Ana səhifə YAZILAR “Dədə Qorqudu düşünərkən”

“Dədə Qorqudu düşünərkən”

Müəllif: Bizim Yazı
445 baxış

Azər H. Həsrət

Türk milləti bir də belə dastan yarada biləcəkmi görəsən? İnanmıram! Mümkün deyil! Bu dastan türk xalq dilinin zirvəsidir. Əlçatmazdır. Mükəmməldir. Bundan o yanası toxdur. Son dərəcə poetik, obrazlı, sanki ruhu oxşayırmış, əfsun, sirr dolu bir dildir bu dastanın dili…
Yuxarıdakı fikirlər Mirzə Hacının bu il dərc edilmiş “Dədə Qorqudu düşünərkən” adlı kitabındandır. Kitab müəllifin şəxsi qənaətləri və orijinal yanaşması əsasında yazılıb və Dədə Qorqud dastanı, Dədə Qorqud kimliyi üzərində gəzişmələr, dastanda yer alan müxtəlif əfsanəvi təsvirlərin elmi açıqlamasına cəhd kimi qiymətləndirilə bilər. Düzdür, bu kitab elmi üslubda yazılmayıb, ancaq elm adamlarını düşündürə biləcək keyfiyyətdədir.
Müəllifin qənaətinə görə, bütün insanların babası birdir: Adəm. Bu fikir başqa mənbələrdə, xüsusən də din kitablarında birmənalı şəkildə qeyd edilsə də Mirzə Hacı öz kitabında məsələyə xeyli fərqli yanaşır. Onun iddiasına görə, bütün insanlıq Adəmdən başlamaqla bərabər Türklükdən başlayır. Yəni Adəm bir türkdür və ondan törəyənlərin də türk olduğu danıla bilməz. Bəs onda yer üzündəki insanların ünsiyyət üçün istifadə etdiyi dillər niyə fərqlidir? Müəllif bu suala da cavab verir: ona görə ki, Adəmdən törəyən insanlar zamanla yer üzünün müxtəlif istiqamətlərində məskunlaşmış, həm coğrafi məkan, həm də zaman öz işini görmüş və bir zamanlar eyni dilin daşıyıcısından törəyənlər minillər sonra fərqli dillərdə danışmağa başlamışdır. Məntiq var əlbəttə bu fikirdə və dilçilik nəzəriyyələri də belə bir gəlişməni inkar etmir.
Kitabda diqqət çəkən bir məqam da həm “Dədə Qorqud dastanı”nda, həm də başqa xalqların miflərində yer alan təpəgözlə bağlıdır. Müəllif iddia edir ki, bu təpəgöz, əslində, bu gün texnologiyanın imkanları hesabına icad edilən robotdan başqa bir şey deyil. Onun tək gözü isə sadəcə bir kameradır. Müəllifə görə böyük tufandan sonra yer üzündə sağ qalan Nuh peyğəmbər və yaxınları, əslində, tufana qədər mövcud olan inkişafdan ayrı düşmüş, insanlıq ibtidai səviyyəyə qədər enmiş və irəli texnologiyalardan xəbəri olmamışdır. Belə olan halda başqa planetlərdən Yer kürəsinə göndərilən robot-missionerləri ibtidai insanların anlaması mümkün deyildi. Dastanlarda deyilir ki, bu təpəgözə nə ox batır, nə də qılınc kəsirmiş. Amma onu yalnız tək gözünü deşməklə məhv etmək olarmış. Elə buradan çıxış edən müəllif belə bir iddia irəli sürür ki, tək gözü – kamerası məhv edilmiş robot (və onu haradansa idarə edənlər) artıq qarşısındakını görə bilmədiyi üçün ona zərər yetirə bilmir və belədə zəifləmiş olur. Düşündürücü və ağlabatandır düzü.
Yenə də müəllif davam edərək daha bir mifik varlığı texnologiya icadı ilə qarşılaşdırır. O, iddia edir ki, dastanlardakı əjdaha obrazı, əslində, bizim anlayacağımız raketdir. Bir qayda olaraq dastanlarda əjdahanın ağzından od püskürməsi, kimsənin ona yaxın gedə bilməməsi təsvir edilir. Mirzə Hacı da müqayisə apararaq iddia edir ki, bu, bizim hər birimizin rahat şəkildə dərk edə bildiyimiz və gördüyümüz adi raketdən başqa bir şey deyil. Müəllifə görə, başqa planetlərdən uçub gələn hansısa raket Yer üzündə qəza keçirir və uçub gedə bilmir. İnsanlar ona yanaşmaq istədikdə isə nərə çəkir (motor səsi), od püskürür (raketdən çıxan od) və yaxınlaşan hər kəsi udur (əslində raketin odu adamı bir anda yandırıb yox edir).
Yuxarıda təsvir edilən fikirlərlə zəngin kitab, xəyal kimi görünsə də maraqlı gəlir. Əlbəttə, biz iddia etmirik ki, bu fikirlər yüzdə yüz doğrudur və ya doğru deyil. Sadəcə o fikri bölüşə bilərik ki, ağlabatan qarşılaşdırmalardır. Hər halda, kitab bizə maraqlı gəldi və oxunmasını tövsiyə edərdik.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.