Ədalət ƏSGƏROĞLU
***
Deyilənlər gerçəkdimi
Könül onu göyçək saysın?
Yazılara qələm çalan
Gülün vursun, çiçək saysın…
Alqışam söz qarasında
Haqq qaşla göz arasında
Düz düzdümü sırasında
Sonrasını fələk saysın.
Əsgəroğlum halım duysun
Boy verin boylanıb dursun
Qanadlanan eşqim olsun
O da özün mələk saysın.
***
Gün-güzarım pozuq düşüb,
Görün rüzgar nə istəyir?
Pərdə çəkib üz –gözünə
Özü aşkar nə istəyir?
Can istəyir, canım peşkeş,
Qəm istəyir, mənəm qəmkeş.
Versin üç-üç, alsın beş-beş,
Özgə nə var, nə istəyir?
Əsgəroğlum, ayrılıq var,
Yol bitirməz haça yollar.
Gedənə yar, gələnə yar,
Mənəm… zəvvar nə istəyir?
***
Tərsə düşən yazıların
Zavalı bir navaldı ki…
Surətin gör binəvanın
Görsən, demə xəyaldı ki…
Yar yaxasın çəkə yana,
Amansız qala divana.
Aşiq ki, qıymasın cana…
Cavabı yox, sualdı ki…
Şeh düşüb könül xalına
Gəl, indi döz məlalına
Əsgəroğlum xoş halına
Halın zurna-qavaldı ki…