Prof.Dr. Almaz ÜLVİ
Qəşəm Aslan – şirin, duzlu qələmi olan, sadə yazı üslubu, düşündürücü və real həyati mövzuları nəsrlə oxucusuna çatdıran istedadlı, zəhmətkeş yazıçı idi. Ədəbi aləmə 50-ci illərdə gəlmişdi. Ədəbiyyat dostlarının adlarını onun öz əli ilə yazdığı gündəliyindən oxumuşdum: Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Əli Kərim, Qasım Qasımzadə, …
Gündəliklərindən oxuduğum qeydlərdən məlum olur ki, onun ədəbiyyat adamları, o cümlədən qələm dostları ilə əlaqələri yaradıcılığının formalaşmasında xüsusi stimul olmuşdu. Bu gündəliklərdə tez-tez görüşdüyü, məktublaşdığı saysız-hesabsız yaradıcı- ziyalılar barədə qeydləri vardır. Bir sözlə, gənclik illərini bütövlükdə ədəbiyyat dünyasına bağlamışdı. Qəşəm Aslanın uşaqlıq dostu, gənc aspirant (sonralar biologiya elmləri doktoru, professor) Məhəmmədhəsən Qafarova yazdığı məktublardan birinə təkrar nəzər salıram –
Truskovesdən yazdığın məktubu alıb, yolunu gözlələdim. Gəlmədiyini hiss edib, cavab yazıram.
Özüm barədə: Kişinin sözü də özü kimi bir olar, yenə səhhətim əla, işlərim yaxşı, oxumağım ortadır. Deyə bilərsən ki, niyə belə? Cavab verirəm ki, özümdə sabitlik, dönməzlik, yenilməzlik tərbiyə edirəm.
… Məsləhət edərdim ki, Ç.Aytmatovun heç olmasa azərbaycanca olan “Köşək gözü” (povestləri) kitabı ilə tanış olasan. Qəhrəmanları sadə peşə sahibləri olan bu əsərləri ürək döyüntüsü ilə oxuyursan. Çaykovskinin ev-muzeyində olmuşam. Keçən bazar da Tula şəhərinin 15km-də olan Yasnaya-Polyanaya getmişdim. L.Tolstoyun malikanə-muzeyindən çox şey öyrəndim. Lenin adına kitabxanada hər gün onlarla azərbaycanlıya rast gəlmək olur. Onlar elmin ən mühüm problemlərilə məşğul olur, böyük ümid doğururlar. Onların fərqlənən cəhəti, bir də “vətən”, “xalq” məfhumlarını çox düzgün başa düşmələrindədir. O.Sarıvəllinin oğlu Rafiq (aspirant-fizik), əslən kəlbəcərli, şair-tərcüməçi (ingilis dili üzrə) Ənvər Rza mənə xüsusilə yaxşı təsir bağışlayıb.
Təəccüb edirəm… . Göygölə, İstisuya, Xoşbulağa niyə qayğı çəkilməsin? Klassiklərimizə özlərinə layiq abidə qoyulmasın, adları, xatirələri əbədiləşdirilməsin? Gənclik H.Zərdabi, N.Nərimanov, Ü.Hacıbəyov, R.Axundov və H.Hüseynovun fədakarlığını təkrar etməyə ruhlandırılmasın? Altı hər gür sərvətlə dolu, üstü min bir nemətlə zəngin ana torpağın köksü əfsanələrdə təsvir olunan cənnətə döndərilməsin?
…Təlatüm keçirirəm. Daxili aləmim məni hər şeydən ayırır. Başqalarının dodaqlarından mahnı, mənim qəlbimdən isə uzaqlara axan Bakı qanı süzülür… Arzum, diləyim vətən torpağına ayaq basmaq, vətən övladlarının xoşbəxtliyi naminə heç olmasa xırdaca bir fədakarlıq göstərmək, bir dəstə adamasa nümunə olmaq, yanmaq, yana-yana səcdə etdiyim müqəddəs torpağa gömülməkdir.
Vətən, vətən torpağı mənim idealımdır. Bu torpağın hər qarışı mənim Kəbəmdir. Onun şoranlığına, daşlığına baş qoyub can vermək mənim üçün ən böyük səadətdir. Xoşbəxtliklərin zirvəsini fəth etməkdir. Mənim ziyarətgahım vətən torpağıdır.
Bakı həyatı necədir? Şixəli (Şıxəli Qurbanov-A.Y.) püstələri gülə dönə bilirmi, yoxsa qınında, qabığında qovrulur? Hamıya salam yetir. Dərin ehtiramla: Qəşəm Aslanov. 1968. Moskva.
Yaradıcılığa başladığı ilk vaxtlardan Qəşəm Aslanın müxtəlif mətbuat səhifələrində (institut qəzetində, rayon orqanı “Bolluq uğrunda”, mərkəzi qəzetlər – “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Sovet Erm.”, eləcə də “Azərbaycan” dərgisi və s.) xeyli sayda ədəbi-bədii, publisistik yazıları çap olunmuşdur.
1986-93-cü illərdə “Ədəbiyyat və incəsənət” qəzetində işləyərkən ayda bir dəfə qəzetin axırıncı – 8-ci səhifəsində “Ədəbi Göyçə” səhifəsi hazırlayırdım (baş redaktorumuz sevimli şair Nəriman Həsənzadə idi). Hər dəfə Qəşəm Aslanın bir yazısını haradansa tapıb hökmən həmin səhifəyə qoyurdum. Elə bu məqsədlə araşdırma apararkən müxtəlif mətbuat orqanlarında onun “Eloğlu” imzası ilə yazdığı şeirlərlə rastlaşdım.
Bütün bunlardan əlavə yazıçının ikinci kitabını nəşr etdirərkən arxivi ilə tanış olmaq qərarına gəldim. 7 ədəd 96 vərəqlik ümumi dəftərlərə səliqəli və gözəl xətlə yazılmış “Xatirələr, düşüncələr, təəssüratlar” adlı Gündəliklərini gördüm. Yazıçının əsil xəzinəsinin hələ “sandıq”da olduğuna şahid oldum. Bir neçəsini vərəqlədim. Hamısı mükəmməl əsərlər – geniş məzmunlu gündəlik, eləcə də lirik-bədii lövhələr idi. Düzü, əlim gəlmədi ki, onlardan “kəsib” götürərək yazacağım 6-7 vərəqlik “Ön söz”ə daxil edim. “Bunlar ki, mükəmməl və qiymətli qənimətlərdir” – deyərək onlara əl vurmadım, sadəcə 2-3 məlumat götürdüm, sonra yazıçının öz səsi ilə yazılmış lent yazısından bir-iki fraqment köçürdüm.
Oxuduğum “Xatirələr, düşüncələr, təəssüratlar” gündəliyindən sətirlər –
– Xəlil Rzadan məktub almışam. O, yazır:“Cəsur qardaşım Qəşəm Aslan! Məktubun bizi sevindirdi. Əzizim,
50-dən artıq azərbaycanlı ilə əlaqə yaratmağınız təqdirəlayiq bir işdir.
– Bu gün Basarkeçərə telefon etmişəm. Dədəmlə danışdım. “Yoldaşlarınla mehriban ol, dostluq elə”.
Məni xeyirxahlığa, alicənablığa səsləyr. Dədəmin səsi gümrahlığından xəbər verir. Eşq olsun sənə, sənin mənəviyyatına.Vəzifən böyük olmasa da, böyük, işıqlı ürəyin var. Kaş mən də insanlıqda sənin yüksəkliyinə qalxa biləm, sənin kimi ali duyğular sahibi olam, Dədə!
Ayrılarkən oğlu Rövşənə (onda hələ IX sinifdə oxuyan Cavanşir də yanımızda idi) xahiş etdim ki, bunları beləcə saxlayın, bir gün fürsət düşən kimi olduğu kimi – elə gündəlik olaraq və ya lirik – bədii lövhələr kimi nəşr edərik (Allah qoysa! İnanıram ki, yaxın vaxtlarda həmin dəftərləri olduğu kimi sizlərə çatdırılacaq).
“Azərbaycana pərvanə vurğunluğu ilə yanan oğul: Həyat məktəbi, qeyrət simvolu” – adlı giriş sözü ilə dediyim kitab nəşr olundu. İndi sizlərə təqdim etdiyimiz bu kitab “Saymazovun salamı” (1968, İrəvan) və “Məğlub ölüm” (1997, Bakı) kitablarında nəşr olunmuş əsərlərinin latın qrafikasında məcmuusudur.
Qeyd edim ki, hər iki kitabı kiril əlifbası ilə nəşr olunmuşdu.
Əslində bu kitabı nəşr etməkdə məqsədimiz yazıçının əsərlərini latın qrafikasında yeni nəslə təqdim etmək, eyni zamanda, Qəşəm Aslanın qarşı ildə gələn 80 illik yubileyinə ilkin hazırlıq mərhələsi kimi dəyərləndirə bilərik.
Yazıçının öz tərcümeyi-halını əks etdirən “Ömürdən səhifələr” adlı bədii lövhədən ibarət yazısı ilə açılan kitab hər kəsin ürəyincə olacaq, onu sevə-sevə oxuyacaqdır. Çünki, orada hər kəs öz həyatında şahidi olduğu yaşantılarla yenidən tanış olacaq, nostalji hisslərə dalacaq, bədii-publisistik əsərlərin – bu günlə səsləşən mövzuların hələ də aktual əhəmiyyət daşıdığını görəcəkdir.Yazıçı “Ömürdən səhifələr”də keçdiyi həyat yolunun vacib məqamlarını, tarixlərini əhatəli təqdim etdiyindən, daha onun haqqında rəsmi şəkildə tərcümeyi-hal verməyə ehtiyac duymadıq.
Babamın sözüdü, yaxşı qulaq as,
Torpaqla namusda güzəşt olmaz.
Bu sətirləri – xalq hikmətini Qəşəm Aslan vaxtilə ikinci kitabını hazırlayarkən özü seçib yazıb. Elə bu kitabı üçün də başlanğıc seçdik və ya belə deyək ki, kitab belə bir epiqrafla açılır..
“Unuda bilmədiyim gün” povestini yazıçı Ali Partiya məktəbində təhsil aldığı illərdə (1968-1970, Moskva- Bakı) yazmışdır. Əsərdə qoyduğu problemə, daha doğrusu, süjet xəttinə uyğun hissələrdə yaradıcılıqlarına dəyər verdiyi yazıçı və şairlərin əsərlərindən sitat gətirərək epiqraf kimi təqdim edir. Məsələn –
Rəşad Nuri Güntəkindən -“Nə deyirlər desinlər, dünyada iztirab və ələm qədər yaxşı tərbiyəçi yoxdur”.
Şamilin qılıncı üzərində yazı-“Döyüşə girərkən onun nə ilə nəticələnəciyini düşünən adam igid ola bilməz”.
Sovet dönəmində Türkiyə yazıçısından sitat gətirmək və ya Şamilin qılıncından danışmaq elə də asan məsələ deyildi. Bu məqam müəllifin yalnız milli hisslərinə hakim kəsildiyi açıqca görünür. Abbasqulu ağa Bakıxanovdan, Universitet müəllimi, yazıçı-publisist Nurəddin Babayevdən, Bəxtiyar Vahabzadədən, Amerika fizioloqu Frank Nayt Zandersdən götürdüyü kəlimələr ibrətamizdir. Dahi Nizamidən gətirdiyi sitat isə sanki birbaşa “lirik mən”in xarakterinin tərcümanıdır:
Xidmət etmək sayılır kişilikdən nişana,
Xalqına xidmət etmək bir şərəfdir insana.
Yaradıcılığına diqqətlə nəzər yetirdikdə onun nə qədər zəngin mütaliəyə sahib olduğu da aydınca fərq edilir. Yazıçı-publisist Qəşəm Aslan dövlət xadimi, böyük vətəndaş, Azərbaycanına canı ilə bağlı olaraq məhz belə ömür yaşamışdır.
“Unuda bilmədiyim gün” əsərinin mövzusu yazıçının həyat müşahidələrinin, sənədli faktların və təbii ki, yüksək yaradıcı təxəyyülünün məhsuludur.
“Vicdanımın hökmü”, “Rəna”, “Əgər layiqəmsə” və “Oğul istəyirəm” hekayələri də yazıçının gerçək həyat müşahidələri və gənclik illərinin xoş duyğuları, ilıq yaşantılarıdır.
“Qeyrət haqqında hekayələr”: bu bölmədə 9 miniatür hekayə verilmişdir. Azyaşlı oğlu Qeyrət haqqında, yaxud da belə deyək, hazırcavab bir uşağın davranış və hərəkətlərində izlənən xarakterik cizgilər, səmimiyyət və saf uşaqlıq dünyası bədii dillə lakonik təqdim edilir.
Ümumiyyətlə, ədəbiyyatda “Ata-oğul məsələsi” bir janr olaraq xüsusi yer tutur. Üzü Nizamidən tutmuş ta bu günkü ədəbiyyatımıza qədər. Burada saf, sular qədər dupduru, təfəkkürlü uşağın dili ilə söylənən ağıllı məntiq oxucu diqqətinə çatdırılır. “Dədə” başlığı altında verilmiş kiçik bir dialoqa – ata-oğul söhbətinə nəzər yetirək –
Qeyrət məndən soruşdu:
– Babam sənin nəyindir?
– Atamdır, – dedim.
– Bə niyə ona dədə deyirsən?
– Dədə yaxşı sözdür. Evin böyüyü, ailənin başçısı deməkdir.
O, xeyli fikirləşdi. Sonra:
– Onda, bu gündən mən də sənə dədə deyəcəyəm.
“Eloğlunun dediklərindən” bölməsində təqdim olunan “Məqamında deyilən söz” və “Şəhər yenilikləri” maraqlı yazı üslubu ilə diqqəti cəlb edir. Məsələn –
– Tanınmış yer axtarma, getdiyin yeri tanı.
– Məqamı çatmamış deyilən söz – tuşlanmadan atılan güllə kimidir.
– Özünü insana borclu bilənlər göstərdikləri xidmət, yaxşılıq üçün heç kəsdən əvəz gözləmirlər.
– Ən böyük xoşbəxtlik başqalarına xoşbəxtlik bəxş etməkdir.
– İxtiyar sahibləri mərhəmətli olmalıdır.
– Qane etmək çətindir, rədd etməyə, könülə toxunmağa nə var ki?!
– və s. kimi deyimlərə söykənib qeyd edə bilərik ki, həyata sərrast və düzgün baxış, haqq-ədalətli münasibət, nizam-intizamlı davranış, humanizm, xeyirxahlıq, nəciblik, alicənablıq, səmimiyyət və s. keyfiyyətlər əsil insana xas xarakterik məziyyətlərdir. Qəşəm Aslanın bu bölmədəki deyimlərini diqqətlə oxuduqda qəti bir fikir üzərində dayanırsan – “lirik mən” fitrətən fazil şəxsiyyətdir.
“Məqalələr” bölməsində bu gün də aktual məzmun daşıyan 6 publisistik qeyd-düşüncə verilmişdir. “Azərbaycanın zümrüd qaşı” adlı ilk məqaləsini –
“Hüsnünə şairlərin min bir söz qoşduğu gözəl diyar! Təbiətin hər cür gözəlliklərinin təcəssümü olan nazlı dilbər.! Natəvan kəramətli, Nəvvab hikmətli, Üzeyir qüdrətli, Bülbül məlahətli, Süleyman sədaqətli, Aslan qeyrətli şəhər”
– kimi epiqrafla açır. Yazıçı Qəşəm Aslan bir neçə il Şuşanın rəhbəri vəzifəsində çalışmışdır. O, bu gözəl şəhərin, indi yağılar əlində darmadağın olan şəhərin yüz illiklər tarixinə bələd olmuşdur. Bi kiçik həcmli məqalə faktlarla çox zəngindir. Şuşa haqqında tədqiqatçı üçün ədəbi-mədəni həyatına aid əhatəli və konkret mənbələr, ictimai-siyasi məlumatlar, gözəl publisistik düşüncələr təqdim olunur. Qəşəm Aslan Şuşa rayonunun raykom katibi (indiki İcra başçısı) vəzifəsində çalışarkən böyük quruculuq işləri aparmış, maarif və mədəniyyət sahəsində, tikintidə, tarixi abidələrin, yolların, işməli su xətlərinin çəkilişində və bərpasında, eləcə də digər sahələrdə illərlə yığılıb qalmış problemləri çətinliklə olsa da həll etmişdir. Qəşəm Aslan Şuşa əhli tərəfindən həmişə hörmətlə,sevgiylə anılmış, onu əsl Azərbaycan təəssübkeşi, Vətən oğlu təki xatırlayırlar.
“Torpaq deyir” – Şuşadan sonra İsmayıllı rayonuna rəhbər vəzifəyə təyin edilən yazıçı qələminin mürəkkəbini torpaqdan götürür.
“Dünyaya kənddə göz açmışam. Torpağın ətrini, nəfəsini uşaqlıqdan hiss edib duymuşam. … Torpaq deyir: öldür məni, dirildim səni.”
– yazıçının həmin məqaləsindən götürdüyüm qeyddir. Torpaq haqqında belə düşüncəyə sahib olan qələm əhlinin fikirlərinə əlavə şərh vertməyə lüzum qalmır.
İsmayıllı rayonunda raykom katibi işlədiyi vaxtdan 35-iləcən zaman keçməsinə baxmayaraq hələ də İsmayıllılar onu əzizləritək xatırlayırlar. O zamanlar İsmayıllıda baş vermiş bir hadisə az qala əfsanə kimi hələ də söylənir, sanki yaddaşlara yazılıb:
– Qoca bir kişi qışın oğlan çağında üz tutur meşəyə. Gücü çatan bir ağacı baltalayıb yanı üstə yıxır. Kol-budaq edir, tutarlı bir odun şələsi düzəldir və gəldiyi cığırla yönəlir evinə. Meşəbəyi bu mənzərəni görcək dəli olur, qırdırma yolla odunçunun başının üstünü kəsir: nə deyir, nə demir, ürəyi soyumayır, kişini şələsi qarışıq gətirir hökumət idarəsinin qabağına. Hay – küyə hamı çölə çıxır. Hadisəni bilən hökm sahiblərinin hərəsi qocaya qarşı bir cəza növü buyurur: min manat cərimə olunsun;var-dövləti müsadirə olunsun; həbs edib iki-üç il iş kəsilsin və s. Bunları eşitdikcə qoca bədbəxt qorxusundan tir-tir əsir. Elə bu vaxt katib Qəşəm Aslanov gəlib çıxır. Əhvalatdan xəbər tutur: sağ-solda gəzişənlərin “fərmanlarına” qulaq asır. Meşənin “Qoruq” əmrini imzalayan katib bir az fikirləşir və meşəbəyini yanına çağırır: “qocanı burax, evinə getsin. Min manatı olsa, gedib özünə odun-oduncaq olar, soyuqda meşəyə üz tutmaz, müsadirə olunası əmlakı varsa, kasıb yaşamaz, iki-üç illik həbs edib iş kəsilsə, bəs evdəkiləri kim dolandıracaq? Bu kişinin odununu ver getsin. Yaz açılcaq qapısını döyərsən və ona bir ağac əvəzi on ağac əkdirərsən və üç il həmin ağacların qulluğunda durmasına göz yeti-rərsən”.
Yekun fərmana sevinən qocanın gözləri yaşarır.
Qəşəm Aslanın ədəbiyyat adamı, qələm əhli olmasını deyəsən “sağ-solda gəzişənlər” unutmuşdular.
Deməyim odur ki, hansı vəzifədə, harada işləməyindən asılı olmayaraq o, həssas yazıçı ürəyinə sahib idi. İsmayıllıda tikdirdiyi “Qəşəm körpüsü”, “Qəşəm bulaqları” o illərinin əziz xatirəsi oldu.
“Bu günün publisistikası” – Moskvada Ali Partiya məktəbini bitirib Bakıya qayıdan Qəşəm Aslanov ixtisasca jurnalist olduğundan respublikanın rəsmi gənclik orqanına – “Azərbaycan gəncləri” qəzetinə baş redaktor təyin edilir. İşinin ustası olduğundan elə ilk olaraq gəncliyə üz tutur və günün aktual mövzularına üstünlük verməyi tövsiyə edir:
Nədən yazırsınızsa yazın, milli hissi, milli qüruru, milli dəyəri başınız üstündə tutun. Haqqı, ədaləti unutmayın, haqqı nahaqq ayağına verməyin. Yaxşıya yaxşı, pisə pis deməkdən çəkinməyin.
Bu cür tərbiyəvi, öyüdverici, ibrətamiz fikirlərini gəncliyə çatdırmaqdan çəkinmir.
“Adət və ənənələrimiz haqqında” – bu məqalədə milli adət-ənənələrimizdə yersiz baş alıb gedən qondarma, yad adətlərə toxunur. Yazıçının düz 40 il bundan əvvəl dedikləri məsələlər bu gün də aktualdır. Toy-düyün, yas mərasimlərindəki israfçılıqdan, yerinə düşməyən dəbdəbəli adətlərdən bəhs edilir. Bu məsələdə əhalinin bütün təbəqələrinin yaşayış, dolanışıq vəziyyətini göz önünə gətirilməsinin vacibliyinə toxunur.
“Təzadlar ölkəsində” – Böyük Britaniyaya, İngiltərəyə – Qərb ölkələrinə səfər təəssüratıdır. Amma yazıçı-publisist dünyanı heyrətdə qoyan hökmran İngiltərənin – qərbin ictimai həyatdakı mənəvi iyrəncliklərindən danışır. Həmin iyrənc və əxlaqsızlıqlar (milli dəyərlərimizi darmadağın edən) artıq bu gün bizim şəhərlərdə, ictimai-siyasi həyatımızda da tüğyan edir. İrlandiya və Şotlandiya əhalisinin milli azadlıq mübarizələrindən danışır. Ümumiyyətlə, publisist burada nəyə işarə edirsə, eynən öz ölkəsində baş verən hadisələrlə üstüörtü – olsa da müqayisəli təhlilinə toxunur.
“Yaradıcı gənclərimizə nə arzulayıram” – “Tər əməyin göz yaşıdır” – bir alman şairinin bu fikrinə isnad edərək, bütün gəncliyi əməyə, zəhmətə, sədaqətə, halallığa, düzgünlüyə, milli dəyərləri göz bəbəyitək qorumağa çağırır. Azərbaycan xalqının adına layiq şərəfli övladlar olmasını arzulayır.
Miniatürlər, satiralar – təqdim olunan satira və yumorların mövzusu gerçək həyatdan götürülmüşdür. Bildiyimiz kimi, yazıçı əmək fəaliyyətinə mətbuatdan başlamışdır. Tələbəlik illərində, sonrakı illərdə də, məktəbdə ədəbiyyat müəllimi kimi çalışanda da, rəsmi dövlət işində olanda da bir əli mətbuatda olmuşdur. Günün aktual mövzularından bəhs edən məqalələri o vaxtkı qəzetlərin saralmış vərəqlərində – indi tarixi əhəmiyyət kəsb edən səhifələrində qalmışdır. Tam əminliklə deyə bilərik ki, Qəşəm Aslan qələm adamı kimi mükəmməl bir məktəb keçmişdir. 1968-ci ildə İrəvanda nəşr olunan ilk kitabı (104 səh.) bütünlüklə satirik janrda yazılmış əsərlərindən ibarət idi. Kitaba 173 miniatür satira və 4 hekayə daxil edilmişdir. Həmin illərdə Qəşəm Aslan rayon Komsomol Komitəsinin sədri vəzifəsində işləyirdi. Məsul vəzifə sahibi idi. Cəmiyyətdə baş verən hadisələrin birbaşa şahidi olurdu. Onun yazıçı qələmi, yazıçı qəlbi məmurçuluq hədlərini aşaraq vətəndaşlıq mövqeyinə təslim olmuşdu. Gördüklərini olduğu kimi yazmışdı. O vaxtkı cəmiyyətdə baş alıb gedən özbaşınalıqlar, haqsızlıqlar, insanlara qarşı laqeydliklər elə indi də var, ona görə qətiyyətlə deyə bilərik ki, Qəşəm Aslanın satiraları bu gün də aktualdır, daha doğrusu, günümüzün ədəbiyyatıdır. Yazıçının II kitabı (“Məğlub ölüm”, 1997) vəfatından 13 il, I kitabından isə 30 il sonra nəşr olunmuşdu. Zaman məsafəsi xeyli aralı olsa da, hətta ölümündən sonra belə nəşr olunan “Məğlub ölüm”ün tərtibatını, redaktəsini yazıçı özü etmişdi. Lakin amansız ölüm onu vaxtsız haqlasa da, onun bu arzusunu böyük oğlu Qeyrət həyata keçirmək istəmişdi (1989-90). Amansız ölüm bu dəfə də Qeyrətin ömür qapısını vaxtsız döydü. Nəhayət, 1997-ci ildə yazıçının həyat yoldaşı Cəvahir xala həmin qovluğu mənə əmanət etdi. Qovluğun üstünə “Tikdim ki, izim qala…” yazılmışdı. Lakin qovluğu yenidən redaktə edərkən, nəşrə hazırlayarkən yazıçının əsərindən bir məqamı seçib onu “Məğlub ölüm”lə əvəzlədim. Mənası ora gedib çıxırdı ki, ölüm vaxtsız gəlsə də, insanın yazıb-yaratdıqları, qoyub getdiyi xeyirxahlıqları, böyüklüyü, ali şəxsiyyəti ölümə qalib gəlir, bir sözlə, Ölüm Məğlub olur.
Qəşəm Aslan haqqında evdə-аilədə, kənddə, el-obа dilində, аyrı-аyrı şəhər və kəndlərdə, elm xаdimləri, dövlət məmurlаrı yаnındаkı söhbətlərdə yüksək fikirlər, səmimi sözlər eşitmişəm. Universiteti bitirən ili irihəcmli “Nəbi Xəzri. Biblioqrafiya” (300 səh.) kitabı yazmışdım. Xalq şairi Nəbi Xəzri elə həmin il Lenin mükafatına təqdim olunmuşdu. Bu iş isə onu o qədər sevindirmişdi ki, sonralar dedi ki, vallah bu biblioqrafiyanın yazılması məni təqdim olunan ali mükafatı almamağıma təəssüfləndirmədi. Onda 1984 – cü il idi. Aradan bir-iki ay ötmüşdü. Bir gün Nəbi Xəzri ilə telefon söhbəti zamanı dedi ki, ay qızım, sən mənim əziz dostum Qəşəm Aslanovun yaxın qohumu imişsənki. Hətta atan onun müəllimi olub. Soruşdum ki, Nəbi müəllim, haradan bilirsiniz? Bildirdi ki, dünən Xırdalanda keçirilən bir tədbirdə idim. Raykom katibi Qəşəm Aslanovla yanaşı oturmuşduq. Söhbətarası bildirdim ki, göyçəli bir qız mənim haqqımda irihəcmdə biblioqrafiya yazıb. Sonra da sizin adınızı, familiyanızı dedim. O, çox sevindi və dedi ki, mənim qohumumdur. Bu söhbətdən iki-üç gün ötmüşdü ki, qardaşım Vahid həkim dedi ki, bu gün bir yas məclisində Qəşəm müəllimlə görüşdüm. Mənə dedi ki, bir bazar günü bacın Almazı da götür bizə qonaq gəl”. Mən də “baş üstə” dedim. Vahid həkim əlavə etdi ki, Qəşəm müəllim səni haradan tanıyır? Nəbi Xəzrinin dediklərini ona dedim. Aradan az müddət ötdü, məlum qəza baş verdi, nə mən onlara getdim, nə də Qəşəm Aslanovu gördüm.
Qəşəm Aslan həyata jurnalist, ədəbiyyatçı kimi atıldı, lakin onun iti zəkası, fitrətən fazilliyi məsul vəzifələrə – dövlət işinə aparıb çıxardı. Tam əminliklə deyə bilərəm ki, əgər Qəşəm Aslan bütün enerjisini, gücünü, vaxtını, zamanını ədəbiyyata həsr etsəydi, o, XX yüzil Azərbaycan ədəbi aləmində xüsusi yeri, sanbalı olan yazıçı ola bilərdi. Lakin, həyat başqa istiqamətə, daha vacib məqsədlərə yol almışdı…
İndi sizinlə birgə vərəqlədiyimiz bu əsərlər elə günümüzün ədəbiyyatıdır, oxuyun, təkrar bir də oxumaq istəyəcəksiniz, çünki həyatda rastlaşdığınız tipik obrazların hamısı ilə orada rastlaşacaqsınız.
2013, mart