Ana səhifə BAŞ YAZI ŞAİR ÖMRÜNÜN GİZLİ… RUHSAL YAŞAM TƏRZİ

ŞAİR ÖMRÜNÜN GİZLİ… RUHSAL YAŞAM TƏRZİ

Müəllif: Bizim Yazı
509 baxış

Elchin beyXanverdi Turaboğlu

Elçin İsgəndərzadənin şeirlərində inikasını tapan lirik qəhrəmanı daxili tənhalığında yaşayaraq bəzən ona əzab verən hiss, düşüncələri içərisində vurnuxur. Kədər, qəm, dərdin çoxluğu və ya ağırlığı qəhrəmanın “iç” aləmi, dünyasında artıq geniş və böyük dövrə vuraraq daxili çalxalanma və ya daxili təlatüm dənizi  yaratmışdır. O halda qəhrəmanın  “soluxmuş bənizində” dərd bəzi məqamlarda  sahilə çırpılmış  bir balıq kimi çabalamaqdadır:

Dövrə vurur qağayılar
İçimdəki təlatüm dənizində
Sahilə çırpılmış bir balıq kimi
dərd çabalayır
soluxmuş bənizimdə…

Demək şairin lirik qəhrəmanında onun bütünlüklə daxili aləmini bürümüş kimsəsiz qürbət hücrəsində özünü göstərən Daxili Təklik, Daxili Tənhalıqda bəzən son qalan ümid yeri qırılır və ya qəhrəmanda daxili yaşamaq hissi yoxa çıxır:

Son ümid can verir
ürəyimin tənhalığında  –
kimsəsiz qürbər hücrəsində…

Buna baxmayaraq şairin poetik qəhrəmanı son anda bir ümid işığı tapır. Kafir ölümü azdırmaq üçün bir körpə təbəssümü, bir uşaq üzü görmək ümidi ilə yaşayır:

Mənə bir uşaq üzü göstərin,
Bir körpə təbəssümü …
Qədərimi dəyişim, –
Azdırım kafir ölümü…

Digər tərəfdən, şairin poetik qəhrəmanı  söz adamı olan həqiqət şairlərini bəzən qərib durnalara bənzədir. Qərib durna kimi olan həqiqət şairləri isə bu real, gerçək  olan Dünyadan ömrün o üzü olan Ruhani Dünyaya hissolunmadan və ya “yuvasız-yuvasız” köçür. Belə qərib şairlərin yurdsuz-yuvasız köçməsinə görə şairin lirik qəhrəmanı həmin psixoloji vəziyyətə, situasiyaya uyğun qol götürüb  “havasız-havasız”  və ya  “havalana-havalana” oynamaq  istəyindədir:

Qol götürüb bu havaya
Oyna havasız-havasız.
Şairləri qərib durna
Köçür yuvasız-yuvasız.

Bu baxımdan şairin poetik qəhrəmanının bədii anlamı, düşüncəsinə görə, insan ömrü bəzən ölümlərin içində bir ada kimi gerçəklənir:

Ömür – ölümlərin içində  ada…

Şairin lirik qəhrəmanının nəzərincə,  uçan quşun, çiçəkləyən ağacın öz yaşam tərzi, öz röyası olduğu kimi, şair xəyalının əbədi və əzəli məskəni kimi reallaşan ulduzların baxçasında şair ömrünün azad, bəxtiyar anları da özünəxas gerçəklikləri və ya çalarları ilə diqqəti çəkir. İlk öncə ona görə ki,

Quşlar azad
Ağaclar bəxtiyar
Uçan quşun, çiçəkləyən ağacın
Öz yaşamı, röyası var.
Bir də ulduzların baxçasında
Şair ömrü, şair dünyası var –
Azad, bəxtiyar.
Şairlər sevdikləri qadınlara
Ulduzlardan çələng hörür.
Şairlər uçan quşun, çiçəkləyən ağacın
Röyalarını görür.

Buna görə, şairin poetik qəhrəmanının nəzərincə şair xəyalı dalğalar qoynunda üzən gəmiyə bənzəyir:

Xəyalım dalğalar qoynunda gəmi…

Lirik qəhrəmanın düşüncəsinə görə, şair xəyalının bədii məhsulu kimi şərtlənən  dərin məzmunlu sevgidən öncə, bir bənövşə yanağından öpməyə ehtiyac duyulur.  Ona görə ki,  bir kol  dibindən gülümsəyən bir nazlı bənövşənin xeyir-duası qərib sevgilərin Alın Yazısıdır:

İlk sevgidən öncə sən,
Bir bənövşə yanağından öpməlisən
Bir kol dibindən gülümsəyən
Bir nazlı bənövşənin
Xeyir- duası –
Qərib sevgilərin alın yazısı…

Digər tərəfdən, şairin lirik qəhrəmanı xoş  və ya şirin Tənhalığa biçimlənən əsrarəngiz səssiz, lal bir gecəyə bəzən hələ bir yol öpülməmiş gözlərinin nuru hopduğunu önə çəkir:

Hələ bir yol öpülməmiş
Gözlərinin nuru hopub
Səssiz, səmirsiz gecəyə…

Şairin lirik  qəhrəmanı həmçinin düşünür ki, Göy üzünün sakini olan bədirlənmiş  Ay həmişə olduğu kimi, bu gecə də xoş, şirin qayğıya və ya dərin məzmunlu sevgiyə möhtasdı. Buna baxmayaraq bədirlənmiş Ay  indilikdə  o qayğını, o xoş duyğulu sevgini öz üzərində hiss edə bilmir və ya bu gün belə davam edərsə, bədirlənmiş Ay sevgisiz bir ömürə dözməyib bu gecə özünü intihar edə bilər:

Sabaha  ümid yox
Dünənsə sevmədin…
Bu gün də ötüşsə
Əgər beləcə
Sevgisiz bir ömrə dözməyib
İntihar edəcək
Göy üzündə
bədirlənmiş Ay    
bu gecə

Şairin lirik qəhrəmanı bəzən də  bu  yaz ərəfəsi  illər uzunu göz dikdiyi və ya diz çöküb torpağa əkdiyi ağacın budaqlarında yamyaşıl, bəmbəyaz tumurcuqlar yerinə,  kədər, qəm, dərdin daxili məzmununu özündə ehtiva edən Ayrılıqların çiçəkləndiyini  müşahidə edir:

Diz çöküb torpağa əkdiyim ağac
illərdir gözümü dikdiyim ağac
yamyaşıl, bəmbəyaz
tumurcuqlar əvəzinə
ayrılıqlar çırtlayıb çiçəklədi
budaqlarında bu yaz…

2013,BAKI

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.