Könül AYDIN (NEHMƏTOVA)
– Heç bilmirəm neyləyim…
Başımı qaldırıb liftdəki ağsaçlı, ortaboylu adama baxdım. O da xırda, qıyıq gözlərini üzümə zilləmişdi. Yaşlı olduğu hiss olunsa da, üzündə bir dənə də qırış yoxdur. “Arsız adama oxşayır. İlişdim də…” – deyə düşünsəm də, dilim başqa söz dedi:
– Mənimləsiz?
– Bə kimnənəm? Səndən başqa adam var burda?!
“Mənimlə necə danışır ey… Elə bil çoxdan tanıyır. Di gəl də…”
– Onu demək istəyirəm də… Heç bilmirəm, necə yaşayım. Voobşe, yox e.., deginən mən yaşayırammı?
– Mən?
– Nə fərqi var kim? Dedim alim adamsan…
“A.. Haradan bildi elm adamı olduğumu?.. Yox… Ola bilməz, yəqin istehzayla deyir… Bəlkə ekstrasensdir? Nə desən olar. Elə görünüşü də birtəhərdir, qəribədir…” Səsindəki istehza xoşuma gəlmədiyindən üzümə bir az sərt ifadə verib başımı saldım aşağı, yəni “məni narahat eləmə.” Amma adam da o qədər həssas olana oxşamırdı. Çənəsi öz işindəyidi:
– Altmış il yaşadım, bir dərdə dərman ola bilmədim. (“Yaxşı ki, hələ qadın olduğumu nəzərə almağa mədəniyyəti çatır… Bu fikri acıqlananda bizimki daha sərt ifadə edir…”) Kimə nə elədim, razı qalan olmadı. Özümü bilə-bilə yedizdirdim bu acgöz dünyaya… Eh!… İnsanın nəfsi nəymiş, balam, nəymiş… Doğru oldum, əyri gördülər məni. Əyri oldum, dedilər, səndən düzü yoxdur, amma nəticə düz çıxmadı. Doğru oldum, hamı qaçdı məndən. Gördüm olmur, kişiyəm axı, gərək mənim də dostum-tanışım olsun. Dar gündə qapımı döyən olsun. Oldum əyri. E… Bilsən, nə həngamədir. Kef çəkdilər, ey… Mən də dedim, day dünyanın yiyəsi mənəm… “Dərə xəlvət, tülkü bəy”. Elə bildim, görən yoxdur, yedim də, yedizdirdim də. Amma demə, kim görməsə də, O görürmüş, O!.. – baş barmağı ilə yuxarını işarə etdi. Elə bildim, liftin tavanına kamera yerləşdiriblər, başımı qaldırıb yuxarı baxdım. Yox…
– Ora nə baxırsan? Orda kim var ki? Başımızın üstündəki O gözəgörünməzi deyirəm, ay alim, gözəgörünməzi…
“Of, yenə… Bu, mənə niyə istehza edir?”
– Hə?!.
– Hə! Çırpdı məni yerdən yerə. “Nə yemisən, turşulu aş”. Allah ölənlərinizə rəhmət eləsin, nənəmin sözü idi. – Biz anamıza “nənə” deyirdik.
– Allah rəhmət eləsin.
Gözləri doldu birdənbirə.
– Qocalıq da bir kopolu iş deyilmiş… – deyib əllərinin arxasıyla gözlərini ovxaladı. Sonra şalvarının yanlarına sildi əlinin arxasını.
– Hə, qızım, dedim, adam olum, adamlarım olsun. Adam nə gəzirmiş… Hamısı yal… Tövbə, Əstəğfrullah. Nə isə, Allah şeytana lənət eləsin. Yazıq şeytan, şeytanın nə günahı var?! Görəsən, indi yer üzündə diş qurdalamağa şeytan qalıb? Özümüz şeytanıq də… Şeytan qələt eləyir yanımızda. Şeytan istefaya çıxmış olar, həm də çoxdaaan… – deyib çənəsini irəli uzardaraq uzağı işarə etdi.
Liftin qapısı açıldı on altıncı mərtəbədə:
– Üzr istəyirəm, mən çatdım, – deyib saxta bir təəssüflə üzünə baxdım.
– Mən burada qalacam, rəhmətliyin qızı?! Damda yaşayan Karlson deyiləm a…
Gülmək tutdu məni. Elə indicə fikir verdim ki, deyilsə də, bir az oxşayır. “Adını yaxşı tapıb” düşüncəsi məni bir az da güldürdü. Amma onun çənəsi öz işindəydi yenə də:
– Gülmə, qızım, gülmə. Amma düzünü de, çox gülməli görünürəm?
– Yoox…
– Amma özümə gülməli görünürəm, – deyib yenə kövrəldi. “Görəsən, nədir dərdi? Gülməli mənəm ey, dərdsiz adam var indi?!”
– Bir az dur, sözümü tamamlayım, gedərsən. Vaxtını çox almaram. Bilirəm, o çolpalar səni gözləyir. Kişi kimi bütün günü çalışırsan.
– Nə bildiniz? Tanıyırsınız məni?
– A… Ayıb söhbət deyilmi? Qonşu deyilikmi?
– Qonşuyuq?
İndi o, mənə dəli kimi baxırdı.
– Qulağının dibində yaşamıram, burada?! – deyib qapıbir qonşuluğumu göstərdi.
– Bağışlayın, mən elə bilirdim, orada adam yaşamır.
– Bax, atan rəhmətlik. Gəldinmi mən deyənə? Axı nəyinə də lazım, biləsən ki, burda adam yaşayır. Sən de, mən yaşayırammı?! Bəs bayaqdan səndən soruşduğum nədir? Bayaqdan soruşmurammı, mən niyə yaşayıram? yaşayırammı? Amma bundan sonra yaşayacam..! Tapmışam – nə üçün yaşamalıyam. –İnsanların yaşamağı naminə. Bircə adamı da olsun, hər gün şəhərdə ucuz ölümlərə qurban verən avtobus qəzalarından xilas edə bilsəm, yaşamış olaram.
Təəccübləndim:
– Necə?
Bığının altında güldü. Başını saldı aşağı, elə bildim, nə isə utanılacaq bir söz deyəcək indi. Amma o, qarnını göstərdi:
– Görürsən, – əlini çəkdi mədəsinin üstünə, – maçalka sarımışam özümə.
Bir az da artıq heyrətləndim:
– Bu istidə?
– Nə edə bilərəm, vəzifəm tələb edir, – qürurla deyib barmağı ilə maçalkanın ora-burasını çimdiklədi.
– Anlamadım. Doğrusu, birinci dəfədir bunu tələb edən vəzifə görürəm.
– Görərsən bundan sonra, mən örnək olum şəhərə, gör necə yayılacaaq… Qərar verdim, bundan sonra hansı yolda daha çox avtobus qəzası olursa, minim o avtobuslara, adamların həyatını xilas edim. Yıxılan olanda, bəlkə birinin qolundan tuta bildim, – deyib acı-acı güldü.
Yaralı yerimə toxundu:
– Hə… Mən də yaman qorxuram avtobuslara minməkdən. Amma başqa çarəm nədir, işə getməliyəm. Dəli kimi sürülər. Neçə dəfə az qala qəzaya uğrayacaqdılar. Elə o güncə biri necə saxladısa avtobusu, kəlləmayallaq uçdum yerə.
– Əla!
– Nə əla!?
– Bildim… Səni qoruyacam elə birinci.
– Necə?
– Hər gün sən getdiyin avtobusa minib səni müşaiyət edəcəm.
“Bu kişi dəlidir, nədir?.. Düşmədimmi işə?!”
– Yox, yox, müəllim, təşəkkür edirəm. Olmaz belə şey.
– Sən rahatsız olma, – deyib yenə bığının altında anlamlı-anlamlı gülümsədi,- heç ruhun da xəbər tutmayacaq, nəinki yoldaşın. Bu, mənim insanlıq borcumdur. Çolpalara lazımsan hələ…
-Yaxşı, mən gedə bilərəmmi? – uşaqlar gözləyir, – deyib bu söhbəti kəsmək istədim.
– Əlbəttə. Əlbəttə. Bağışla, başını çox ağrıtdım.
– Əstəğfrullah.
– Sağ ol yenə də dinlədiyin üçün, – yenə başını aşağı saldı, amma bu dəfə qımışmadı, kədərləndi. Qaşlarını da örtük kimi saldı gölərinin üzərinə. Yazığım gəldi dərdini də bilmədiyim bu adama. Amma “əlimdə nə var ki..,” düşüncəsiylə öz qapımızı döydüm.
İçəri girən kimi ev yenə üstümə yeridiyindən səsimi atdım başıma, unutdum o adamı da…
Amma o gündən sonra bir müddət qapıdan çıxanda onun qapısına baxdım. Həm qüssəylə, həm təbəssümlə: “Məni qoruyacaqdı… Hm… Tanrı bilir, indi neçənci yuxudadır…” Yenə heç yerdə görmədim bir daha o adamı. “Bəlkə məni qara basmışdı? Bu evdə adam yaşayana oxşamır. Nə qapısı açılır, nə bir səs-səmir gəlir. Neçə ildir burada yaşayıram, tanıq olmadım heç… Ağlımı çaşdırıram, deyəsən, mən artıq fikirdən. Eh… Olsun da. Ağııllı adam var ki bu Yer üzündə?! “Kim demişdi: “Dünya böyük bir dəlixanadır”..?”
…Günlərin birində yenə mindim həmişə mindiyim avtobusa. Adi bir günün başlanğıcı… Avtobusda çox darıxdığımdan kitabı çantamdan çıxarıb, ixtiyari bir səhifədən oxumağa başladım. Avtobus düz asfaltda “dərə, təpə, düz gedirdi”… Amma nə edim, nə qədər adam səsini çıxarar. Abrımız da gedib. “La havlə vəla qüvvətə” deyib dodağımın altında kitaba qatdım başımı. Di gəl, avtobus qəfildəncə gəmi kimi necə ləngərlədisə, çantam qucağımdan düşdü yerə. Ağzı açıq olduğundan içində nə vardı töküldü. Əyilib toplamağa məşğul ikən avtobusun ləngərindən qorxan adamların səsi bürüdü içərini:
– Oy!..
– Ay!
– Vay!
– Yavaş sür də, a bala!
– Kartoşka aparmırsan ey!..
Amma səslərdən biri kəsdi bütün səsi:
– Donuz oğlu, donuz, matodromda deyilsən ey…
Nəhayət, əşyalarımı toplayıb qan-tərin içində dikəldim. Sərinləmək istədim, yaxamı silkələdim.
Avtobus bir az da betər ləngərlədi. Deyəsən, sürücü qeyzə gəlmişdi:
– Donuz atandır.., – qışqırıb arxaya döndü ki, ona söyən adamı görə bilsin.
– Gəlib indi səni tapdayaram. Qurban olasan adamlara.
– Kişisən, gəl.
Qadınlar oturacaqların tutacağından yapışıb yalvarmağa başladılar:
– Yoluna bax, ay bala, dalaşmayın, Tanrı xatirinə. İndi qəzaya düşəcəyik.
Kişi də səsini kəsmək istəmirdi:
– Haranın narkomanı var, əlinə sənəd verib oturdurlar sükan arxasında…
– Mənə deyirsən narkoman? İndi düşüb sənə sübut eləyəcəm narkomanın kim olmasını.
Elə bu anda içərini səs bürüdü:
– Yavaş ol, maşın!
– Maşın!
– Çıxdın üstünə… Maşın!..
Hamının diqqəti bircə şeyə yönəlmişdi. Qarşıya qəfil çıxan maşın bir toyuq kimi filin ayağı altında əziləcəkdi sanki. Heç kim özünü düşünə bilmədi. Avtobus qəfil necə dayandısa, bir də onu gördüm ki, oturduğum yerdən uçdum havaya. Gedirdim uça-uça, özüm də bilmirdim hara… Beynim təcrid oldu düşünməkdən. Çantam bir yana, kitabım bir yana, amma hara, bilmədim. Səsim başımı bürümüşdü. Nə qaşqırırdım, onu da bilmədim. Uçdum, uçdum, başıüstə harasa zərblə dəydim. Amma sanki balışa çırpıldı başım. Çırpıldığım yerdə dizi üstə düşdüm yerə heysiz, hərəkətsiz. Bircə dizimin ağrısını hiss elədim. Kimsə qolumdan tutub qaldırdı məni. Qalxdım. Əlimi tutdum üzümə, hönkürdüm. Ətrafda nə baş verdi, kim nə haldadır, heç nə anlamırdım. Ancaq ağalyırdım. “Çolpalara lazımsan hələ…” Yadıma düşdükcə bir az da hündürdən hönkürüdüm. Kimsə önümdə durmuşdu, nəfəsini hiss edirdim. Əlimdən tutub üzümdən çəkdi. Əlinin sərt arxası ilə sildi göz yaşlarımı. Yağışdan islanan pəncərənin quruduğu kimi, ətraf aləm aydınlaşdı gözlərimdə. Gözümü qaldırıb baxınca heyrətimdən donub qaldım. O idi – mənə xilaskar olmaq istəyən adam… O idi – mənim “xəyali” qonşum…
Amma xəyal deyildi. Başımı sıxdı köksünə. Pıçıldadı:
– Şükür sənə, İlahi. Mən yaşayırmışam…
Başını qaldırdı yuxarı, gözləri ilə kimisə arayırmış kimi. Mən də…
– O gözəgörünməzi deyirəm, alim.
Təbəssümlə üzümə baxdı. Hıçqıra-hıçqıra güldüm…