İSMAYIL MƏRCANLI (İMANZADƏ)
NİGARANAM
Neçə gizli mərəz tapıb hava, su,
Azalıbdır çiçəklərin qoxusu.
Harda isə qəfil güllə atılıb,
Çiliklənib körpələrin yuxusu –
Dünyam, səndən nigaranam, nigaran.
Pöhrə var ki, boy atmamış quruyub,
Qönçə var ki, açılmamış qarıyıb,
Bu hikməti necə tapım, arayım, –
Dünyam, səndən nigaranam, nigaran.
Bu gün hələ yaş qurumaz gözündə,
Yarpaq solar, ot bozarar yazında.
Sabahından nigaransan özün də –
Dünyam, səndən nigaranam, nigaran.
Yaxşı, yaman bir-birinə qarışıb,
Neçə qayğın, neçə fikrin qarışıq.
Yenə artıb üz-gözünün qırışı –
Dünyam, səndən nigaranam, nigaran.
Nəhayəti, sonu yoxmu əzabın? –
Vulkan kimi hey püskürər əsəbin.
Neçə günah yüklənibdir boynuna,
Tutar səni yerin, göyün qəzəbi –
Dünyam, səndən nigaranam, nigaran.
Xalmı düşüb istəyinə, arzuna,
Duyğusuzlar zəhər qatıb ruzuna.
Qorxuram ki, nər dizlərin tay sına –
Dünyam, səndən nigaranam, nigaran.
ŞİMŞƏK
Göy gurlayır,
buludların
göz yaşımı axır yerə?
Şimşək çaxır,
elə bil ki,
göylər dözə bilməyərək
bir gecəlik ayrılığa,
kibrit çəkib baxır yerə.
VURULDUM
Ana yurdum, qoy dolanım başına,
Bu sevgimdən çətin dönəm, daşınam.
Hər addımda torpağına, daşına
Yamacına, yoxuşuna vuruldum.
Heyran oldum hər çiçəyə, gülə hey,
Duyğularım burda gəldi dilə hey.
Kövrək bulud gilələndi elə hey,
İlk baharın yağışına vuruldum.
Əfsunundan çətin qaçam, qorunam,
Daha düşdüm gözəlliyin toruna.
Tarlaların tükənməyən barına,
Çəmənlərin naxışına vuruldum.
Zirvə məni bənd elədi özünə –
Düşdüm neçə tər çiçəyin izinə,
Bir çeşmənin dağ havalı səsinə,
Bənövşənin baxışına vuruldum.
YURD SEVGİSİ
Bu doğma yurd, ulu ocaq
Əllərimdən tutan oldu.
Nəyi vardı, əzizlədim,
Dönüb anam, atam oldu.
İşığında pərvazlandım,
Güneyində oda yandım.
Saf eşqinə arxalandım,
Harayıma yetən oldu.
Sevgisini uca tutdum,
Ömrümü ömrünə qatdım.
Gözümün üstdə yaşatdım,
Bu yer mənə Vətən oldu.
BAX
Bu dağın yaxası yaşıl,
Hər daşına söz yaraşır.
Güneyində göz qamaşır,
Quzeyində dərəyə bax!
Qayaların nər kimidir,
İgidlərin görkümüdür?!
Zirvə Qorqud görkəmində,
Sinəyə bax, kürəyə bax!
Cığır burda ürkə-ürkə,
Düşüb bəndə, düşüb bərkə.
Yamaclarda cərgə-cərgə
Daş sütuna, dirəyə bax!
Burda daşlar kündə-kündə,
Yanağı allanar gündən.
Dağlar insan dözümündə –
Təbiətdə ürəyə bax!
GİLEYLİDİR
Ömrün yolu damar-damar,
Yarı yoxuş, yarı hamar.
Əllərindən sığal umar,
Telim səndən gileylidir.
Səhər-axşam dinmək istər,
Qağayıya dönmək istər.
Ovcunda isinmək istər,
Əlim səndən gileylidir.
Ayrılığın oddu, közdü,
Qəlbim sızlar gizli-gizli.
Yandırırsan diri gözlü –
Dilim səndən gileylidir.
1 şərh
Hörmətli Əkbər bəy, İsmayıl İmanzadənin şeirlərini saytınızda işıqlandırdığınıza görə Sizə təşəkkürümü bildirirəm. Bu cür poeziya nümunələri həm də bizlər – gənc yazarlar üçün gözəl örnəkdir. İsmaiıl müəllimə də can sağlığı, fəaliyyətində uğurlar arzulayıram.