Ana səhifə BAŞ YAZI BEŞ ÖLÜNÜN QAYIDIŞI…

BEŞ ÖLÜNÜN QAYIDIŞI…

Müəllif: Bizim Yazı
522 baxış

Tural TURAN, DGTYB Yönətim Kurulu üzvü

Hər kəs ortaq türkcəyə keçməkdən danışdığı bir vaxtda mən beş sözdən danışacağam. O beş sözdən ki, bu beşliyi ortaq türkcənin ilk ortaq “xəmsə”si kimi görürəm… Hər kəsin utopyaya iynə ilə gerçək cığır cızdığı bir zamanda bəndəniz konkret təkliflə gəlib; gəlin, ilk olaraq bu beş gözəlim sözdən başlayaq…
Ortaq Türkcəyə əsas aday olaraq Türkiyə türkcəsi göstərilsə də, bir sıra araşdırmalar bunun əksini sübut etdi. Tədqiqatlar göstərdi ki, türk xalqları arasında keçid dili tələblərinə (daha çox) Azərbaycan dili cavab verir. İstər saf türk sözlərinin dağarcığında (lüğətində) çoxluq təşkil etməsinə, istərsə də yeni yaranan sözlərin milli köklərə söykənişinə görə… amma iş orasındadır ki, bizim Azərbaycan türkcəsinin dəndiyindəki sözlər ortaq türkcə üçün özək rolunu oynaya bilməz. Bu digər beş türk ölkəsinə də aiddir. Bunun üçün istər qırmızı ayının pəncəsindən yeni çıxan Orta Asiya dövlətləri, istərsə də Osmanlıdan cümhuriyyətciliyə keçmiş Türkiyənin ciddi dil bazası oynamaq gücü olmalıdır. Təəssüf ki, bu da yoxdur. Belə olan halda iki yol ümidi qalır. Birincisi, tarixi ortaqlıqdan gələn paslanmış (qullanılmayan) türk sözləri, ikincisi, 6 və digər türk xalqlarının dilində eyni cür anlaşılan ortaq sözlərin yenidən “bazar”a qayıdışı…
Bu sözlərin yenidən ortaq türkcə üçün anlaşılan olması da iki aşamadan keçir.
Birincisi, ilk olaraq bu sözlərin KİV-lər ilə təbliğ olunması, ikincisi isə həmin sözlərin işlənmə intensivliyini artırmaq üçün bədii ədəbiyyatda (düzgü, öykü, roman kimi türlərdə) tez-tez işlədilməsindən asılıdır.
Keçək əsas məsələyə; bizim kəfəni yırtmaq istəyən, Şeyx Nəsrullahların istəmədiyi üstü tozlu beş sözə… İlk olaraq onu deyim ki, bu sözlərin biri öz məhsulumdur (Rəsul Rza, Səməd Vurğun calağı) digər üçü Orxon-Yenisey abidələrində ilişib qalan sözlərimizdir. (Bu sözləri Anadolu türkündən mordvalıya, uyğurdan türkmana qədər hər kəs anlayır). Bir sözü isə rəhmətlik nənəm (ölənlərinizə rəhmət) mənə əmanət deyib getmişdi; o blə tələffüz edirdi – “atalıx”…
Bu sözlərdən birincisi, ÖLKƏBAŞI sözüdür. Bu birləşməni özüm quraşdırmışam. Anlamını yəqin o saat anladınız. – Bəli, prezident deməkdir. Bir Qazaxıstanı (-bu ölkədə indiki ölkəbaşı Nursultan Nazarbayova prezident sözü ilə yanaşı ELBAŞI da deyirlər-) sözü çıxmaq şərti ilə heç bir bağımsız və bağımlı türk ulusunda bu sözün ana dili qarşılığı yoxdur. Cümhurbaşqanı, prezident kimi ifadələr işlədilir. ÖLKƏBAŞI isə ölkə rəhbəri anlayışını fikrimcə daha dolğun ifadə edir. Həm ölkə həm də baş sözləri təkhecalı söz olduğundan hər türk topluluğunda başa düşülür. Həm də ümumişləkliyini itirməyən sözlərimizdəndir.
İkinci söz – ACUN sözüdür. Anlamı dünya, cahan deməkdir. Orxon–Yenisey daş bitiklərində, Mahmud Qaşğarlının “Divanül lüğətit Türk”ündə, Dədə Qorqud öykülərində rast gəlinir. İşlənmə tezliyi “0”-a bərabərdir… amma daşlaşaraq unudulub itməkdən xilas ola bilib. Qırğız və Qaraqalpaq xalq düzgülərində (şeirlərində) ara-sıra rast gəlmişəm. Ağrılısı odur ki, öz sözümüz ola -ola heç bir türk ulus və topluluğunda işlədilmir. Qarşılıq olaraq ərəb və fars sözləri dilimizin düyününə çevrilib. Ozan və yazarlara səslənərək şeirlərində ACUN işlətməyi xahiş edirəm. Ancaq onların vasitəsi ilə bu sözlər xalqın dil yaddaşına hopa bilər.
Mücrüdən çıxaracağım üçüncü sözün adı BƏNGÜdür. BƏNGÜ əbədiyyət deməkdir. Orxon abidələrində “bəngü daşı” olaraq istifadə edilir. Dilçi araşdırmalara və filoloqlara tanış sözdür. Təssüf ki, hazırkı işlənmə və anlaşılma arealı buradan o yana getmir. Hətta bir dəfə şeirlərimdə də işlətdiyimi xatırlayıram; …İtib gözümün itiyi, bəngü vermir göy bitiyi. Alpın altdakı götüyü, bir laxlatsan hayqırar: – “höy”!… Ümid edirəm əziyyətim boşa çıxmaz, gəngünün bəngülüyü bəngü olar, İnşAllah. Tamamilə türk mənşəlidir. Qıpçaq bölümlü sözü olduğundan bütün türk xalqlarında sürətlə mənimsəniləcəyindən əminəm.
Dördüncü söz bu sözlərin içərisində ən diləyatımıdır. Bu sözü tam məsuliyyətlə deyə bilərəm ki, ilk dəfə şeirdə mən işlətmişəm. Bu sözün adı BƏDİZdir. Bədiz qədim türkcədə naxış, ilmə deməkdir. Daha çox naxış sözünün qarşılığını verir. BƏDİZ-lə ilk tanışlığım diplom işi yazarkən olub. Orxon – Yenisey abidələri sözlüyündə rast gəlmişəm. Diləyatımlılığını nəzərə alaraq dəftərçəmə qeyd etdim. Başladım şeir və esselərdə istifadə etməyə. Ondan artıq yazımda(şeir,esse) naxışın yerinə BƏDİZİ sırımağa çalışmışam. Deyilənə görə, pis alınmayıb. Əsas odur ki, artıq bir neçə nəfər bu sözü bilir, tanıyır…
Beşinci “ölü”nü rəhmətlik nənəm öz adına bağışlayıb getdi. Ondan eşitmişdim ilk və son dəfə; ATALIQ – o, “atalıx” deyirdi. ATALIQ – miras, vərəsə deməkdir. Xalq yaddaşında ilişib qalıb. Sonrakı araşdırmalarımda “Qutatqu bilik” və “Divani lüğətit türk”də də rast gəldim. O zaman nənəm yox idi və çox sevinmişdim. Bu sözü də döş cibimdə gəzdirdiyim “Ortaq türkcə sözlük” siyahıma əlavə etdim. Bütün türk xalqlarında ortaq istifadəsi üçün geniş potensiala malik bir ifadə olduğunu düşünürəm. Çünki bu deyimdə anlaşılmaz “yad hissəcik” yoxdur. Carçıların (tv-çi və “günlükçü”lərin), yazarların sıx-sıx işlətməsini diləyirəm. Xeyirli olsun. Məndən aramaq, Sizlərdən yarımaq və yarıtmaq diləyi ilə…
Bilmirəm necə düşünəcəksiniz; yeni uyuşmaz uydurma kimimi ya 5 ölünün qayıdışı kimimi??!… Əsas için saflığıdır. Önərdiyim beş söz bu yolda ilk payız qaranquşunuz olsun. Qaranquşunuz mübarək türk oxucusu!…
6 güzdək (noyabr) 2014, BAKI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.