Meyxoş ABDULLAH
(dedektiv hekayə)
1580-ci il… Çiskinli payız günlərindən biri… gündüzün gecəylə qovuşan şərqarışan vaxtı…
Gecə öz qaranlıq pərdəsini göy qübbəsindən yavaş-yavaş yer üzünə endirirdi. Asimanla yer arasında lal bir sükut hökm sürürdü. Müdhiş sükutu ara-sıra səhra bayquşunun yarğanda əks-səda doğuran ulartısı pozurdu… Sonra yenidən ölü sükunət başlayırdı…
Elə bu vaxt qartal bədəninə oxşar yarmadanın lap burnunun ucunda elə bir gurultu qopdu ki, sanki göyün qarnını doğradılar. Bu yerlərin daimi sakinləri olan qısaqıyruq səhra siçovullarının ürəyi paran-parça olub ağızlarından toküldü. Dağkəlinin leşinə daraşmış bir yığın quzğun, bu səsdən hürkərək özlərini yaxınlıqdakı qayalıqların döşündə bitən gəgirliyə pərçimlədilər.
Dəhşətli və qorxunc göygurultusuna öyrəşməmiş qartalabənzər yarmada, sanki diksinən kimi oldu. Qanadlarını gərmiş bu yer kürrəsinin bir parçası qorxusundan quş tək perikib, milyon illərdən bəri mıxlandığı yer adlı kainatdan qopub, getmək istədi.
Elə bu vaxt göyün ənginliklərindən yerə doğru bənövşəyi rəngli bir işıq seli axdı. Birgözqırpımında bu südrəngli işıq seli yerin bağrına sancıldı. İşıq seli, pəncərədən qaranlıq otağa düşən günəş şüasına bənzəyirdi… İşıq selinin tən ortasında, elə bil şüşə boruya salınmış vəziyyətdə olan bir canlı göründü. Bu canlı, yumurlanmış vəziyyətdə, sanki ana bətnində doğuşa hazır olan körpəyə bənzəyirdi.
Bir azdan işiq selinin əhatəsi genişləndi. Əhatə genişləndikcə şüşüə borunun dairəsi də böyüyürdü. Dairə böyüdükcə onun içindəki canlı varlığın spiralvari oyanışı gözə çarpırdı. Bu spiralvari buğumlar böyüdükcə şüşə borunun içində qeyri-adi bədənqurluşu olan bir qız göründü. Qızın ayağının torpağa dəyməsiylə işıq selinin onun başının üstə dairəvi halqaya dönməsi bir oldu…. İndi o apaydınca nəzərə çarpırdı. Qızın çövrəsi algümüşü rəngdəydi. Uzun qara saçları topuğunacan səpələnmişdi. Azca dik burnu və qap-qara gözləri vardı.
Qızcığazın alnındakı çapıqdan savayı hər şey adi insanlarda olduğu kimiydi. Bu çapıq mayak qədər güclü işıq saçırdı, həm də ətrafa dalğavari bənövşəyi şüalar səpələyirdi.
Qartalabənzər yarmadaya enmiş bu qız yadplanetdən gəlmişdi O, bu kainatın sakinlərini şər qüvvələrdən qorumaq və haqq-ədaləti bərpa etmək üçün göndərilmiş ilahi bir varlıq idi… Bu qızın adı “Cnives”, yəni yadplanetlilərin dilində, “ xəyal ilahəsi” deməkdi.
* * *
…2012 – ci il… payız fəslinin son ayı… Göydən ələnən narın yağış hər tərəfi islatmışdı. Havadan soyuq qarın qoxusu gəlirdi… İki il bundan qabaq təsadüf nəticəsində tanış olduğum, amma bircə dəfə də üzünü görmədiyim bir qadının xəyalını beynimdə canlandıra-canlandıra, çiskin yağış altında onu gözləyirdim.
Bu görüş mənim üçün əbədi yuxuya getmiş sonradan diksinərək ayılan bir insanın qəfil oyanışına bənzəyirdi…
Qadın yubandıqca həyəcandan, bədənimdə yaranmış od-alovun hənri, sir-sifətimə səpələnən yağış damlalarını havadaca buxarlandırırdı.
Bu iki il müddətində mənə yazdıqlarını xəyallarımda canlandırdıqca, onun yaşının hardasa, 45-50 arası olacağına heç bir şübhə yeri yox idi. Bunu dəfələrlə onun özünə də söyləmişdim. O isə, israrla 14 yaşında olduğunu söyləyirdi. Mən isə hər dəfə onun bu sözlərinə elə hey gülürdüm… gülürdüm…
Həyəcanım artdıqca, taqətim də dükənirdi. Ətrafımdan ötüb keçən qadınların hansınin o olduğunu öyrənmək üçün özümdən aslı olmayaraq diqqətlə onların üzünə baxırdım… Mən onu yaşlı bir qadın təsəvvür edirdim.
Birdən səkinin o biri tərəfindən mənə doğru gələn bir qızcığazın gülümsər sifəti diqqətimi cəlb etdi… Onun uzaqdan mənə baxıb gülümsəməsi fikirlərimin içinə bir dolaşıqlıq salmışdı. “Bu odurmu?!..” – sualı mənim içimdə bir təlatüm yaratdı.
O balaca qızcığaz, artıq mənim bir addımlığımda dayanmışdı. Qap-qara saçları topuğunacan səpələnmiş, gözləri zülmət gecə kimi zilqara olan bu qızcığaz boynyny göyərçin balası kimi əyib, gözlərini gözlərimə dikərək gülümsəyirdi. Onun gülümsəməsi qeyri-adi idi. Baxışlarının dərinliyindən qopan hansı bir qüvvəsə adamı sonu görünməyən bir boşluğa doğru yuvarlayırdı. Alnındakı dərin çapıq yerindən dalğavari və gözlə güclə görünən ulturabənövşəyi işıq seli buğumlanırdı. Çiynindən məktəbli çantası asmış bu qızın əynində tünd yaşıl rəngdə olan xüsusu məktəbli forması da vardı. Nə qədər təəccüblü olsa da, hər şey mənə gülməli gəlirdi. Ömrümdə belə gülünc vəziyyətə düşdüyüm halı xatırlamıram. Bu qızcığaz, heç “qızlar bulağından da su içməmişdi”.
O xırdaca əlini mənə uzadaraq:
– Mənəm… müəllim, inanmadığınız Cnives…
Səsinin tonu, bədən qurluşuna heç uyuşmurdu. Bu səs təsəvvür etdiyim və iki ildən bəri özümü onun yaşlı bir qadın olduğuna inandırmağa çalışdığım xəyal aləmimdəki qadının məlahətli səsinə bənzəyirdi.
Mən bir anlıq özümü itirdim və necə oldusa, sağ əlimi əvvəlcə onun saçlarına, sonra da alnındakı çapığa toxundurdum. Bu elə gözlənilməz və ani oldu ki, qızcığaz özü də diksinən kimi oldu.
Təəccüblə soruşdum:
– Doğurdanmı, bu sənsən?!
O anasından dən gözləyən göyərçin balası kimi boynunu çiyninə qoyub gözlərini qıyaraq mən baxdı.
– Əlbəttə, mənəm… Özgə kim olmalıydı ki?!
– Cnives, sənin neçə yaşın var? – soruşdum.
O gülümsədi. Anladım ki, mənim düşdüyüm vəziyyətə gülür. Axı, bu inamsızlığı mən yaratmışdım. Əslində, o məndən soruşmalıydı: – “Mənə neçə yaş verərsiniz?”
Doğurdan da, bu görkəmində ona 14 yaşdan artıq vermək olmazdı. Ancaq, bu o idimi?! İnanmırdım. Içimdəki şübhə və inamsızlıq az qalırdı məni dəli etsin. Onunla aramızdakı iki ilin yazışmaları mənə yaşım qədər, bir dərs keçmişdi.
– İnanmırsan? – deyə gülümsədi?
– Yox… bu sən deyilsən.
– Bəs, kiməm?!
– Ölmüş yaşlı bir qadının cavan ruhu… – Düz tapdım?!- deyə soruşdum.
O diksindi. Əlini alnındakı çapığın üstünə qoyub gözlərini qapadı. Mənə elə gəldi ki, o dua oxuyur. Amma sözlərindən heç nə başa düşmək olmurdu. Onun sifətinin rəngi də, gözlərinin parlaqlığı da azalmışdı. Ölüm ayağında olan xəstəyə bənzəyirdi. Birdən yatmış adam kimi sanki yuxudan ayıldı və qoluma toxunaraq:
– Gedək burdan!.. – dedi.
Bir söz deməyib onun yanınca irəlilədim. O, insanların gediş-gəlişindən uzaq sakit bir yerdə ayaq saxladı və gözlərini gözlərimin içinə dikərək:
– Mənə başqa bir sözün varmı?
Yaranmış vəziyyətdən çıxmaq üçün bayaqdan əlimdə tutduğum hədiyyəni ona tərəf uzatdım.
– Bunu sənin üçün almışam, ətirdir… Düzdür, sənə layiq hədiyyə deyil, amma… aldım də…
O gülümsədi və hədiyyəni alıb burnuna yaxınlaşdırdı:
– Gözəl iyi var, hardan bildin bu ətiri xoşlayıram?
– Axı, bu ətrin ağzı bağlıdır. Sən bunun iyini haradan hiss etdin?
O, bir söz demədi, sadəcə gülümsədi… Sonra əlimdən tutub, məni bir addım özünə tərəf çəkdi. Onunla çox yaxın bir məsafədə dayanmışdıq. Hətta, nəfəsini hiss edirdim, ilk yağan qarın iyi gəlirdi nəfəsindən.
O baş barmağını alnındakı çapığa qoydu, şəhadət barmağını isə düz mənim alnımın ortasına dayadı. Onun bu vəziyyəti, sanki tapançadan atəş açan adamın vəziyyətinə bənzəyirdi. Əslində, qorxmağa başlamışdım. Amma bir söz demədən kirimişcə onun nə edəcəyini gözləyirdim. Handan-hana dilləndi:
– Mən sənin bu vəziyyətdə bütün yaddaşını pozmağa qadirəm. Buna inanırsanmı?
– İnanıram! – dedim.
– Onda elə isə qulaq as. Bu deyəcəklərim səninlə mənim aramda bir sirr olaraq qalacağına söz verirsənmi?
– Söz verirəm! – dedim.
– Mənim 433 yaşım var… Mən 1580-cı ildə yad planetdən gəlmişəm. Bu mənim yer kürrəsinə gəlmə tariximdir. Əslində, mən 1330 il bundan qabaq, 683-cü ildə uzaq qalatkaların birində doğulmuşam. Mən bu yerin sakinlərini şər qüvvələrdən qorumaq və haqq-ədaləti bərpa etmək üçün göndərilmişdim. Amma çox heyfslənirəm ki, bu yer planetinin insanları haqq-ədalətin nə olduğunu hələ dərk etməyiblər. Buna yüz illərlə vaxt lazımdır. Mənim isə buradan getmək vaxtım, artıq tamam olur. Bilmirəm, yenidən bu yerlərə qayıdacağammı?
– Arzulayırsanmı, nə vaxtsa yenidən bu yerlərə dönməyi?
– Yox… əslində mən buradakı ömrümü ömürə saymadım, bura gələndən bəri vücudum donmuş, buz bağlamış bir qızın ömür ortağı oldu. Zahirdə canlı ğörünsəm də ruhən donmuş bir vəziyyətdəyəm. Bu, 433 ildə mənim ruhumun donunu açan arzuladığım bir kimsəni tapa bilmədim. O kimsəni tapsaydım, bəlkə də qalardım…
– Bəs…
– Xahiş edirəm, daha məndən heç nə soruşmayın, artıq mən tükənirəm… – deyə o mənim sözümü ağzımda qoydu.
Doğurdan da, onun sir-sifəti şaxta vurmuş adamın bənizi kimi ağappaq idi. O, bu görkəmində, lap qar qıza oxşayırdı.
Biz ayrılarkən o mənə bir qələm hədiyyə etdi… Birinci dəfəydi ki, beləsini görürdüm. Qələmin ucunda antenaya bənzər bir şey vardı. O biri ucunda isə ulturabənövşəyi işıq yanırdı… eynən Cnivesin alnındakı çapıqdan dalğalanan işıq kimi…