Ana səhifə TÜRK DÜNYASI Qəbələ – qədim Alban paytaxtı, Azərbaycan şəhəri!

Qəbələ – qədim Alban paytaxtı, Azərbaycan şəhəri!

Müəllif: Bizim Yazı
2. 154 baxış

Aynurə N. PAŞAYEVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
kiçik elmi işçisi

Qəbələ Azərbaycanda turizm mədəniyyətinin ən yüksək inkişaf elədiyi bölgələrdən biridir. Hər il minlərlə turist Qəbələnin əsrarəngiz təbiətini seyr etmək üçün bu əraziyə səfər edir. Qəbələ miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eranın I əsrindən etibarən yazılı qaynaqlarda adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Alban hökmdarlarının baş iqamətgahı burada yerləşib. Dünyanın Babil, Troya, Karfagen kimi böyük siyasi – iqtisadi strateji şəhərləri ilə eyni sırada olub. Eradan əvvəl 60- cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməyiblər. Sasanilər dövründə Qəbələ çox böyük ticarət və sənətkarlıq mərkəzi olub. Xilafət dövründə də şəhər ticarət və sənətkarlıq mərkəzi kimi əhəmiyyətini qoruyub saxlayıb. XIII əsrdə monqolların hücumu zamanı tənəzzülə uğrasa da, sonralar yenidən dirçəlib. XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirməyə başlayınca, əhali də tədricən buradan köçüb. Qədim şəhərin böyük hissəsi torpağın altında qalıb. Yer üstünə çıxmış parçalar isə qalanın cənub darvazalarıdır. Təxminən 9 əsrə qədər Qafqaz Albaniyasına paytaxt olmuş qədim Qəbələ indiki rayon mərkəzindən 20 km şimal – şərqdə, indiki Çuxur Qəbələ kəndi yaxınlığında yerləşirdi. Antik şəhərin xarabaları mərkəzdən 15 km məsafədə Qaraçay və Covurluçay çaylarının arasındakı ərazidədir. 461 – ci ildə Sasani üsul idarəsindən sonra paytaxt Bərdəyə köçürülsə də, Qəbələ aktiv şəhər həyatını yaşamağa davam edib. Qədim Qəbələnin xatirəsi olan möhtəşəm Qala divarları da məhz həmin dönəmdə inşa edilib. Arxeoloji qazıntılardan əldə edilən materiallar e.ə. IV – III minilliklərindən XVIII əsrə qədər yaşamış qədim Qəbələnin Qafqazda ən iri və inkişaf etmiş, böyük inzibati, ticarət – sənət mərkəzlərindən biri olduğunu göstərir.Bu şəhər (Qəbələ) vaxtilə 600 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Burada antik şəhərin və Qafqaz Albaniyasının baş darvazalarının qalıqları hələ də qalmaqdadır. Çuxur Qəbələ kəndinin yaxınlığında aparılan qazıntılar təsdiq edir ki, IV-III əsrlərdən başlayaraq ta XVIII əsrədək Qəbələ inkişaf etmiş ticarəti olan iri şəhərlərdən biri, sənətkarlıq mərkəzi olmuşdur.

Gözəl təbiət və inkişaf etmiş turizm infrastrukturu hər il minlərlə turisti Qəbələyə cəlb edir. Qəbələ ölkənin ən mənzərəli, zəngin, turizm cənnəti rayonlarından biri hesab olunur. Bu cür gözəlliyə və təbiətə zərbə vuran Qəbələ RLS-in son illərdə öz fəaliyyətini dayandırması təbiətə, həm də insan sağlamlığına ciddi zərər vurmaq təhlükəsini da aradan qaldırmışdı.
Qəbələni zəngin ekoturizm ehtiyatlarına malik bölgə adlandırsaq, daha doğru olardı. Çünki ekoturizm ehtiyatlarına- təbiət abidələri (geoloji, hidroloji, flora və fauna abidələri), ekzotik landşaft, meşəlik ərazilər, Milli parklar və dağ ekosistemlərinin hamısı xəritədə kiçik görünən bu ərazidə cəmləşib. Qəbələdə hələ istifadə olunmamış turizm ehtiyatları da qalmaqdadır. Turizm sektorunun növlərindən olan – mədəni, biznes, sağlamlıq, ekoloji, istirahət və əyləncə, dağ, qış və xizək, çimərlik, idman, turizm, kənd yaşıl, ov, tarix, dini turizm növlərinin hamısının Qəbələdə cəmləşdiyini desək, yanılmarıq.
Qəbələdə mədəni turizm sahəsinin inkişafına nümunə kimi Qəbələdə keçirilən müxtəlif yönlü festivalları göstəmək olar. Heydər Əliyev Fondu 2009-cu ildən başalayaraq hər il Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı keçirir. 2010-cu ildən bu yana keçirilən Qəbələ Beynəlxalq musiqi festivalları çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, muğam, klassik, kamera, caz, vokal musiqisi konsertləri təşkil olunur. Festivallarda dünyanın bir çox ölkələrindən tanınmış musiqiçilər, dünya şöhrətli simfonik və filarmonik orkestrlər çıxış edirlər (1). Təsadüfi deyil ki, məşhur Beltman holland nişanı altında pianino istehsalı üzrə fabrik məhz Qəbələdə fəaliyyət göstərir.
Azərbaycan kulinariyasında xüsusi yer tutan mürəbbə Qəbələ mətbəxində özünəməxsus, çoxçeşidli növləri ilə seçilir. «24 avqust 2014-cü ildə Qəbələ rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin və Milli Kulinariya Assosiasiyasının birgə təşkil etdikləri mürəbbə festivalı Qəbələ şəhərindəki «Qafqaz Karvansaray» otelində reallaşdırılıb. Festivalı izləyənlər arasında bir neçə ölkənin Azərbaycandakı səfirləri, mədəniyyət və incəsənət xadimləri, üç mindən çox yerli və xarici turistlər olub. Qonaqlar hər bir rayonun şirniyyatçılarının hazırladıqları süfrələrə yaxınlaşaraq samovar çayı ilə müxtəlif çeşiddə olan mürəbbələrin dadına baxıblar» (2).
Sağlamlıq turizmi Azərbaycanın digər bölgələri kimi Qəbələdə də həm ənənəvi, həm də müasir müalicə imkanları baxımından özünə yer seçib. Ölkədə isti və mineral bulaqların sayı minlərcədir. Qalın meşələri, yeraltı suları ilə zəngin olan Qəbələnin Yengicə kəndində yerləşən Yengicə istisuyu sinir-oynaq, ekzema, müxtəlif dəri xəstəlikləri və başqa xəstəliklərin müalicəsində əhəmiyyətə malik kükürdlü mineral sudur. Yerli sakinlərin rəvayətinə görə, vaxtilə buraya gəlib çıxmış (vaxtı və şəxsiyyəti naməlum) ərəb övliyasının vəsiyyətinə əsasən vəfat etdiyi yerdə-Yengicə kəndində dəfn olunmuşdur. Həmin qəbir hal-hazırda inanc yeri kimi ziyarətgaha çevrilmişdi.
Hal-hazırda həmin sanatoriyanın yaxınlığında Yengicə Qafqaz Hoteli istifadəyə verilməsi nəzərdə tutulur. Belə müalicəvi isti sudan Qəbələnin Qəmərvand kəndində yerləşir.
Qəbələnin incisi sayılan Nohurgöl minlərlə turistin il ərzində tamaşasından doymadığı gözəl mənzərəli məkanıdır. Şəffaf, şirin suyu olan göldə qayıqla gəzinti təşkil edilir.
7 müxtəlif dağ təbəqəsindən şəlalə axması nəticəsində 7 mərtəbəli şəlaləsi olan Yeddi gözəl şəlaləsi Vəndamdan 6 km aralıda, əsas yoldan 3 km içəridə, Puskan məhəlləsinin üst tərəfindəki dağlarda yerləşir. 7 müxtəlif dağ təbəqəsindən şəlalə axması nəticəsində 7 mərtəbəli şəlalə əmələ gəlib. Burada mövsümi restoran fəlaliyyət göstərir. Ərazidə içəriyə günəş şüaları demək olar düşmədiyindən həmişə qaranlıq və sərin olur. Bura Qəbələnin ən populyar turistik məkanlarından biri sayılır.
Qəbələdə yüksək həyacan dolu mənzərəsi ilə turistlərə zövq verən Mıçıq şəlaləsi Laza kəndindən şimalında yerləşir. Keçmişdə bu kəndi uca bir qayalığın altında tikiblər. Qayalardan qopan daşlar kəndə xeyli ziyan vurub. Mıçığa gedib – gəlmək çox çətin olduğundan adamlar oranı tərk ediblər. Mıçıq xarabalığından şimal – şərqdə, dağın yamacında iri və gur şəlalə var. Bu gözəl mənzərəni Duruca-Laza kanat xətti ilə gedən zaman seyr etmək mümkündür.
Qəbələdə biznes turizminin inkişafı digər bölgələrə nisbətən yüksək səviyyədədir. Turistlərin istirahətini təmin edən 5 ulduzlu otellər buna ən bariz nümunədir. «Son 7 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 19-a çatmışdır. «Qafqaz» brendi altında fəaliyyət göstərən beşulduzlu otellər, o cümlədən «Qafqaz Resort», «Qafqaz Riverside», «Qafqaz Sport», «Qaf¬qaz Karvansaray» otelləri xidmətin səviyyəsinə görə ölkənin ən qabaqcıl otelləri sırasındadır. «Sərin meşə», «Duyma», «Karvan», «Yeddi gözəl», «Sahil», «Sel¬basar», «Ay işığı», «Yengicə», «Xanlar», «Çənlibel», «Soyuq bulaq», «Gi¬lan», «Qəbələ» otel və istirahət mərkəzləri son illərdə inşa edilən turizm obyekt¬lərindəndir və bu məkanlarda qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılmışdır. Gün ərzində bu obyektlərdə, ümumilikdə, 2500-ə yaxın qonağa milli, türk və Avropa yeməklərinin daxil olduğu restoran xidmətləri və müasir otelçilik, meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, rayonun gör¬məli yerlərinə və tarixi abidələrinə səyahət xidmətləri göstərilə bilir» (3).
Hazırda rayonun ərazisində inşa edilən «Aquapark» istirahət və əyləncə və «Golf Resort» idman və istirahət mərkəzləri də gələcəkdə rayona daha çox turistin cəlb olunmasına xidmət edəcəkdir. «Duyma» idman və sağlamlıq kompleksi isə Vəndam kəndinin yuxarısında, dağların qoynunda yerləşir. Burada bütün tələbatlara cavab verən hotel də turistlərin və bölgəyə gələn qonaqların ixtiyarındadır. Çoxsaylı otellər, «Stend və Ox Atıcılığı Kompleksi», «Atçılıq Mərkəzi», «Qəbələ İdman Klubunun Uşaq Futbol Akademiyası», stadionlar kompleksi, «Qəbələ Mədəniyyət Mərkəzi» bölgənin mədəniyyət, turizm, idman infrastrukturunda mühüm yer tutur.
Turistlər «Qəbələnd» istirahət və əyləncə mərkəzinin, otellərin nəzdindəki fitnes sağlamlıq mərkəzlərinin, sauna, masaj salonu, türk hamamı və diskotekaların xidmətlərindən də bəhrələnirlər. «Qəbələnd» əyləncə mərkəzində müxtəlif əyləncə ekstrimləri (kartinq, ekstremal idman, havaya şığıma, reaktiv təyyarə, dalğavari sürüşkənlər, bungee tramplini, dırmaşma divarı, futbol, basketbol, voleybol meydançaları, üzmə hovuzu) mövcuddur ki, turistlərin səfalı havasını dadmaqla yanaşı gözəl istirahətlərini də təmin edir. Lazermarks, XD teatr, buz meydançası, at və velosipedlərlə uduşlu yarışma, parkda qatarla gəzinti, təbiətdə qatarla gəzinti, Qabinin ferması, at və ponilərlə gəzinti kimi əyləncə növləri «Qəbələnd» əyləncə mərkəzində rast gəlmək mümkündür. Bundan başqa burada müxtəlif ailəvi və uşaq atraksionları mövcuddur.
Dağların təmiz və gözəl havasından, verdiyi digər imkanlardan (xizəkçilik, alpinizm) faydalanmaq məqsədilə insanların həyata keçirdikləri turizm fəaliyyətinə dağ, qış və xizək turizmi deyilir. Dağ, qış və xizək turizmi Azərbaycanda artıq reallaşmış sahədir. Qəbələ Olimpiya İdman Kompleksi 2011-ci il noyabrın 17-də istifadəyə verilib. İdman zalında mini-futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 720 oturacaq quraşdırılıb. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılıb. Zallar müasir avadanlıqla təchiz olunub.
«Tufan» Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin əsas məqsədi il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Kompleks turistlərə il boyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti (kafe, restoran), uşaq istirahət mərkəzi, otel (mehmanxana) və digər xidmətləri həyata keçirir.
Kənd yaşıl turizmi hazırda Avropada daha çox populyarlaşıb. Xarici ölkələrdə turistlər tətillərini fermer təsərrüfatlarında keçirməyə üstünlük verir¬lər. Azərbaycanda kənd yaşıl turizminin bir növü kimi yaylaq turizmi üçün ən əlverişli imkanlar Qəbələdə də mövcuddur. Rus meşəsi, çay vadiləri, məşhur Şabalıd meşəsi adlı yerli gözəlliklər, çoxlu sayda mənzərəli Vəndam, Qəmərvən, Yengicə kəndləri, hətta turistlərin öz arzusu ilə Qafqaz otelinin təqdim etdiyi kvadrosikllərdə qalxa bi¬lə¬cəyi yüksək dağ kəndi Duruca-Laza kanat xətti turistlər üçün Qəbələnin əsra¬rəngiz təbiətini seyr etmək üçün rahat nəqliyyat növüdür. Regionun bitki və hey¬vanat aləmi qeyri-adi dərəcədə zəngindir: meşələrdə və dağ otlaq sahələrində əsil marala, qabana, boz dovşana, ayıya, canavara, tülküyə, çoxlu sayda quşlara – qır¬qovula, kəkliyə, turaca və digərlərinə rast gəlmək olar. Mövsüm vaxtı vəhşi quş¬ların bolluğu çoxlu ovçu cəlb edir. Camaat arasında Vedrə bazarı adı ilə tanınan ra¬yonun girəcəyində yerləşən bu bazar turistlərin ticarət məqsədi ilə dayanacaq nöq¬təsidir. Burada satılan məhsullar yerli əhalinin öz əl əməklərinin bəhrəsi, şəxsi istehsalları¬dır.
Turistlər müəyyən planlaşdırılmış əraziyə təkcə seyr, tamaşa,yaxud boş vaxtını əyləncələrlə keçirmək üçün gəlmir. Hər bir turist öz fərdi maraqlarından asılı ola¬raq gəzdiyi yerlərin tarixini, mədəniyyətini, milli xüsusiyyətlərini, adət və ənə¬nələrini və s. yerli maraqlı cəhətləri öyrənməyə can atır. Bu cəhd onun dünya¬görü¬şünü, mənəviyyatını, estetik duyumunu zənginləşdirir. O, uzun müddət gəz¬diyi yer¬lərin yadda qalan təəssüratlarından həzz almaq istəyir. Qəbə¬lə Azər¬bayca¬nın zəngin və qədim tarixi olan gözəl bir guşəsidir.
Qəbələdə tarix turizmi üçün geniş tarixi mənbələr cəmlənib. Bütün arxeoloji tapıntılar Qəbələ Tarix-diyarşünaslıq muzeyindədir. Qəbələ Tarix-diyarşünaslıq muzeyi 1980 – ci ildə görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Muzeyin arxeologiya, etnoqrafiya, numizmatika materiallarından, qədim əlyazmalardan, nadir kitablardan, xalq yaradıcılığının müasir nümunələrindən və təbii sərvətlərindən ibarət eskponatları, rayonun tarixi abidələri, əhalisinin etnik tərkibi, coğrafi şəraiti, bitki və heyvanat aləmi, mədniyyətin və iqtisadiyyatın müasir vəziyyəti və onların inkişaf perspektivləri haqqında tam təsəvvür yaradır.
Muzeyin ekspoziya zallarında və fondunda Qəbələnin antik və orta əsrlər dövrü şəhər yerlərində arxeoloji qazıntılar zamanı aşkar edilən 12 mindən çox tapıntı nümayiş etdirilir və mühafizə olunur. Bu tapıntılar şəhərin iki min ildən çox dövrü əhatə edən tarixi haqqında məlumat verir. Qəbələ muzeyi Respublikanın aparıcı muzeyləri, akademik və digər elmi-tədqiqat müəssisələri ilə sıx əlaqə saxlayır.
Qəbələdən təxminən 20 km məsafədə qədim Qafqaz albanlarının birbaşa gələcək nəsilləri olan udinlərin yaşadığı Nij kəndi də məşhurdur.
Dünya əhəmiyyətli memarlıq abidələridən Qədim Qəbələ şəhəri, Səlbir Qala Antik dövr orta əsrlər Çuxur Qəbələ kəndi abidələridir. Amma ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri Alban məbədi (IV-VIII), Əmili kəndindəki Şeyx Bədrəddin türbəsi (1446), Həzrə kəndi Şeyx Mənsur türbəsi (XVI əsr), Həzrə kəndi Şeyx Məhəmməd türbəsi (XVI əsr) abidələrini misal göstərmək olar. Arxeoloji abidələrə Kamaltəpə (IX-XVIII əsrlər), Qəbələ şəhər darvazasında 50 m cənubunda Çuxur Qəbələ yaşayış yeri (IX-XVIII əsrlər), Qəbələ qalasının qabağında Türbə (IX-X əsrlər), Çuxur Qəbələdən 500m cənubda Kurqan (Ilk tunc dövrü) və s. Yerli əhəmiyyətli tarix və mədəniyyət abidələrinə Mirzəli evi (XIX əsr), Vəndam qəsəbəsi Qəbələ Cuma məscidi (1899-1906), Qəbələ şəhəri Məscid (XIX əsr), Bum qəsəbəsi Üçmərtəbəli yaşayış evi ( XIX əsr) və s. aiddir.
Qəbələdə ekoloji turizmin növlərindən olan piyada turizmindən istifadə etmək də bu ərazi üçün əlverişlidir. Elə mürəkkəb piyada turist marşrutları olur ki, onları ancaq təcrübəli, idmançı turistlər keçib gedə bilir, sadə marşrutlar isə hamının hətta məktəblilərin də keçib gedə biləcəyi səyahətlər olur.
Turizmin növlərindən biri də dərketmə turizmidir ki, zəngin ekskursiya proqramına malik olan, tərkibinə çoxsaylı memarlıq və tarixi abidələr, həmçinin unikal yerlərdə tanışlıq xarakterli səyahətlər daxildir. Veloturizm– idman turizmin bir növüdür. Az fiziki qüvvə sərf etməklə nisbətən yaxın məsafələrin təbiəti, diqqətəlayiq tarixi abidələri ilə tanış olmağa imkan verən turizm növüdür(4). Sadalanan hər iki turizm növünü Qəbələdə gündən günə inkişaf edən turizmə aid etmək olar.
Turizmin digər növü olan dini turizm dünyanın bir çox ölkələrində turistləri cəlb edən amillərdən biridir. Bu cür turistik məkanlar daha çox Şərq ölkələrində cəmləşib. Azərbaycan tarix boyu bir sıra dinlərin (atəşpərəstlik, xristianlıq və islam) fəal yayılma mərkəzi kimi çıxış etdiyindən, Qəbələdə bu dinlərə mənsub çoxsaylı tarixi abidələrə rast gəlmək mümkündür: Amili kəndində IV-VIII əsrlərin alban məbədi, Xəzrə kəndində XV əsrə aid Şeyx Bədrəddinin və Şeyx Mənsurun sərdabələri, Bum kəndində XIX əsrə aid məscid, Koh Murad ziyarətgahı, Cümə məscidi (1896), Həzrəti Şeyx Mənsur Piri, Niclilərin qürur mənbəyi olan Cotaari kilsəsi (XVII əsr) və hal-hazırda həm xristianların, həm də müsəlmanların inanc yeri olan Komrat baba türbəsi (V-VII əsrlər) Qəbələnin önəmli dini abidələrindən, ağır pirlərindən sayılır.
Qəbələdə ov turizmi digər turizm növlərinə nisbətən zəif də olsa, inkişafı nəzərə çarpır. Quşla bol olan meşələr mövsüm zamanı ovçuları buraya cəlb edir. Mənzərəsinə, havasına sözsüz yanaşmağı tələb edən Duruca kəndinin ətraf meşələri ov cənnəti hesab edilir.
Azərbaycan ədəbiyyatında Qəbələdə dünyaya göz açmış Molla Gülü Zəlami-Qələmi (Vəsfi), İsmayıl bəy Qutqaşınlı, Abdulla Qutqaşınlı, İbrahim bəy Musabəyov imzaları var.
Hər il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və «Gilan-Turizm» MMC-nin təşkilatçılığı ilə Qəbələ rayonunun turizm potensialının təqdimatı ilə bağlı infoturların təşkili, yerli və xarici turizm şirkətlərinin nümayəndələrinin bu məkanla yaxından tanış olması bölgədə turizmin daha sürətlə inkişafına təkan verir.
Əlbəttə, Qəbələdə və digər bölgələrdə gedən quruculuq işləri, gündən-günə nəzərə çarpan yüksək inkişaf möhtərəm prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
Bu gün turizm sektoru Qəbələ rayonunda iqtisadiyyatın əlverişli bir hissəsi olmaqla kiçik və orta sahibkarlıq üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, regionun infrastrukturunun formalaşdırılmasında mühüm rol oynayır. Bütün bunlar 2008-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının və həmçinin yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının əsas müddəalarının uğurla həyata keçirilməsinə əlverişli zəmin yaratmışdır. Bu dövlət proqramlarının uğurla icrası nəticəsində rayonda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşmüş, işsizlərin sayı minimuma enmişdir. Həmçinin Qəbələdə istehsalın planlı şəkildə aparılması da turizm sənayesinin inkişafı ilə bağlıdır. Qəbələdə xidmət sahələri dünya standartlarına uyğun şəkildə təşkil olunması belə ölkədə, yaxud ərazidə turizmin dinamik inkişafını təşkil olunmasına gətirib çıxarıb. Bu yerlərin zəngin tarixə malik olması ilə yanaşı, onun çayları, sərin bulaqları, möcüzəli ormanları, meşəlik dağ yamacları beynəlxalq turizmin təşkili üçün əlverişli obyektlərdir.Qəbələdə son illərdə artan dinamik inkişafın sayəsində turizm sənayesinin istehsal etdiyi məhsulların satışından əldə olunan gəlirlər hesabına həm burada işləyən insanların vəziyyəti yaxşılaşır, həm də bəzi sosial narazılıqlar aradan qalxmasına səbəb olmuşdur. Bunu hər bir Qəbələdə olan şəxs təsdiq edə bilər.
Deməli, turizm mahiyyət etibarı ilə ayrı-ayrı strukturların fəaliyyəti əsasında ölkəyə valyuta axınına imkan yaradır və eyni zamanda yerli məhsulların istehsalına kapital qoyuluşunu təmin edir. Tarixin bizə yadigarı olan Qəbələ dünənki günümüzdə kasıb, əhalisinin çətin dolanışığı ilə yadda qalan rayon bu gün isə iqtisadi cəhətdən yüksəlişi ilə öyündüyümüz və dünyanı heyrətdə saxlayan, sözün əsl mənasında hər cəhətdən zəngin məkandır.

ƏDƏBİYYAT:

1.//www.heydar-aliyev-foundation.org/az/content/view/137/37/Q%C9%99b%C9%99l%C9%99-Beyn%C9%99lxalq-musiqi-festival%C4%B1-
2.http://seyyah.az/1/news/524
3.//azertag.az/xeber/Qebele_dunyanin_turizm_merkezlerinden_birine_chevrilir-48853
4.//kayzen.az/blog/turizm/1145/turizm-v%C9%99-turizmin-n%C3%B6vl%C9%99ri.html
5.İlqar Hüseynov, Nigar Əfəndiyev. Turizmin əsasları. Bakı, Mars-Print, 2007, 443 s.
6.//azerbaijan.travel/az/region/53-Qebele
7.//discoverazerbaijan.az/gabala/
8.Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı, Oğuz eli, 2009, 256 s.
9.//gabalacity.com/tarixi-abideler.html
10.//tufandag.az/otel.html

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.