***
Bu qədər gecikmək olmazdı axı
Bu qədər yol gəlmək sevincə doğru
Bu qədər ləngimək.
Əzab verəcək
əllərdə bir əlin təması, inan
başının üstündə dövrə vuracaq,
nə çən çəkiləcək, nə də ki duman…
Sən şirin yuxular həsrətindəsən
Bir nağıl ömür var, sonunda işıq
Hələ yuxulardan dad çəkəcəksən
Hələ yuxuların qarmaqarışıq.
Nə qədər çoxalıb alma dərənlər
Qılıncı qındadır Məlikməmmədin
Sənin varlığığından ürəklənənlər
Bağrını yaracaq qara zülmətin.
Sənli xatirələr xoş sabah kimi
Üzümə-gözümə sərin meh vurar
Gözlərim görəndən tutubdur səni
əllərim bəs haçan əlindən tutar?
Elə inciyirsən, elə küsürsən
Elə gözlərindi səni aldadan
Körpə uşaq kimi dodaq büzürsən
Bəlkə nigaransan sən həyatından.
Bəlkə də… amma ki çox gecikmisən
Mən də tələsmişəm deyəsən bir az
Payız ömrümüzdən sarı yel əsib
Bahar ömrümüzə qaytarar bu yaz.
GÖRMÜRSƏN?!.
Başqa nə ola bilər axı
Elə, düz görmüsən,
sən gördüyündü.
Elə körpəlikdən qəm içindəyəm-
anamın laylası gözü yaşlıydı
görmürsən, büsbütün nəm içindəyəm?
Başqa nə ola bilər axı,
mən tanrı sevgisinə sığınammadım.
Mənim sevdiklərim sevmir ki məni-
əlindən tutmağa kimsəm qalmayıb
əlimdən tutanlar gör nə qədərdi.
Başqa, ürəyinə heç nə gəlməsin
mən bu məmləkətin qara daşıyam.
Doğma bildiklərim məndən küsməsin
bir isti ocaq yox küncdə, bucaqda
yansın korun-korun məni isitsin-
mən acı rüzgarla qarşı-qarşıyam.
Nəfəsi bəsimdi balalarımın
adı üstümdədir qardaşlarımın,
adını dilimim ucunda gördüm
məni tanımayan doğmalarımın.
Tüprsəm, adları sürüşüb düşər
dilimin ucundan ayağım alta
özləri yanımdan uzaqlaşarlar
bu qədər yaxında olan tanışlar
təzə doğmalarla qucaqlaşarlar.
Elə sən deyəndi, sən gördüyündü,
içirəm dərdimi şərab əvəzi
dizimi əlimlə qucaqlayıram
yoxdur ürəyimin başqa həvəsi.
İçmək istəyirəm sabaha kimi,
anamın gözünün yaşını hər gün
ixtiyar yaşında əli qoynunda
dayanıb qardaşdan, bacıdan küskün-
yolumu gözləyir, əli qoynunda.
Əlinin qabarı bax, ürəyimin
damarı kimidir, qarma-qarışıq
mən uşaq vaxtından istiqanlıyam
qəmlə anlaşırıq, doğmalaşırıq-
dərd mənə doğmadı qəm içindəyəm,
anamın laylası məni ağladıb,
görmürsən büsbütün nəm içindəyəm?!
***
Bürüyün məni sevincinizə
bələyin məni gülüşünüzə
çöhrənizə qondurun məni,
dodaqlarınızda dondurun məni
nə edə bilirsinizsə özünüz edin
yaşadırsız yaşadın,
öldürüsüz öldürün
mən siz deyən olmadım
heç özümün də belə yaşamağa
həvəsim olmaz
tıncıxıb qalmışam divar küncündə
doğma insanlara istilik verən
hərarətim olmaz, nəfəsim olmaz
neynirsiz özünüz edin,
mənim sizlər ilə qovğam heç olmaz
nəyimə gərəkdir hər gün çıxan gün
hər gün qürub edən günü neynirəm
ətrafım bu qədər solğun və küskün
bu qanqal ömrümdə gülü neynirəm
bu çaxan şimşəyin, alovu məni
tutmursa, göyqurşağının rəngi
alnıma yazılan yazının rəngi kimisə
mən necə bağlayım sabaha ümüd
mən necə bağlayım ümüd, kiməsə
bir ovuc göz yaşı bəsimdir mənim
yuyacam içimin dərdi-sərini
hamısın xəlvətcə…
***
Sən Allah, get daha, işin-gücün var
bu mənim işimdi, sənə nə qalıb
yaşadım, ya da yox, heç də darılma
qaraltma qanını mənnən ötəri!
Allahdan oyana kimsəm taplmaz
səndən də bu yana kimim var axı
qalmışam arada, çox uzaqsınız
nə səni atıram, nə də Allahı.
Amma ki sən mənə baş qoşma daha
bir ovuc su verən tapılar mənə
üzümü görməzsən, niqab kimidir-
arxamca bağlanan qapılar mənə.
bir ovuc su dedim, dodaqlarımın
səhra cadarına məlhəmdir deyə
səni axtarmaqdan ayaqlarımın
heyi də yox idi ta yeriməyə
sən allah, öz dərdim başımdan aşır
sənin işlərin də az deyil axı
hələdə ümüdlə sübhü gözləyib
oyaq qarşılayıram gələn sabahı
mən quru yarpaqlar misali kimi
ovuca alınsam ovulmaqdayam
elə kövrəlmişəm sarı sim kimi
dillənsən toxtayıb ovunmaqdayam
daş ki daşımıram… olub keçəni
içimdən kənara qoya bilmirəm
yazıq ürəyimə bir ovuc xoş gün,
bir udumda sevgi… doya bilmirəm
elə istəyirəm gəlsin xoş sabah,
elə istəyirəm…
gəlmir nə edim.
***
Bircəciyim, de sözünü, duruxma,
Ömür keçir, gözləyəmməz yaş durub,
Məndən xəlvət ağlamısan deyəsən,
Qurumayıb, yanağında yaş durub.
Belə getmə, görənlər var, dur görüm,
Bir gülümsə, dözlərində nur görüm.
Günahım var, gəl boynumu vur görüm,
Müntəzirdi, qabağında baş durub.
Ay gözləri yaşla dolan ağıllım,
Ay baxışı min ovsunlu, nağıllım,
İçərimdən söküm-söküm dağıldım
Ağlayacaq əvəzimdə daş durub
***
İndi hara üz tutum, indi kimi çağırım,
pıçıldayım dərdimi, yoxsa bərkdən çığırım,
istəyirəm üzümü göyə tutub bağırım:
Mən bədbəxt adamam,
yazıq admam!
Tanrım, mənə boy verdin, boyun seçilsin dedin?
Toyumu qara etdin, toyun seçilsin dedin
Sinəmə bir dağ çəkdin, dağın kiçilsin dedin
Mən bədbəxt adamam,
yazıq admam!
Balam gəldi dünyaya, adına oğul dedim
Dil açdı “ata” dedi, dilinə noğul dedim.
Sinəmdə düyün olan qübara dağıl dedim
Mən bədbəxt adamam,
yazıq adamam!
Qəlbim arzuyla dolu, damarımda qara qan
Mən sülhə boyun əydim, mən demədim “qana qan!”
Qara bulud üstümə kölgə saldı hayannan
Mən bədbəxt adamam,
yazıq admamam!
Hirsini yağış edib, bu bulud tökər dedim
Dərdlərimi şah etdim, özümə nökər dedim.
Ağrımı əzizlədim, adına “şəkər” dedim
Mən bədbəxt adamam,
yazıq adamam!
Gözlərim yol çəkəndən, siqaretə “yox” dedim
Ah çəkməyə heyim yox, mən dilimlə “ah” dedim
Sən yazdığın yazıdır, dur oxu, Allah dedim,
Mən bədbəxt adamam,
yazıq adamam!
Alnıma baxtmı yazdın, hərfin tanımaq olmur
Düzün oxumaq olmur, səfin tanımaq olmur.
Elə göydən baxırsan, yəni tanımaq olmur,
Mən bədbəxt adamam,
yazıq adamam!?
***
yenə baş qaldırdı köhnə ağrılıar,
yenə də ürəyim səni istədi.
bu qədər yaxınsan mənə, ay oğul
gözümün önüdə dayansan da sən
nə qədər uzaqsan, bilirsənmi heç?
körpə ayağının üstündə duran
körpə gözlərində sevinc gəzdirən,
körpə əlləriylə qıçımdan tutub
ayağa durduğun günlər nə yaxın,
ama göz dəyməsin, boylu-buxunlu
yanımda durduğun günlər nə uzaq.
sinəmə sıxıram, geniş sinənin
istisi o körpə çağından deyir.
sənin məndən belə uzaqlığını
baxışın bu qədər yaxından deyir.
Körpə əllərini öpüm, ay oğul
Səni körpəlidən belə sevmişəm
səni oxşamışam.
əl qaldırmışam,
amma ürəyimdə ağrı çəkmişəm
səni çox istədim, səni ay oğul.
görünür bu sevgi çox olub, lap çox
daşdanıb, dağılıb heç tutmamısan
mən həmin adamam, bilirəm sən də
məni birdəfəlik unutmamısan…
OĞUL, AY, OĞUL!..