Ana səhifə BAŞ YAZI Tanınmış şairdən iki yeni kitab – biri ingiliscə…

Tanınmış şairdən iki yeni kitab – biri ingiliscə…

Müəllif: Bizim Yazı
968 baxış

“Elm və təhsil”də nəfis şəkildə işıq üzü görən kitab(lar)ın (“THE SOUND OF BLOOD”, “NƏFƏSİMİN QATİLİ”) redaktoru prof.dr. Nizami Cəfərov, tərtibçisi (və ingiliscəyə çevirəni) İlahə Abdullayevadır.

Şairi  bu ikili uğuruna görə qutlayır, onun şeirlərindən bir neçəsini “BizimYAZI” oxucusuna sunuruq:

***

D.O.1Dəyanət OSMANLI

“Ulu yolun sükutu” silsiləsindən

 

Ucalıqlar sərdarı

Çarəsizliyin başı üstə
qosqoca türk bayrağı,
surətini görüncə
adamın sözü dilində,
dili ağzında titrər al-qumaş kimi.

Düşmənin qəsbkar xislətində
əsir-yesir qalan vətən torpağı
sərdarını bular-bulmaz
üstünə yeriyər
basılmaz ölümün
ardıyca o bayrağın…

Qosqoca türk bayrağı,
qızıl-qırmızı sinə dağı,
fələyin ünü yetməz yeniltməyə
qosqoca ucalıqlar sərdarını…

Daha gecdi…

Sahildən uzaqda
balıqçı təknəsi…
tərsinə çevrilib son lövbər anı,
mənim üzümdə qəhr olub
küləyin iniltisi.
Ürək inlədən qeybin səsi
hər addımda pıçıldayır:
daha gecdi sevinmək,
daha gecdi heyfslənmək.

Hər gün üzümə xilaf çıxır
tək-tək qırılan ümidlər,
su üzündə bərq vuran
ölü balıqlar tək üzür
qəlbimin qaranlıq içiylə.
Üzüm dostların ayaqları altında
qaxac olmuş bir balıqçı təəssüfü…

Tanrının yorğun ovqatında
ömür lövhəsində təbaşirlə çəkilib
mənim məşhur surətim,
yanında da bu uyarı:
daha gecdi gecələri üzülmək,
daha gecdi sabahları özləmək.

Bir yol seçdim

Bir yol seçib
yürüdüm yıxıla-dura,
nə ilkində,
nə sonunda
ayaqlarım tanımadı.
Ayrıldıq kor-peşman,
mən qaldım öz suçuma sığınıb,
o getdi acımadan.

Bir söz seçdim
alnımın qırışı arasından,
gözlərim heç tanımadı.
Bir oxudum –
duadı,
bir oxudum –
ağıdı,
onu özümdən savayı
heç anlayan olmadı…

Bəyənib seçmədən
bir ömür yaşadım,
nə amacı,
nə anısı
heç yadımda qalmadı.

Həyatın dalanlarında

Biri yıxar ürəyi soyumaz,
biri acıyar göz yaşı cıxmaz.
Mən nə zorlu,
nə biçarəyəm,
həyatın dalanlarında
hələ cənnət şansı izindəyəm.

Bir dost ümid verib,
vədəsi tamamında
özü də yandırdı heç acımadan.
Başqa birisi
səbirli ol,
deyə-deyə
məzara çiynində apardı.

Amma kimsə bilmədi,
beş arşın bez əvəzinə
mən məzara belə
abrıma bükülüb,
sağ-salim getmək üçün
boşuna veyillənirəm
həyatın dalanlarında.

Azadlığın hakim olduğu yer

Küləyi görəndə əsmək,
uçağı görəndə uçmaq,
gəmini görəndə üzmək…

Boylu buludların arasıyla,
ulu suların içiylə
anidən qeybə qarışmaq…
Birdən təntimiş halda
qəflətdən baş qaldırıb,
nəfəsim kəsilir kimi
azadlığın hakim olduğu
bir doğma yerdə oyanmaq…

Yaşarkən inanıb,
ölürkən sağ qalmağa umudlanmaq…
Hər zaman bulmaq istədiyim,
hər dəfə itirdiyim
cənnəti qazanmaq şansıdı.

Gecikərsəm uçağa,
gəmiyə,
gül-çiçəyə qərq olan
bir səhrada oyanarsam
və susuzluqdan
dodaqlarından daman qanı yalayan
bir dəvə karvanını görüncə
ruhum atlanacaq qoşulub getməyə…

Bəlkə də
mənim yaşamağa,
hardan gəlib
hara getdiyimi anlamağa
haqqım və səbrim çatmayacaq,
irəli-geri arasında
düşünməyə də macalım olmayacaq…
Bir də dünyanın sınırına varanda
burası haradır,
deyə,
sormağa nə bir kəs,
nə də zamanım olacaq.

İsmarınc

Dost düşməni,
işıq qaranlığı tanımır,
ocaq öz tüstüsündə boğulur.
Qara taleli torpağın
uğrunda şəhid olanla,
onu məzarlığa çevirənin
fərqində olmadığı
bir günün ortamındayam.

Bezmədən yaşayıb,
hamı kimi öldüyündə
səni bir mumiya kimi
ürəyimdə saxlamağa çalışdım.
Heç ağlıma gəlməz
nə üçün və hardan gəlmişəm,
harda və kimin qulluğunda
usanmadan dayanmışam.

Bilmədən
sabah kiminçün açılır,
ocağı kim söndürüb gedib
və sən ürəyimdə nə yapırsan,
orda həyat varmı yenə…
Bir əlüstü xəbər göndər
özündən öncə,
ya mən vədəsiz ölüm,
ya gözləyim bezincə…

Ulu yolun sükutuyam

Mən Tanrının lal diliyəm,
hərə bildiyin anlayır.
Ağzımda sözüm quruyub,
hərə bir dildə oxuyur.

Səhranın kor bulağıyam,
dəvələr üfürüb içir.
Türkün vahim sorağıyam,
səsimdə yovşanlar bitir.

Ulu yolun sükutuyam,
izimdən fəryad boylanır.
İtmiş ruhumun quluyam,
kölgəmin könlü atlanır.

Məzarımın daşı diri,
yaramı gendən tanıram.
Hərdənbir boylanıb geri
dostumu düşmən buluram.

Mənim sadiq əzabım

Mənim sadiq əzabım,
ruhundayam sənin,
başını daşlara vursan,
əcəli tovlatsan da belə,
səndən yana ölmərəm.

Dilinin vərdişi,
ağzının sirriyəm,
dostdan gizlədib,
düşmənə açsan,
sırtımdan vursan da belə,
bu yaradan ölmərəm.

Bir yaşam xatirinə
insanın əbədi yetənəyidi
acımadan hər şeyi güdaza vermək.
Can hayında carpışanda belə,
həyat və ölüm duyğusu
vazkeçməz bir-birini
diri-diri torpağa gömməkdən.

Hər dəfə bir bəladan qurtulub
öz varlığıma sevinsəm belə,
sonum qüssə gətirər.
Elə bununcün də
səndən ya tez ölər,
ya da həyatdan bezənədək yaşaram.

Ruhumun icində,
adımın dışında,
sözgəlişi bir xatirə
məndən uzun yaşar,
xəbərim olmaz.
Pis günləri xatırlayanda
yaddaşım da inciməz.

Yolum o qədər səbirsizdi

Saatın ilkində və sonunda
olacağı gözlərkən,
geridə qalan həyəcan
sönmüş atəş rəngini xatırladar.

Yetişincə öz kölgəm:
həddən artıq səbirsizsən,
deyib,
qürrələnib məni tənbeh edir.
Başqa bir tükənmiş səbir
vecsiz bir arzuya
ürəyimdən getmənin
vaxtını xatırladar.

Yolum o qədər səbirsizdi,
bəzən heç vaxt da qalmır
gedib önündə yıxılacağım,
doyunca yaşayıb vərdiş edəcəyim
ünvanı soruşmağa.

Niyyətim bir səyyah qiyafəsində,
sanki mən də onun
öz aqibətindən incimiş
zavallı kölgəsiyəm.

Bir enişdə yıxılıb,
bir yoxuşda dizin-dizin sürünüb,
bir sıldırım önündə nəfəs dəririk.
Bir təhlükədən
anında qurtulub toxtayanda
hərdən üzünə baxıb deyirəm:
bir az ürəkli ol,
səbrini bas,
az qalıb,
onsuz da hər şey
vaxtında baş verəcək.

Amma hər dəfə
sözüm yerə düşəndə,
könlüm bir sözə dəyib qırılanda,
ya da havayı ölümə rastlarkən
min dəfə nahaq yerə
üşənib taleyimdən qaçmaq istərəm.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.