Ana səhifə BAŞ YAZI “Hər beşikdən boylanıram, Hər qəbirdən soruş… – mənəm!”

“Hər beşikdən boylanıram, Hər qəbirdən soruş… – mənəm!”

Müəllif: Bizim Yazı
813 baxış

BARAT VÜSAL. Yeni şeirlər

* * *
Heç kimə deməyin, deyin,
Doğru mənəm, yanlış mənəm.
Qıyammaram, yox, qıyaram,
Alqış mənəm, qarğış mənəm!

Siz uzun ətək gəzməyin,
Siz göyü göytək gəzməyin.
Allahı göydə gəzməyin,
O dost mənəm, tanış mənəm!

 

 

Nələr çəkmir aman, ölən?
A mən ölməz, a mən ölən!
Yarandığı zaman ölən,
Ölmüşkən yaranmış mənəm!

Yerin deyim, Göyün deyim,
Mənəm yeri, göyü, deyim!
Nəyiniz var, deyin, deyim,
Qarğı mənəm, qamış mənəm!

Mən neyləyim səsimi… tək,
Səsim bir ney, səsim tütək.
Nə söyləyim Nəsimitək,
Yığvalı qarğanmış mənəm!

Yağış yağa, gül istana,
Bir girəsən gülüstana…
Bir yaxşı bax qəbristana,
Gediş mənəm, gəliş mənəm!

Maral kimi ovlanıram,
Xəyal kimi teylənirəm.
Hər beşikdən boylanıram,
Hər qəbirdən soruş… – mənəm!

* * *
İtirib tapalar məni,
Kaş şeir yazdığım yerdə!
Məni tapmaq olarmı ki,
Heç, şeir yazdığım yerdə?!

Bir gözəl gözünü gəzəm,
Dəliyəm, güzgünü gəzəm?
Beş gözəl üstümü kəsə,
Üç şeir yazdığım yerdə!

Mən bilirəm dil açacaq,
Könüllərə yol açacaq.
Çiçəkləyib gül açacaq
Daş, şeir yazdığım yerdə!

Sallanıban yar gələcək,
Ona eşqim var, gələcək!
Mən deyən bahar gələcək,
Qış şeir yazdığım yerdə!

Söz gəzər, söz çıxartmaram,
Üzü üzsüz çıxartmaram.
Mən heç vaxt göz çıxartmaram,
Qaş, şeir yazdığım yerdə!

Gəlib Baratı görəcək,
Əsl həyatı görəcək.
Qanadın mənə verəcək,
Quş şeir yazdığım yerdə!

SƏS

Qoşa qanadıdı quşların dili,
Qanadın səsini eşidirəm mən!
Əsl kişi odu, bir ad qazana,
O adın səsini eşidirəm mən!

Həvəsi alovdan, nəfəsi oddan,
Hüsnü var hüsndən, zatı var zatdan,
Qıratdan danışır ya da Düratdan,
O atın səsini eşidirəm mən!

Tezdən qulaq asıb elə durmuşam,
Mənə neyləyirsən elə, durmuşam!
Ölümün yanında elə durmuşam,
Həyatın səsini eşidirəm mən!

Sevdiyim bir şeir var ha,qoşmadı,
O Yox da qoşmadı,Var da qoşmadı.
Mənim qulağımda sırğa-qoşmadı,
Bayatı səsini eşidirəm mən!

İstəyi göylərlə sarışmaq imiş,
Sanmayın torpağa qarışmaq imiş.
Məqsədi haqq ilə görüşmək imiş,
O zatın səsini eşidirəm mən!

Günəş eyləsə də qürub göylərdə,
Yaşamağa gedir varıb göylərdə!
Yerdə yaşasa da,durub göylərdən
Baratın səsini eşidirəm mən!

ONUN GÖZLƏRİ

(Aydın Məmmədovun xatirəsinə)

Bir qapı ağzında rastlaşdıq sənlə,
Alıb hayfımızı şeytandan, Divdən,
Baş-başa vermişdin ana Vətənlə,
Ağlayıb gəlmişdin elə bil,evdən?!

Sanki gözlərinlə salamlaşdım mən,
Orda nə yas yeri,
nə ölü gördüm.
Orda… orda, indi ağlıma gəlir,
Aydın, baxdım… baxdım, mən ölüm gördüm.

Bu necə yas idi,bu necə matəm,
Elə gizlənmişdi gözündə ölüm…
Bəlkə günahkaram… bəlkə deyirəm,
Tapdı səni mənim üzümdən,ölüm?!

Ölüm vurulmuşdu sənə,deyəsən,
Sən yox, qoy deyirdi özüm yaşayım.
Mən ilk dəfə gördüm,aydın adamın
Aydın gözlərində ölüm yaşayır?!

Yəqin tanımadın, kimiydim ki, mən,
Baxdın ölümünü baxıb görənə.
Özün də bilmədən,bilə bilmədən
Baxdın ölümünə salam verənə?!

Tutsam öldürərdim derdim, ölümü,
Görəsən xəbərin oldumu sənin!
Mən niyə gözündə gördüm ölümü,
Nəyinə gərəkdi,axı bu sənin?!

Dolanım başına,dönüm gözünə,
Gümanım axırda gör nəyə gəlib?
Mən elə bildim ki, ölüm gözünə
Öldürməyə deyil,ölməyə gəlib?!

O ölüm gözünə hardan girmişdi,
Necə gizlənmişdi,bu necə sirdi?
Öldürə bilməzdi ölümlər səni,
Səni gözündəki ölüm öldürdü?!

…Yəqin peşman olub önündə sənin,
Sən sağsan bu gün də… alnında qürur…
İndi xatirəni, solmaz çöhrəni
Gözündəki ölüm ölməyə qoymur!

VAQİF ASLANA

Bilsəniz ox olub yay axtarıram,
Versəniz bəsimdi Vaqif Aslanı!
Görsəniz loğmana ehtiyacım var,
Görsəniz… bəsimdi Vaqif Aslanı!

Tanıyıb bilərsiz hər kim necədir,
Ona biləydiniz ərkim necədir.
Bilmək istəsəniz kefim necədir,
Sorsanız, bəsimdi Vaqif Aslanı!

Son nəğməmi oxur, Qu ürəyimə,
Odammı, çiləyir su ürəyimə?
Ürəyi Həqq kimi bu ürəyimə
Tərtəmiz bəsimdi Vaqif Aslanın!

Deməyin Kiş hara, Kosalar hara,
Deyin ki,olanda dost belə ola!
Görməyə ya Kişə ya Kosalara
Varsanız, bəsimdi Vaqif Aslanı!

Desələr, ay Barat, çatmayır qanın,
O saat Vaqifi düşünün, anın,
Ana damarına Azərbaycanın
Vursanız, bəsimdi Vaqif Aslanı!

* * *

Qolundan tut ayağımın,
Əlim,irəli itələ!
Arif eşqi, sənsə elmi
Alim, irəli itələ!

Sağa keçdi, solda qoydu,
Məni yarım yolda qoydu.
Ağlım yarıyolda qoydu,
Könlüm, irəli itələ!

Boğdu Barat, lal su məni,
Sanki məndən aldı məni.
Həyat geri saldı məni,
Ölüm,irəli itələ!

* * *
Nə olmaq istəyirik?
Biz olanda kimiydik?
Necə oldu, danışdıq,
Söz olanda kimiydik?!

Olardımı canımız,
Sən ey Yaradanımız,
Gizli əllə alnımız
Yazılanda kimiydik?!

Vaxt olub, üz gülməyib,
İşimiz düz gəlməyib.
İşimiz düzəlməyib,
Düz olanda kimiydik?!

Günahkar yüzdü bizdə,
Günahlar yüzdü bizdə,
Bir nəzər üstümüzdə,
Göz olanda kimiydik?!

Varımız yox olanda,
Qəlbimiz yuxalanda,
Ağlımız çoxalanda,
Azalanda kimiydik?!

Çox şeyləri istədik,
Ölməzliyi… üstəlik.
Hələ kağız üstəydik,
Yaz, Qələmdə kimiydik?

Camsız Yolmu olardı,
Sonsuz Yolmu olardı,
Onsuz Yolmu olardı,
İz-bələndə kimiydik?!

Nə halda öz əlimiz
Azalda azarımız?!
Məzarda məzarımız
Qazılanda kimiydik!

Ha yazırıq, pozuruq,
Yazıq oğlu yazığıq!
Nə getməmək gəzirik?
Biz gələndə kimiydik?!

İP UCU

Mən deyən baharı, yazı gəzirəm,
Başlaya bilmirəm hələ bir ömrü.
Az qala alnıma yazı yazıram,
Başlaya bilmirəm hələ bir ömrü!

Çox sirri bilməyə başlayıram mən,
Çox şeyi görməyə başlayıram mən!
Bəs niyə ölməyə başlayıram mən,
Başlaya bilmirəm hələ bir ömrü?!

O quşu o günü quşladım,getdi,
O daşı o günü daşladım,getdi.
O işi o günü başladım,getdi,
Başlaya bilmirəm hələ bir ömrü!

Bilmirəm hələ də bəlkə haqq nəymiş,
Bilmirəm olmaya yaşamaq nəymiş?
Bilmirəm sevməyə başlamaq nəymiş,
Başlaya bilmirəm hələ bir ömrü!

Özüm öz ürəyim belə vurmuşam,
Çox arzu-diləyi yerə vurmuşam,
İllərin kürəyin yerə vurmuşam,
Başlaya bilmirəm hələ bir ömrü!

Barat, çiçəkləyib daşda haqq, budur,
Bəlkə elə daşı daşlamaq budur?
Bəlkə elə ömrə başlamaq budur:
Başalya bilmirəm hələ bir ömrü!?

KOMPAS

Gedirəm, yolumu yanılanmaram,
Mən yolun düzünü tutub gedirəm.
Hər insan saldığı ləpirə baxır,
Mən izin izini tutub gedirəm!

Mən yolu baxt! – deyib seçən kişiyəm,
Nadana bax, deyib keçən kişiyəm.
Mən yolun gözünü açan kişiyəm,
Mən yolun gözünü tutub gedirəm!

Qorxuram əriyər baxışım altda,
Qalar bir nənənin qarğışı altda.
Lalələr çimişir yağışın altda,
Mən ordan gözümü “tutub”, gedirəm!

Baratı qorxutmaz qaranlıq,qorxu,
İşiqmı deyirsən,işığım bax, bu!
Mən yol axtarıram Allaha doğru,
Mən insan üzünü tutub gedirəm!

BİR ADDIM

Bir Ağac görürəm… quruyub, qalıb,
Bahara bir addım qaldığı yerdə!
Sanki sevincindən quruyub qalıb,
Bahara bir addım qaldığı yerdə!

Bu necə can deyil… nə candır, ölür?
Haçandır yaranır, haçandır, ölür…
Allah, yaratdığın nədəndır ölür,
Bahara bir addım qaldığı yerdə?!

Vurulanlar görən niyə vurulub,
Yorulanlar görən niyə yorulub?
Bu quşun qanadı niyə qırılıb,
Bahara bir addım qaldığı yerdə?

Bütün əsrlərdə köçüb köçənlər,
Bütün nəsillərlə köçür köçənlər.
Bütün fəsillərdə köçür köçənlər,
Bahara bir addım qaldığı yerdə!

Səadət gör harda yan alıb, durub,
Öpülməkdən ötrü yanağı durub…
Tərs kimi,o qız da yönəlib,durub,
Bahara bir addım qaldığı yerdə?

Gərək öyməyəydik heç yüz addımı,
Barat, bir özümü, beş… yüz addımı!
Bir addım olaydı kaş, yüz addımım,
Bahara bir addım qaldığı yerdə?

SONUNCU ŞAİR

…Ən çox şairlərdi dərdini bilən,
Onunçün şairi öldürməmisən.
Allahım! Dünyaya yazığın gəlib,
Sonuncu şairi öldürməmisən!

Çoxları bilsə də, çoxları bilmir,
Baharlar can verir, qışlar yaşayır.
Dünyada heyvan var, kökü kəsilib,
Dünyada sonuncu quşlar yaşayır.

Gün görən de hansı gün görüb axı,
De hansı zirvədə hələ də qıy var?
Dünyada bəlkə də hönkürüb axır,
Sonuncu bulaqlar,sonuncu çaylar?!

İstəsəm mən nəyə dair olmayım,
Əmr eylə, olmaram sən ey Xaliqim!
İstəsən indi də şair olmayım,
Dönüm, suyu olum ölü balığın?!

Nəsli kəsilibdi Qırat, Düratın,
Dilboz atları da az-az görürəm.
Bu yazda deyəsən, yazlıq qalmayıb,
Avazda bir özgə avaz görürəm.

Allahım, rəhm eylə, ölün, dirin var,
Bilirəm dərdini, sən deməsən də.
Şairlər içində bir şairin var,
Sağ ol, son desən də, son deməsən də!

Şeir yazmayanda ölüb gedirəm,
Canıma qıyıram, canıma qıyır…
Səndən əmanətdir canım, Allahım,
Səndən yazmayanda canım ağrıyır!?

Bilmişəm,bir sirri bilə bilməsəm,
Heç zaman kamala dolammayacam.
Mən sənin şairin ola bilməsəm,
Heç kimin şairi olammayacam!

Sənə oxşamışam…guya bilmirsən,
Deyir yalanı yox, doğrunu şair
Allah,”Son” sözünü deyə bilmirsən,
Demək,namaz üstdə doğulub,şair!

Yenə nə eyləsən insafa bax, et,
Qoyma şairini ölə, bilmərrə!
Sən məni sonuncu Dərd kimi yox et,
Sonuncu şairtək ölə bilmərəm!

Yaxşı bilir Son Uc, Sonucu, şair,
Gərək qəsd olmasın cana, qorxuram.
Allah, məni etmə sonuncu şair,
Şeirimi birinci sənə oxuram!

YADDAŞ

Yaşamaq istəyən şair,
Elin yaddaşında yaşar.
Yolçu keçəndə iz qoyar,
Yolun yaddaşında yaşar!

Sehri çoxdu, sirri çoxdu,
Allahın da yeri çoxdu…
Amma ayrı yeri yoxdu,
Qulun yaddaşında yaşar!

Bərkdi yaddaşı həyatın,
Yaddaşsız ömrün nə dadı?
Öldürmə belə,Baratı,
Ölüm, yaddaşında yaşar!

SALAM TÜRKƏ, TÜRKİYƏYƏ!

Bir səs gəlir ürəyimdən,
Salam Türkə, Türkiyəyə!
Əsrlərdən, zamanlardan
qalan Türkə, Türkiyəyə!
Salam Türkə, Türkiyəyə!

Baş əyirtək bu dünyaya,
Baş əyirəm bir sevdaya!
İnsanlığa ilk arxaya,
İlk sahibə, ilk yiyəyə,
Salam Türkə, Türkiyəyə!

Qoy kainat bizi görsün,
Görən kimi salam versin.
Ehtiyacı çoxdu Ərzin,
pak eşq, pak qəlb, pak ürəyə,
Salam Türkə, Türkiyəyə!

Bir nəğməyəm-türküyəm mən,
Azərbaycan türküyəm mən,
Səninkiyəm Türkiyəm, mən,
Haqqım vardır söyləməyə:
Salam Türkə, Türkiyəyə!

TEYBƏ ANA

Qazaxda gedən döyüşlərdə son gülləsini özünə vurmuş “Azərbaycan bayrağı” ordenli qəhrəman Qaratel Hacımahmudovanın anası Teybə ananın xatirəsinə

Səsin mənim silahımdır,
Dərdin mənim günahımdır,
Ahın mənim Allahımdır,
Qaratelin üstdə ağı
Demə,ana Azərbaycan!
Azərbaycan – Teybə ana,
Teybə ana- Azərbaycan!

Qürurunu saxlamısan,
Vüqarını yoxlamısan.
Sən ki, qəbir doğmamısan,
Axı, sən pislik etmisən
Kimə, ana Azərbaycan?
Azərbaycan -Teybə ana,
Teybə ana – Azərbaycan!

Balanı bir-bir yetirdin,
Balanı bir pir yetirdin!
Balanı bir-bir itirdin,
Yaman batdın dönə-dönə
Qana… ana Azərbaycan!
Azərbaycan- Teybə ana,
Teybə ana Azərbaycan!

Bir yolçusan, yol yolunda,
Bir bağbansan, gül yolunda.
Dedin ki, yurd, el uğrunda.
Güllə üçün yaranıbdı
Sinə… ana Azərbaycan!
Azərbaycan – Teybə ana,
Teybə ana – Azərbaycan!

Üz-üzəsən bir caniylə,
Evlər yıxan erməniylə.
İnsanlığın düşməniylə
Müharibə yetməyibdi
Sona… ana Azərbaycan!
Azərbaycan- Teybə ana,
Teybə ana –Azərbaycan!

“Sinən hərbə meydan oldu
Hərə bir qəhrəman oldu”
Qaratellər qurban oldu,
Mən də qurban,mən də qurban,
Sana, ana Azərbaycan!
Azərbaycan- Teybə ana,
Teybə ana-Azərbaycan!

İSA MUĞANNA EŞQİ

Vahid bir dil, vahid kök, Ədalət səltənəti,
Vahid bəşər deməkdir İsa Muğanna eşqi!
Uydurma məhşərlərin iç üzünü göstərən
Əsl Məhşər deməkdi İsa Muğanna eşqi!

Haqqı görməyənlərin görən gözü ovulsun,
Nəsimini soyanlar,soyduranlar soyulsun.
İnsanın bətnindəki zülmətə son qoyulsun,
Kəsilsin şər, deməkdi İsa Muğanna eşqi!

O, həqiqət işığı bilin, Od, Ərdi, deyir,
Hansı dərdə düşmüşük, açır, o dərdi deyir,
Bu yurd Odər Bağdaydı, Bağday – Odərdi, deyir,
Odər- “Od” “Ər” deməkdi İsa Muğanna eşqi!

Siz ey siyasətçilər, silah min, qala mindi,
Nə qələbə gəzirsiz, qələbə Qələmindi!
Odər planetindən beyninə gələn Ündü,
Əsər-ƏsƏr deməkdi İsa Muğanna eşqi!

Günəşi arzulayan bacarsın dan olmağı,
Yaradanın izniylə bir yaradan olmağı!
Saf Ağ olub,Həqq olub,kamil insan olmağı
Başar! Başar,deməkdi İsa Muğanna eşqi!

İnsan oğlu göz yumar bazarların gözünə,
Dikildikcə Ey Sarın nəzərləri üzünə,
Bizi azara salan azarların özünə
Azar! Azar!deməkdi İsa Muğanna eşqi!

Baş üstə bayraq olar,
Baş üstə hünər olar,
Üz başdan kənar olsa,baş üzdən kənar olar.
Ürək sinədə olmaz,baş üstə yanar olar,
Məşəl! Məşəl! Deməkdi İsa Muğanna eşqi!

Ədalətdi, ədalət əsl Tərəzi-Mizan,
Yıxılıb ölməmisən,hələdəmi qorxursan?
Ölümə rəhmət oxu,əbədi rəhmət qazan,
Yaşa! Yaşa!-deməkdi İsa Muğanna eşqi!

* * *

Gərək deyəydilər, hardan biləydim,
Ölümüm özümə qalacaq mənim!
Eh… hamı ölsə də, hamı ölmürmüş,
Ölümüm özümə qalacaq mənim!

Gülməmək gərəkmiş,gülməyə nə var,
Bilməmək gərəkmiş, bilməyə nə var!
Ölməmək gərəkmiş,ölməyə nə var,
Ölümüm özümə qalacaq mənim!

Heç nə,bilə-bilə keçdim yanımdan,
Heç nə, bilə-bilə bezdim canımdan.
Çoxmu gərəklidir sür-sümük,filan…
Ölümüm özümə qalacaq mənim!

Ölmək boş şey imiş… əminəm,əmin,
Tutan tutacaqdır qolumdan mənim.
Qoyan qoymayacaq ölməyə məni,
Ölümüm özümə qalacaq mənim!

Bir eşqin yolunda qanı kim elər,
Tufana neyləyər gəmi kimilər?
Ölməyə yaranmr mənim kimilər,
Ölümüm özümə qalacaq mənim!

Nə gözəl qaydadı,sevirmiş Allah,
Gör necə həyatı sevirmiş,Alllah!
Gör necə Baratı sevirmiş, Allah,
Ölümüm özümə qalacaq mənim!

ÜÇ SÖZ
Almanyanın Freyburq şəhərində mühacir həyatı yaşamış Qazaxlı şair Alazan Baycan təxəllüslü Hacı Həsənzadə ölüm ayağında bu sözləri deyib gözlərini yumub “Azərbaycan, Qazax, Səməd”…

Mən bilirəm, nə deməyib öləndə,
“Azərbaycan! Qazax! Səməd!” deyən kəs!
Ölüb… gərək indən belə ölməsin,
“Azərbaycan! Qazax! Səməd!” deyən kəs!

Çox başlardan baş açmadın Qazaxda,
Sən qürbətə yol başladın Qazaxdan.
Gördün qəlbə yol başqadı Qazaxdan,
“Azərbaycan! Qazax! Səməd!” deyən kəs!

Sən gözümdə türk! söyləyən boz qurdsan,
Bir qarışı alınmamış bir yurdsan.
Hacı Həsənzadə – Alazan Baycan,
“Azərbaycan! Qazax! Səməd!” deyən kəs!

Dön, qayıt gəl, dön, gəl, yerin görünür,
Səngərimdə səngər yerin görünür.
Ürəyimdə heykəl yerin görünür,
“Azərbaycan! Qazax! Səməd!” deyən kəs!

Qocalsa da… 13 yaşlı cildində,
Gözü qalıb yellənçəyin ipində.
Yarın gözlər Alımçanın dibində,
“Azərbaycan! Qazax! Səməd!” deyən kəs!

Dönəcəksən haçan? – deyib dururam,
Bir səs gəlir… “ha çan!” deyib dururam.
Mən Alazan Baycan! – deyib dururam,
“Azərbaycan! Qazax! Səməd!” deyən kəs!

YANIMDADIR

Bir yanar ocağım var,
Sönməz qaralmaz heç vaxt,
Mən közün yanındayam,
Köz mənim yanımdadır.
Hər nə varsa, axtarma,
Elə buralardadı,
Özgə harda olar ki…
Gəz,mənim yanımdadır.

Yerə düşmür elə bil,
Uçur daim durnalar,
Ağac-ağac açırlar
Puçur,daim durnalar.
Uçun başımın üstdən,
Uçun, daim durnalar,
Mən yazın yanındayam,
Yaz mənim yanımdadır.

Hava varmı “Dilqəmi”,
“Ruhani” havam kimi,
Dava varmı, könüllə
Etdiyim davam kimi.
Xətrini istəyirəm
Ələsgər babam kimi,
Mən sazın yanındayam,
Saz mənim yanımdadır!

Gözəlliklər yaradır
Gözəl ərin ürəyi,
Ürəyin göz,əli var,
Göz, əllərin ürəyi…
Yarandığı zamandan
Gözəllərin ürəyi
Gətir, möhür basacam…
Yaz, mənim yanımdadır.

Şirin adı göydədi,
İtin adı yerdədi,
Yalançı mömünlərin
Etiqadı yerdədi.
Etibarlı yerdəyəm,
Etibarlı əldədi
Mən sözün yanındayam,
Söz mənim yanımdadır!

 

 

 

 

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.