Ana səhifə SÖYLƏŞİLƏR “Qağa, ürəyində qalan nə var? – Çox şey…”

“Qağa, ürəyində qalan nə var? – Çox şey…”

Müəllif: Bizim Yazı
1. 350 baxış

Zelimxan Yaqub_-_Nigar I.“Yoldayam gəlirəm, Niyar…”

Zəlimxan Yaqub: “Narahat olmayın, yaxşıyam…”
Təbrizdə, kilim üstündə saz çalırdı bir şair, ayağı yalın, gözləri yumulu. Ocağı gur yanan kənd evimizin dünyaya açılan pəncərəsi olan köhnə televizorumuzun qarşısına dikilib ailəlikcə seyr edirdik. Savaşda olduğu üçün yolunu dörd gözlə gözlədiyimiz zabit qardaşım içəri girdi. Yerindən qalxmaq istəyən Anamın boynunu qucaqlayıb:

-Ay Ana, bu kimdir?
-Zəlimxan Yaqubdur ay oğul, Təbrizdə qonaqdır.
-Ana, bu adamın saz çalmağı da varmıydı?
-Görmürsənmi a bala, nə yanıqlı çalır.
-Ana ay Ana, Atama de, mənim toyuma bu adamı çağırsın. Elə bu havanı çalsa bəsimdir…”

Məmnunluqdan dodağı qaçan Anamın nə dediyi yadımda deyil amma bizim ailənin Zəlimxan sevdası o arzuyla başlamışdı. Vüqarın toyundan çox Zəlimxanın gələcəyi düşüncəsiydi bizi həyəcanlandıran.
İllər keçdi, mənim zabit qardaşım Qarabağ döyüşlərində şəhid oldu. Evimizdən şairin adı kirimişicə yığışdırıldı.

Mən böyüdüm. İllər məni ona yaxınlaşdırdı. “Niyar” dedi adıma, yazılarımı oxudu. Bəzən bəyəndi, bəzən çağırıb məsləhətlərini verdi. Bir gün də mən sevdiyimlə gedib əlini öpdüm, “şair, düyünüm var, buyur, gəl, ağsaqqallığını elə” dedim.
Xəstəydi, halsızdı, amma toyun başlamağına az qalmış məni yığdı:
“-Yoldayam, gəlirəm, Niyar” dedi.

Gəldi. Bütün məclisi başına topladı, qol götürüb oynadı. Mən ağ gəlinlikdə, anam da illərdir əynindən çıxarmadığı qara geyimində kənardanca seyr elədi şairi. Nə illah elədim yaxına getmədi. Bir Anam bildi, Bir Allah bildi, bir də mən bildim nə çəkdiyimizi….
İki gün əvvəlki ziyarətimdə bu əhvalatı danışdım. “Ay qağa”dedim “sənin yerin ayrıdır”dedim. “A Niyar yaz bunu. Bu söhbətimizin əvvəlinə yaz”dedi.
“Baş üstə” dedim ay qağa, baş üstə. Yetər ki, sən istə, yetər ki, sən danış bizdən.
Dedi, yazdım. İndi də söhbətimizi dinləyin:

Halınızı soruşsaq, ay qağa…
-Vallah yaxşıyam. Ruhum çox yaxşıdır. Elə indi unudulmaz tənqidçi, ədəbiyyatşünas, alim Arif Əmrahoğlunun xatirə günündən gəlirəm.
Axı mənim ruhum Sözdür, sözün üstündədir.
Sözlə bağlı olan adamı heç nə yıxa bilmir. Söz ruhdur.

Saz necə?
-İstədiyim kimi çala bilmirəm. Neçə dəfə məcbur eləyiblər çal, alınmayıb. Axı gərək əlin, gözün, ürəyin əvvəlki hərəkəti üst-üstə düşə. Hələ ki, sazla küsülüyük, görək nə vaxt barışırıq.

Səhhətinizlə bağlı həkimlər nə deyir?
-Allah qoysa dekabr ayının dördü yenə gedəcəm Almaniyaya, həkimlər son sözü onda deyəcəklər. Narahat olmayın, yaxşıyam. Onsuz da məni bütün vəziyyətlərdən ruh çıxarıb, bədən yox. Namərddi bədən.

Bu, bir ömür boyu belə olub, eləmi?
-Mən fiziki olaraq çox sağlam olmuşam. Birdən-birə bu böyrək məsələsi ortaya çıxıb məni əydi, sındırdı. O da ruhumu yox a, bədənimi. Yaxşı ki, ruhumuz, ürəyimiz var, yaxşı ki, Sözümüz var, yaxşı ki, ədəbiyyatımız və yaxşı adamlarımız var. Onlar məni yaşadır.

Bədən ruha yükdümü?
-Əlbəttə. Yaxşı olardı ki, ruh olaydı, bədən olmayaydı. Orda hər şey var.

-Ruhu hər göz görəmmir axı…
-Görücülüyün olmalıdır. Həm dünəni görməli, həm gələcəyə boylanmalısan. Bax indi mənim qarşımda bir qəzet var, mən burda İsa Hüseynova bəlkə də son iyirmi ildə yazmadığım qədər çox güclü və canlı bir əsər həsr elədim, ”Ün” adında. Bu əsərin sonluğunda bir yer var, İsa Hüseynova müraciətlə deyir ki:

əmimsənmi, dayımsanmı,
ilahidən enib gələn,
ən müqəddəs payımsanmı,
atamsanmı, anamsanmı,
elimsənmi, obamsanmı,
əziz ustadımız,
heç kim deməsin ki,
sən hardasan.
Mən də o dərələrdən
mən də saf ağlardanam.
Biz birik, bir adamıq.
İnsana, insanlığa,
gələcəyə niyyətdə,
vuruşub əlləşirik,
mən ölüm ayağında,
sənsə əbədiyyətdə…

O qeyri-adi adam idi, qeyri-adi yazıçıydı. Qeyri-adi şəxsiyyətiydi. Onun yazdığı əsərləri mən bir də oxudum. Gördüm ki, mənim 2014-cü ildə ən böyük itkim İsa Hüseynovun ölümü, ən böyük qazancım onun haqqında yazdığım bu əsər olub. Fəxr edirəm ki, onun yaradcılığını əzbər bilirəm. Evində çox olmuşam. A qızım, o çox təbii adamıydı. Onun sinəsində yazılmamış çox əsər getdi. Yaşı səksən altını keçmişdi amma beyni həmin beyiniydi. Mən “İdeal” əsərini iki dəfə oxumuşam. Bax o gördüyün ağ rəngli kitabların hamısı Nobel mükafatına layiq görülüb amma İsa Hüseynovdan dünyada yoxdur. Onun müşahidələri çox güclüydü. O oxucunun gözünə bir eynək tuturdu, sən də baxırdın ki, bu eynəkdir. Amma bir az keçir, fərqinə varırsan ki, yox o eynək deyil əslində kainatdır. Oxucunun gözünə tutur gör, deyə. Hünərin var, bax, dünyanı gör! Çamcı çamına baxanda bütün dünya görünən kimi onun əsərləri də eləcə güzgü tuturdu, oxucusunun gözünə.

Arxasınca kim gəlir?
-Heç kim. Onun yeri boş qalacaq.
Bilirsən necəydi, onunla danışanda elə bilirdin əminlə, dayınla danışırsan. Mənim yazdığım “Ün” əsəri bütün mətbuatın da diqqətini çəkdi. Demək istədiyim odur ki, insanın böyüklüyü onun səmimiyyətindədir. Bax, indi görüşmüşük səninlə. Mənə elə gəlir ki, biz bir-birimizə açılmırıq, bağlı gedirik bu dünyadan. Çox sirrlərimiz içimizdə qalır.

Niyə? Bir-birimizi sirrlərimizi etibar edəcək qədər tanımırıqmı ki?
-Yox.

Axı bu, gördüyüm gözdür, eşitdiyim səsdir…
-Nolsun? Bax mən böyük yazıçı, böyük mütəfəkkir İsa Hüseynovla çox doğma olmuşam, dəfələrlə evinə qonaq getmişəm, özü də istər Ağstafada, istərsə də Bakıdakı evində. Onu ən çox tanıyan məniydim amma o dünyadan köçüb gedəndən sonra gördüm ki, açılmamış getdi. Özü də torpağı istəsin, məni yaman çox istəyirdi. Görürəm ki, yazıçılar, şairlər bir-biri üçün açıla bilmir. Çox sirrlər qapalı qalır.

Nədir səbəbi?
-Bildiyimiz və bilmədiyimiz çox şeylər.

Ay qağa, insanın dərdi nədir?
-Çoxdur insanın dərdi.

Qarnının ağrısı nədir bəs?
-Deməklə qurtaran deyil. Bir söz var e, deyir “qarnında atlar təpişir”. İnsanın qarnında doğrudan da atlar təpişir. Çox şeylər yarımçıq qalır. Və dediyimiz şeyləri eləyə bilməyəndə onun hamısı bədənə yük olur, ağır gəlir.

Vay o gündən ki, qurdlar təpişə, yenə atlara şükür.
-Əlbəttə. Həm də cəmiyyətdə:

Çaqqal ular, it hürüyər, qurd qapar,
göy çəməndə ceyran olmaq gözəldir,
Gözəlliyin qarşısında diz çöküb,
gözəllərə heyran olmaz gözəldi”.

Heyran olmaq, gözəl şeyləri görmək insanı gözəlləşdirir. Çirkin şeyləri görəndə istər-istəməz yuvarlanırsan o çirkinliklərin arxasınca.

Ay qağa, neçə yaşınız var?
-65 olacaq yanvarın 21-də.

Bu 65 ildə ən yaxın dostunuz kim olub?
-Telli saz. Bəxtiyar deyir ki:

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
mənə çox mətləbləri ahəstəcə qandırdı muğam”.

Şəhriyar deyir ki:

Sızlayır əhvalıma sübhə qədər tarım mənim,
təkcə tarımdır qara günlərdə dildarım mənim.
Yaxşı dostlarım vardı, yaman gün gəzən,
yardan özgə qalmadı yarı vəfadarım mənim.
Şəhriyaram, gərçi mən söz mülkünün sultanıyam,
gözyaşımdan başqa yoxdur dürrü şəhvarım mənim.

Bizim yoldaşımız, dostumuz, vəfalımız göz yaşıdır, ürəkdir, çaldığımız musiqi alətidir, anamızın dünyasıdır.

Bəs bu 65 ildə xanım nə iş görürdü?
-Oxuduğum, yaratdığım nə varsa hamısı onun hünəridir. O olmasaydı bəlkə də mən yazıb-yarada bilməzdim. Yaradıcı adam üçün həyat yoldaşı çox lazımlıdır. Çünki onsuz sən o dediyin şeyləri yarada bilməzsən.

Uşaqlar?
-Onların da hərəsinin öz sənəti var. Ailələri, övladları var. Hərəsi də biri-brindən gözəl.

Bardağı daşıran olmadı ki, bu ömürdə?
– (bir az düşünür) Yox! Övladlarım da vəfalı oldu, xanımım da. Yazdıqlarım xalqın dilində əzbər oldu. Yaxşı əsərlər yazdım-yaratdım. Ömrümü ədəbiyyata verdim. Hamısı xalqın dilində əzbər oldu. Ona çox sevindim, çox şad oldum. Yüz adam yüz kitab yazsın, hamısı dilər əzbəri olmur ki. Bu, hər adamın hünəri deyil. O yerdə ki, sənin yazdığını xalq sevir, deməli sən xoşbəxtsən.

-Bəs sizə görə bu məqamın səbəbi nədir? Deyir ustad şəyirdinə hər şeyi öyrədir bircə fənddən başqa…
-Mənim xalqla bağlılığım çox güclü olub. Bax elə dünən özüm can üstündəydim, qalxıb çopur (aşıq) Ələsgərin yas yerinə getdim. Çünki gözəl sənətkarıydı, ədəbiyyatımızı gözəl bilirdi. Onun o qədər konsertlərində olmuşam ki. Necə getməyim? Haqqı var, o haqqı da qaytarmalısan. Mən nə qədər gücüm çatdısa o qədər xalqın içində oldum. Heç vaxt özümü dartmadım, rəsmiləşmədim. Həmişə xalqla bir oldum, xalq da məni öz balası kimi bağrına basdı.

Sözün gücü nədədir?
-Onun səmimiyyətində. Bax:

Göy otun üstündə kəsin quzunu,
kabab sulanmamış səpin duzunu,
Qaxey şərabıyla kəl buynuzunu,
Doldurun bir hala, gətirin mənə…
Sevirəm Tiflisi sevirəm ancaq,
öləndə Qazaxdan götürün məni…

Gör nə gözəldir. Hüseyn Arif belə deyir.

Gəl çıxaq seyrinə uca dağların,
çəmən olan yerdə xalça nə lazım,
içək sularından buz bulaqların,
lilpar olan yerdə dolça nə lazım…

Söz səmimi deyilirsə, şirin deyilirsə, bu hökmən yayılacaq, dillər əzbəri olacaq. Söz təbii olanda böyük olur, onu öldürmək olmur. Niyə Ələsgər hər gün yaşayır? Səməd Vurğun hər gün yaşayır?

Bu gün səmimi olan kimimiz var?
-Çox az qalıb.

Yeni yazanların dərdi nədir?
-Onlar dili bilmirlər. Xalqı xor görürlər, yuxarıdan aşağı baxırlar.

Bilmək üçün də cəhd eləmirlər, eləmi?
-İndinin dərdi bir on-on beş il sonra bilinəcək ki, biz nələr itirmişik. Məhəbbət itirmişik, səmimiyyət itirmişik, gözəllik itirmişik. Şövkət Ələkbərova oxuyurdu e “qadanalım” deyirdi. Amma xalq deyəndə “qadan (sağırnun)alım deyir, elə bilirsən yağ-baldır, atanın-ananın sözüdür.

-Sona xanım Vəliyeva müdirim olduğuna görə yaradıcılığını oxumurdum, elə bilirdim oxusam diqqətimi çəkər, mədh eləməkdən özümü saxlaya bilmərəm, bu da mənim dəliliyimə sığmaz. Bir gün “Arazbarı” şeirlər kitabını vərəqlədim, kefli İsgəndərə bir şeiri vardı orda. Üzünü ona tutub :
“Bir də bacın qurban,
ta içmə” deyirdi.
Bax o məqam mənim üçün bütün sözlərin deyildiyi an idi. Ondan sonra qalaq-qalaq kitablarını oxusam da o səmimiyyət mənə hər şeyi demişdi. Sözüm ondadır ki, bizim cəmiyyətin səmimiyyətə ehtiyacı var. Elə isə niyə yaradıcılığımızda bundan qaçırıq?

-Səmimiyyət elə bir şeydir ki, onu zorla kiməsə alıb verə bilməzsən. O Allahdan insanın ürəyinə gəlməlidir, ürək başdan-başa səmimiyyətlə dolmalıdır.

Niyə bu qədər kütləviləşib?
-Çünki dünya bu saat əxlaqsızlığa doğru gedir.

Biz niyə gedirik?
-Bu qloballaşma deyilən şey var ha, bax xalqların evini yıxan odur. Televizora baxırsan ata oğulu, gəlin ərini bıçaqlayıb öldürür. Bunun səbəbi də səmimiyyətin olmamasıdır.

Çarəsi yenə ədəbiyyatda deyilmi?
-Sözdədir.

Cəmiyyətdə SÖZ pulla satın alınır axı. Sifarişlə kitablar yazılır, sifarişlə “şair” olunur…
-Çox pis. Bu gün elə adamlar haqqında elə məqalələr yazılır ki, adamın əti tökülür. O yaşamayacaq. Neçə ki, sağdır, pulu var birtəhər sürünəcək, amma öləndən sonra özündən əvvəl əsərləri öləcək. O cür adamlar bilsin ki, ədəbiyyatla zarafat eləmək olmaz. Çünki ədəbiyyat sözdür, söz də Allahın ən böyük nemətidir, yamaq götürmür. Və götürməyəcək də. O adamlar axırda peşman olacaqlar.

-İnşallah. Mən inanıram ki, sabah kənddən-kəsəkdən yovşan qoxuyan bir şair gəlib Türkün ən böyük şairi olacaq. İndi ədəbiyyatımız zir-zibillə doludur. Ay qağa, bu asların, ağsaqqalların bir hücumu, bir həmləsi yoxdumu?
-O ağsaqqal dediyin adamlardan kim qalıb?

Siz.
-Olsun mənim kimi beş nəfər olsun. O beş nəfərlə Məmməd Araz demişkən, dünya düzəlmir. Ədəbiyyatımızın vəziyyətini düzəltmək üçün böyük şəxsiyyətlərdən biri gəlməlidir.

Bu bulaşıqda, bu qarğaşada gələcəkmi?
-Gələcək. Mənim buna qəti inamım var. Sözün qəhrini çəkən adamlar gələcək.

-Türk Dünyasında necə, sizin ürəyinizdən tikan çıxaran yazarlar varmı?
-Mənim Türk Dünyasında ən böyük yazıçım Çingiz Aytmatovdur. Mən onun bütün yaradıcılığını əzbər bilirəm, özüylə də görüşlərim olub.

-Ən axırıncı əlaqələriniz kimlərlədir?
-Elə-belə də yazarsan. Çoxdur.

Bəs sadə camaatdan necə? Gəlib-gedən varmı? Bu gəlişlər sizi yormur ki?
-Əsla. Hər gəliş mənim üçün bir ziyarətdir, bir böyüklükdür, bir səmimiyyətdir, bir ucalıqdır. Məni yaşadan onlardır.

Mövlana deyir sözdən ağırı yoxdur. Sözün gücdən düşdüyü yerdimi? Yoxsa gücünün artdığı yerdimi?
-Gücləndiyi və zəiflədiyi məqamlar da var. Amma mən sözün öz gücünü göstərəcəyinə inanıram. Çünki SÖZ Allahın nemətidir, bəndənin deyil. Yaradanındır, yaradılışın deyil.

SÖZ deyə bilməkdimi məsələ, deməyə cəhd eləməkdimi?
-Deyə bilməkdir, cəhd eləmək ayrı şeydir. Çox adam cəhd eləyər amma sözü gərək deyəsən.

Demək üçün hünər lazımdır, eləmi?
-Dünyanı yaxşı bilməlisən. Elə təkcə Mövlananı bilməyə bir ömür yetmir, Yunusu bilməyə bir ömür yetmir, eləcə də Fizulini.

Yunus deyir, bilənlərə salam olsun. Bildiyiniz kimdir?
-Dünyanın nadir adamlarından biriydi ki, özü dünyadan gedir, qalanlara salam göndərir. 800 ildir ki, yaşayır, bundan sonra da yaşayacaq.

Dərviş olmaqdırmı məsələ? Nəyin dərvişi, kimin dərvişi?
-Sözün.

Yükü ağır döymü?
-Ağırdır. Amma o ağırlığı götürəndə insan böyük olur.

Sənin ağırlığını, yükünü başqaları çəkəmmirsə yolunu təkmi gedirsən?
-Mən tək gedirəm. Şəhriyar demiş:

Məndən aşağı kimsə yox,
ondan da yuxarı…

Ya itirdiklərin?
-Çox şey itirmişəm, səhhətimi itirmişəm. Amma sözü qazanmışam. Qazandığım ədəbiyyat olub, cild-cild kitablarım olub. Anam qədər sevdiyim kitabxanam olub.

Allahın yanına getməyə söz bəsdimi?
-Bəsdir. Ondan böyük heç nə yoxdur. Allahın yanına ancaq sözlə getmək olar.

Bayaqdan diqqət eləyirəm, elə anam-anam deyirsiniz. Sizinçün dəyər ölçüsü Anadır, ki, mənim üçün də elədir, Allahın verdiyinə şükür. Bir az Anadan danışaqmı? Yeri haradır, hara göynəyir?
-Ürəyimin başı. Ananın yeri cənnətdir, ürəyimin başıdır, gözümün işığıdır. Bu gün də 82 yaşı var, amma gecəsi-gündüzü mənimlə bağlıdır.

Harda yaşayır?
-Burdaydı, kəndə getdi. Kəndə bu saat qar yağıb, yağış yağıb. Hava təmiz, su təmiz.

Allah uzun ömür versin. Ay qağa, bir az da gözəllərdən danışaqmı?
-Gözəllərdən mən nə danışım, onlardan Allah danışıb da.

yüz işvəli, yüz qəmzəli,
hər sözü duzlu, məzəli,
sərxoşdur, dünya gözəli,
dünya onun nə vecinə,
başı buluddan yuxarı,
dərya onun nə vecinə?” (Hüseyn Arif);

Gözəllər, gözəllər, bu necə işdir,
qiyməti şöhrətə ada verdiniz,
kədəri yaxının üstünə atıb,
sevinci aparıb yada verdiniz”.

Ana isə gözəl döyül, ana gözəllərin gözəlidir. Yenə Hüseyn Arifdən deyəcəm:

“özüm də bilmirəm, Hüseyn, niyə,
başımın tüstüsü çəkilir göyə.
Torpaqmı anasız qalmasın deyə,
Torpağın qoynuna köçür Analar…

Elə bir məqam elə bir detal varmı ki, deyəsiniz, mən bunu xalqa ötürmək istədim amma ötürəmmədim, vaxtım olmadı?
-Çox şeylər oldu, çox. Biz Anamıza, Allahımıza, ədəbiyyatımıza, sözümüzə vicdanla xidmət eləməliyik. Onda böyük oluruq.

Eləyə bilirikmi?
-Başqalarını bilmirəm, mən eləyirəm.

Gözəllərdən uzaq düşdük. Hansı cavana baxırsan öz eşqini Zəlimxan şeirlərilə etiraf eləyir sevdiyinə. Hər sevgilinin “bir yaşıl ağacı” var indi…
-Dünyaya yüzlərlə, minlərlə şair gəlib. Bu yaşıl ağac da olub, onun altındakı sevgililər də. Amma dünyaya bir şair gəlib və deyib ki:

Atəş Allahındır, isti Allahın,
ocaq Allahındır, tüstü Allahın.
Bu yaşıl ağacın üstü Allahın,
bu yaşıl ağacın altı bizimdir”.

Ay qağa, o “biz” kimdir?
-(gülür) Yox, sən elə dərinə getmə.

(Elə bu əsnada yerindən qalxıb bizə çay gətirir. Xanımının müsahibəmizə qoşulmaq istəmədiyini bildirir. Onun əlindən çay içmək deyəsən mənimlə birlikdə görüşə gələn Könül Səidi həyəcanlandırır. Şair gözəllərin, Könülsə çayın şəninə tərif deyəndən sonra söhbətimiz məcrasını dəyişir)

Bizim sizinlə axırıncı söhbətimizi oxucular çox maraqla qarşılamışdı. Demişdiniz ki, “Qızıl Alma” poemasını tamamlamaq üzrəsiniz. .
-Poema bitdi də kitab kimi çap da olundu.
O adlı əsəri ilk dəfə Ziya Gökalp yazıb. Amma mənim yazdığım “Turan” poemasında Qızıl Alma əsəri ayrıca fəsildir və mən onu çox sevirəm. Çünki Türk dünyasını sevən adam ola bilməz ki, Qızıl Almanı sevməsin.

Bizim Qızıl Alma haradır? Qarabağ demək olarmı?
-Yox. Qarabağ Qızıl Alma üçün çox balacadır. Qızıl Alma bütün Türk Ddünyasıdır, Turan Dünyasıdır. Altaydan Anadoluya, Anadoludan Altaya nə qədər sevdiyimiz yer varsa Qızıl Alma odur.

Çoxmu var o günə?
-Hələ çəkəcək.

Türkiyəlilər deyir ki, biz türkçülüyü deyirik, siz yaşayırsınız. Amma adının nə olduğunu bilmirsiniz. Biz niyə qalxıb hayqırmırıq? “Axı bu ideologiyanın atası mənim Əli bəy Hüseynzadəmdir” demirik. Bizim bunları bağıra-bağıra demək üçün nəyimiz çatmır?
-Bizim o 26-cı ildəki Türkoloji Qurultayımız oldu ha, onda Yer üzündə nə qədər türk deyən kişilər vardısa hamısını məhv elədilər. Buna baxmayaraq biz yaşadıq, biz ucaldıq. Biz Türk ruhunu türkiyəlilərdən yaxşı qoruyuruq. Bununla fəxr eləməliyik. Fikir verin, Yer üzündə bir İsmayıl Qaspıralı var, Krımda doğulub. Əli Bəy Hüseynzadə harda doğulub? Salyanda. Bizim o tərəfimizdə.
Düşmənlərimiz çoxdur, biz böyük düşmənlərin əhatəsindəyik. Onlar imkan vermir ki, istədiyimizi eləyək. Biz çox böyük çətinliklər çəkirik. Çəkə-çəkə bunları yaşayırıq. Biz balaca dövlətik. Amma mənəviyyatımız böyükdür, içərimiz böyükdür. Dünyaya baxışımız böyükdür. Türkiyənin böyük şəxsiyyətlərinin çoxu Azərbaycandan, Orta Asiyadan gələnlərdir. Mövlana, Şəms, Yunus hardan gəliblər? Biz gördüklərimizdən, eşitdiklərimizdən çox böyüyük. O böyüklüyü qoruyub saxlamaq üçün sağlam olmalıyıq. O sağlamlıq ki, cismə yox, ruha bağlıdır.

Ay qağa, biz 60-cı illərdən, əsrin əvvəllərindən Əhməd Cavadların, Hüseyn Cavidlərin yerini doldura bildikmi? Bilmədiksə də ümid varmı?
-Hər bir böyük şəxsiyyət əvəzedilməzdir. Onların hamısı bizim and yerimizdir, səcdə edirik. Onlar bizim taleyimizdir, yolumuzu cızdılar. Ki, hardan gəlirik, hara getməliyik.

Ürəyimizdəki tikanları necə çıxara bilərik?
-Bizim ürəyimizdə elə tikanlar var ki, onlar heç vaxt çıxmayacaq. Çünki çox adamların qədrini bilməmişik, onlar da ürəyimizdə yaraya çevrilib.

Kimlərin?
-Elə Hüseyn Cavidin özü. Bir az çəkmək kifayətdir. Əhməd Cavad, Müşfiq, elə hamısı…
Bu adlar xalqın böyük adamlarıdılar.

Ah mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim…

deyir Müşfiq. Və ya Cavidin:

Kəssə hər kim tökülən qan izini
Qurtaran dahi odur Yer üzünü…

Peyğəmbər sözüdür. Onlar bizim peyğəmbərimizdilər, xalqındılar və biz onlara zaman-zaman and içməliyik. Ədəbiyyatın peyğəmbəridilər.

Qara Dənizi Əhməd Cavad qədər vəsf eləyən oldumu?
-Yox! “Çırpınırdın, Qara Ddəniz” bəs eləyir. Türkiyədə hara ayaq bassan o mahnı oxunur.
Mən sizə bir həqiqəti deyim. Çıx yola, istənilən adamdan mənim şeirimi soruş. İstənilən adam məndən bir bənd deyəcək. Bax xalqla bütünləşmək budur.

Qağa, ürəyində qalan nə var?
-Çox şey, indi yorğunam. İnşallah Allah imkan versin gələn görüşlərimizdə deyəcəm. İndi dediklərim demək istədiklərimin milyondan biridir. Sona xanıma, qəzetinizin, informasiya agentliyinizin kollektivinə salamlarımı çatdır.

Nigar İsfəndiyarqızı/KASPİ.AZ

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.