(Qabdulla Tukay. Samanbazarı, yaxud yeni Kəsikbaş. Bakı. 2011)
Bu yaxınlarda (23-26 aprel 2011) tatar xalqının böyük oğlu Qabdulla Tukayın anadan olmasının 125 illiyi Kazanda dövlət səviyyəsində təntənəli surətdə qeyd edildi. Bu münasibətlə Azərbaycanın bir sıra elm adamları bu konfransa dəvət olunmuşdilar. Həmin tədbirin iştirakşılarından biri, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova Qabdulla Tukayın “Samanbazarı, yaxud yeni Kəsikbaş” poeması Azərbaycan dilinə ilk dəfə tərcümə edərək çapdan buraxmışdır. Qeyd etmək lazımdır ki, bu poema müxtəlif illərdə sovet məkanında bütün dillərə tərcümə olunmuşdur. Kitabı dəyərləndirən əsas məziyyətlərdən biri də orada poemanın Azərbaycan dilindən başqa yazıldığı dildə-tatar, eləcə də türk və rus dillərində verilməsidir.
Əsərin “Ön sözü”ünü də tərcüməçi yazmışdır və o, həmin giriş poemanın təhlilini tam əhatə edir. X.Hümmətova Kəsikbaş haqqındakı türk xalqları arasında yayılan əfsanənin hələ də yaşadığını, bu əfsanəni öz poemasının letmotivinə çevirən sənətkarın ona satirik don geydirərək xalqına təqdim etməsini müəllif oxuculara ətraflı təqdim edə bilmişdir. Qabdulla Tukay Kəsikbaşın simasında tatar xalqının başına gətirilən faciələri göstərmiş və bu yolla onların gözlərindən qəflət pərdəsini açmağa nail olmuşdur. Müəllif bu əfsanənin Qizilbaş- Ələvi əfsanəsi kimi hal-hazırda türklər arasında yaşamasından söz açmaqla yanaşı, dastanda olan dini- təsəvvüfi məqamlara da aydınlıq gətirmişdir. Əfsanəyə zaman keçdikcə artırılan əlavələr onu reallırdan uzaqlaşdirmışdır. Xalq yolunda həlak olmuş qəhrəmanın “ölmədən öncə öldüyü”, “kəsilən başını qoltuğuna alıb savaş yapması” kimi inamların hələ də türklər arasında yayılmasına müəlifın aydınlıq gətirməsı kitabın dəyərini daha da artırır.
Müəllif Q.Tukayın bu əfsanəni satirik planda oxuculara təqdim etməsini şairin özünün islamın hökm sürdüyü bir şəraitdə yaşamasını səbəb kimi göstərərək dövrün reallığından xəbər verir. Xuraman xanım Q.Tukayın tatar Azərbaycan ədəbi əlaqələrinin inkişafındakı rolundan, şairin yaradıcılığında “Molla Nəsrddin” jurnalının oynadığı roldan bəhs etmiş, Sabirin yaradıcılığının Tukaya təsirindən və şairin Sabirin “Mollanın zarı” satirasının tərcüməsindən də söz açmışdır. Müəllif kitabında şairin “Molla Nəsrəddin” jurnalı ilə fəal əməkdaşlığından , həm də bir vətənpərvər kimi kitabın üz qabığında şairin “Molla Nəsrəddin” jurnalını əlində tutmuş şəklini daxil etmişdir.Poemanı aktual edən səbəblərdən biri kimi müəllif şairin satira üsulundan istifadəsində “Molla Nəsrəddin” jurnalının böyük rol oynamasına çox mühüm önəm vermişdir.Bu baxımdandır ki, poemanın dilinin sadəliyi və anlaşıqlı olması müəllifi “Molla Nəsrəddin”çilərlə bir sırada dayanmağa vadar edir. “Samanbazari, yaxud yeni Kəsikbaş” poemasının yazılmasından yüz illər keçməsinə baxmayaraq, hələ də əhəmiyyətini itirməməsinin səbəbi onun mövzusunun xalq həyatından alınması və xalqı təmsil etməsindən xəbər verir.
Ön sözdə Kəsikbaşın tatar xalqı arasındakı mövqeyi və taleyi oxucuya tam aydın olur. Kəsikbaş özünün kimliyini öz dili ilə açıb göstərməsi onun hansı əqidənin sahibi olmasını oxucuya çatdırır.
Başıma gələnləri anladım dinləyinə
Hacıyam, həccə getdim, doxsan doqquz dəfə.
Deputatlıq etmişdim mən yenə,
Bu şəhərin məclisinə son sənə.
Moskvadan mal almışdım,
Yüz kuruşun doxsanını çalmışdım.
Haqlı olaraq vaxtilə çox əməllərin sahibi olan həmin Başın əsil siması öz dili ilə ortaya qoyulur. Müəllif dara düşərkən qəhrəmanın – Kəsikbaşın yenə də xalqa üz tutmasını, ondan kömək istəməsini təbii bir məqam kimi ortaya qoyur. O, həm də ğöstərir ki, xalqa arxalanan, ona güvənən qəhrəman darda qalmaz. Poemanın təhlilindən görürük ki, tədqiqatçı “mücərrədliklə reallıq” arasındakı sərhədləri müəyyənləşdirə bilmiş və onu oxucuların nəzərinə çatdırmağı bacarmışdır . Əsərdən görürük ki, Divin yeraltı dünyasında yüzlərlə müsəlman qolu bağlı zəncirdədir. Q.Tukay əsrin əvvəllərində çarizmin müsəlman xalqları arasında apardığı “parçala, hökm sür” siyasətinin tüğyan etdiyi bir zamanda öz fikirlərini açıq-aydın yaza bilməzdi. Odur ki, müəllif çox haqlı olaraq şairin satira üsulunu əsas götürməsinin səbəblərindən biri kimi dövrün ictimai vəziyyətini göstərmişdir.
X.Hümmətova sonda bu poemanı tərcümə etməsinin əsas səbəblərindən biri kimi azsaylı xalqların ədəbiyyatının diqqətdən kənarda qalmasının şərhini verir və ali məktəb tələbələri üçün vəsait kimi tövsiyə edir.
Almaz ÜLVİ
Filologiya elmləri doktoru