Ana səhifə SÖYLƏŞİLƏR Nigar İsfəndiyarqızı sual verdi… Kərküklü sənətçi ürəyini açdı…

Nigar İsfəndiyarqızı sual verdi… Kərküklü sənətçi ürəyini açdı…

Müəllif: Bizim Yazı
1. 084 baxış

“O qız mənim ilk göz ağrımdı…”

Seyfəddin Çaxmaqçı: “…sazı çalmaq bir yana dursun, onu tutmaq belə suç hesab olunurdu. Türk aləti idi axı…”

…bəzən bir ağrılı ah keçər içinizdən ha, gəldiyi yeri yandıra-yandıra gözlərinizdən yaş olub süzülər. Acizlikmi qoyasan adını, çarəsizlikmi deyəsən, bilmirsən. Bax o ah əslində sənin içində yanıb qalmış yurd yeridi, korun-korun ruhunu qalayır.
Bizim dərdimiz çoxdur. Bir yanında Qarabağ sinəmizə basılan dağdısa, o biri yanda da Kərkük dərdi heç də ondan geridə qalmır. Divan tutulur Kərkükə, od vurulur. Həm də uşaqlıqdan dadlı-duzlu nağıllarıyla, türkülərilə yaddaşımıza həkk olunan Kərkük yetimdir, yiyəsizdi. Gözü isə yoldadır…
Hər nə olur-olsun mənə görə Kərkük aciz də olsa, darda da olsa bizdən daha çox Türkdür! Və elə buna görə də dara çəkilir!
Müsahibimiz Seyfəddin Çaxmaqçıdır. Qürbətdə qalmış yetim yurdun qərib ozanı…

– Seyfəddin bəy, özünü necə təqdim edərdi?
– Seyfəddin Çaxmaqçı. 1956-cı ildə, Kərkükün Bəylər məhəlləsində dünyaya gəlmiş, ilk və orta təhsilini orda alan, türkmən bir ailənin oğlu. Hələ səkkiz yaşı vardı musiqi sevdasına düşüb konsertlərdə, məclislərdə saz çalıb mahnı oxuyanda. Atam əski muğam və xoyrat (bayatı) ustası olduğundan mənə də musiqi sevgisini aşılaya bilmişdi. İraqın bir çox musiqi ansambllarında ifaçı olmuşam, 1970-ci illərdə İraq Türkmən musiqisinə Türk sazını ilk dəfə gətirənlərdən biriyəm, ilk saz ifaçılarındanam. Türkmən cameəsində keçmiş rejimin qəzəbinə uğrayaraq cavan yaşda İraqın əvvəl şimalında bulunan Spilik dağlarına, daha sonra da İraqın cənubundakı BASRANI FAU kəndinə sürgün edilib, yenə də Bəsrədə olan ərəblərin ansambllarında əlimdəki Türk sazını buraxmadım. Həbs olunub, Əbu-Qüreyb həbsxanasına atıldım, bir müddət sonra sərbəst buraxıldıqdan sonra Kərkükdə bir qıza sevdalandım. Elə nə oldusa ondan sonra oldu. O qız mənim ilk göz ağrımdı. O qədər sevmişdik ki, bir-birimizi Leyli-Məcnun yalan oldu yanımızda. Qızın atası  bizi peşman elədi. Xəbər tutan kimi gedib fars rejiminə məni satdı, məni turançılıqda və Türkiyə agentliyində ittiham edərək, edamla təhdid elədilər. Uzun müddət Əbu-Qüreybdə həbsdə qaldım. Sonra bəraət aldım, amma İraqda qala bilmədim, qaçdım və beləcə qürbət başladı. Əvvəlcə Simali Kiprə köçüb, “Bayrak” radio televiziya şirkətində kərkük folklorunu tanıtmağa başladım və mərhum Rauf Denktaşın sərəncamı ilə Dövlət Planlaşdırma dairəsində texniki işçi çalışdım. Kiprli bir xanımla ailə qurdum, 1982-ci ildə əkiz qızım Yurdum və Yurdal dünyaya gəldi. 1986-cı ildə Londona mühacirət elədim, uşaqlar da mənimlə idi. Burada həm universiteti oxudum, eyni zamanda da İraq Türkmən Cəbhəsinin İngiltərə təmsilçisinin müavini işlədim. Qızlarım da orda təhsil aldı. Onlarla birgə universiteti bitirdim, onlar tibb oxudu və hazırda ikisi də həkimdirlər. Mənim təhsilim isə musiqi texnologiyaları üzrədir. Uşaqların anasından 1994-cü ildə yolumuz ayrıldı.
2000-ci ildə Azərbaycanın Tovuz rayonundan bir xanımla ailə qurub Londona getdim. Bu da çox çəkmədi və ayrıldıq. 2006-cı ildə Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva və Nazim Məmmədov tərəfindən Azərbaycana dəvət edildim, gəldim və 2012-ci ildə yenidən Kərkükə qayıtdım. İki il yarım orda yaşadıqdan sonra qaçırıldım və bir şəkildə 2012-də yenidən İraqı tərk elədim və hazırda Türkiyədə yaşayıram.

– Seyfəddin bəy, saz başınıza çox oyunlar açıb, amma siz onu əlinizdən buraxmamısız. Neçə yaşından başladı bu sevdanız?
– Saz hər şeydir. Mənim həyatımda sazın yeri ayrıdır. Hələ 8 yaşım vardı əlimə bir saz keçdi. Kökləməyi də bilmirdim. O vaxt İraqda saz çalmaq bir yana dursun, sazı tutmaq belə türk aləti olduğu üçün keçmiş rejimə görə çox böyük suç hesab olunurdu. Mən də öz-özümə öyrəndim. Televiziya kanallarında, radiolarda, toylarda, konsertlərdə qorxumuzdan saz istifadə eləmirdik, yunanların istifadə elədiyi BUZUKİ deyə saza bənzər bir alət vardı, onu çalırdıq. Beləcə saz çalan birikən səkkiz nəfər olduq, sonra bunun fərqinə vardılar və başladılar ikidə bir tutub sorğuya çəkməyə.

– Bir az Vətəndən danışaqmı? Azərbaycandan…
– Azərbaycan mənim dünyamdır. Ata yurdumdur. Azərbaycan sevdası sözlə ifadə edilməz ki. Onu yaşamaq, hiss eləmək lazımdır. Bunun üçün də azərbaycanlı qanı daşımalısan.  Azərbaycan mənim Kəbəmdir. Hər nə qədər uzaqda olsam da, həsrət qalsam da bir anım, bir saniyəm belə vətəni düşünmədən keçmir. Mən fəxr edirəm ki, Azərbaycan oğluyam, azərbaycanlıyam, daşına, torpağına qurban olduğum Azərbaycanı bundan artıq ifadə edə bilmərəm. Vətəndir, Vətənin başqa cür ifadəsi olmaz ki! Ana sevgisi kimidir Vətən sevgisi:

“…ey anamdan müqəddəs,
babamdan dadlı Azərbaycan,
kimə nəsib olacaq torpağında qan,
qucağında can vermək…”

bunlar da mənim dilimdən süzülür,

“qara bax,
qan üstündə qara bax,
içimdə  iki həsrət var,
bir Kərkük, Bir Qarabağ…

– Harda yaşayırsız Seyfəddin bəy?
– Mən əslində Böyük Britaniyada məskunlaşmışdım, ta 2006-cı ildə Azərbaycana gələnə qədər. Hələ də Londona qayıtmamışam, 2010-cu ildən indiyə qədər on səkkiz ölkədə oldum, amma heç birində Azərbaycanın dadını ala bilmədim, hələ də özümə vətən axtarıram. Hazırda İstanbuldayam, amma bu da bəlli deyil. Bir də xəbər alarsınız ki, Kanadada, Avstraliyadayam. Mənim işim Allaha qalıb, bəlli olmaz. Sual edə bilərsiniz ki, “niyə Azərbaycana yerləşmirsiniz?” Mən 2000-ci ildən ata yurdum Azərbaycana gəlirdim, 2006-cı ildən Azərbaycanda bir çox fəaliyyətlərdə bulundum. Mən yeganə kərküklüydüm və orda kərkük folklorunun tədqiqatçısı kimi seminarlar, konfranslarda iştirak edirdim.  Türkiyə Azərbaycan diasporunun Koordinator Şurasının üzvü olduğum halda axırıncı iqamətgah yeri üçün müraciət elədiyim vaxt Miqrasiya İdarəsi həmişə mənə bir il müvəqqəti oturum izni verdiyi halda son müraciətimdə 6-7 ay vaxt verdi. Mən də Miqrasiya İdarəsinin sabiq rəisi Arzu bəylə görüşdüm, mənə istər qal, istər get dedi, mən də hər şeyi buraxıb getdim. Dünyada vicdanımdan çox sevdiyim Azərbaycanımdan ayrı qaldım.
Allah qoysa yeni bir iş təklifi var. BMT-nin müharibələrdən zərər görən uşaq, qadın, yaşlılar üçün günahsız insanlara yardım proqramının Türkiyədəki təmsilçiliyini təklif ediblər. Mən də qəbul elədim və tezliklə işə başlayacağam.

– Konsertləriniz…
– Mart ayından Avropa turuna çıxmışdım. Şimali Kiprdən başladım, ta Şimal qütbünə qədər Hollandiya, İsveçrə, Finlandiyada konsertlərim oldu. Kərkükdə bir çox televiziya kanallarında çıxış elədim, indi də İstanbulda planlaşdırıram.

– Yenilikləriniz varmı? Varsa nələrdir?
– Bəzi sintezlər üzərində işləyirəm. Avropanın Qərb musiqilərini bizim xalq alətlərində ifa etmək və bəzi instrumental musiqilər hazırlayıram. İnşallah “youtub”da da görəcəksiz.
Sizin vasitənizlə bütün Azərbaycan və dünya azərbaycanlılarına cani-könüldən hörmət və ehtiramımı bildirirəm. Allah sizləri qorusun.

Söhbətləşdi:
Nigar İsfəndiyarqızı
http://www.azadinform.az/news/a-53008.html

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.