Azərbaycanlı oğlanın erməni qızına məhəbbətinə inanırsınızmı? – Yəqin ki, “hə” deyəcəksiniz. Bəs erməni qızın azərbaycanlı oğlana məhəbbətinə necə? Bax burda fikrə gedəcəksiniz. Çünki, erməni adı səslənlən təki hiyləgərlik, məkr, təxribat kimi sözlər gəlib göz önündə durur. “Ərmən – Şuşanikin sevgisi” hekayəsinin qəhrəmanı Şuşanik öz xalqını, millətini, torpağını, nəhayət doğulduğu Qarabağı sevgilisi Əhməddən fərqli olaraq çox sevir. Hekayə boyu oxucu bunu addım-addım izləyir. Şuşanik nə edirsə-etsin Böyük Ərməniyyə dövlətinin yaradılması uğrunda xalqının arzuları onu ailə məhəbbətindən bir addım irəlidə gedir. Xalqının Böyük Ərməniyyə arzuları onun əslən şuşalı olan əri Əhmədə olan sevgisindən qat-qat yüksəkdə dayanır. 90-cı il olaylarından sonra Süsənə çevrilsə də, hicaba girsə də, familiyası Məmmədova olsa da, azərbaycanlıların çevrəsində yaşasa da daim xalqının yanında olur, erməni, ərmən, hay olmasını bir anda yaddan çıxarmır.
“Ərmən – Şuşanikin sevgisi” kitabında eyni adlı hekayəylə yanaşı Mahir Qabiloğlunun 2013-cü ildə qələmə aldığı bədii və publisistik yazılardan seçmələr çap edilib. “Ərmən”, “O dünyadan məktublar”, “Atam Qabilin və dostlarının baməzə əhvalatları”, “Həyat müşahidələrim” adlı bölmələrdə Siz müəllifin müxtəlif səpkili 85 yazısıyla tanış ola biləcəksiniz.
444 səhifədən ibarət kitab “Bakı Çap evi”ndə nəfis tərtibatda çap olunub . Nəşrin redaktoru və bədii tərtibçisi İbrahim Nizamioğlu, korrektoru isə Mahmud Qəzənfəroğludur.