Ana səhifə YAZILAR Torpaq qoxulu şair

Torpaq qoxulu şair

Müəllif: Bizim Yazı
512 baxış

Esmira Fuad (Şükürova)
Filologiya üzrə fəlsəfə doktoru

Çağdaş Güney poeziyasının və nəsrinin görkəmli nümayəndəsi, elmi ictimaiyyət tərəfindən tədqiqatları təqdir olunan Əli Daşqın (Hüseynzadə) 1955-ci il martın 10-da Təbrizin 80 kilometrliyində yerləşən Ucan-Bostanoba bölgəsinin Xalaç kəndində, dindar bir ailədə anadan olmuşdur. Atası Hacı Həsən Azər­baycan folklorunu gözəl bilən, kənd camaatı arasında böyük nüfuza malik bir insan idi. Əlini də 5 yaşında ikən Fətulla Xocanın dini məktəbinə yazdırmışdı. Gözəl səsə malik olan ögey anası isə Xəstə Qasımın nəslindən idi və çoxlu xalq mahnıları, atalar sözü, dastan və nağıllar bilirdi. Valideynlərinin bu keyfiyyətləri gələcək yazara təbii ki, öz təsirini göstərmişdi.
Xalaç kəndində yaşayan Hüseyni tayfasında, xüsusilə də Hacı Həsənin ailəsində Qurani-Kərimi əzbər­dən qiraət etmək gözəl adətlərdən biri idi. Şairin böyük qardaşı Yaqub kəndin yas mərasimlərini, Məhərrəm ayının ayinlərini idarə edərdi. Onun oxuduğu ağı və növhələrin çoxunun mətnini isə Əli yazardı.
Xalaçda Müc­təhidlər ailəsi xanlıq edirdi. Onlar kasıb uşaqlarına oxuyub təhsil almağa imkan vermirdilər. 1965-ci ildə dövlət kənd uşaqlarının yeni üsullu məktəblərdə oxumasını təşkil etmək üçün bu yerlərə müəllimlər göndərdi, Atası Əlini də dövlət məktəbinə yazdırdı. Qeyd etmək lazımdır ki, Həmədandan olan türk əsilli kənd müəllimi Huşəng Muini çətinliklə də olsa, Xalacda məktəb binası tikdirə bilmişdi.
Təhsilini davam etdirmək üçün Əli pulsuz-parasız Təbrizə üz tutur. Təbriz kərpic zavodunda çalışan böyük qardaşının yanında 3-4 ay fəhlə işləyir, az sonra isə kərpic zavo­dunun mühasibi Mir Cəmşidin köməyi ilə Təbrizdəki Şah İsmayıl Xətai adına orta məktəbə yazılır. O zamanlar bu məktəbə qəbul olunmaq o qədər də asan deyildi. Əlinin Təbriz həyatının təlatümləri də məhz bu məktəbin divarları ara­sında başlayır. Zəmanəsinə qarşı etirazlarının ilk əks-sədası isə çox təsirli olur. «Ana dili» adlı inşa yazısı 8-ci sinifdə oxuyan Əlinin həyatında dəyişiklik yaradır. Məktəb direktorunun donosu ilə şah üsuli-idarəsi onu cəzalandırmaq qərarına gəlir, lakin yaşı az olduğundan həbs cəzası Kürdüstanın Soyuqbulaq-Mahabad şəhərinə sürgünlə əvəz edilir. O, Soyuqbulaqda sürgündə olduğu 3 il müddətində kürd dilini öyrənir, bu dildə şeirlər də yazır, eyni zamanda orta təhsilini başa vurur. Şeirləri dərc olunur, yavaş-yavaş tanınmağa başlayır və «Daşqın» təxəllüsünü qəbul edir.
Doğma türkcədə şeirlər yazan və artıq şair kimi tanınan Əli Daşqının ən böyük arzusu ana dili və ədəbiyyatı üzrə ali təhsil almaq idi. Lakin doğma türkcədə təhsil verən ali məktəb yox idi. Çarə­sizlikdən o, elektronika sahəsində oxumaq qərarına gəlir. Tehranda təhsilini başa vurduğu dövr isə İran İslam İnqilabının baş verdiyi vaxta təsadüf etmişdi. O, elektronika üzrə mühəndis kimi çalışmağa başlayarkən ana dilində yazıb-oxumaq nisbətən asanlaşmışdı. Lakin Daşqın da başqaları kimi, işindən ayrılaraq İran-İraq savaşında iştirak etmək üçün döyüşə yollanır. İranın 21 Həmzə ordusunda 25 ay döyüşür, bir neçə dəfə yaralanır, bu müharibədə ən yaxın dostlarını itirir. 1988-ci ildə Təbrizə dönür və Şəhriyar ədəbi dərnəyinin yaradıcı­larından biri olur. O, qiyabi olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilsə də, Bakıya getmək, orada təhsil almaq imkanı əldə edə bilmirdi. Hətta İrandakı Rusiya konsulluğu vasitəsilə bu ölkəyə getmək üçün aldığı viza da ona kömək edə bilmir, Astara kömrük sərhədindən geri qaytarılır. Nəhayət Avropaya, oradan da Rusiyaya gedir. Burada ümumi dilçilik, türkologiya elmini öyrənməyə başlayır, nəhayət, uzun illərin arzusuna qovuşur, böyük çətinliklə də olsa, Rusiyadan Bakıya gəlir…
«Kültür evi»nin yaradılması Daşqının ən böyük xidmət­lə­rin­dən biridir. Artıq 12 ildir ki, onun şəxsi vəsaiti hesabına yaranmış bu mərkəz çap, tərcümə, köçürmə-transliterasiya, redaktə və yaradıcılıq işlərinin digər qolları üzrə fəaliyyət göstərir. Əli Daşqın ədəbi aləmdə tanınan, oxucu sevgisi qazanan qələm sahib­lərin­dən­­dir. Əsərləri “Yol”, “Varlıq” dərgilərində, “Geyhan” ( Tehran ), “Füruği azadi” (Təbriz), “Ədəbiyyat qəzeti”ndə, “Yol”, “Odlar yurdu” qəzetlərində ( Bakı ) müntəzəm dərc edilmişdir. R.Zöhrabovun “Muğamat”, Orxan Kamal ın “Yad qızı” əsərlərini fars dilinə, Şəhriyarın seçilmiş lirik qəzəllərini türkcəyə çevirmişdir. Lirik şeirlərinə onlarla mahnı bəstələnmişdir. Keçmiş Yuqoslaviya , Türkiyə , Azərbaycan və digər ölkələrdə keçirilən ədəbiyyatla bağlı qurultaylarda fəal iştirak etmişdir.
Araşdırılması. Əli Daşqının şeir və nəsr əsərləri, lüğətçilik və dilçilik fəaliyyəti dövrünün bir sıra görkəmli sənətkarlarının-B.Vahabzadə, Anar, F.Qoca, Ç.Əlioğlu, Ə.Əzimli, Sona Xəyal, K.M.Sönməz, Ə.Mirzayi, Qüdrət Unal, N.Rizvan, Savalan, Ə.Rzayi, E.İskəndərzadə, Ə.Səmədli, prof. Əliəkbər Türabi-Hallacoğlu, Hadi Qaraşaylı, Qadir Nəcəfi-Eldən, Əbülfəth Şıxlı, Maral Təbrizli, Çiçək Ağbulut, Huriyə Allahqulu qızı, Türkan Qaradağlı, və b. nəzər-diqqətini çəkmiş, haqqında məqalələr yazılmış, dəyərli mülahizələr, fikirlər söylənmiş, şairə bir sıra şeirlər həsr olunmuşdur. Çünki onun “şerlərində varlıq ilə yoxluq, yaşam ilə ölüm öz ifadəsini obrazlı şəkildə tapır. O, yaşayışı savaş, döyüş və çarpışma adlandıraraq döyüşü diriliyin boynuna bağlayıb üsyankar olmağa, sürəkli çarpışmağa, vuruşmağa səsləyir.” [1]
Xalq şairi Bəxtiyar Vahabzadə şairin şeirlərini ortaq türkcədə, aydın və sadə dildə yazdığını və fikirlərini dəqiq ifadə etdiyini xüsusilə vurğulayır: “Şair …şeirlərində daha çox istiqanlı və səmimidir. Fikir, hiss nə qədər aydın və sadə deyilsə, şeir bir o qədər qazanar və qazandırar. Ə.Daşqının ifadələrin-dən hiss olunur ki, o, şairdir.” [2] Şair Ç.Əlioğlu isə onun “qədim və əzəmətli fars şeirinin ağuşunda doğulub sabit ənənələrin, formanın kanonik tələblərinin ipinə-sapına yatmayan, özündə çağdaş dünyanın eyzən dəyişən dinamik ovqatını, bütün imkanları şəhərdə və bir sıra adamların əlində toplaşdıran (urbanist) quruluşun ritmini əks etdirən şeir nümünələri” [3] yarada bilməsini böyük cürət və əzmkarlıq nümunəsi kimi dəyərləndirir. 1997-1998-ci illərdə isə İranın Azad İslam Universitetinin, 2002-2003-cü illərdə Təbriz Universitetinin tələbələri də onun həyat və yaradıcılığına müraciət edir, yaradıcılığı diplom və magistr işlərinin mövzusu kimi araşdırılır, haqqında sənədli film çəkilir.
Türkiyədəki Atatürk adına Universitetin Kazım Kara Bəkir dil fakültəsinin Rabia xanım Güngör Daşqının həyat və fəaliyyəti ilə bağlı tədqiqat işi yazır və kitab şəklində çap etdirir.
Yaradıcılığı. Daşqının yaradıcılığı zəngin və çoxşaxəli, mövzu dairəsi geniş və əhatəli, üslubu orijinaldır. Şairin kimliyi şeirlərindən görünür, şəxsiyyəti misraları arasın-dan boy verir “Türk” şeirində olduğu kimi:
Boz qurdun dərisi kürküm,
Bayların papağı börküm,
Mən buyam, Türk oğlu türküm!
Ellərimə, yadlarıma. [4]
Ustad Şəhriyar dünyasını dəyişdiyi gün Qulamhüseyn Bəydili ilə şairi məzara qoyduqları həyəcanlı dəqiqələrdə Əli Daşqın bədahətən söylədiyi şeirdə Şəhriyar kimi fitrətən şair doğulanların cismən ölsələr də, xalqının, sevənlərinin ürəyində əbədiyyən yaşa­dığına əminliyini bildirmişdir:
Bura məzar deyil, qoyuram onu,
Ölümlə gəlməyir hər şeyin sonu.
Geyinib əyninə ləkəsiz donu
Cənnət bağçasının bucağındadır.
Yazarın yaradıcılığında Vətən, doğma yurd, həqiqi sevgi mövzusu qırmızı xətt kimi keçir. Lakin azadlıq, istiqlal, anlamaq dərdi, Ana torpağın müqəddəsliyi, dəyəri, həyatın gerçək üzü, gələcəyə inam, Qarabağ savaşı, didərginlik, köçkünlük, aydın sabaha, qələbəyə ümid və s. məsələlərə poetik münasibət də özünü qabarıqlığı ilə göstərir. Bu mövzularda qələmə aldığı əsərlər oxucunu düşündürür, onu həyat həqiqətlərinə söykənən hadisə və süjetlərə inandırmağı bacarır. Oxucu inanır ki, şair ayaq açıb ilk addımlarını atdığı müqəddəs torpağı canı qədər sevə bilər. Hətta «Ana» dedikləri torpağa o qədər yaxın, o qədər çulğaşmış ola bilər ki, torpaq qoxusu verər. «Torpaq qoxulu şair» ifadəsi ədəbi aləmdə yeni istilahdır və bu ifadəni yeni poetik biçimdə şeirlərinə gətirən Əli Daşqın baş daşının üzərində «Bir torpaq qoxulu şairim lay-lay» yazdırın, – diləyini də gizlətmir. Ə.Daşqın sərbəst vəzndə orijinal şeirlər, fəlsəfi məna qatına malik mükəmməl poetik nümunələr yaradan istedadlı şairlərdəndir. Qısa, lakonik, aydın bir dildə yazılmış bu şeirlərdə dərin məna yükü, fəlsəfi tutum özünü göstərir. Şairin mövzu obyekti həyat, cəmiyyət və bu cəmiyyəti təşkil edən insanların, bütövlükdə xalqının yaşantıları, həyat tərzi, sevinci, faciə və məhrumiyyətləri, duyğu və düşüncələr aləmidir. Bu şeirlərdə onu əhatə edən cəmiyyətin çatışmazlıq-larına, insanların problemlərinə, dərd və ağrılarına, mənəvi üzüntülərinin səbəblərinə münasibət poetik qəlibə salınaraq təqdim olunur. Qoynunda doğulub boya-başa çatdığı doğma yurda, şirin-şirin ötdüyü Ana dilinə sonsuz sevgisini misralarına hopduran şair soydaşlarına, şovinizm siyasəti nəticəsində el-obasından didərgin düşərək bütün dünyaya səpələnmiş Azərbaycan türklərinə səslənir:
Ortaq baxtımızın sin daşıyıq biz,
Bir qoca, ağbirçək ananın oğlu,
Bir kövrək bacının qardaşıyıq biz,
Uzat əllərini əlimə doğru!
Ögey dolandıqca artıq yanarıq.
Axı biz hamımız bir anadanıq… [5]
İki yerə bölünmüş böyük Vətənin 1828-ci ildən bəri sızlayan, qapanmayan yaralarına, Araz çayı boyunca ayrı salınmış bütöv bir xalqın ayrılıq dərdinə məlhəm ola bilməməsi, bu dərdlərin çözülməsinin imkanı xaricində olması Ə.Daşqının «qəlb evini kərpic-kərpic meyvəsi qandan olan bir bağça salır və bu bağçaya özləm, həsrət çiçəkləri əkir, bitib tükənməyən mənəvi ağrılarını orijinal ifadələrlə obrazlı şəkildə ağ vərəqlərə nəqş edir. Lakin şair qələmdaşları kimi, Arazı qınaq obyekti sayaraq «iki qardaşın arasını kəsdiyinə görə» məzəmmət etmir.
Ə.Daşqın özünü bütöv bir Vətənin-Azərbaycanın şairi, vətəndaşı sayır. Müstəqilliyinə qovuşan Quzey Azərbaycanın sevinci onun sevinci, erməni qəsbkarlarının işğal etdiyi torpaqlarımızın ağrısı onun ağrısıdır. Dövlət arti-butlarımızdan olan üçrəngli, ay-ulduzlu bayrağımızın 1991-ci ildə təkrar dalğalanması yaralı ürəyinin məlhəmi, Qarabağ həsrətilə çırpınan qəlbinin xoş təsəllisidir.
Şair «Öylə sevdim», «Ulu Təbriz», «Alovlar ölkəsi», «Ulus», “Urmu”, «Azər­bay­can», «Torpaq», «Qarabağım», «Bir ovuc torpaq», «Uçurum», «Sulduz», «Mən ölü deyiləm!-Urmulu öyrəncilərimə» tipli şeirlərilə beləcə vətənin oğul və qızlarının könül sazını vətənpərvərlik ruhunda kökləyir, onlara: “Dön bax, sev onu, zirvəsində qar ol, çırpınan ürəyi, görən gözü ol! Taleyinə yurdsuzluq yazılmış şair mutlu – xoşbəxt ola bilməz, düşüncəsi ilə «Yurdsuz şair-«Qarabağa» adlı şeirini yazır və bu qənaətini daha da qabarıqlaşdırır: El-obasının əlindən alınması, doğma yurdundan-ocağından didərgin salınması şairin faciəsidir.
Əli Daşqın böyük bir tarixə malik, lakin taleyinə qara yellər əsən bir millətin oğludur. Talesiz millətin şairi, söz adamı elə doğuluşdan talesizliklə üz-üzə, göz-gözə gəlir. Talesizlik bir sıra əsərlərində yepyeni bir kölgə obrazı yaradıb və bu kölgə də onu bütün həyatı boyu addım-addım izləyir. Bir kitabına da elə «Kölgə» adını verib. Onun bu kölgənin soyuğunda üşüyən düşüncələri belə, «Buzlu çayın sahilində dünyanı bəzəməyə qadir bir millətin əsarətdə qalaraq itirdiklərinin» sorağındadı. Kölgəli günlərin, ayaz gecələrin nələr çəkdiyini elə somsoyuq, buzlu düşüncələrin səsi ilə dinləyən şair bəzən bədbinliyə qapılaraq:
Günəş ötdü gecə qaldı başımda,
Kölgə düşdü qocaldım gənc yaşımda.
Yolun düşsə bir söz yazdır daşımda,
Yaşamadım,
Yaşamadım bu dünyanın heçində!.. [6]
-desə də, ümidini itirmir, böyük tarixinə, xalqının gücünə, qüvvətinə və özünə əmin olduğunu dilə gətirir.
Ə.Daşqının oxucu qəlbinə yol tapan saysız sevgi şeirlərində də yurd sevdalı əsərlərində olduğu kimi, butöv, əqidəli, milli düşüncəyə sahib lirik bir «Mən» vardır. Şairin lirik «Mən»i nisgilli, həsrətli, sevda yaralıdı. O, sevgilisinin kömür rəngli gözlərinin vur-ğunudu: «Varlıq səni qoxuyor, Quşlar səni oxuyor, Ay kölgədən çıxıyor, Onu çox görmə mənə»! – diləyi ilə yaşayır:
Mənim baxtım kimi hər gün qaralır,
Sürmədən, vəsmədən intiqam alır.
Əlimdən tutarkən ayaqdan salır,
Qara qaş altında kömürü gözlər. [7]
Amma şair bu dilsiz sevdanın dərinliyinə vararaq anlayır ki, sevənlər yalnız olurmuşlar, eşqdən yananla-rın niskili damla-damla gözlərinə dolurmuş. Sevənlər qovuş­mazlar, gerçəyini dərk etsə də, «sənsiz ürəyi-mi sənsizlik dələr» deyə-deyə bir ümidə də tapınırmışlar: – Bəlkə sevdiyi yağan yağışa, çıxan günəşə qarışaraq görüşünə gələr?
Qəzəl janrında yazdığı mükəmməl qəzəllərdə də Əli Daşqının sənətkar məharəti özünü təsdiqləyir. Bu çətin, şairdən böyük məharət və poetik ustalıq tələb edən məsuliyyətli janrın tələblərinə cavab verən «Könlümün saxsısı», «Və mən», ««Məhbub»i Vətən-aşıq Məhbuba», «Biricik Şeyda», «Gül dodağın», «Başdan da keçdim», «El sevdası (Böyük Füzulinin beş yüz illiyinə)», «Vətən», «Çinar kimi», «Bağçama gəlmə», və s. əsərlərində sevdiyinə saf eşqini, məhəbbətini, eyni zamanda doğma yurda, Vətənə sevgi və sədaqət hisslərini ifadə edir.
Poemaları. Vətənin təkcə Güneyinin deyil, Quzeyinin də problemləri, dərd və acıları həm şeirlərinin, həm də “Qarabağ” poemasının baş mövzusudur. Ermənistanın Azərbaycana qarşı yürütdüyü əsassız torpaq iddialarını gerçəkləşdirmək uğrunda apardığı ədalətsiz müharibə vətəndaş şairin də qəlbinə dağ çəkmişdir. “Xalac köyü” poemasını isə onu dünyaya gətirən, böyüdüb boya-başa çatdıran anasına və qoynunda doğulduğu doğma Xalac kəndinə həsr etmişdir. Sərbəst vəzndə, axıcı və təsirli bədii dildə, lirik ovqatda qələmə alınmış poemada şairin anasına və doğma kəndinə, onun dağına, daşına, çaylarının şaqqıltısına, məsum qızların qəh-qəhəsinə, ayağı xınalı kəkliklərin qaqqıltısına həsrəti, dərin sevgisi önə çəkilir. Poemada şairin xüsusi ustalıqla yaratdığı poetik fiqurlar oxucunun qəlbində kövrək əks-səda doğurur, nəzərini özünün böyüdüyü məkana yönəldir. Anasının gəzib dolaşdığı, səhər-axşam çalışdığı Xalac kəndinə, ata evinə daim gələcəyinə söz verməsinə baxmayaraq, onun ölümündən sonra yoxluğuna, niskillinə dözə bilmədiyinə görə getmədiyini etiraf edir. Poemada “sevgi yolunda qutsallara-çörəyə, suya and içən, müqəddəs kitaba əl basan şairin həyatında olan üç istəklisinin-ölkəsinin, anasının və sevgilisinin hər birinin yaşatdğı üzüntü son dərəcə təsirlidir:
Qüsura baxma, annə!
Sevgilim üç oldu bilirsən:
Sən, ölkəm, o…
Səni erkən itirdim,
Ölkəmi hala qazanamadım,
Onu isə gec buldum! [8]
Nəsr yaradıcılığı. Əli Daşqının nəsr əsərlərində də əsas hədəfi, aparıcı mövzu savadsızlıq, İran­da və Güney Azərbaycanda xalqın acınacaqlı durumu, qadınların hüquqsuzluğu, cəhalət və nadanlıq, milli ayrı-seçkilik, ictimai bərabərsizlik, milli varlıq, ana dili, «kültür»-mədəniyyət məsələləridir. «Kənd gəlini», «Bayraq kölgəsi», «Çəkmə yarası», «Buğda gülü» və «Günü» hekayələrində, «Bıçaq və sümük» povestində, eləcə də «Sarışın» romanında yazıçı cəhalət və zülmün tüğyan etdiyi İranda və Güney Azərbaycanda yaşayan sadə insanların, kənd camaatının maddi və mənəvi problemlərini, yoxsulluq və cəhalətin məngənəsində boğulan ailələrin real mənzərəsini qələmə alır. Bu ailələrdə qadın və uşaqların evin böyüyü-ata tərəfindən dözülməz əziyyətlərə məruz qalması ürək ağrısı ilə təsvir edilir. Gün çıxandan gün batanadək tarlada, bağ-bağçada, həyət-bacada işləyən qadınların, qoyun-quzu, mal-davar otaran, çobanlıq edən, hər bir çətinliyə qatlaşan uşaqların gün ərzində çəkdiyi əziyyətlərə baxmayaraq yeməyə qarın dolusu çörəyi, geyməyə paltarı, ayaq­qabısı belə yoxdur. Əli Daşqını bir yazıçı, vətəndaş kimi daha çox narahat edən, hər an düşündürən problemlərdən biri də erkən nikahlar, «qız dediyin özgə malıdır, tez ərə getsə yaxşıdır» düşüncəsidir. «Bayraq kölgəsi» , «Kənd gəlini», «Çəkmə yarası», «Buğda gülü» və «Günü» hekayələrində əsasən bu yaşama, ictimai bərabərsizlik və hüquqsuzluğa məhkum edilmiş qadınların və uşaqların dözülməz durumunu yalnız təsvir etməklə yetinən yazıçı «Bıçaq və sümük» povestində və «Sarışın» romanında bir az da irəli gedir, yaratdığı obrazlar, baş qəhrəmanlar mövcud vəziyyətlərinə qarşı etiraz səslərini qaldırmağa başlayır, mütiliyə, hüquqlarının tapdanmasına qarşı çıxır, cəsarətlənir, bəsit şəkildə də olsa, mübarizə aparırlar. Sarışın, Bilgin və Bikə düşdükləri mövcud vəziyyətdən çıxış yolları axtarır, təhsil almaq, ictimai fəallıq nümayiş etdirmək, yeni həyata atılmaq üçün səy göstərirlər. Əli Daşqın İranda, Güney Azərbaycanda yaşayan Azərbaycan ailələrindəki qadın və qızların gerçək durumunu, onların bir-birinə oxşar acınacaqlı taleyi­ni qələmə almaqla anlatmaq istəyir ki, qadının xoşbəxtliyi cəmiyyətin də xoşbəxtliyi, bədbəxtliyi isə kişinin, əslində isə bütövlükdə cəmiyyətin bədbəxtliyi, insanlığın faciəsidir .
«Bıçaq və sümük» povestində də türk dilinin qadağan edil­məsi və məktəblərdə tədrisin fars dilində olması, erkən nikah məsələlərini qabardan vətəndaş yazarın Azərbaycan türkcəsinin bir təəssübkeşi, qoruyucusu olduğu da özünü göstərir. Əsərin qəhrəmanı Bilgin eşitdiyi «Bıçaq sümüyə dayanıb», «Bıçaq öz qınını kəsməz», «Qanlı bıçaq», «Bıçağının dalı da kəsir, qabağı da», «Bıçaq vursan, qanı çıxmaz» kimi beş atalar sözünün [9] mənasını öyrənmək istəsə də, nə ata-anası, nə kənd məktəbindəki, nə də böyük şəhərin təhsil müəssisəsindəki fars dilində təhsil almış dil və ədəbiyyat müəllimləri həmin kəlamların anlamını şagirdə başa sala bilmirlər. Farsca düşünüb, farsca danışan müəllimlər bu müdrik kəlamların mənasını anlamır və Bilgindən onları fars dilində söyləməyi tələb edirlər. Bilginin ibtidai təhsili bitirən kimi axundunun oğluna ərə verilən bacısı Bikənin bircə ildən sonra dağıdılan ailəsinin qəhri, qudasının təhqirləri və alçaldıcı sözləri bədbəxt atasını ev-eşiyini tərk edərək şəhərə daşınmasına gətirib çıxarır. Əla qiymətlərlə oxuyan Bilgin şəhər məktəbin­də də eyni aqibətlə üz-üzə gəlir. Yenə də dil və ədəbiyyat müəllimindən həmin atalar sözlərinin mənasını öyrənmək istəyinin, saflığının, milli təəssüb-keşliyinin qurbanı olur. Hər addımbaşı hüquqları tapdalanan talesiz yeniyetmə məktəbdən və ailəsindən uzaqlaşdırı-lır, gələcək taleyi isə oxucu üçün qaranlıq qalır. Lakin Bilginin bacısının onun oxuduğu sinfə gələrək qardaşını xatirəsini anma mərasimində onun oturduğu skamyanın üzərin sap, bir istəkan su və bıçaq qoyması diqtə edir ki, Bilgini ya dara çəkib, yəni asıblar, ya zəhər içirdib, ya da ki, silahla öldürüblər.
Əli Daşqın «Sevgi damosu» əsərini səyahətnamə üslubunda qələmə almışdır. Bu nəsr əsərində Moskva, Bakı, Təbriz, Sulduz və Urmu şəhərləri haqqında təəssüratlarını qələmə alan yazar şimalın buzlu soyuğunda üşüyən Moskva ilə odlar diyarının yanar ulduzları Bakı, Təbriz, Sulduz və Urmu şəhərlərinin incə müqayisəsini yaradır. Mövcud rejimin qadağaları üzündən Təbrizdən birbaşa deyil, Moskvaya, oradan isə arzularının şəhərinə, Bakıya, bütöv vətənin ayrı salınmış digər parçasına gəlişi və bu uzun yol boyu gördükləri şair qəlbini riqqətə gətirir, gördükləri onda «Sevgi damosu»nun (cəhənnəminin) məhz odlar yurdunda olduğuna əminlik hissi yaradır. Onun düşüncəsinə görə, əsl sevənlər «Sevgi damosu»nda, fani dünyanın çirkinliklərindən, ikiüzlü insanların rəzilliklərindən, qara fikirlərindən uzaqda, odların, alovların qucağında xoşbəxt, bəxtəvərdirlər. Və şair “Alışıb yanmağa öyrədib anam! Olurmu anamı unudub danam?! Başqa söz deyiləm, Azərbaycanam. Tüstüsüz yanıram köz arasında!” [10] deyərək özünü köz arasında yanan Azərbaycan sanan şair bəyan edir ki, belə damolar, böylə sevgililər yalnız və yalnız odlar yurdunda boya-başa çatar.
Əli Daşqının yaradıcılığında dərin kök salmış yüksək vətənpər­vərlik ruhu insanları doğma torpağı sevməyə, onun qədrini bilməyə, qorumağa səsləyir. Ədəbiyyatla musiqinin vəhdətini bacı və qardaşa bənzədən Əli Daşqının ritmə yatan axıcı, oynaq vəznli şeirlərinə çoxlu sayda mahnı bəstələnmişdir. “Qoçaq Babək”, “Soldurdu Xəzan”, “Kömürü gözlər”, “Cəbhəyə doğru”, “Xəbər al bizdən”, “Qalmadı”, “El bağçası”, “Getdim”, “Əllərin”, “Gecələr”, “Sara”, “Azərbaycan”, “Sevək dünyanı”, “Dəli gönlüm”, “Sər qızıl gülü” və s. şeirlərinə bəstələnmiş mahnılar müxtəlif ölkələrdə səsləndirilmişdir. Əli Daşqın bir sıra səhnə əsərləri də qələmə almışdır. “Kənd gəlini” və “Aşiq öyrətmən” Türkiyənin Tarsus şəhər bələdiyyə teatrında, “Dilənçi ölü” Mersin, “Yağmur duası” isə Adana bələdiyyə teatrlarında tamaşaya qoyulmuşdur.
Klassik irslə bağlı olan, çağdaş poeziyanın, yeni-azad şeirin inkişafında əhəmiyyətli rol oynayan Əli Daşqın bu gün də böyük şövqlə yazıb-yara­dır.
Haqqında yazılanlar:
[1] Sona Xəyal.”Dərdimi yalana bükmədim ki”,“Gönül saxsısı”,Bakı, Avrasiya-Press,2005, s.348.
2 Bəxtiyar Vahabzadə. “Kömürü gözlər” kitabına ön söz, Təbriz, Əxtər yayınevi, 2002,s.4
3 Ç.Əlioğlu.“Şeirin bütöv fəzası,”Kölgə” kitabına ön söz, Təbriz, Sərçeşmə Yayınevi, 2003.s.6
4 Rabia Güngör. “Misralarda Ali Taşkın”, T.C., Atatürk Universitesi, “Gönül saxsısı”,Bakı, Avrasiya-Press,2005, s.244.
5 Əbülfəz Əzimli. “Buzlu düşüncələr”, “Könül saxsısı”, Bakı, Avrasiya-Press, 2005, s.400.
6 F.Qoca. “Aldanma ki, şair sözü əlbəttə yalandır”, “Qar çiçəyi” kitabına ön söz, Ali Daşkın. “Gönül saksısı”, Bakı, Avrasiya-Press Yayınevi, 2005, s.17
7 Qüdrət Ünal, “Zaminim sevgidir”, Bakı: Uluslararası “Vektor” Elm Merkezi Yayınevi, 2008, s.437.
8 Əhməd Mirzayi.“Zaminim sevgidir”, Bakı: Uluslararası “Vektor” Elm Merkezi Yayınevi, 2008, s.472.
9. Mehdibəyova Mahmizər. Əli Daşqının nəsri, “Azərbaycan” jurnalı,
Bədii əsərləri
1.Çiçək, Uşaq şeirləri, Almanya, Münih, 1991, 50 s.
2.Ana nisgili (poema), Tehran, Ordibehişt nəşriyyatı, 1989, 48 s.
3.Qar çiçəyi (Şeirlər toplusu), Təbriz, Nikuyi nəşriyyatı, 1992, 160 s.
4.Səhər ağacı (antologiya), Təbriz, Nikuyi yayınevi, 1993, 84 s.
5.Qoşmalar (şeirlər toplusu), Təbriz, Sərçeşmə yayınevi, 1996, 96 s.
6.Güneydə günüm, Seçilmiş şeirlər, Təbriz, 1998, 316 s.
7.Kölgə (Şeirlər toplusu), Təbriz, Sərçeşmə yayınevi , 1997, 128 s
8.Kənd gəlini ( roman), Təbriz, Əxtər yayınevi, 2000, 112 s.
9.Kömürü gözlər (Şeirlər toplusu), Təbriz, Əxtər yayınevi, 2002, 160 s
10.Bıçaq və sümük (roman), Təbriz, Əxtər yayınevi, 2005, 160 s.
11.Sarışın (roman), Təbriz, Əxtər yayınevi, 2005, 160 s.
12.Sevgi damosu (roman), Təbriz, Əxtər yayınevi, 2004, 256 s.
14.Gönül saksısı ( Seçilmiş şeirlər), Ərzurum, Atatürk universitesi yayınevi, 2005, 440 s.
15.Zaminim sevgidir (Şeirlər toplusu), 1çap, Təbriz-Bakı, Vektor yayınevi, 2008, 488 s.
16.Zaminim sevgidir (Şeirlər toplusu), II çap, Təbriz-Bakı, Vektor yayınevi, 2011, 488 s.
17.Əsir torpaq-Qarabağ (poema), Təbriz, Əxtər yayınevi, 2013, 254 s.
Elmi əsərləri :
1.Sadə xəritələr (elmi araşdırmalar), Təbriz: İranvic yayınevi, 1992 , 128 s.
2.Farsca-Türkcə sözlük 1c., Təbriz, Talaş yayınevi, 1994, 800 s.
3. Azərbaycan ailəsi üzrə etnologiya, Təbriz, Nikuyi yayınevi, 1994, 150 s.
4.Dil və dilçilik, Təbriz, Əxtər yayınevi, 1998,
5. Gündəlik Türk dili 1c., Təbriz, Danyal yayınevi, 1998, 208 s.
6. Gündəlik Türk dili 2 c., Təbriz, Danyal yayınevi, 1998, 208 s.
7.Elektronika 1 c., Dərslik, Təbriz, İranviç yayınevi, 1992, 72 s.
8.Elektronika 2 c., Dərslik, Təbriz, İranviç yayınevi, 1992, 72 s.
9. Azərbaycan dilinin gramatikası, Təbriz, 2002, 136 s.
10.Dilin iç üzü ( dil-təfəkkür-şüur), Təbriz, Əxtər yayınevi, 2000, 152 s.
11.Ədəbi səbkilər, Təbriz, Sərçeşmə yayınevi, 2001, 96 s.
12.Türkcə rahat dil öyrənimi 1c., Təbriz, Vəfacu yayınevi, 2002, 192 s.
13.Türkcə rahat dil öyrənimi 2 c., Təbriz, Vəfacu yayınevi, 2002, 192 s.
14. İngiliscə-Türkcə-Farsca dil bilimi, Təbriz, Əzəm yayınevi, 2002, 160 s.
15. Türkcə-Farsca danışıq, Təbriz, Əxtər yayınevi, 2001, 160 s.
16. Dədə Qorqud və yeni toplum ( tenologiya), Təbriz, Əxtər yayınevi, 2003, 160 s.
17.Çağdaş Azərbaycan Türkcəsi, Fiziologiya, Təbriz, 2006, 64 s.
18.Ümumi dilçilik, Təbriz, Nikuyi yayınevi, 2009, 104 s.
19.Təbriz diyalekti, Təbriz, Əxtər yayınevi, 2012, 176 s.
20.Əliağa Vahid divan ( tədqiq və düzənləmə), Təbriz, Ərk yayınevi, 2013, 940 s.
21.Farsca-Türkcə sözlük 2 c., Təbriz, Əxtər yayınevi, 2006, 1200 s.
22.Türkcə-Türkcə sözlük, Təbriz, Yaran yayınevi, 1991, 530 s.
24.İngiliscə-Türkcə-Farsca sözlük 1 c., Təbriz, Aşina yayınevi, 2000, 800 s.
25.İngiliscə-Türkcə-Farsca sözlük 2 c., Təbriz, Aşina yayınevi, 2000, 800 s.
26. Türkcə-Farsca sözlük, Təbriz, Əxtər yayınevi, 2006, 1040 s.
Çevriləri
Azərbaycan dilinə
1.Alışıq ( antologiya), Təbriz, Nikuyi yayınevi, 1994, 112 s.
2.Qəlbimin çiçəkləri, N.Alimbəyov, tərcümə, Təbriz, Dan ulduzu Akademisi yayınevi, 2007, 102 s
Fars dilinə
1.Azərbaycan tarixi.Təbriz, Talaş yayınevi, 1990, 600 s.
2.İnnab ağacı. Tehran, Yaran yayınevi, 1991, 112 s.
3. Ata yadigarı. Tehran, Yaran yayınevi, 1991, 96 s.
4. Ölümdən sonrakı həyat.Təbriz, Purhüseyn yayınevi, 1992.
5.Muğamlar. Təbriz, Mehran yayınevi, 1992, 216 s.,
6.Azərbaycan-Türkiyə diplomatik ilişkiləri. Təbriz, 1997, 134 s.
7.Azərbaycan Atabəylər dövləti ( Fars dilinə tərcümə), 156 s., Təbriz, Əxtər yayınevi, 2004.
8. Beşik nəğməsi. Təbriz, Ərk yayınevi, 2005, 56 s.
9.Böyük Hun imperiyası 1. Təbriz, 2006, 304 s.
10.Böyük Hun imperiyası 2 ( Fars dilinə Tərcümə), Təbriz, 2007, 304 s.
11. Nizaminin dünya şöhrəti. Təbriz,1998, 208 s.
Alman dilinə
1.Atam ilə mənim nağıllarım 1c., (Alman dilindən tərcümə), Təbriz, Aydın yayınevi, 1998, 118 s.
2.Atam ilə mənim nağıllarım 2 c.,(Alman dilindən tərcümə), Təbriz, Aydın yayınevi, 1999, 118 s

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.