Ana səhifə BAŞ YAZI Çağdaş Güney Azərbaycan ədəbiyyatı (davamı)

Çağdaş Güney Azərbaycan ədəbiyyatı (davamı)

Müəllif: Bizim Yazı
990 baxış

Esmira FUAD

(Önü burada: http://www.bizimyazi.com/?p=5287)

Məlihə Əzizpur: «Hazırda Güney Azərbaycanda «dirəniş ədəbiyyatı» inkişafdadır»

VI yazı

Əlbəttə, insanın qəlbində, ruhunda əbədi yeri olan, onun fikir və düşüncələrinə hakim kəsilən Ana torpaq, Vətən, yurd sevgisi, eşq-məhəbbət, haqq-ədalət, həsrət, özləm, etiraz, üsyan, azadlıq mövzusu və bağımsızlıq motivləri digər şair və yazıçılarda olduğu kimi, «Avanqard şeir» tərəfdarlarının əsərlərində də aparıcı mövzudur. Bunlar mütləq mənada onların əsərlərində parlaq əksini tapır. Seyid Heydər Bayat da ənənəvi 11-lik heca qəlibində qələmə aldığı şeirlərinin birində onu hər an düşündürən, hər gün ruhunda dolaşan müqəddəs bir arzuya-azadlığa yetməyin, Vətənin ağ günlərinə
çatmağın yolunu axtarır və bu yolun izinə, sorağına düşsə də, mənzil başına çatmamış azıb qaldığını yazır. Şeirin alt qatında gizlənən mənanı (xalqın azad Vətən, bağımsız dövlət qurmaq amacıyla XX yüzildə dörd dəfə həyata keçirdiyi, lakin hansısa səbəblərdən əldə saxlaya bilmədiyi və sonda məğlubiyyətlə nəticələnən inqilablar — məhz bu üzdən o,
yeni yol axtarır və şairin «Tapdanmış yollardan acığım gəlir» etirafı son dərəcə haqlı səslənir) isə o, orijinal deyim tərzi ilə heç kəsi təkrarlamadan oxucuya çatdıra bilir:
Tapdanmış yollardan acığım gəlir,
Onların axırı sənə yetişmir.
Nə qədər döyürəm mən bu yolları
Gün gələ uzanır, bir yerə bitmir.
Bir yol axtarıram sənə yetişsin,
Dərə olur-olsun, dağ olur-olsun,
Axı çox azmışam harayıma çat,
Bir yol göstər mənə, sənə yetişsin.
Bir həqiqət var ki, haqqın nuruna, işığına bələnməyən düşüncə bir tərəfdən tərəqqini gücləndirərək inkişafı sürətləndirirsə, digər tərəfdən insanların mənəviyyatını,
əxlaqını korlayır, onları əksər hallarda düz yoldan sapdırır, böyük haqsızlıqlar etməyə, təbiətin düzənini, dünyanın xəritəsini pozmağa istiqamətləndirir. Düşüncənin, ağılın məhz birtərəfli inkişaf etdiyi sivil ölkələrin, yəni super dövlətlərin hakim təbəqələri soyqırğınlarının miqyasını genişləndirir, əzilənlərlə əzənlər, zalımlarla məzlumlar arasındakı ənənəvi nifaqı gücləndirir,
müftəxorlar alın təri tökərək qazandıqları cüzi vəsaitlə yaşayışını təmin edən zəhmət adamlarını, əzabkeş xalqı getdikcə daha çox istismar edir. Bütün bunların da nəticəsində zorakılıq, xudbinlik, xəbislik, milli zülm artıb dözülməz həddə çatır, sərhədləri aşır. Belə çətin, xaotik bir dövrdə, super dövlətlərin elmin, real təfəkkürün və tərəqqinin nailiyyətlərindən yararlanaraq bəşəriyyəti məhv
etməyə doğru yönəldiyi bir zamanda təbii ki, Güneyli şairlər iki dünyanın — mənəviyyatla maddiyyatın, gücün savaşına seyrçi qalmır, bu prosesləri böyük ürək ağrısı və həyəcanla
qarşılayır və bütün bunları əsərlərində kəskin şəkildə tənqid və ifşa hədəfinə çevirirlər.
Eyni zamanda şeir və nəsr nümunələrində hər cür xudbinlikdən, pislik və rəzalətlərdən uzaq müqəddəs bir mənəvi dünya qurur, bəşər övladının xoşbəxtliyinə, şəxsiyyətin təmizliyinə inam aşılayır, insanın mənəvi aləmini daima təbii, saf və gözəl görmək istəyirlər. Düşüncələri fəlsəfi məqamlara daha çox söykənən Hadi Qaraçayın «Qəribə bir dünyadayıq» lakonik şeiri sanki yaşadığı dövrün, zəmanənin simasıdır. Şair ağalar və
qullar dünyasındakı təzadlara, insanların maddi durumundakı, yaşayışındakı kəskin uyğunsuzluqlara, «evində uşaqlarının sayı qədər çörəyi olmayan fəqirlərin və uşaqlarının sayı qədər saraylara və maşınlara» sahiblənən harın varlıların vəziyyətinə — bu paradoksallığa nifrətini hayqırır. «Quran»a, Allaha, imamlara yalan andlar içən, ürəklərində saxta andlar, ciblərində minlərlə yalan-palan, çiyinlərində isə bu yalanların günahlarını gəzdirən saxta
dindarlara istehza edir. Axı Hadi yaxşı bilir ki, Tanrının təkcə lal yaratdığı bəndələrin yalanı eşitmədiyi və yalan danışmadığı üçün yeri cənnətdir. Yalan təkcə eşitməyən, danışmayan bəndələr üçün yox, şüurlu hər bir insan üçün böyük günahdır. Yalan heç bir dünyəvi din, heç bir qanun tərəfindən qəbul edilməyən qeyri-insani keyfiyyətlərdən biridir:
Qəribə bir dünyadayıq
Ağalar var: Uşaqları sayısında sarayları,
Uşaqları sayısında maşınları
Ciblərində-İmam haqqı, Allah haqqı
Sözlərinin şablonları.
Ciblərində-minlər yalan, minlər palan,
Qəribə bir dünyadayıq.
Qullar da var.
Evlərində uşaqların sayı qədər çörəyi yox.
Ciblərində min arzunun,
Sürgünlərdə puçurlamış sümükləri
«Qəribə bir dünyadayıq» şeirində «şair rəndəli və ölçülü bədii üsullardan istifadə edir, canlı, zəngin mənzərə yaradır, eyni zamanda sərbəst vəznin incəliklərini şeirə elə bir ustalıqla gətirir ki, poetik ahəng qətiyyən pozulmur, ritm, ahəng isə əruz və ya heca vəznində olduğu kimi, münasibətini qətiyyən itirmir…»
Maraqlıdır, şeirlərində bir-birindən gözəl, mükəmməl bədii tablolar, çoxqatlı metaforik ifadələrlə süslü peyzajlar yaratmaq, bədii ifadə və təsvir vasitələrindən yüksək
sənətkarlıqla isifadə etmək qüdrəti yansıyan istedadlı tədqiqatçı yazar Hümmət Şahbazinin «Haraya gedir bu həyat?» şeiri həyatın paradoksallığı, təzadları, dildə Tanrının bərabər yaratdığı, lakin cəmiyyətdə tutduqları mövqeyə, sosial vəziyyətinə görə tamamilə fərqlənən, qeyri-bərabər olan insanların yaşam tərzini müşahidə edərək «Qəribə bir
dünyadayıq» şeirini yazan qələm və əqidə dostu Hadi Qaraçayın fikrinin təsdiqi, açıq cavabı kimi səslənir. Xüsusilə də «Nə dənizdə bir sevinc, nə damlada bir arzu, Səssiz-səmirsiz hıçqırtıdır bu həyat… Haraya gedir görəsən, bu durumda bu həyat?..» misraları ki, təkcə onun deyil, bütöv bir xalqın boğulmuş həyatının hıçqırıqlarını, dişində boğulan harayları hayqırır:
Haraya gedir görəsən, bu durumda bu həyat?
Qorumaqla da olmur sevdanı yaşamaq.
Uzanır yalaqlıq ilğımlı nərdivanla
Dimdikləyir quşlar dalğaların izini.
Günəş bir sıldırım qaya
Arxasında sıra duran göyərtilər
Ölümlü-dirimli yuxularda bəlkə də.
Hər addımda sanki əllərin qoxumuş izi var.
Bu izlərdə qoxumuş əllər, çürümüş dillər
Bu dillərdə boğulmuş həyat!
Bu durumda bu həyatın: «Sağ olsun!» sədası gəlsin
Bu bir sevinc, bu, bir nisgil.
Haraya gedir görəsən bu durumda bu həyat?
Nə dənizdə bir sevinc, nə damlada bir arzu
Səssiz-səmirsiz hıçqırtıdır bu həyat.
Bəbəklərində iz qoyan bu baxışların tozunda
haraya gedir görəsən, bu həyat, bu durumda?
Dərdi oturub dizinə-başına döyə-döyə, ağlayıb-sıtqamaqla çatdırmaq üsulundan qat-qat güclüdür bu deyim… İnsanı, oxucunu durduğu yerə mıxlayacaq gücdədir bu misralar… Düşündükcə düşünməyə sövq edir öz oxucusunu və «Boğulmuş həyat»a nəfəs verməyə, onu ölümün dəhşətli pəncəsindən xilas etməyə səfərbər edir… Poeziyanın məqsədi, şairin amacı da elə budur: Düşündürmək, səfərbər etmək, birlik yaratmaq və… nəfəs kəsən amillərə, güclərə qarşı mübarizəyə, savaşa qalxmaq!.. Çünki onlar dərindən dərk edirlər ki, «Əgər bir millətin fəlsəfi və ədəbiyyat kitabları həssas, xəyalpərvər, laübali qələmlərlə yazılmışsa, şübhə yox ki, o millət, o nəsil o yolda hərəkət edər və mümkün deyil, axıntıya qarşı bir dürlü kürək çəkməz. Məsələn, bir gənc bir şeir, bir hekayə, bir roman, bir tarix, bir faciə oxuyacaq olursa, dərhal özünə ruhdaş, məsləkdaş olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyənər və o ruhda yaşamağa yeltənər və o məsləkdə yaşamaq istər və bu yazılan əsərlər isə adətən aləmşümul bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar». «Hazırda Güney Azərbaycanda «dirəniş ədəbiyyatı» inkişafdadır» — deyən Məlihə xanım hesab edir ki, Güney Azərbaycanın şair və yazarlarının mövzuları məfhum və anlayış baxımından daha geniş və dərindir. Xanım yazar sanki həyatın tam mərkəz nöqtəsində bardaş quraraq əyləşmiş və gerçəklikləri, baş verənləri səbrlə, ayıq nəzərlərlə müşahidə edir.
Vətəndaş qeyrətli şairimiz Hadi Qaraçayın «Kult.az» saytında Rafət Pirisoy adlı ədəbiyyat və ədəbi dartışma «həvəslisi»nə doğru (həm də konkret və sərt) cavabını olduğu kimi verməyi «Hazırda Güney Azərbaycanda «dirəniş ədəbiyyatı» inkişafdadır» fikrinin ən uyğun açıqlaması hesab edirəm: «Güney Azərbaycanda azərbaycanlılar (daha doğrusu, güneyli-quzeyli-E.F.) bir çoxlarının görmədiyi, ya görmək istəmədiyi bir döyüş içindədilər və bu döyüşün ön sıralarında gedənlərin bir çoxu elə günü bu gün İran İslam Respublikası-nın zindanlarında yatır. Biz onsuz da meydandayıq.» Onlar həqiqətən bu gün həm döyüş, həm də sənət meydanında
ardıcıl surətdə, fəal mübarizə aparırlar…
Belinski yazırdı ki, «Lirikada şairin şəxsiyyəti birinci planda durur, biz ancaq onun vasitəsilə hər şeyi qəbul edib anlayırıq. Lirik poeziya (epik poeziyanın ziddinə olaraq) əsasən subyektiv daxili poeziyadır, şairin öz-özünü ifadə etməsidir.» Hadi Qaraçay da şeirlərində özünü, mənsub olduğu xalqın iç dünyasını-düşüncələrini ifadə edir:
Muğan buğdasına yerikləyən torpağın yazı
Ərdəbil xalçasına yenmiş ormanın güzü
Savalanın südəmər döşü mən!
Çala çalımlı, Beli qılınclı
Süd qoxulu doğunun
Yopu yumru qoçuyam mən
Anam şaman olub, Atam ozan
Çay dənizdən, Ağac bağdan
Daş daşdan danışıb, Mən səndən
Göyçə gölünün çiçəyi gözün
İsıq gölünün ördəyinə çəkər boynun
«Mən, biz, bütün dünya bir adamın sinəsində çarpazlaşır və bəşəriyyətin səadəti naminə qüvvətli, coşğun, ehtiraslı bir ürək kimi vurur» — deyən Məmməd Arif sanki bütün dünyanın «Anam şaman olub, Atam ozan» yanıtını verən Hadi Qaraçayın bu şeirinə daşındığını müşahidə edə bilib və bir ürək kimi döyüntülərini duyubmuş… Yazda Muğan çöllərinin dizə
qalxan buğda zəmisi, meşələrin, ormanların payızının qızılı-sarı rənglərini özündə yansıdan Ərdəbil xalçası, Savalan öz «Yopu-yumru qoçuna» — Hadiyə — «Həqqə, imana münadi» balasına süd verən ana, anası şaman, atası ozan olan bu yopu-yumru qoç balanın sevdiyinin gözləri Göyçə gölünün çiçəyinə, boynu İsıq gölünün ördəyinin boynuna çəkir. Çay dənizdən ağac bağdan, daş daşdan, o isə çiçək gözlü, ördək boyunlu sevgilisindən danışır. Sevgi dolu bir dünyanın uğurlu tablosu belə yaranır modernist şeir dediyimiz poeziya nümunəsində və bu, əsl poeziyadır!..
Əli Məhəmməd Bəyani isə «Ana» şeirində ənənəvi mövzuya müraciət edir. Şairlərimizin əksəriyyətinin əski çağlardan bəri şərəfinə maraqlı əsərlər həsr etdikləri müqəddəs
varlığa-Anaya ali hisslərini yansıdan şair tamamilə yeni bir təşbeh işlədir və bütün ailələrin dayağı, ev-eşiyinin qoruyucusu, övladlarının yolunda ömrünü şam tək əridən, odda yandıran pərvanə kimi təqdim olunan Ananı Ata ocağının oduna, ev-eşiyin istilik, sıcaqlıq qaynağına bənzədir:
Gecələr, gündüzlər, yanmaqdır işi.
Görməyib heç kimsə Ana tek odun,
Ne gurcanaq edər, ne tütün salar.
Əsərlərini yeni formada-sərbəst, yəni azad-modern şeir şəklində yazan Ərgininin poetik düşüncələrinə də müasirliyin-çağdaşlığın sirayət etdiyi apaydın yansıyır… Eynilə «Suçsuz» şeirində olduğu kimi:
Ağ vicdanları qarala,
Arı ürəkləri ləkələ,
Sağlam düşüncələri zədələ.
Səndə suç yox.
İnsanlar malik olmadıqlarına
düşmən olarlar
Fikrin ifadəsi konkret və birbaşa… Mətləb məlum, məqsəd aydın… Yeni şeirin qısa, lakonik şəkli, fikrin bədiiliyin ecazkar tülünə bürünməyən sadə sözlərlə lakonik ifadəsi…
Ənənəvi məzmunun yeni şeir formasında təqdimi: Oxucu ani olaraq, yəni heç bir çətinlik çəkmədən müdrik bir atalar sözünü xatırlayır: «Pişiyin ağzı ətə çatmayanda deyər ki, iy verir».
Poeziyanın əsas obyekti insandır, onun fikri, düşüncəsi, hiss və duyğuları, bir sözlə, əhatə olunduğu mühit və daxili dünyasıdır…

«Bütövlüyə, azadlıq zirvəsinə ucalaq, qalxaq ayağa, ey Bütöv Azərbaycan!»
«Dilimin pinarından türk-türk axıb qanımda dalğalanırsan, Azərbaycanım…»

VII yazı

Güney yazarlarının da şeirlərinin mayasında şair və onun daxili dünyası durur. Onların əsərlərində aparıcı xətt Güney Azərbaycan xalqının keşməkeşli taleyi, bu taleyin üzərindən qara yellər əsdirən şər qüvvələrə qarşı etiraz, qədərə üsyan və mövcud vəziyyətdən — xalqını və ana dilini köləlikdən qurtuluşa doğru aparan yeganə yola — mənəvi birliyə çağırışdır…
Ərgin üzləşdikləri real duruma öz etiraz və üsyan duyğularını «Ulus var» şeirində orijinal müqayisələrə bükür.
Lakin bu bükülmənin şərti olduğu ilk baxışdanca duyulur və ixtiyarsız olaraq şüurlarda hələlik susmuş, əslində isə hər an aktivləşə biləcək vulkan təsəvvürü yaradır:
Ulus var, yalnız gülər.
Ulus var, yalnız ağlar.
Ulus da var,
Bəzən gülər, bəzən ağlar.
Bizim gülüşümüz dodağımızda quruyub,
Göz yaşlarımız boğazımızda düyünlənib
Bircə şeirdə bütöv bir yurdun, dili, tarixi əlindən alınmış əsir bir xalqın taleyini yazmaq, obrazlı, həm də bu dərəcədə konkretliklə ifadə etmək, təbii ki, şairlik istedadının təzahürləridir. Bu, şairin öz elinin dərdi ilə yaşaması, bu dərdləri içində daşıması, fəryadının boğazında düyünlənməsi, harayının dişləri arasında boğulmasıdır. Bu məqamda Ələkbər Dehxudanın «Cəmiyyəti formalaşdıran ən əhəmiyyətli amil dil, qələm, iş və düşüncə azadlığıdır» fikri tamamilə yerinə düşür… Eləcə də Viktor Hüqonun «Eşq uğrunda həyatımı verərəm, hürriyyət-azadlıq uğrunda isə eşqimi də fəda edərəm» fikri… Çünki insanın qəlbində eşq doğulanda onun ölüm qorxusu o andaca qeybə çəkilir. Eşq, həqiqi aşiqlik gözünü qırpmadan ölümün üzərinə atılmaqdır əslində… Güney şairləri üçün fərqi yoxdur, sərbəst vəzndə yazsın, yaxud hecada, əsərlərindən bax beləcə, öləsiyə məhəbbət, eşq sıçrayıb şahə qalxır, göylərə yüksəlir, o sürət və emosiya ilə də oxucunun qəlbinə, oradansa düz beyninə yön alır. Və bu eşqin hədəfi Ana Vətəndir. Sevgiliyə olan eşq böyüyərək Yurdlaşır, Vətənləşir, Azərbaycanlaşır… Səid Muğanlı üçün də sevmək ölmək, sadəcə dünyaya vida etmək deyil, bir inqilab deməkdir. Bu, Vətən övladlarının Ana yurdun azadlığı, buxovlardan qurtulması uğruna atıldığı ölüm-dirim savaşı, mücadiləsidir:
Sevmək bir intihardır,
Qar çiçəyi günəşə baxıb öldü.
Sevmək bir ittihamdır,
Sevmək,
təkcə Sevmək deyil ki!
Sənin, mənim, onun arasında,
Sevmək, bir inqilabdır.
mən sevirəm,
Və zindandayam
Bu gün Güney Azərbaycanda modern şeirin inkişafını sürətləndirən bir çox şairlər kimi S.Muğanlı da əmindir ki, «Babək ölübdürsə də hələ Təbriz ölməyib, o, gözlərilə döyüşür» və bu haqq işi uğrunda mübarizə hələ də bitməyib… Bəli, onlar üçün sevmək azadlıq, istiqlaldır, ana dilində-doğma türkcədə yazıb-yaratmaq, bu dildə təhsil almaqdır.
Onlar üçün sevmək bu azadlığın yolunda zindanları belə gözə almaqdır, Vətənin azad deyilsə, buxovlarda olan bir Vətənin övladı da azad deyil. Təbii, həqiqətən çətindir, doğma Vətənin qoynunda dili, arzuları bağlı yaşamaq, Səhəndin təbirincə desək, «keçmişindən, gələcəyindən söz açması, dədə-babasından ad alması» yasaqlanmış bir rejimdə ömür sürmək… Güneyli yazarlar bu yasaqlara son qoymaq uğruna çabalar göstərir, bu amacla qələmə sarılır, söz və əməl cəbhəsində savaşa atılırlar.
İstedadlı şair Məlihə Əzizpur bir şeirində bu çox çətin və ağır savaşın labüdlüyünü bədii poetik sözün gücü ilə çatdırır oxucusuna… Bu şeiri oxuyarkən insanın ruhu, damarlarındakı qanı donur:
Köynəyinin yaxasını aç, köksünü görüm,
Offfff!
Burada ki, dost izi var,
– Necə də mehriban əlləri varmı?-
pambıqla kəsib döşlərini.
Heç inciməyib, gözlərindən bəllidi.
Qoy kürəyinə də baxım.
Yaralarına toxunmaram, qadan alım,
Yalnız söylə,
Bu, qamçı-qamçı qan yollarının sonunu
Kimdən xəbər alım mən?
Olursa yaşmağını da aç,
Gülümsəməni görüm lütfən.
Ağlamaram, söz vermişəm Türk kimi.
Amma yaylığını götürmə kəsin,
Götürmə yaylığını.
Sənə gələrkən gördüm:
Saçlarından çatı hörmüşdülər dar ağaclarına.
Dur yola sal məni,
Saçlarını geri almağa gedirəm
Naməhrəm əllərdən.
Dua et mənə, Maralım, Yaralım.
Bayraq edək bu dərdimizi birliyə, bütövlüyə,
bütövlüyə, azadlıq zirvəsinə ucalaq!
Qalxaq ayağa, ey Bütöv Azərbaycan!
Üzdə dost görünən saxta mehribançılıq oyunu oynayan düşmənin nə mehriban əlləri də varmış ki, pambıqla kəsib döşlərini… Ölümə məhkum etdiyi günahsız bir elin mərd oğul və qızlarını asmaq üçün gərək olan «dar ağaclarına çatı hördüyü sevgilinin — Vətənin saçlarını naməhrəm əllərdən geri almağa, qamçı-qamçı açılan qan yollarının sonunu bulmağa-azadlıq zirvəsinə-Bütövləşməyə aparan yol uzun və çətin, maneələrlə dolu ağır bir yoldu, savaş da ağır savaşdı, ancaq bu savaş labüddü…
Azərbaycan yağışların mahnısına cumculuq islanıb duyğularımın obası altında
adını çobanların tütəklərinin
isti səsi tək könlümün vərnisinə toxuyuram.
Gözlərimdən lam-lam adının Arazı axıb,
dodaqlarımdan yamyaşıl Muğan tək göyərirsən.
Dizlərimin zirvəsindən dəniz papaqlı Savalan tək ucalıb
Dilimin pinarından türk-türk axıb
qanımda dalğalanırsan,
Az
Ər
Bay
Canım
Ruhunun içindən qoparaq ağ vərəqlərə süzülən bu misralar Güney Azərbaycanın Səkinə Purhəsən adlı bir şairi üçün hansı anlamı daşıdığını ortaya qoyur. Azərbaycana həsr olunmuş iki şeir, iki poetik yanaşma… Hər iki yanaşma, münasibət son dərəcə maraqlı, düşündürücüdür… Məlihə xanımın Ulu yurdu xilas etməyə, onu əsarətdən qurtarmağa aydın, həm də çox kəskin çağırışı, Səkinə xanımınsa tarixi yurdumuzu sevməyə səslənişi insanı içdən riqqətləndirir. Amma bu şeirdə bir məqam da nəzərdən qaçmır. Şeirin sonunda o, Azərbaycan sözünü hecalara bölərək oxucunun diqqətini Vətən oğullarının bu gün də Ər-ərən-Baybəylər olduğuna yönəldir…
Sevimli şairimiz Əziz Səlaminin də bu şeirlə bağlı düşüncələri Səkinənin böyük Vətən sevgisini tamamilə açıqlığa qovuşdurur: «Bu şeiri oxuyarkən, özgün bir şeir dünyasından baş alıb gələn yeni bir poetik baxışla qarşılaşır insan. Ana yurdun yağışlarından islanan çox şairlər olub, amma yağışlarının mahnısına islanmağın tanışı oluruq burada və ölkəsinin sevimli dağını onun ağ dişlərindən baş qaldırıb ucalan görürük və bu dağın yanar başını dənizdən bir qapaq örtməkdədir. Bu yeniliyin qaynağı yeni bir bənzətmə və yaxud yeni bir şəkil deyil, yeniliyi tam yeni poetik bir ruhda aramalıyıq. Bu şeirdən, yaşıl bir yamacda, üzərində çoban tütəyinin havalarının qaranquşları uçuşan doğma obalarımızın birindən keçər kimi olursan. Savalan, Araz və Muğan çölləri bir daha içimizə dolur; bu dəfə tam başqa boyalarla, başqa səslərlə. Bu şeir böyük bəstəçi Smetananın doğma çayı «Moldau» üçün bəstələdiyi əsərinin kağız üstündə sözlərlə səslənməsidir. Həm də şairin öz ana yurdu Azərbaycan üçün».
Əslində 1828-ci ildə imzalanmış bədnam «Türkmənçay sülh müqaviləsi»ndən və əsasən 1946-cı ildə 21 Azər hərəkatının qələbəsindən — Vətənin üfüqlərində doğan azadlıq günəşi qan dənizində boğulduqdan sonra Güney Azərbaycanda yaşayan, öz milli haqq və hüquqları uğrunda ölüm-dirim savaşına qalxan Güney Azərbaycan yazarlarının günü-güzəranı belədir. Həmin bədnam tarixdən sonra xalqın da, bu xalqın yazarlarının da gününün, yaşamının, düşüncələrinin mərkəzində yalnız və yalnız azadlıq ideyalarının gerçəkləşməsi durub… Onların şeirlərinin baş hərfi, «əzəl mübtədası» məhz Vətən olub və bu gün də belədir. Əsərlərində, özəlliklə də şeirlərində əsasən milli kimliyə qayıdır. Ancaq hələ ki, iniltiləri duyulub fəryadları eşidilməsə də, bu gerçəkləşmənin labüdlüyünə əmindirlər, eynilə — «İniltimə gülürsən, Gül! Unutma, ulu şəhərləri dağıdan qasırğalar, bir kiçik əsintidən başlar», — deyən Ərgin kimi… Bu Vətən mücahidi üçün də özgürlük həyatın, yaşamın mənasıdır…
Məlihə xanımın isə Güney Azərbaycandakı real vəziyyətin, gerçək mühitin diqtəsilə söylədikləri acı həqiqətlər insanın ayaqlarını yerə mıxlayır və bu barədə ciddi düşünməyə səfərbər edir: «Qurtuluşun və azad bir millət olmanın bədəli vardır. Heç bir millət öz-özünə qurtulmur. Heç bir qurtuluş dirənişsiz olmur. Bizim gənclərimizin bu yolda çəkdikləri əzablar, zindanlar və gördükləri işgəncələr, bu qurtuluş yolunda ödənilən bədəldir. Bu da nəticəsiz qalmayacaq. Çünkü tarixdə doğruluq, haqq və ədalət yolunda gedən mubarizələr sonucda qurtuluşla nəticələnib, ancaq qurtuluş düşüncəsini, qurtuluş duyğularını toplumun dünyagörüşündə əkən və oluşduran yazarlar, şairlər və aydınlar olublar. İndiki mərhələdə milli qurtuluş, zaman keçdikcə türk toplumunun dünya görüşündə bir inanc şəkli almaqdadır. Bu inancı ayrıntıları ilə açıqlayan və etik və estetik tərəflərini izah edən, milli dilimizdə yazılan modern ədəbiyyatdır. Məhz bu acıdandır ki, Urmu gölü hadisələri, Urmu gölünün qurudulması və bu hadisəyə qarşı ucalmış xalqın güclü etiraz səsinə İran dövlətinin rəsmiləri tərəfindən yetərincə cavab verilməməsi, bölgədə gələcək ekoloji fəlakətlərin doğuluşunu şərtləndirən bu məsələnin həlli uğruna ciddi addımların atılmaması, tədbirlərin görülməməsi güneyli şairləri son iki-üç ildə ən çox düşündürən, narahat edən problemlərdəndir. Bu problemlər bu gün onların əsərlərinə köçən daimi mövzulara çevrilib».
Ülkər Ucqar, Türkan Urmulu, İsmayıl Ülkər və b. bu məsələyə daha həssas yanaşmaları ilə diqqəti cəlb edirlər. Ülkər Ucqar yazır:
İnansın inanmasın?!
Sənin iki qurtumluq qumral gözünə necə inanım?
O yekəlikdə mavilikdə
Urmu gölü ilğım imiş, əlimi atanda duza çıxdı!
Dalıram inanmıram, cumuram inanmıram,
Boğuluram, inanmıram.
Gəlməyəcək gəlinin bir yerlidir, torpağı yox!
O torpağı yoxla, bir gölləri var, suyu yox!
O suyu yoxla, gündə balıqlamağa çıxır, toru yox!
Toru yoxla, bu gün bir cüt qumral rəngdə
göy muncuğu düşüb, inansın, inanmasın?

Vətən — düşüncəmdir güllələnir, dilimdir kəsilir…

IX yazı

Onların əsərlərində, yaratdıqları ədəbiyyatda real həyat, varlığın mənası bu dərəcədə təbiiliklə ifadə olunur. Əslində məhz bu özəlliyin daşıyıcısı olan əsərlər əbədiyaşar olur, ölməzlik qazanır. Güney yazarlarının bir özəlliyi də şeir yazmağa və şeirə münasibətdir… Şeir onların şeirlərinin əsas mövzularındandır, desəm, həqiqətdir. Bu ənənə əsasən ustad Şəhriyardan və onun ölməz «Şeir və hikmət» məsnəvi-poemasından gəlir… Lakin ənənəyə yeni baxış o qədər güclü və orijinaldır ki, heyrət doğurur. Kiyan Xiyavın iki ayrı şeirində bir motivə-şeirə yanaşması, şeir yazmağın nə qədər ilahi bir duyğu və qüdrət olduğunu bəlirləyən mövqeyi diqqətçəkicidir və şeir yazmaq həyata, yaşama dəlicəsinə aşiq olmaq, sevmək deməkmiş əslində:
Çəkirəm çiynimdə dəcəl dünyanı
Köləcəsinə.
Sevirəm ancaq
Sevirəm həyatı, dəlicəsinə.
Mən şeir yazıram.
Və yaxud
Təpəmdən dırnağıma
Qurşun bağladım şeiri hər yerimə.
Hər bir misra bir yara
Bağladım hər yerimə.
Çarpazlama çarpazlama.
Qurşunlar yaralayırdı
Yaralarım qurşun kimi öldürürdü.
Şeirlər qan qiymətinə aldılar ürəyimi
Hər nöqtəmdə
Bir dil, bir anlam bayrağını sancdılar.
Və bu
Mənim
Taleyimlə bağlı bir faciəydi
Çalın-çarpaz qurşunlanmaqdır, qan-qada, ölüb-öldürməkdir şeir yazmaq həm də… Və şeir həm də taledir, faciəli, nakam, ya xoşbəxt olsun-fərqi yoxdur, şeir onu yazan şairin taleyidir… Nə yazıq ki, bu gün təkcə Kiyan Xiyav üçün deyil, Güney Azərbaycan xalqının yetirdiyi çağdaş şairlərin əksəriyyəti üçün hələlik şeir yazmaq «ürəyi qan qiymətinə almaq, hər nöqtəsinə bir dil, bir anlam bayrağını sancmaq»dır… Güneyli şair üçün şeir «çörək ağacı deyil, çörəkdir (M.Əzizpur)», yəni mübaliğəsiz-filansız həyat deməkdir və o, şeir yazmasa, yaşaya bilməz həqiqəti…
Ümumiyyətlə, bu gün Güney Azərbaycan xalqının azadlıq ideyalarının gerçəkləşməsini, «cəhənnəm və zindan»dan qurtulmasını əngəlləyən səbəblər şairləri daha çox düşündürür. Bu səbəblərin mayasında biganəlik, laqeydlik kimi çox qorxulu bir azarın — «epidemiya»nın da durduğunu birbaşa deyil, dolayısı ilə oxucunun diqqətinə çatdırırlar. Ərgin «Donuq heykəl» şeirində xalqı manqurtluğa, unutqanlığa və nəticədə özgələşməyə sürükləyən biganəliyə qarşı etiraz duyğularını şaxtanın qurudub heykələ çevirdiyi və satmaq üçün soyuqdan göyərmiş incə əllərinin barmaqları arasında yunan ilahələrinə bənzəyən bir cüt büst tutmuş yoxsul bir qızın dili ilə hayqırır. Uzun müddət küçədə dayanan və soyuq kəsmiş bu qız ruhsuz gözləri ilə başında börk (papaq), ağzında şal qarşısından gəlib-geçən kişiləri, qadın və qızları süzərək acı-acı düşünür:
Mənim donmuş heykəlimi görməyənlər,
Əlimdəki büstləri necə görəcəklər?
Mənim bağırmamı duymayanlar,
Könül sızıltılarımı necə duyacaqlar?
Dönəmin Nəsimiləri
Bir əlləri haqqa doğru,
Bir əllərində də neştər
Soyulmağı gözləyirlər
Bu laqeydliyə, «biganəlik» adlı ölüm qoxulu azara, insanların getdikcə «daşlaşmış» ürəklərinə və «daşlaşan» başlara, ilişgilərə sanki «Daş yağışı» yağdırdı 2011-ci ildə Ramin Cahangirzadə… «Dayaq» layihəsi əsasında AYB Cənubi Azərbaycan kitabxanası seriyasından AYB-nin maliyyə dəstəyi ilə nəşr olunmuş «Daşlar» «Saray üçün…» şeirlər toplusu rəmzi olaraq elə ədəbiyyatımıza da «Daş yağışı» oldu… Hər birində yaşamımızda addımbaşı qarşımıza çıxan, hər an hansısa formada yanımızda olan və məhz gərəyimiz olan daşların xarakterini, bugünkü insanın həyatındakı, ömründəki önəmini, tarixdəki rolunu bütün ayrıntılarını incələdiyi, hər birində məhz daşlardan söz açdığı əlli şeirin yer aldığı kitabçada oxucularını — əslində insanları səssizliyə… daşların ölkəsinə səyahətə aparır. Bu səyahət əlli şeirin yaratdığı daşlar aləmində davam edir…
«Cəhənnəm» şeirində çölü almalıq və üzümlüklər, içi çılpaq, şaşqın olan şəhərini sevməyi əlləri və qulaqları barıt qoxuyan, balasının səsli başmağının səsini belə unudan sevgilini sevmək boyda bir cəhənnəm sanır Solmaz Məhəmmədrzayi… «Tələs» şeirində isə şairin əlləri kobudlaşıb paslanmış lirik qəhrəmanı sevdiklərini tənha, yalnız buraxaraq cəhənnəmin yolunda qaçır: «İtirdim gecələr gizlicə dinlədiyim səsləri şeytanın qapısına daxil olarkən və sən qutsal ağacların doğduğu qurşun və hər səhər ona yerikləyirdi bezikmiş bahar, tankların ayaq yerində tumurcuqlar dustaq düşmüşdü. Elə bu yaxınlarda göyüzü Tanrı qədər qocalmışdı.» Bezikmiş hamilə baharda qutsal ağacların qurşun doğması, tumurcuqların yarpağa-çiçəyə dönüşmək əvəzinə, ağır, zirehli texnikanın — tankların tırtıllarının açdığı dərin izlərdə — ayaq yerlərində dustaq düşməsi və ölüb-öldürməkdən usanmayan varlıqların bəd əməllərinin şahidi olan və təngə gəlib Tanrı qədər göy üzünün qocalması mövcud durumun bütün ayrıntılarıyla poetik təsviridir…
Lakin şeirlərində daha çox kədər, siyasi basqı və sıxıntılardan şikayət və üsyan notları yansısa da, Güney Azərbaycan şairləri dünyaya, insanlara sevginin gözləri ilə baxmağı bacarır, «sevilməyi düşünmə, sevməyi öyrən (Ərgin)» prinsipi ilə yaşayır, yaşıllığı qoruyan quruca bir nəfəsi, sönməkdə olan közləri alışdıra bilməyi belə böyük iş sayır, yüksək dəyərləndirirlər. Onların qənaətincə, insanları sevmək və inanmaq, onlara tapınmaq, güvənmək gərəkdir. Həyatda insanları sevməkdən böyük bədiilik-gözəllik yoxdur. Əslində lirik şeirin yaranışı, doğulması insanın daxili dünyası ilə, onun sevgi duyğuları, eşqanə hissləri ilə əlaqəlidir. Bu da modern düşüncəli çağdaş yazarın — Ruqiyyə Səfərinin sevgi etirafı:
Artıq gecdir, nə qayıdan var, nə gözləyən,
Gecə vaxtı gəmisiz sahilə bənzəyir gözlərim,
durğun və kədərli, ölümə şahid kimi.
Yaram şərab dadı verir,
həm acı, həm içməli
və sən şəraba dolmuş bir sevdasan,
həm yadam, həm ölüm kimi.
Modern şeirin ən önəmli ayrıntılarından olan bütün dünyanın bir mətnin içinə daşınıb poetik müstəviyə yerləşdirməyi böyük ustalıqla bacaran Hadi Qaraçayın şeirindəki sevgilinin bir qız, yaxud Vətən olduğunu ayırd eləmək çətindir:
Mən gözlərimi yumurkən anımsayıram…
Bütün boyaları anımsayıram,
Buludların köynəyində yeli, qışın arxasında günəşi,
Gerçəklikləri anımsayıram.
Mən gözlərimi yumurkən,
Bütün gerçəkliklərin girişimində başqalıqlar duyuram. Doğalında beləymiş, yalnız diliylə,
dəniz dalğalarıyla, ağac yarpaqlarıyla danışır.
Mən dilimi ağzımın boşluğuna sərmişəm dincəlsin.
Bax, ovcumdan süzülən qumda sənin adın var.
Mənanın ifadəsindəki, formadakı fərqi, yeniliyi duymaq çətin deyil… Şairin yaratdığı obraz — «lirik mən» dünyanın bütün rənglərinin, həyatın gerçəkliklərinin fərqindədir, ancaq bu gerçəkliklər ona daha duyğulu şeylər, nəsnələr pıçıldamaqda, anlatmaqdadır… Yalanın, riyanın törətdiyi fəsadları görməkdə, ürək ağrısı ilə dərk etməkdədir… Tənha insanın dili ilə, dənizin dalğalarıyla, ağacların yarpaqlarıyla pıçıldaşması, danışması kimi… Bu şeirlər oxucu qəlbinə bir də ona görə güclü təsir göstərir, yaralayıb keçir ki, misralar saxta təmtəraqdan, dəbdəbəli, mərtəbəli söz və ifadələrdən, bəzək-düzəkdən uzaqdır və əksinə, bu ədəbi nümunələrdəki dərin məna qatları onu düşünməyə vadar edir. Düşünür ki, Ruqiyyə xanım «sən şəraba dolmuş bir sevdasan, həm yaşam, həm ölüm kimi» deyərkən təbii ki, sevgi üzündən yaşanan acılar, dözülməz mənəvi ağrılar və sevinclər, xoşbəxtliklər yada düşür…
Ənənəvi fədakarlıqlar, sevgilinin aşiqi üçün göydən ulduz qoparmaq, dənizi hədiyyə vermək, dünyanı bağışlamaq, yaxud «Sarıköynək» təki bəzi aşıq mahnılarında hətta «anasını sevdiyinə qurban etmək» kimi üsullar da çağdaş Güney poeziyasında dəyişilib, tam yeni forma və ifadə üsulu ilə əvəzlənib… Məlihə Əzizpurun: «Mənə bir küçə bağışla»sı gözləri tam dənizə açılan, bir sevdanın xəyalı ilə uyuyan, ürəyi uzaqdan gələn gəmilərin səsi ilə döyünən, yolçuların ayaq səsi ilə oyanan, mahnıların səsi ilə oynayan bir küçə» arzusuna, diləyinə çevrilib… Elə bir küçə ki, «Gözlərindən, ürəyinə köçə bilim» kimi dəlicə bir istəyə, kövrək və israrlı bir sevgi etirafına dönüb… Sevgilinin gözlərinə köçüb orada ömrü boyunca qalmaq!
Mənə bir küçə bağışla!
Tam dənizə açılsın gözləri.
Mahnılar keçsin xəyalından səhər-axşam.
Və uzaqdan gələn gəmilərin səsi ilə
Döyünsün ürəyi…
Mənə bir küçə bağışla,
Yolçuların ayaq səsi ilə oyansın.
Mahnı səsi ilə oynasın.
Və bir sevda xəyalı ilə uyusun…
Mənə bir küçə bağışla…
Gözlərindən,
Ürəyinə köçə biləcəyim bir küçə
Bu gün donmuş ürəkləri, soyuq canları sevgi və şəfqətlə isindirəcəklərinə, solğun gözlərə işıq, qəmli ürəklərə sevinc, bütün dünyaya barış, sülh, haqq və ədalət gətirəcəklərinə inanırlar Güney şairləri…

Güney şairləri bütün dünyaya barış, sülh, haqq və ədalət gətirəcəklərinə inanırlar…

X yazı

Bu gün donmuş ürəkləri, soyuq canları sevgi və şəfqətlə isindirəcəklərinə, solğun gözlərə işıq, qəmli ürəklərə sevinc, bütün dünyaya barış, sülh, haqq və ədalət gətirəcəklərinə inanırlar Güney şairləri… Əgər Yunus Əmrələr, Ərginlər, Nəcib Fazillər, Nəbilər, Bəxtiyarlar, Hadilər, Solmazlar, Nigarlar, Hümmətlər, Nadirlər, İsmayıl Ülkərlər, eləcə də yer üzünün bütün insanları bu uğurda — xoşbəxt gələcək naminə bir araya gələrlərsə… Lakin Ərgin bir-birini xoş sözlərlə, incə, zərif kəlmələrlə dindirməyin, könüllərə təkcə sevgi ilə deyil, bu sevgini həm də gözəl, cazibədar dillə ifadə etməklə, yəni əlahəzrət Sözün qüdrətilə hakim olmağın mümkünlüyünü də bəyan edir:
Bir çox bülbül sevər gülü,
Ancaq gülün könlünə
Ən gözəl sözlərlə toxunan
bülbül yiyələnə bilər…
Gerçək həyatda məhz insanların cahilliyi, nadanlığı, paxıllığı və qəddarlığı üzündən baş verməkdə olan bir sıra naqislikləri onların özlərinə kinayəli şəkildə səslənməklə anlatmaq istəyir Güney şairləri… Həyatda yeri səhv düşənləri, yerində olub elin-ulusun işinə yaramayan, çıraq tək dibinə işıq salmayanları, cəmiyyət üçün faydalı olmayanları qınaq hədəfinə çevirir, özünü müasir-modern sayan və arsız-arsız gəzib-dolaşan bivecləri, «Araz aşığından, Kür topuğundan» olan yüngül əyləncə düşgünlərini, «obrazovannıları» qamçılayırlar və bu istəklərini əksər hallarda təsəvvüf aləminin rəmzləri, simvolları vasitəsilə bədii poetik misralara çevirirlər. Eləcə də dünyaya ağalıq etmək iddiasıyla gücsüz, zəif xalqları əzmək, milli haqq və hüquqlarını əlindən almaq, özündən asılı vəziyyətdə saxlamaq ehtirasında bulunan super dövlətlərin çirkin mahiyyətli siyasətlərini, onların güc strukturlarının törətdiyi əzazillik və vəhşilikləri kəskin şəkildə, öldürücü sarkazmla həcv edirlər. Bütün bunların çağımızın qaçılmaz gerçəyi olduğu Kərim Çayçının «Bomba altında qalan oxuldaşlara…» şeirində bütün çılpaqlığı ilə öz əksini tapır.
Çağdaş Güney poeziyasında öz səsi, öz sözü, öz nəfəsi və şaqraq, həm də sakit, axıcı şeir dili olan İsmayıl Ülkərin «Olmaq istəyirəm» şeiri Kərim Çayçının «gecələri taxta tüfənglərilə qol-boyun yatan, gündüzlərisə dolanmaq yerləri şəhid törənlərinin ağlaşması olan yarım qalmış qanmazlıq savaşlarının uşaqlarından birinə, bugünkü dərdli, azadlığa yerikləyən sevgilisinə — Ana torpağa yaşamdan bir gül-Gün çalacam» amacı ilə yaşayıb mübarizə aparan lirik qəhrəmanının bu böyüklükdə dərdinin, milli yanğısının içərisindən həyata gülümsəyən novruzgülü, qar çiçəyi kimi boy verir, günəşi salamlayan və sanki: «Yaşama sarıl, mübarizəyə qatıl», — deyən günəbaxan gülü kimi şahə qalxır, həyat eşqi bulaq tək çağlayan şairin çinara udulmaq istəyini və… yaşamaq arzusunu oxucu çox içdən duyur, həm də görür:
Durulmaq istəyirəm
Durulmaq! Bulaq kimi
Sonra
Dan yelindən dərilən bir nəfəs kimi
Şehli-şehli, şən-şirin
Bir çinara udulmaq istəyirəm
Udulmaq
Və yaşama sarmaşmaq… Zamana dalmaq, dünyanı gözlərinin giləsinə doldurmaq, mavi yaşıllıqla yaşınmaq, sevgiylə, sevgiliylə dodağını doyurmaq və… insan-təbərrük olmaq istəyi… İsmayıl Ülkər oxucusuna bu qutsal istəyi, sevgini ötürə bilir şeirlərində… Sevgi dolu masmavi bir sevda dünyası qurur və bu dünyanın tən ortasında əyləşdirir onu… Dilini, elini, yurdunu sevməyi öyrədir qarındaşlarına!.. Sevgili olmağı bacarmağın yolunu diqtə edir — «Qış kimi yağdın içimə, yaz kimi göyərdin, yay kimi bitdin, sevgilim… Payız gəlir və biz bir-birimizdə itmək üzrəyik», yəni sevgili olmaq həyat kimi, yaşam kimi bir-birində yaşamaq və itmək-ölmək deməkdir… «Dörd əllə deyil, dörd əlli deyil, qırx əlli deyil, min əllə dünyanı tutmaq, o buraxsa da, buraxmamaq, aşiq olmaq, sevgili olmaq, sevdalanmaq deməkdir.»
«Nəcabətini sazaqların söylədiyi, min illik kədərini yarpaqların saçına elə sazaqların yazdığı (H.Şahbazi)» ölkədə, kədərin içində boğulan bir məmləkətdə yaşama bu böyüklükdə çılğınca sevgisinə, dünyayla bu qədər yoldaşlığa özü də heyrət edir:
Bu mənəmmi?
Bu çətinlikdə dünyada bu qədər rahat?
Bu mənəmmi tanrım? İçimdə bu qədər yol
Hər yol min yol qolunu qucağıma açmış!
Hər hüceyrəm bir ayaq, Hər uçurum bir üzəngi
Altımda bunca yəhər: hər nəfəsim ilxı-ilxı at!
Bu mənəmmi?!
Varlıq nədən bu qədər mənə əziz
Hər nəsnə? Nədən bu qədər mənə özəl
Torpaqla bu doğmalıq nədir?
Düşünürəm ki, bu çətinlikdə dünyada bu qədər rahat olmaq və yaşama bu qədər sıkıca sarılmaq məhz İ.Ülkərin yazdığı kimi, torpaqla bu dərəcədə doğmalığın, həyata və insanlığa məhəbbətin sayəsində mümkünləşə bilir… Əslində Mahatma Qandi də onillər öncə məhz sevgiyə, doğmalığa və məhəbbətə tapınaraq bu cümlələri (Dəyərli aydınımız Hadi Qaraçay «tümcələri» yazır. Nəyi pisdir ki, yəni fikrin toplumu, bütövü-cümləsi, gözəl ifadədir!) yazmışdı: «Dünyada bu qədər insanın diri qalması göstərir ki, dünya silahın gücünə güvənməyib, həqiqət və məhəbbətə güvənib. Həqiqətin və məhəbbətin danılmaz gücü bu gerçəklikdədir ki, böyük dünya savaşlarına qarşın, həyat davam etməkdədir. Yüz minlərcə ailələrin həyatının pərişan edilməsi, həyatların söndürülməsinə baxmayaraq, həyat davam etməkdədir. Tarix, yalnızca məhəbbətin qırılma və yenilmə olaylarını yazıb. Olayın dərinliyinə diqqət edib. Ən son amac insan olmalıdır». Axı unutmaq mümkünsüzdür ki, dünyanın xilası insana və insanlığa sevgi ilə gerçəkləşə bilər. Əslində özündə sevdiyini tapan, dönüb sevgili olan insanın bu yolda hər şeyi etməyə qadir olduğunu pıçıldayır İsmayıl Ülkər:
Gəldi yol oldum:
Güldü, gül oldum.
Aldı əllərinə, qolundakı əl oldum.
Çox şükür, dünya.
Dola bildi içimə ən son,
ən qutsal dəliliklər…
Muştuğulumu ver, Tanrım, muştuluğumu!
Sevdalandım mən, Sevdalandım
Güney şairləri bu gün hər şeyin, hər kəsin öz yerində olmasını, dünyanın nizamının pozulmamasını şair təbiətindən doğan həssaslıqla arzulayırlar. «Yeri səhv düşənlərin» bəd əməllərinin nəticəsində başqalarının əzab-əziyyət çəkmələrini, əziyyət çəkənlərin əziyyət verənlərin qınaq hədəfinə çevrilmələrini, günahsız günahkarların sayının artmasının şahidi olmaq istəmir, «dayaz sularda çabalamağa özlərini məhkum etmiş və ya məhkum edilmiş zavallı naqqaların halına (Ərgin)» acıyırlar…
Onların modern şeir yaradıcılığında bəzən bədiilikdən uzaq, sadəcə düşüncəsinin, ağlının diqtə etdiyi fikirlərdən ibarət lakonik deyimlər, açığı, aforizm səviyyəsində, gücündə ifadə və fikirlər olur: «Tülkü satıldı, aslana döndü», «Böyük dərddir, yarımçıqlar arasında bütünlük (Ərgin)», «Böyük dərdlər böyüdür, Kiçik dərdlər çürüdür; Bu güllə çağında lütf edirsən açırsan gül!; Susss… Hürməyin itlər! Şeir çörək ağacı deyil, çörəkdir; Qartal qəfəs arxasından baxır, havada uçuşan milçəklərə…; Bir kişini bağırsağı ilə asıblar! Deyirlər bir gecəlik çörək oğurlamışdı…; Barmaqlarını kəsdilər, öldü şair! Ürəyində qalmışdı sözləri… (M.Əzizpur)», «Eşq, yəni qorxa-qorxa bir sığıncaq, amma isti və sıcaq…; bir muğamdan bir misra kimi sevirəm səni! Hazırlaşdım səni təkrar oxumağa (Kiyan Xiyav)»

Yeni bir dalğa, güclü gənc yazarlar nəsli yetişməkdədir

XI yazı

Onların əksər əsərlərində azad, xoşbəxt gələcəyə inam duyğuları şahə qalxır və bir nüans daim izlənir — milli ruha, soykökə bağlılıq, həm də ənənəviliklə modernist düşüncənin qovuşuğu… Huşəng Cəfərinin ustad Şəhriyarın «Səhəndiyyə» poeması üslubunda son illərdə yazdığı «Savalan» şeirini milli ruhun təntənəsi, ənənəvi yurda məhəbbət, Vətənə sevgi mövzusunun öxünəməxsus tərzdə təqdimatı saymaq olar. Üsyankar şair bu əsərdə elini, dilini, türklüyünü dananlara sərt və açıq cavab verir, tarixi həqiqətləri sillə kimi üzünə vurur, Azərbaycan Türkünün milli kimlik kartı bir daha açılır, tarixi şəxsiyyətlərimizə, xalq qəhrəmanlarımıza, korifey sənətkarlarımıza — ədəbi simalarımıza ehtiram duyğusu yansıdılır…
Yazmışam Eyvaza gəlsin,
Güc alax qoy dəlilərdən.
Bac alaq əcnəbilərdən
O ki bilmir Nəbi kimdir,
Qoyun Azər elini məsqərə sansın,
Bir ömürdür ki Fuzulini, Nəsimini danır, indi də dansın,
Şəhriyar, sən ucalt başıvı, qoy ərşə dayansın.
Qoy baxar kor tər içində cumuban ölsün utansın,
O ki axsaxdı yubansın,
O ki türkün dilin əsgitməyə təsvirə salıbdır,
O ki türkün balasın indi də işğalçı sanıbdır.
O tüfalə bilirəm fikrini tabutdan alıbdı,
O rejimdəndi qalıbdır.
Yoxsa türkün balasından çıxıb əllameyi dövran
Ona dünya baş əyir fəlsəfədə
Bircə nə İran?
Qoy deyim Şəhryarımdan
Nisgil o çərçiyə qalsın ki cəvahir nədi qanmır,
Fikri aldatmadadır, xalqı elin halinə yanmır,
Ərimir, ölmür, utanmır
Bir cəhət sevindiricidir ki, bu qədər dərdin, ağrı-acının, ictimai-siyasi məsələlərin, milli problemlərin həll olunması, mövcud sıxıntılardan qurtulmaq üçün çözüm yolu bulunması uğrunda qətiyyətlə mübarizə aparan Güneyli şairlər körpələri, uşaqları da unutmur, onların sağlam ruhda böyüyüb formalaşması üçün də şeirlər yazır, bədii zövqlərinin qayğısına qalırlar. Onlardan birinin — Məlihə xanımın uşaqlar üçün qələmə aldığı şeirlərindən nümunə gətirməklə söylədiklərimizə söykək veririk:
Gəlin bir şəkil çəkək
şəkildə çiçək çəkək
çiçək üstə kəpənək
qanadını çil çəkək
sonra gözəl rəngləyək
öyrətmənə pay verək
Üzücü olansa odur ki, gözlərində həyat eşqi, yaşam sevinci parlayan körpələrə ünvanlanan şeirlərdə də onların haqsız, günahsız qurşunlanması, terrora məruz qoyulmalarından, hələ də aclıq çəkən, səfalətdə yaşayan uşaqların acınacaqlı vəziyyətindən doğan bir kədər, nigarançılıq notları görünür, onların heç olmazsa, aclıqdan qurtulması arzusu misralar arasından boy verir:
Qarışqaya dən qədər
Sərçəyə böcək qədər
Çörək çataydı keşkə
Ac ölən uşaqlara
Son illərdə Güney Azərbaycanda və xarici ölkələrdə yaşayaraq yazıb-yaradan yazarların bir-birindən fərqli nəsr əsərləri də diqqət çəkməkdədir. Araya-ərsəyə gətirilən nəsr əsərlərində də poeziyada olduğu kimi əsas mövzular üsyan və vətən sevgisi, özgürlük, sürgünlük, ayrılıq, sevgi, həsrət, milli kimlik, əsarətə qarşı üsyan və etiraz duyğularıdır.
Mirzə Əbtürrəhman Talıbov, Fəthi Xoşginabi, Səməd Behrəngi, Qulamhüseyn Saedi (Gövhər Murad), Əliza Nabdil (Oxtay), Mərziyə Üskiyi (Dalğa) kimi böyük nasirlərin yolunu bu gün Rəsul Yunan, Ruqiyyə Kəbiri, Aqşin Ağkəmərli və b. davam etdirirlər. Ümumiyyətlə, Şərqdə ta qədimlərdən günümüzədək poeziya daha çox inkişaf edərək möhtəşəm zirvələr fəth edib, nəsr isə bir qədər kölgədə qalıb. XIX yüzilin II yarısından başlayaraq Güney Azərbaycanda, eləcə də İranda kiçik həcmli əsərlərlə yanaşı böyük həcmli, monumental romanlar da araya-ərsəyə gəlib. Ancaq M.F.Axundovun povestləri, Əbdürrəhim bəy Talıbzadənin fars dilində tərcümə edilmiş «Kitabi-Əhməd», «Məsalün-əl-Möhsünin» adlı əsərləri yayılaraq Azərbaycanın, eləcə də İranın müasir realist nəsrinin ilk nümunələri kimi qəbul edilib. Ancaq yeni Azərbaycan realist nəsrinin ilk uğurlu nümunəsi-örnəyi İ.Qutqaşınlının Varşavada fransız dilində dərc olunmuş «Rəşid bəy və Səadət xanım» hekayəsidir.
Təbii ki, ədəbiyyatda yeni janrlar adətən kiçik, yığcam əsərlərlə təşəkkül tapır. Zeynalabdin Marağayinin «İbrahimbəyin səyahətnaməsi» əsəri, ümumiyyətlə, İranda yaranmış ilk sosial romandır. Bircə faktı qeyd etmək yerinə düşər ki, Güneyin şair və yazıçıları uzun illər fars dilində yazıb-yaratmaq məcburiyyətində qalsalar da, onların farsca yazdığı əsərlərində belə başdan-başa Azərbaycan ab-havası duyulur, türk təfəkkürü görünür.
M.Ə.Talıbovun əsərlərinin isə İran və Güney oxucuları üçün əhəmiyyəti fərqli səpkidədir. Bu əsərlərdə yazıçı elmi-texniki yenilikləri, qloballaşan dünyadakı mütərəqqi dəyişiklikləri bədii dilin imkanları ilə oxucularına çatdırır və bədii məqsədinə çatmaq üçün müxtəlif
yollar seçirdi. Bu mənada «Əhmədin kitabı» əsəri maraq doğurur. Əsərdə yazıçı ata ilə oğulun dialoqu vasitəsilə sanki atanın məsləhətləri, tövsiyələri timsalında elmin yeniliklərini diqqətə çatdırır. «Kitab yüklü eşşək» povestində isə daha orijinal yol seçən M.Ə.Talıbov insan, həyat, təbiət, insani münasibətlər haqqında fəlsəfi düşüncələrini, nəsihət, öyüd və əxlaqi fəzilətlər, adət və ənənələrlə bağlı fikirlərini verir. Yazıçı «sadə adamların zövqünə yaxın, uşaq hekayələrinə daha uyğun şəkildə yazılmış əsərlərin» daha çox oxunduğunu, geniş yayıldığını düşünərək bu yolu seçib və nəticədə bu əsər daha çox sevilib. Həm Z.Marağayi, həm də M.Ə.Talıbov təkcə Güney Azərbaycanda deyil, bütün İranda realistik roman janrının baniləri sayılırlar. Tamamilə realist üslubda yazan H.F.Xoşginabi, Q.Qəhrəmanzadə ilə yanaşı, lirik-romantik üslubda yazan Ruqiyyə Səfərinin, Aqşin Ağkəmərlinin və b. təfəkkür məhsulları ilə yanaşı faciəli tale yaşamış, həyatdan nakam getmiş və hər birimizin istedadlı şair kimi tanıdığımız Mərziyə Üskuyinin «İlk ölümün acıları»
hekayəsi də zaman-zaman oxucuların qəlbində kövrək duyğular oyadıb.
XX əsr İran və Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, orijinal dəst-xəttə malik görkəmli uşaq yazıçısı Səməd Behrənginin «Qar dənəcikləri» hekayəsi sanki lirik əhvali-ruhiyyədə yazılmış şeir təsiri bağışlayır. Təkcə o taylı-bu taylı Azərbaycanda deyil, xarici ölkələrin ədəbiyyatşünasları tərəfindən də yüksək qiymətləndirilən, müsabiqələrdə birincilik ödülü qazanmış «Balaca qara balıq» povestinin oxucuları isə getdikcə daha da artacaq.
Qeyd edək ki, Güney yazarlarının qələmə aldığı əsərlərin ucdantutma hamısının yüksək bədii tələblərə cavab verdiyini deyə bilmərik. Lakin Güney Azərbaycan, bütövlükdə Azərbaycan xalqının tarixən çətin, qanlı-qadalı, keşməkeşli həyat yaşamasına rəğmən, Güney yazarları son dərəcə humanist, həyata sıx surətdə bağlı, gələcəyə böyük ümidlərlə baxan optimist düşüncəyə malik nikbin insanlardır. Bu daxili aləmə malik qələm sahiblərini yaratdığı nəsr də böyük bir inkişaf yolu keçib. Və bu əsərin yaradılmasında müxtəlif ədəbi məktəblərin təmsilçiləri, müxtəlif estetik siyasi nəzəriyyələrin daşıyıcıları olan, müxtəlif janrlarda yazıb-yaradan yazarlar fəal iştirak edirlər. Beləliklə də Güney Azərbaycan nəsri formulunu yaradır və dünya ədəbiyyatında özünə məxsus yer tuturlar. Bu fikrimi qüvvətləndirmək üçün M.Ə.Talıbova istinad edirəm: «İnsan güman edir ki, əşrəfi-məxluqatdır». İnsanı güman etdiyi əşrəfi-məxluqat səviyyəsinə qaldıransa kitablar, kitablar, yenə də kitablardır.
Çağdaş Güney ədiblərinin bu tipli kitablarında əsas mövzu Vətəndir, daha sonra onun azadlığı, müstəqillik-bağımsızlıq, özgürlük, ana dili, haqq-ədalət kimi mövzular gəlir. Klassiklərin toxunduğu mövzular yeni nəsli düşündürən mövzulardan fərqlənir. «Klassiklərin əsərləri daha çox məhəbbət mövzusunu əks etdirir. Ancaq İranda İslam inqilabından sonra və 1990-cı ildən başlayaraq Güney Azərbaycan ədəbiyyatı mövcud durumdan narazılığın göstəricisidir. Azərbaycanın Quzeyindəki mövcud ədəbi mühitlə Güney Azərbaycan ədəbi mühiti arasında oxşar və fərqli cəhətlərdən bəhs edən Məlihə xanım qeyd edir ki, «İran Azərbaycanında Azərbaycan dilində təhsil olmadığından, burada Azərbaycan ədəbi dili axsayır. Ancaq bu vəziyyəti Azərbaycan Respublikasında başa düşürlər və tənqid edilmir».
Güneydə nəsrin bir janr olaraq inkişaf etməsi, yeni-yeni nəsr əsərlərinin yaranması da ziyalıları dərindən düşündürən məsələlərdəndir. Nəsrin bir janr kimi inkişafı ilə bağlı onun qənaətləri nəzərdən qaçmır: «Bizim çağdaş nəsrimiz, demək olar, hələ bu gün bağımsız olmayıb. Meyar dil olmadığından dolayı, elmi baxımdan dildə problemlər var. Onun üçün nəsr dilimiz ya Türkiyədən etgilənib, ya da Quzey Azərbaycandan. Ədəbiyyatda özəlliklə düz yazı (nəsr) əsərlərinin yaranması üçün bir dil gərəkdir. Bir ulusun ruhu onun sənət türlərində, özəlliklə ədəbiyyatında öz imkanlarını kəşf edib, özünü göstərə bilər. Güney Azərbaycan ədəbiyyatında yeni bir dalğa, güclü gənc yazarlar nəsli yetişməkdədir. Vali Gözətən, Eyvaz Taha, Nasir Mənzuri, Məmməd Riza Ləvayi, Həmid Arğış və başqa gənc yazarlar ciddi nəsr yaradıcılığı ilə məşğuldurlar. Güney yazarlarının niskilli ürəyində lap uşaqlıq çağlarından bir Bakı, Qarabağ sevdası da kök salır. 2011-ci ildə nəşr olunmuş Təbrizli Məmməd Rzanın yeni «Qartal balası» adlı kitabında üç hekayə-öykü yer alıb. «İz», «Xan nənəm», «Qartal balası» adlı bu hekayələrdə Güney Azərbaycanda baş vermiş hadisələr, habelə gündəmdə olan milli hərəkat, daha çox Qarababğda ermənilərin törətdiyi vəhşiliklər bədii əksini tapıb. «Qartal balası»ndan örnək olaraq verdiyimiz bu kiçik parça söylədiklərimizin bariz təsdiqidir: «Yeməkdən sonra çay içəndə anasına dedi ki, ay ana, bu igidlər qaçaq yolla Güney Azərbaycandan gəliblər. İstəyirlər Qarabağda vuruşmağa getsinlər, yardımçı olacaq adam tapa bilmədik. Mən də düşünürəm ki, bunları özüm aparım Dadaşın yanına. Anası da doluxsunmuş halda «Allah köməyiniz olsun! Sağ gedib-salamat gələsiniz…» — dedi və sonra da üzünü göyə tutub asta səslə: «Allahım, sən bu cavanları qoru, yağıları zəlil elə», — deyib ağladı.»
Onlar üçün bir Vətən — Bütöv Azərbaycan anlamı var, fərqi yoxdur, bu Vətənin güneyində yaşayırlar, ya quzeyində… Ona görə də Təbrizli Məmməd Rzanın yazdığı kimi, Qarabağ dərdini öz dərdləri, problemləri kimi qavrayır, öz qəlblərinin yarası kimi qəbul edir, kədər qarışıq bir ümidlə, gün gələcək, yağı düşmən — ermənilər qədim türk torpaqlarından qovulacaq, didərgin xalq doğma yurd-yuvalarına qayıdacaq inamı ilə bu mövzunu əsərlərində qabardırlar.

Bir daş götürüb tikanlı məftillər üstündən suya atdı

XII yazı

Qarabağ müharibəsi mövzusunun poeziyada inikası olaraq qələmə alınmış bu əsərlərdə sənətkarlıqla yaradılmış surətlər bədii təxəyyülün məhsulu kimi ümumiləşdirilib yaxud tipikləşdirilib, «uydurulmuş» qəhrəmanlar deyil, müharibənin yaratdığı, formalaşdırdığı, taleyini bütünlüklə Vətənin — Qarabağın taleyinə bağlamış insanların bədiiləşdirilmiş obrazlarıdır… Bu insanlar «Qarabağ və onun ətrafında baş verən mürəkkəb və qanlı hadisələrin odlu kürəsində yanıb-yaxılan, bişib ortaya gələn, bu qanlı olayların yaratdığı qəhrəmanların ədəbiyyata gəlişidir…
Bunlar ən çətin, ən ağır məqamlarda millətin, Vətənin taleyini öz talelərində gəzdirən insanların vətəndaşlıq mövqeyindən ədəbiyyata gətirilən yeni bədii təfəkkürün qəhrəmanlarıdır… Qarabağa bağlılıq, xalq həyatının problemlərinə həssas münasibət, ən ümdəsi isə insanda yüksək və ali dəyərləri, nəcib fikri-hissi başlanğıcı axtarıb tapmaq və bədii cəhətdən təsdiq etmək bu yazılara xas bir xüsusiyyətdir.»
Əsl yaradıcının, şairin, yazarın da hünəri o zaman təsdiq olunur ki, duyğu və düşüncələrini, yaşantılarını inandırıcı bədii dillə, real və cazibədar boyalarla, orijinal bədii ifadə vasitələrilə ədəbiyyata gətirsin. Belə olduqda ədəbiyyat insanın yaxşı mənada özünüifadə vasitəsinə çevrilir. Ədəbiyyat söz adamının özünüifadə vasitəsidir. Özündə Quzeyin sevincinə sevinib, kədərinə kədərlənmək gücü tapan və bu duyğularını əsərlərində apaydın yansıdan, ədəbiyyatı özünüifadə vasitəsinə çevirə bilən Əziz Səlami «Ahu kimi gözlərin» hekayəsində bir Azərbaycan xalq mahnısının və bütövlükdə onun illərdən bəri içində yaşatdığı müqəddəs bir şəhərin ruhunda doğurduğu təlatümləri bir araya gətirir: «Hər yay gününün axşamını sərinlədə-sərinlədə evimizə gətirən hündür qovaqlarımızın ardından qanad çala-çala Bakı da bizə gələrdi. Bakı, mutluluqlar, mahnılar dünyasıydı mənim üçün.
Bakı, anamın mənimlə, mənim anamla danışdığım dildə danışırdı. Anam bir ovuc bayatı idiysə, Bakı bayatılar dünyasıydı. Anam bir ağaclıq mahnı idiysə, Bakı mahnılar ormanıydı. Hər yay axşamı qonşumuzun radiosundan qanadlanaraq bizə gələn Bakıda nə qədər gözəllik, nə qədər sehir vardı! Oranın günəşi də, ulduzları da, pıçıldaşan suları da və üzlərdəki gülüşləri də başqaydı. Bütün bunların hamısı da anamın mənimlə, mənim anamla danışdığım dildəydi.»
Əziz Səlaminin lirik qəhrəmanı Bakıdakı uşaqları xoşbəxt sayırdı. Ona görə ki, Bakıda, Quzey Azərbaycanda yaşayan uşaqlar, kiçik soydaşları onun kimi bilmədiyi yad dildə yox, o günəşin, o ulduzların, o suların və o mahnıların dilində, yəni ana dilində oxuyur və yazırdılar. Bakı onun üçün qurumaz mahnılar bulağıydı və ruhunu doldura-doldura, oxşaya-oxşaya zaman içində axırdı. Bakı ilə böyüyür, Bakı ilə röyalara dalırdı. Bakı ilə körpə ömrünün ilk mahnılarını pıçıldamağa başlamışdı. Dodaqlarına qonan ilk mahnılar Bakının dodaqlarından qanadlanıb gəlmişdi. Lakin illər keçəndən sonra Bakıda Bakını aramağa gələn o böyük doğma şəhər — Bakı sevdalısı röyalarındakı Bakıdan heç bir iz tapa bilməyəndə anladı ki, onun Bakısı «uşaqlıq xatirələrindən daha uzaqlarda, yüz, min illərin o tayında, heç bir tarixçinin, heç bir kitabın xəbər verə bilməyəcəyi bir zamanda qalmışdı!..»
Heyrət və qətiyyətlə etiraf edirəm ki, Vətənin digər parçasını — görmədiyi, gözəlliklərini seyr etmədiyi, ağrılarını duymadığı, əzablarını canında yaşamadığı o biri yarısını öləcək qədər sevməyin kanıtıdır bu öykü, bu hekayə… Səlaminin lirik «Mən»i hər yay axşamı Bakının radio dalğaları vasitəsilə onların evinə gətirdiyi qucaq-qucaq mahnıları öyrənməklə, pıçıldamaqla kifayətlənmir, həmin mahnıları öz ruhundan da eşitmək, neylə ifa etmək, əslində ifa etmək çox yumşaq səslənir, içindən sıyırıb çıxarmaq istəyir. Evlərindəsə ney vardı. Çünki böyük qardaşı da bu neylərdən uzaq, anlaşılmaz, həzin və həsrətlərlə yüklənmiş ərəb havalarını çıxarmaq, ifa etmək istəyirdi. Əfsus ki, talesiz yeniyetmə ömrü boyu bu arzuyla yaşasa da, arzusuna qovuşa bilmir, gənclik çağlarında ölüm mələyi başının üstünü kəsdirərək onu fani dünyada sevdiyi hər şeydən ayırır. Onun neylərinin içindən bir qamış neyi götürüb çalmağa başlayır. «Qərib səslər yavaş-yavaş doğmalaşdı, Bakının səsinə bənzədi və bir gün ruhumun səsini dilə gətirdi:
Ahu kimi gözlərin
Şirin-şirin sözlərin
Sən mənimsən, mən sənin
Qucaqlama dizlərin.
Bakının mənə gətirdiyi mahnıları neyimin dili ilə uzaq qonşulara belə çatdırdım».
Ancaq qonşu qızların ruhunda uyuyan mahnılı quşları belə oyadan neyinin səsi dünyada iş səsindən başqa heç bir səsə dözə bilməyən, cüzi zəhmət haqqı müqabilində gün çıxandan gün batanadək işləyib əldən düşən atasının yorğun və həvəssiz qulaqlarını incitməyə başlayır və o: «Oğul, çalma artıq, çalma!» hayqırır. Bu hayqırışlar çoxaldıqca ruhu: «Çal, susma, çal!» sözləri artmaqdaydı. Atamın sözləri gerçəyin sözləriydi və ruhumun sözləri röyanın. Röyanın sözləri ipəklərcə yumşaq və incə idiysə, gerçəyin sözləri çəliklərcə sərt və amansızdı. Dünyamızın ən böyük məzarlığı gerçəyin sərt, amansız və çəlik pəncəsində boğulub ölmüş röyalar məzarlığı deyilmi? Bunun nə olduğunu atamın qamış neyimi ayaqları altında əzərkən duydum. Ruhumun səsi heç kəsilmədi, «çal!» dedi,»Susma, çal!». Yenə də bir qamış ney tapıb Bakının ruhuma doldurduğu mahnıları çalmağı sürdürdüm.»
Lakin atasının növbəti dəfə neyini peçə atması və çatırtıyla yanan neyin həmişə canını qızdıran peçdən bu dəqiqələrdə verdiyi istilik ömrünün ən soyuq, ən dondurucu istisi kimi yaddaşında qalır. Ə.Səlami qəlbində dərdə çevrilən bir sıra mətləbləri bədii qəhrəmanının çaldığı «Ahu kimi gözlərin» bu mahnısının kədərli melodiyası vasitəsilə oxucuya çatdırır. Poetik gediş edir, bir vaxtlar hələ həyatın isti-soyuğuna, bərki-boşuna düşmədiyi, xalqının milli dərd və ağrılarını bilmədən çaldığı «Ahu kimi gözlərin»də «ulduzlar, çiçəklərin qoxusu, mahnılar, quşlar, ağ bahar buludları və şirin yuxular vardı.
İndi-bütün bunlardan xəbərdar olduğu, ürəyi dərddən şişdiyi dönəmdə isə bu gözlərdən bir çox gözlər də baxır ona: «Bir çox gözlər, bir çox gözlər… Qız yaşlarında olduqlarına görə, ölərkən cənnətə getməsinlər deyə, din barbarlarının qurşunlamadan öncə zorladıqları o azyaşlı qız uşaqlarının gözləri! İşgəncədən və ölümün pəncəsindən qurtarsın deyə amansız bir qış günündə Güneydən Quzeyə can atarkən şaxtadan donan o gənc ananın və qucağındakı uşağının gözləri. Peçin odlarına tullanmış qamış neyiylə röyalarının da yanmasını görən o 12-13 yaşlı oğlan uşağının gözləri.»
Gerçək həyata uyğunlaşmadan, bu həyatın qaydalarına, tələblərinə uyğun yaşamayanlar həyatın dairəsindən kənara çıxırlar. Hamı kimi yaşamayan, tabuları sındırmağa cəhd edən, şeirləri, tərcümələri, hətta kiçik həcmli esseləri, kibriti hekayələri ilə oxucunu xəyallarının pənbə qanalarında çox asanlıqla öz dünyasına aparan Əziz Səlami də həyatın dairəsindən çıxanlardandır. Deməli, həyatın dairəsindən çıxırsan ki, insanilik ölçüsünə uyğun
yaşayasan. Əsərlərindən tanıyıb sevdiyim Əziz Səlami bütün yazdıqlarında oxucusuna həyatın dairəsindən çıxmağı, insanilik ölçüsünə uyğun yaşamağı öyrədir… Bu da örnək:
«Qürurlu qayalar!»-deyərik, qayalarda canın, ruhun olduğuna inancımız olmasa da. Dağlarda yan-yana durarlar; boy-boy boylanarlar; alınlarında yendikləri fırtınaların tarixini, çalın-çarpaz yazarlar. Sahillərdə qosqocaman, köpürən, hayqıran dalğaların gücünün bütövlüyünü, kökslərində çilik-çilik dağıdarlar… Qayalar, «Qürurlu qayalar!» Keşkə biz insanların ən ulu, ən qutsal tapınağı, «Qürur» tapınağı olaydı. O tapınaqda dua oxuyarkən, duru sulardan keçən irili-ufaqlı, rəng-rəng balıqlar kimi, bizim də dualarımızdan dünyamızı dolduran canlıların, varlıqların qürurları gəlib keçəydi; biz onların önündə diz çöküb, hər zaman onlara qarşı sayğılı, hər zaman onlara qarşı sevgili olacağımıza and içəydik!»
Həmid Arğış «Tikanlı məftillər»ində Əziz Səlaminin «Ahu kimi gözlərin» hekayəsində toxunduğu, gündəmə gətirdiyi mövzunu davam etdirir… «Neçə ləzə idi ki, tikanlı məftillər arxasında durmuş, maraqla o taya baxırdı. Tikanlı məftillərdən neçə metir oyanda, enli çay, özünü sahilin daşlarına çala-çala qaranlıqda məhv olurdu. Neçə günüydü bu məntəqəyə əsgər verilmişdi. Hələ özünə bir yoldaş tapmamışdı. …üzbəüz sahildən sərin bir yel tanış bir mahnı səsini gətirirdi bu taya, sudan, məftillərdən aşa-aşa… Uşaqlıqda da belə bir mahnını dinləmişdi, anasının və atasının sazının telərindən… buraya gəlmədən demişdilər: «Ölkənin sərhəddində xidmət etməyə gedirsiz! Çox ehtiyatlı olmağınız gərəkdir…» Heçə ləhzə dərin bir uçurum tərkində özünü gördü… dərindən tövşüdü. Əllərini ətrafa açıb ətirli havanı dərindən sinəsinə çəkdi. Çox tanışıdı bu havanın qoxusu. Yüngüllük duyurdu özündə… bir daş götürüb tikanlı məftillər üstündən suya atdı… üzbəüz sahildə çox uzaqlarda, bəzi yerlərdə çıraqlar bınık-bınık yanırdılar… o taydan isə bir daş suya atıldı. Diqqət etdi, onu gördü: özü kimi bir əsgəridi o. Əlin tərpətdi buna! Sonra əlini irəli uzatdı. Sanki bununla görüşmək istəyirdi! Aralarında enli bir çay olsa da, əlində bir qızğınlıq və istilik duydu. Ürəyi şiddətlə döyünməyə başladı. Axşam yatağa girəndən səhərəcən heç yata bilmədi. Sanki boğazına bir zad tıxılmışdı. İndiyəcən belə bir vəziyyətlə qarşılaşmamışdı… Sürətlə axan çay, hər iki ölkənin adının bir olduğu, tanış mahnılar və hərzadan artıq tikanlı məftillər onu fikrə salmışdı».
Mövzu ağrılıdır, bir Vətənin iki parçasından bir-birinə yadlar tək baxan, lakin ruhu, dili, qanı bir iki qardaşın əllərinin qovuşa bilməməsi, iki dövlətin ayırdığı sərhəd qanunları, keçilməz sədlər və bütöv bir xalqın əsrlərlə davam edən həsrəti, özləmi və… faciəsi…
Çağdaş Güney Azərbaycan ədəbiyyatı seriyasından olan «Yüz il inqilab» romanı da 2012-ci ilin ilk rübündə tələbkar oxucu auditoriyasının mühakiməsinə təqdim olunub. Romanın müəllifi Güney Azərbaycanın Sulduz şəhərində doğulub böyüyən Sayman Aruz (Həsənzadə) Pəhləvi xanədanının, hakim rejimin xalqlar arasında apardığı milli ayrı-seçkilik siyasətinin acı nəticələrinin şahidi olub və bütün bunlar onun körpə ürəyində dərin izlər qoyub. Əslində «Yüz il inqilab» adlı romanının təməli Saymanın elə uşaqkən gördüyü səssiz-səmirsiz müşahidə etdiyi hadisələr əsasında qurulub.

«Yüz il inqilab» kitabında iki yerə — Güneyə və Quzeyə bölüşdürülmüş Azərbaycanın dərdi boy verir…

XIII yazı

Çağdaş Güney Azərbaycan ədəbiyyatı seriyasından olan «Yüz il inqilab» romanı da 2012-ci ilin ilk rübündə tələbkar oxucu auditoriyasının mühakiməsinə təqdim olunub. Romanın müəllifi Güney Azərbaycanın Sulduz şəhərində doğulub böyüyən Sayman Aruz (Həsənzadə) Pəhləvi xanədanının, hakim rejimin xalqlar arasında apardığı milli ayrı-seçkilik siyasətinin acı nəticələrinin şahidi olub və bütün bunlar onun körpə ürəyində dərin izlər qoyub. Əslində «Yüz il inqilab» adlı romanının təməli Saymanın elə uşaqkən gördüyü səssiz-səmirsiz müşahidə etdiyi hadisələr əsasında qurulub.
Güney Azərbaycanda 100 il — bir əsr davam edən xalq hərəkatına, əzilənlərin əzənlərə qarşı mübarizəsinə həsr etdiyi əsəri o, roman adlandırıb. Doğrusu, «Yüz il inqilab» uzun illər qalın-qalın kitablardan oxuduğumuz, öyrəşdiyimiz roman tipinə, həcminə və süjet xəttindəki pərakəndəliyə görə uyğun gəlməsə də (əslində əsər xatirələr əsasında yazıldığından daha çox memuar ədəbiyyatı təsiri bağışlayır), əhatə elədiyi mövzu mahiyyətinə və aktuallığına, məna yükünün ağırlığına görə bəlkə qalın kitablara belə sığmaz. Kitabda Güneydəki mövcud durum Azərbaycan Türklərinin başından keçən olayların, gerçək hadisələrin fonunda canlandırılır, Güney Azərbaycan xalqının vəziyyəti, burada formalaşmış cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemlər parlaq şəkildə əks olunur. Müəllif bir-birindən ağır, ruhu xırpalayan hadisələri xatırlayır, özünün başına gələn və gəlməyən, ancaq gerçəkliyi, real həyatı diqtə edən hadisə və olaylar insanın ürəyini didib-parçalayır, quzeyli və güneyli oxucunun yaddaşını təzələyir, onu sanki erməni cəlladlarının Qərbi Azərbaycan və Qarabağdakı soydaşlarımızın başına gətirdikləri analoqu olmayan faciələrlə üz-üzə qoyur.
Kürd terrorçularının Şəhrivər məktəbindən avtobusla evə qayıdan onlarla Azərbaycan qızını oğurlayaraq qaçırması və ən alçaldıcı üsullarla təhqir etməsi, bu fiziki və mənəvi təcavüz nəticəsində neçə-neçə türk ailəsinin bədbəxt və məhv olunması, Şahinin və anasının, onun ailəsinin başına gətirilən müsibətlər, onların doğma Sulduza aramsız basqınlarını, bu basqınlar zamanı türkləri qəfil yaxalayaraq xüsusi amansızlıqla qətlə yetirmələrini analoqu olmayan erməni vəhşiliklərinin kürd terrorçuları tərəfindən sanki təkrar edildiyinə diqqəti yönəldir. O, ürək ağrısı ilə onların daxili birliyini, sürətlə artıb-çoxaldığını, hər kürdün 5-6 arvad aldığını, hər arvaddan isə 7, 8, hətta 10 uşaq dünyaya gətirdiyini, bu izdivaclardan doğulan uşaqlardan birini isə «Böyük Kürdüstan» ideyası uğrunda apardıqları savaşda şəhid-qurban vermək üçün yetişdirdiyini yazır və yazdıqlarının içərisindən müəllifin öz millətinin, xalqının övladları arasında da sarsılmaz milli birliyin olmasını görmək arzusu göyərir… «Yüz il inqilab» kitabında iki əsr müddətində paralanaraq iki yerə — Güneyə və Quzeyə bölüşdürülmüş Azərbaycanın dərdi boy verir…
2012-ci ildə Güney Azərbaycanda gedən ədəbi prosesin yaddaqalan hadisələrindən biri Ruqəyyə Kəbirinin «Qanun» nəşriyyatı tərəfindən «Ürəyim ağrıyır» hekayələr kitabının nəşr olunmasıdır. «Təbrizim al təbimi» şeir toplusuna yazdığı ön sözdə şair tənqidçi Nadir Əzhəri vurğulayır ki, Ruqəyyə xanım «obyektiv bir şairdir, nə qədər içərisinə qapılırsa, yenə şeirinin və duyğularının bir çoxu real dünyaya baxmaqdır».
Röyalarını açıq gözlə görə bildiyi üçün də bu istedadlı xanım yazarın Bakıda «Ən yeni ədəbiyyat» seriyasından çap edilmiş «Ürəyim ağrıyır» kitabında yer almış «Mavayıl (Cib tualeti)» adlı hekayəsi yüksək qiymətləndirilib və «Ədəbi Azadlıq-2012″ Milli Müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, Ruqəyyə Kəbiri 1963-cü il yanvarın 1-də Güney Azərbaycanın Xoy şəhərində dünyaya gəlib, Təbriz Universitetini bitirib. «Hər qulağımda bir qızıl alma», «Təbrizim al təbimi», eləcə də «Əsli və Kərəm» dastanının motivləri, yunan və türk mifik düşüncələri əsasında modernist şair Kiyan Xiyavla birlikdə yazdığı «Bir ocaqda iki kül topası» adlı şeir toplularından və «Bu qapı heç döyülməyəcək», «İçimdəki qız» hekayələr kitabından yalnız «Təbrizim al təbimi» və «Bir ocaqda iki kül topası» çap olunan Ruqəyyə xanım hazırda ulu baş kəndimiz Təbrizdə yaşayır. Bakıda «Ən yeni ədəbiyyat» seriyasından çap edilmiş «Ürəyim ağrıyır» kitabı onu Güney Azərbaycanın qadın yazarları arasında ilk nəsr əsərləri — hekayələr toplusu nəşr olunan qələm sahibi kimi tanıtdı. O, hər şeydən öncə bir anadır və Təbriz xəstəxanalarından birində tibb işçisi olaraq çalışır. Ən çox sevdiyi məşğuliyyət kitab oxumaq, dünya ədəbiyyatı nümunələrini mütaliə etmək olan Ruqəyyə Kəbiri iş həyatındakı gündəlik real müşahidələri əsasında hekayələrində canlı obrazlar yaradır. Təsadüfi deyil ki, Ruqəyyənin hekayələrində Frans Kafkanın «Çevrilmə»sindən də bəhrələnmə, əsərdəki epizodların fərqli aspektlərdə təqdim olunduğunu söyləyənlər səhv etmirlər. Ancaq onun qəhrəmanları «daha subyektiv, daha ümidli, daha həyəcanlı və tək sözlə desək, yaşam dolu bir qadındır.»
«Mavayıl (Cib tualeti)» adlı hekayəsində peşə xüsusiyyətləri, xəstəxana müşahidələri, xəstə qadının yaşadıqları, psixoloji durumu təsvir edilir. Ruqəyyə xanımın müşahidələri o qədər sərrast, dəqiq və canlıdır ki, oxucu bağırsağının baş ucu çürüyən və cərrahiyyə əməliyyatı nəticəsində həmin nahiyyəsi bir kisəyə birləşdirilən və ölümün pəncəsindən qurtulan, lakin bu amansız xəstəlik üzündən ailəsindən — ərindən və uşaqlarından getdikcə uzaqlaşan, hətta oğlunun bu duruma məsxərə edərək — «Youtube»da yerləşdirsək, rekord qazanar, — sözlərini eşidən, əslində eşitdiyində ölüb, yenidən dirilən qadının çəkdiyi acılar və ayaqda qalmaq, evində, ailəsində öncəki mövqeyini bərpa etmək, mavayıl üzündən üfunət qoxuyan bədənindən çimçəşən ərinin sevgisini qaytarmaq üçün apardığı mücadilə oxucunu düşündürür. Müəllif son dərəcə təbii yolla bu sosial bəla-xəstəlik üzündən ailəsində dışlanan, «iş görmək həvəsi, həyat eşqi yaşamaq kimi, gülmək kimi…» ölən qadının yerində sabah hər kəsin ola biləcəyini və amansız xəstəliklərdən heç kəsin sığortalanmadığı düşüncəsini qafalara ötürür, insanları hansı duruma düşmələrindən asılı olmayaraq «xəstəlikdə və sağlıqda, yaxşı və pis gündə» bir-birinin yanında, arxasında olmağa, qədrini bilməyə və özlərinə dəyər verməyə çağırır. Xəstə qadının, tənha insanların, sevilməyən, diqqətdən kənar qalan qadınların, ərə getmək, ailə qurmaq yaşı keçən qızların yaşantılarını, mənəvi ağrılarını psixoloq səviyyəsində dərk edərək ədəbiyyata gətirən Ruqəyyə xanım qadın olmağın çətinliklərini, xüsusilə yazar qadının çiynindəki məsuliyyət yükünün nə dərəcədə ağır və şərəli olduğunu da dərindən dərk edir: «Yazar olmaq hər yerdə çətindir. Bir yazar hər zaman böyük məsuliyyət daşıyır. Və yenə də hər yerdə bir qadın olmaq da çətindir. Çünki qadınlığın da yazar kimi məsuliyyəti var. Yazar düşüncəsini millətiylə paylaşır, qadınsa doğduğu uşağa həyatın nə olduğunu öyrədir. Amma bir qadın yazarı olanda əlbəttə, məsuliyyət çiyinlərinə ikiqat ağırlıq edir.»
Məsuliyyətilə yazdığı bu sətirləri oxuyan kəsin təsirlənməməsi mümkünsüzdür…
Qadir Cəfərinin «Qüsl» hekayəsinin də süjet xətti ailə-məişət, sosial məsələlər üzərində qurulub, əxlaq, şərəf, namus, el-oba içərisində etik normalara əməl olunmasının vacibliyi diqqət mərkəzinə çəkilib. Gənc yazar mövzunu gerçək həyatdan götürüb, sonda isə ictimailəşdirib… Əsərdə müəllifin baş verənlərə — qəhrəmanın anasının yüngül əxlaqlı olmasından doğan xoşagəlməz duruma münasibətində qəribə bir kinayə hiss olunur… Təhkiyə qəhrəmanı sonda çıxış yolu tapır: «Axar su murdarlıq götürməz» atalar sözünə söykək verdiyi qənaəti sərgiləyir: bütün pislikləri, günahları, hətta qan ləkəsini belə axar su — Arazın müqəddəs suyu yuyub aparır, insan axar suda paklaşır. Ancaq Qadirin içindəki «Mən» bununla razılaşmır və Araz çayının axar sularında qalmaq, qeyri-qanuni yolla yaranmış hamiləlikdən qurtulmaq — «uşaqlığınacan təmizlənmək — arınmaq istəyir. Çünki onun kimilərə ədalətsiz cəmiyyət, bu cəmiyyətin şəhvət düşkünləri və mövcud rejimin dini qanunları tərəfindən insanca yaşamaq-mutlu olmaq şansı verilmir: «Bilirəm. Evimiz yaslıdır. Anam «heç nə səndən əskilən deyil» deyir. Yox nə əskiləcək ki? Budu bax, lap artdı. Qarnımdakı da mənim birim. Day suyu sürətlə gəlir, Həsən əmi. Arazı deyirəm. Çox çəkmir. «Yaxşı, vaxtımız yoxdu, tez ol» deyir. Vaxtımız yoxdu, yox. Yaşamağa vaxtımız yoxdu, canım. Ya oğlan ol, ya qız. Bu mındarlığı yalnız Araz yuya bilər. Axı axar suda hər nə təmizlənər. «Elə bircə dəfə suya girib çıxırsan, olur qusl. Üst-üstə çox çəkmir» — molla deyir. Yox, çox çəkmir. Amma buraxın mən Arazda qalım. Lap uşaqlığımacan təmizlənmək istəyirəm. Bundan sonrakı paraqraflar isə Arazda boğuldu. Dedim axı, nağıllara çox inanmayın…»
2012-ci ildə tanınmış hekayə yazarı Həmid bəy Arğışın (Rüstəmi) «80 il hekayəmiz» adlı 452 səhifə həcmində monumental Güney Azərbaycan Hekayə Antologiyasının Qızılözən Kültür Dərnəyinin ilk nəşri kimi işıq üzü görməsi son dönəm Güney Azərbaycanda mühüm ədəbi hadisələrdən biridir. 1300-1380 (1921-2001)-ci illər arasında qırx Güney Azərbaycan yazarının türkcə qələmə aldığı əlli hekayəni qapsayan Hekayə antologiyasında Abbas Pənahi, Həbib Sahir, Gəncəli Səbahi, M.Zəhtabi, N.Mənzuri, S.Behrəngi kimi klassiklərlə yanaşı, 1990-cı illərdən bəri yaranan gənc yazarlar dalğasının ünlü nümayəndələrinin də əsərlərindən örnəklər verilib.
Həmid Arğış (1976-cı il, Xoy) kitabdakı yazıları iki yerə bölüb. Ön sözləri I, öyküləri, hekayə və qaynaqları isə II bölümdə yerləşdirib. Bildirilir ki, bu antologiyada yer almış əsərlərin toplanmasına 1992-1993-cü illərdə başlanmalı və 2005-ci ildə sona çatmalı imiş. Lakin Güney Azərbaycanda yaşayıb-yaradan və elə açıqfikirliyinə, demokratik düşüncələrinə görə başlarının üstündən Domokl qılıncı asılı, yəni hər dəqiqə həbs, sürgün, təqib olunmaq təhlükəsi ilə üz-üzə çalışan digər aydınlarımız kimi, Həmid bəyin də tutulması və tutuqlandığı zaman kompüterinin müsadirə olunması kitabın materiallarının da gedər-gəlməzə yollanmasına səbəb olub. Buna görə də kitabın yenidən toplanması və nəşr olunması prosesi 2012-ci ilədək uzanıb.

Qaynaq: http://www.xalqcebhesi.az/

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.