Ana səhifə BAŞ YAZI “…Onunla söhbətdə nəinki Qarabağı, bütün Azərbaycanı, Türk Dünyasını görmək olardı”

“…Onunla söhbətdə nəinki Qarabağı, bütün Azərbaycanı, Türk Dünyasını görmək olardı”

Müəllif: Bizim Yazı
1. 083 baxış

Şahmar Əkbərzadənin oğlu: “Atamın ölüsü ilə də qürur duyurdum”

“Yazıçı övladı” rubrikasının növbəti qonağı mərhum şair və tanınmış jurnalist Şahmar Əkbərzadənin oğlu Əkbər Əkbərzadədir. O, Daxili İşlər Nazirliyinin Hospitalında Stomotoloji Mərkəzin həkimidir, tibb xidməti kapitanıdır. Onunla illər öncəyə səyahət edib Şahmar Əkbərzadənin yaradıcılıq dünyası ətrafında söhbətləşdik.

Qısa xatırlatma: Şahmar Əkbərzadə 1941-ci il dekabrın 28-də Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olub, 1958-ci ildə orta məktəbi bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub. 1960-cı ildə texnikumu bitirib, M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub.
Ali təhsili başa vurduqdan sonra bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləyib, 1968-ci ildə Bakı şəhərinə köçüb. “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərində müxbir və şöbə müdiri olub.1990-cı ildə “Mədəniyyət” qəzetini təsis edib, ömrünün sonunadək qəzetin baş redaktoru olub.
Çoxsaylı şeirlər kitabının müəllifidir.
2000-ci il avqust ayının 30-da Bakı şəhərində dünyasını dəyişib.

– Siz hazırda fiziki varlığı ilə bizdən uzaq, ruhən isə bizim – onu sevən əzizlərinin və oxucularının yanında olan bir şairin, publisistin  oğlusuz. Bildiyim qədər onun dostu və sirdaşı olmusuz. İstərdim söhbətə Şahmar Əkbərzadənin yaradıcılığına sizin diqqət, nəzər və baxışınızla başlayaq.

– Mən atamın sənəti, yaradıcılığı ilə bağlı danışanda onun jurnalist kimi fəaliyyətinin daha çox qabardılmasını istəyirəm. O, şeir də yazıb, müəllim kimi də çalışıb, amma ömrünün sonuna qədər jurnalistika ilə məşğul  olub. Əsas işi təməlini qoyduğu “Mədəniyyət” qəzeti idi. Ömrünün sonuna qədər o qəzetə rəhbərlik edib. Maraqlı burasıdır ki, o qəzet təkcə Mədəniyyət Nazirliyinin qəzeti deyildi, eyni zamanda bizim ailənin bir üzvüydü.
90-cı illərdə jurnalistika çox ağır sahə idi. İstər qəzet materiallarının hazırlanması, istərsə də texniki məsələlərin həlli zəhmət və səbr tələb edirdi. İndiki kimi yadımdadır ki, gecə saat üçdə-dörddə mətbəədə müəyyən problemlər çıxanda bunları aradan qaldırmaq üçün atamla bərabər məşğul olurdum. Atam bəzən korrektura üçün yazıları da evə gətirir, anamla ona kömək edirdik. Buna görə də deyə bilərəm ki, “Mədəniyyət” qəzeti bizim ailənin bir üzvü idi.
Bir ailə olaraq daim atamın poeziya yaradıcılığını izləyirdik. Şeirlərinin ilk oxucusu həmişə anam olurdu, sonra biz övladları. Atamın həyatı, yaradıcılığı, işi ailəsi ilə sıx bağlı olurdu. O bizə yardım edə bildiyi qədər biz də ona yardım göstərirdik. Poeziya mövzularının ortaya çıxmasında bilərəkdən-bilməyərəkdən iştirakçı olurduq. Yadımdadır, “Ağıl dişləri” şeirini yazanda onunla nə qədər söhbət etmişdim. Sırf mənim sahəmlə bağlı mövzuydu.
Təsəvvür edin, mən oturub bir şairə ağıl dişlərinin fiziologiyasını, çıxma müddətini detallarına qədər izah edirdim. O da ordan özünə lazım olan hissələri, nüansları seçib götürürdü.

– Qeyd etdiniz ki, Şahmar müəllimin ilk oxucuları ailə üzvləriydi. Bəs ailənin istəyinə uyğun dəyişən misralar, ifadələr olurdu?

– Bəzən olurdu. Atam o qədər diqqətli idi, hətta qeyd edirdi ki, bu misrada dəyişikliyi kim edib… İlk oxucu kimi anamın hər şeirdə bir misra, ya bir söz qədər rolu olurdu. Atam sözə həssas idi. Bəlkə yoldan ötən bir adam ona irad tutsa, desəydi ki, filan misranı dəyişsən daha yaxşı olar, inandırım sizi onu da edərdi.

– Belə anladım ki, siz jurnalist Şahmar Əkbərzadəni özünüzə daha yaxın bilirsiniz…

– Mən hər şeydən əvvəl jurnalist Şahmar Əkbərzadəni sevirəm. Onun jurnalist fəaliyyəti dövründə yazdığı istənilən bir yazıya diqqət etsəniz görərsiz ki, atamın yazılarında müəyyən bir ideologiyaya xidmət, ya da hər hansı idealogiyaya qul olmaq yoxdur. Mən bunu əminliklə deyə bilərəm. Çünki biz indi onun seçilmiş əsərlərini hazırlayırıq.

– Seçilmiş əsərləri yəqin ki, publisistikası və şeirlərindən ibarət olacaq?

– Seçilmiş əsərləri iki cilddə nəzərdə tuturuq. Bura Şahmar Əkbərzadənin publisistikası ilə yanaşı, şeirləri də daxil olacaq. Kitablar çoxdan hazır olmalı idi, bizi ləngidən onun publisistikasıdır. Çünki atam publisistik yazılarını heç bir yerdə arxivləşdirməyib. Biz də onları kitabxanalardan, qəzetlərdən axtarıb, araşdırıb bir araya yığırıq. Atamın publisistikasında mən sırf azərbaycançılığı və vətənçiliyi görürəm. Bayaq da dediyim kimi, heç bir ideologiyaya yer verməyib. Ona görə də mən atamın jurnalistika sahəsindəki fəaliyyəti ilə fəxr edirəm.

– Şeçilmiş əsərlərə daxil olan şeirlər əvvəllər çap olunan kitablardan seçmələr olacaq?

– Köhnə kitablardan demək olar ki, əlimizdə az qalıb. Həm də onun kitabına tələbat böyük olduğu üçün şeirlərə ayrıca diqqət yetiririk. Təbii ki, əvvəllər çap olunan kitablardan seçmələr edirik.

– Bəs bir oğul kimi siz Şahmar Əkbərzadəni necə xarakterizə edə bilərsizniz?

– O ilk növbədə dəyişməz insan idi. Atamı tanıyan, onunla birgə çalışan insanlar, ölkə ictimaiyyəti də bilir ki, sabit bir mövqeyə sahib idi. Səmimi idi… Ən yaxın dostları bunu təsdiqləyə bilər. İnsanlar bəzən Allahı dərk edəndən sonra bir az fərqli olurlar, qorxu amili onlara təsir eləmir. Şükürlər olsun, atamın maddiyyata bağlılığı yox idi. Kiminsə qarşısında gözükölgəli deyildi.

– Şahmar Əkbərzadə yaradıcılığına olan diqqət, qayğı sizi qane edirmi?

– Atamın yaradıcılığına diqqət çox yüksək səviyyədədir. Dürüstlüyə hər zaman tələbat var. Atamı görən və tanıyan insanlar onun əsas məziyyətinin dürüstlük olduğunu deyə bilərlər. Günümüzdə bu kimi insan keyfiyyətinə nə qədər tələbat var, bunu hər kəs bilir. Səmimiyyətə də həmçinin. Həm də biz nə karəyik ona olan diqqətdən razı, ya narazı olaq. O özü kifayət qədər maraq doğuran iz buraxıb gedib.

– Qeyd etdiniz ki, “Mədəniyyət” qəzeti ailənizin bir üzvü idi. İndi o ailə üzvünüzlə maraqlana, fəaliyyətini izləyə bilirsizmi?

– Təbii. “Mədəniyyət” qəzetinin kollektivi ilə yaxından maraqlana bilirəm. Tez-tez də gedib ofislərini ziyarət edirəm. Amma atam qəzeti çıxarmağa başlayanda redaksiyanın iki balaca otağı vardı. İndi xeyli vaxt keçib. Bu yaxınlarda “Mədəniyyət” qəzetinin redaksiyasına getdim, görəndə ürəyim dağa döndü. O qədər gözəl və fərqli şərait qurulub ki! İnsan öz ailəsinin, övladının inkişafından nə qədər həzz ala bilirsə, mən də qəzet üçün yaradılan bu şəraitdən, inkişafdan o qədər həzz aldım.

– Tanınmış yazıçı, millət vəkili Aqil Abbas bir yazısında qeyd edib ki, Qarabağı heç vaxt görməmiş və heç vaxt görməyəcək hər hansı bir adam Şahmarla bircə saat söhbət etsəydi, Qarabağı min ildi görmüş, min ildi Qarabağda yaşamış bir insana çevrilərdi. Bəs Şahmar Əkbərzadə o sevgini övladlarına ötürə bilibmi?

– Bir nüansı deyim sizə. Atamın “Kommunist” qəzetində işlədiyi vaxtlar idi. Xarici ölkələrdə istirahət yerlərinə getmək dəbdə idi. Bir dəfə söhbət əsnasında ona dedim ki, qonşu, qohum, dostlarım, sinif yoldaşlarım xaricə istirahətə gedir, biz də gedək. Atam mənə cavabında dedi, oğul, sən bilirsən ki, mənim buna imkanım çatır, amma əsas məqsədim odur ki, siz Azərbaycanı qarış-qarış tanıyasız. Böyüyəndə özünüz xarici ölkələri gəzərsiz, amma indi ilk növbədə öz ölkənizi kənd-kənd tanıyın.
Mən nəinki Qarabağı, bizim bütün kəndlərimizi qarış-qarış gəzmişəm. Yaxşı maşın sürdüyüm üçün daim mənimlə yola çıxırdı.
Qeyd edim ki, onunla söhbətdə nəinki Qarabağı, bütün Azərbaycanı, Türk Dünyasını görmək olardı. İnandırım sizi ki, onun üçün Ağdamın Çəmənli kəndi nə qədər əziz idisə, Kazan, Krım, ya da hər hansı bir türk məmləkəti də o qədər əziz idi. Atam türk dövlətlərini qarış-qarış gəzmişdi. O, səyahət üçün yox, vətəni görmək xətrinə, ziyarət edirmiş kimi gəzirdi. Bircə Çində Urumçiyə gedə bilmədi… Digər bütün türk torpaqlarına ayaq basdı. Olduğu yerlərdə çox əziz və dəyərli dostlar tapırdı. Çingiz Aytmatov, Oljas Süleymenov, Muxtar Şaxanov, Mustafa Cəmiloğlu və başqa yaxın dostları var idi.

– Yaradıcı bir insanın ailəsində ola bilməz ki, övladlarından kimsə ona bənzəməsin.

– Mənim müəyyən yazılarım var, amma mən yaradıcılığa hobbi kimi baxıram. Bu yazıların arasında şeir də var, esse də, hətta janrını heç bilmədiyim yazılara da rast gəlmək olur. Bir də indi bir nüansı xatırladım və onu sizə demək istəyirəm.
Atam Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını drama çevirmək istəyirdi, hətta bizim teatr rejissorlarından bir ilə söhbət də eləmişdi. Təəssüf ki, onun adını indi xatırlamıram. Atamın vəfatından sonra işləri yarımçıq qalmasın deyə o işi tamamladım. Onun hazır versiyasını Aytmatova göndərmk istədiyim gün, elə interneti açıb baxdığım an qarşıma böyük yazıçının ölüm xəbəri çıxdı.

– Atanızın yaradıcılıq dostları ilə əlaqəniz varmı?

– Həyatda olanlarla əlaqə saxlaya bilirik. Arada mənə Şahmar deyə müraciət edəni də olur. Məni atamın adı ilə çağıranda xoşuma gəlir.

– Atanızın ölüm günü, bildiyim qədər o vəfat edənə kimi sizin ailədə sevinc günü kimi qeyd olunub...

-Atam mənim qızımın ad günündə dünyasını dəyişib. Amma mən atamın ölümü ilə bağlı heç vaxt kədərlənməmişəm, təbii ki, qubarlanmışam, ağlamışam, amma heç vaxt kədər mənim duyğularımın içində olmayıb. İnsanın dünyaya gəlişi və gedişi normal bir prosesdir. Kişi kimi yaşamaq və kişi ölmək hər adamın işi deyil. Mən atamın ölüsü ilə də qürur duyurdum. Onun yası, məzarı ilə də qürur duyurdum və hələ də bu hiss davam edir.
Bir yazımda həmin günü qeyd etmişəm və təbii ki, poetik duyğulara söykənərək. Yazmışam ki, “Şahmar baba öz ömrünü nəvəsinə bağışladı və bunu da belə dəyərləndirmək lazımdır”. Qızıma öz anasının adını qoymuşdu – Səmayə. Həm də qeyd etmişəm ki, “Bir zaman bir Səmayə ona həyat bağışlamışdı, indi də o, Səmayəyə öz borcunu qaytardı”. Onun özünün də bu anı anlada bilən bir misrası var.

Ölüm də yalandır, itki də yalan,
Dünyada müqəddəs çevrilmələr var.

– Heç olub ki, sizi danlasın?

– Mən onunla ruhən yaxın idim, amma arada danlayırdı, hərdən  döydüyü də olub. Özüm də oğul atası olduğum üçün indi bilirəm ki, məni döyəndə hansı hissləri keçirib. Niyə döyüb və hansı səbəbdən – bunu da anlayıram. Hər şeyi, hətta döyməyi, hirslənməyi də sevgi ilə edirdi.
Mən sevinirəm ki, atam ən azından beş şeiri ilə türk ədəbiyyatında qalacaq: “Mərkəzi poçtxana”, “48 ölçülü qadın paltarı”, “Dünya”, “Təzə nağara”. Beşincini seçməyi oxuculara saxlayıram.

Könül Səid /”GündəlikTELEQRAF”

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.