ideyalarına xidmət etməkdədir…
Qazax xalqının mahnılarında daim xalqın yaşamı, məişəti, kədəri və sevinci, bir sözlə, ruhu, ovqatı ifadə olunub. Mahnılardan süzülən, ruhu ətirləyən, hardasa cilalayan, hardasa çılğına döndərən ecazkarlığın şair qələmindən qıraqda qalmasını düşünmək sadəlöhvlük olardı. Biz isə özümüzü sadəlöhv oxucu zənn etmədiyimizdən antologiyada bu məqamı da axtardıq. Və…  Nurgül Maulinanın şeirində tapdıq. O, yazmışdı ki: “Bir gözəl mahnıdan süzülür işıq…”
Dosbol İslam oxucusuna “Özünə dost etmə acı dərdləri…” deyə səslənir. Janargül Kadır onun sözlərini təsdiqləyir: “…neyləyirəm nəşədən kəm günləri?
İndira Kerey “Özümüzə yoxdan xoşbəxtlik yapdıq…” desə də, Ayjan Tabaraqqızının misrası cavab kimi qarşımıza çıxır: “O, eyni tale kimi…” Hə, hər şeyin taleyə, ilahi bir nizama bağlı olduğu incəsənətin bütün sahələrində öz əksini tapıb, tapır (və tapacaqdır da)… Çünki, bu dünyanın üsyanları o ilahi nizamın zərrəsinə təsir edə bilməz… Bu da bir şair inamıdı!
Və yalnız şair günəşin qürubunda məğrurluq axtarardı… Makpal Mısa kimi:

Günəş qürub edir…
Gözəl və məğrur!

***
“Yeni qazax şeiri antologiyası” ağır kitabdır. Ağır sözü burda məcazi anlamdadı. Axı, nağıllarımızda bu sözü çox oxumuşuq, eşitmişik: “…çəkidə yüngül, vəzndə ağır…” Hə… Bu kitab haqqında da eyni sözü işlətmək olar.
Azərbaycan ədəbi mühitinin çağdaş proseslərinin yaxından izləyiciləri kimi ürəklə deyə bilərik ki, nə yaxşı, belə bir kitab çap olundu! Əgər çap olunmasaydı, biz qazax şeiri haqqında internetdən qarşımıza çıxan bir-iki cümlədən başqa heç bir bilgiyə sahib ola bilməzdik. Əgər çap olunmasaydı, biz “Xəzərin o tayındakı isti ürəklər”in hansı hisslərlə döyündüyünü, yaradıcı bavurlarımızın, bacılarımızın nə düşündüyünü, dünyaya baxışını, olaylara yanaşmasını kim bilir nə vaxt görər, necə duyar, harda oxuyardıq..?
“Yeni qazax şeiri antologiyası” türk övladı, Turan sevdalısı kimi qəlbimizə fərəh hissi doldurdu… Bir ədəbiyyatsevər kimi isə kitabı əzizləməyi, hər vərəqinə sığal çəkməyi özümüzə borc bildik. Elə qazax şairi Rahat Əbdirahman demişkən: “Sevənləri kim suçlayar, axı kim?”

Şəfa VƏLİ, DGTYB üzvü
İlham ƏLƏKBƏROV, ADAU-nun müəllimi

Shefa Vilham Elekberli

GƏNCƏ, şubat-2018

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.