Ana səhifə BAŞ YAZI “YENİ TATAR ŞEİRİ ANTOLOGİYASI”

“YENİ TATAR ŞEİRİ ANTOLOGİYASI”

Müəllif: Bizim Yazı
500 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri gün üzü görüb.

DGTYB tərəfindən nəşrə hazırlanan, “YENİ TATAR ŞEİRİ ANTOLOGİYASI” (“YAÑA TATAR ŞİĞERE ANTOLOGİYӘSE” – “ЯҢА ТАТАР ШИГЫРЕ АНТОЛОГИЯСЕ”; Bakı, “Hədəf” Nəşrlər Evi, 232 səhifə) adlanan yeni nəfis kitab, tatar xalqının görkəmli oğlu, tatar ədəbiyyatının tanınmış nümayəndəsi, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın (Ğabdulla Tuqay; 1886-1913) 130 illik yubileyinə ad edilib.
Nəşrin məsləhətçiləri millət vəkili prof.dr. Nizami Cəfərov, Tatarıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, Tatarıstan Yazıçılar Birliyinin başqanı Rafis QURBAN, “Olaylar” qəzetinin baş redaktoru dr. Yunus Oğuz, Tatarıstanda yaşayan soydaşımız, tanınmış vəkil İsmət Orucəliyevdir.
Yeni antologiyanın tərtibçisi (ümumi redaktə işinə və nəşrə məsul) şair-publisist Əkbər Qoşalı, koordinatoru Tatarıstan Yazıçılar Birliyinin başqan müavini Rəmis Aymet, redaktorları DGTYB Məsləhət Şurasının üzvləri dr. Həyat Şəmi və filoloq Sərdar Şirvan, dizayneri Teymur Fərzidir.
Millət vəkili dr. Cavanşir Feyziyevin “ÖnSöz” (“Bakıdan Kazana ədəbi və əbədi salam…”) yazdığı yeni nəşrdə, həmçinin tanınmış tatar ədibləri Çulpan Zərif Çətin, Robert Minnullin və Rədif Qataşın birgə hazırladığı “Tatar şeirinin (ədəbiyyatının) özəllikləri və tendensiyaları” adlı təhlil yazısı da yer alıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “KitabEvimAz”ın qurucusu dos.dr. Şəmil Sadiq, Uluslararası Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü Afaq Şixlı (Moskva), Sumqayıtdakı Əli Kərim adın Poeziya Klubunun direktoru İbrahim İlyaslı, DGTYB Məsləhət Şurasının üzvü, şair Elman Tovuzun rəyçisi olduğu “YENİ TATAR ŞEİRİ ANTOLOGİYASI”ndakı şeirlər, əsasən ruscadan, müəyyən bir qismi isə orjinaldan (tatarcadan) çevrilib.
Antologiya Tatarıstan Yazıçılar Birliyinin təqdim etdiyi materiallar, o cümlədən “Антология новой татарской поэзии” (“Oktyabr”, Moskva-2015) kitabında yer alan mətnlər, habelə bir qismi gənc tatar şairlərinin şeir kitabları yaxud onlar tərəfindən biləvasitə göndərilən şeirlər əsasında hazırlanıb.
Kitabda Tatarıstanın 23 istedadlı gənc şairinin (Rifat Salah, Fənil Gilaji, Bulat İbrahim, Şan (Alsu Nurqatina), Alyona Kərim, Aydar Camal, Daniya Nağimullina, Elnar Baynazar, Elvira Hadiyeva, Fidail (Fidail Mәjit), Gülnaz Əziz, Gülnaz Vəli, Gülnur Qurban, İlmira Kamayeva, Lenar Şeyx, Leniza Vəli, Leysan Fəthətdin, Liliya Qıybadullina, Luiza Yansuar, Rezeda Qobəyeva, Rüzəl Əhmədiyev, Rüzəl Mühəmmədşin, Yıldız Minnullina) şeirləri toplanıb.
Şeirlər azərbaycancaya Afaq Şıxlı, Akəm Xaqan (Məmmədzadə), Elxan Yurdoğlu (Məmmədli), Elşad Barat, Əkbər Qoşalı, Faiq Balabəyli, Fərqanə Mehdi, Günel Gün (Lətif), dr. Həyat Şəmi, İntiqam Yaşar, dr. Könül Aydın (Nəhmətova), Lamiyə İsazadə, Nigar Rəhim(ova), dos.dr. Rəsmiyyə Sabir, Səhər Əhməd, Şahməmməd Dağlaroğlu, Şəfəq Sahibli, dos.dr.Təranə Turan (Rəhimli), Turan Teymur və Ülkər Piri (Dəniz) tərəfindən çevirilib.
(Antologiya pdf formatında (“e-kitab”) bu ünvanda yerləşdirilib http://kitabxana.net/?oper=readBook&id=2427)

***
BAKIDAN KAZANA ƏDƏBİ VƏ ƏBƏDİ SALAM…

(“YENİ TATAR ŞEİRİ ANTOLOGİYASI”nın “ÖnSöz”ü)

2016-cı ilin aprelində, tatar xalqının görkəmli oğlu, çağdaş tatar ədəbiyyatının ünlü nümayəndəsi, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş şair-publisist Abdulla Tukayın 130 yaşı tamam olur. Bu əlamətdar yubiley qardaş Tatarıstanda böyük coşğu ilə qeyd ediləcək. Tatarıstan Respublikasında şairin xatirəsinə həsr olunmuş ədəbi yarışmalar düzənlənib, tədqiqatlar aparılıb, yeni kitablar nəşr olunub və s.
Azərbaycana doğma olan qardaş tatar xalqının görkəmli oğlunun 130 illik yubileyi bizdə də anılır, xatirəsi əziz tutulur. Bu anlamda, Abdulla Tukayın əlamətdar yubileyinə həsr edilmiş və 23 gənc tatar şairinin şeirləri toplanmış nəfis antologiyanın nəşri təqdirəlayiq hadisədir.
Mən, bu antologiyanı bir neçə baxımdan çox dəyərli hesab edirəm:
– Azərbaycan ədəbi ictimaiyyətinin, özəlliklə də, gənc yazıçı-şairlərimizin tatar xalqının nakam oğlunun xatirəsinə ehtiramı və onun yubileyinə biganə qalmaması çox xoş təsir bağışlayan bir hadisədir. Gənc yazarlarımızın bu addımını ümumtürk birliyinin gücləndirilməsinə verdikləri töhfə hesab edirəm;
– Tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı olan, ömrünün və yaradıcılığının çiçəklənən çağında – 26 yaşında həyata gözlərini yuman Abdulla Tukay, yeni nəsil yazarları tərəfindən məhz yeni kitabın buraxılması ilə yad edildi ki, bu da həm həm rəmzi mənada, həm də praktiki baxımdan olduqca əhəmiyyətlidir;
– Antologiya üz qabığının tərtibatından tutmuş, bütövlükdə məzmunu etibarı ilə Abdulla Tukay irsinin, onun qısa, lakin işıqlı ömrünün sanki müasir gənc şairlərin ömrünə paylandığını və Abdulla Tukay ömrünün bu günümüzün gənc yazarları simasında yaşadığını, davam etdiyini şəkilləndirir;
– Daha bir vacib məqam ondan ibarətdir ki, bu antologiya Tatarıstandan kənarda, gənc tatar yazarlarına aid, bu həcm və içərikdə olan ilk antologiyadır;
– Antologiyanın tərtibi, şeirlərin ruscadan və tatarcadan Azərbaycan dilinə çevrilməsi, uyğunlaşdırılması yalnız bir şəxsin deyil, 20-yə yaxın şair-publisistin, tərcüməçilərin, araşdırmaçıların iştirakı ilə baş tutub. Habelə, kitabın məsləhətçisi, rəyçisi, redaktoru olaraq, Azərbaycandan və Tatarıstandan tanınmış alimlər və yazarlar öz münasibətlərini bildiriblər. Bu da, görülən işin miqyasını böyüdüb, mahiyyətini dərinləşdirib, deyə düşünürəm. Üstəlik, işin bu şəkildə təşkili gənc tatar şairlərinin şəxsində ümumilikdə tatar ədəbiyyatını və tatar dilini yeni nəsil Azərbaycan yazarlarının yaradıcılıq gündəliyinə, “ədəbi menyu”suna gətirmiş olub;
– Antologiya üçün seçilmiş şairlərin çağdaş tatar ədəbiyyatının işıqlı, ümidli və yüksək ruhlu kəsimini əhatə etməsi də özəlliklə vurğulanmalıdır;
– Seçilmiş şeirlərin məzmunu tatar türklərinin yalnız gənclik dünyasına və duyğularına deyil, bütövlükdə tatar xal¬qının bugünkü yaşantılarına, tarixə və gələcəyə baxışına güzgü tutur;
– Nəhayət, oxuduğunuz ən yeni tatar şeiri antologiyası, Dünya Gənc Türk Yazarlar Birliyi (Bakı) ilə Tatarıstan Yazıçılar Birliyinin (Kazan) ədəbi-mədəni əməkdaşlığı sayəsində ərsəyə gəlib ki, bu da, ədəbi qurumlarımız arasında sağlam və güvənli yaradıcılıq əməkdaşlığı mühitinin varlığını göstərir.

***
Beləliklə, Azərbaycan və Tatarıstan kitabxanaları, ədəbiyyat xəzinəmiz yeni bir kitab qazanır, yazarlarımız yeni əməkdaşlıq üfüqlərinə boylanır, yeni ideyalar, təşəbbüslər meydana gəlir… Bu çox vacib məqamdır. Kazan (Tatarıstan) Avrasiyanın, Bakı (Azərbaycan) isə Yer kürəsinin mərkəzində yerləşir… Bunun yalnız coğrafi anlam daşımaması üçün, məhz qələm sahibləri, şair və yazıçılar, mədəniyyət və incəsənət xadimləri, alimlər və b. öz ürəkləri ilə birlikdə həm də yaradıcılıq ruhlarını birləşdirməli, mədəni-intellektual enerji mübadiləsində bulunmalı və mütəmadi olaraq kitablı, əsərli töhfələri ilə çıxış etməlidirlər. Bax, bu anlamda, “Yeni tatar şeiri antologiyası” bir neçə aylıq işin yekunu olsa da, mən onu böyük buluşmanın başlanğıcı hesab edirəm və çox yüksək dəyərləndirirəm.
Arzu edirəm ki, Azərbaycan – Tatarıstan ədəbi-mədəni əməkdaşlığı daha da genişlənsin, yeni ədəbi nəsillər özlərinin yeni yaradıcılıq ruhu ilə bu işbirliyində yer alsın, bu birliyimizi qüvvətləndirən, bizləri bir-birimizə doğmalaşdıran yeni-yeni əsərlər yaransın..!

Azərbaycan və Tatarıstan yaradıcı ziyalılarına dərin ehtiram və məhəbbətlə,
dr. Cavanşir FEYZİYEV,
Millət vəkili

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.