Ana səhifə SÖYLƏŞİLƏR Tənqidə dözümlüyük, yoxsa?..

Tənqidə dözümlüyük, yoxsa?..

Müəllif: Bizim Yazı
1. 092 baxış

Çağdaş dövrdə haqlı tənqid haqsız təhqirlə əvəzlənir

Ədəbi tənqid bütün dövrlərdə ədəbiyyatın inkişafına ciddi təsir göstərib və eyni zamanda bu inkişafda mühüm bir rolu olub. Həm də hər bir ədəbi növün, hər bir bədii yaradıcılıq məhsulunun təhlilə ehtiyacı var. Obyektiv ədəbi tənqidin ədəbi yaradıcılıq prosesində müstəsna əhəmiyyəti var. İstedadlı oxucu da tənqidçi rolunda çıxış edə bilər. Tənqidi fikir, ədəbi təhlil ümumiyyətlə, ədəbi zövqün formalaşmasına xidmət etməklə bərabər, bədii əsərlərin qiymətləndirmə dərəcəsini də müəyyən edir.
Məhz bu səbəbdən çox maraqlı bir məqam ortaya çıxır ki, ədəbi mühitdə olan yazıçı və şairlər tənqidə nə dərəcədə dözümlüdür? Haqlı və haqsız tənqidlərə münasibətləri hansı səviyyədərir? Bu və digər suallarla ədəbiyyat sahəsinin nümayəndələrindən cavab almağa çalışdıq.

Azərbaycan Yazıçılar Birliyi uşaq şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə tənqidçilərin haqsızlıq etdiyini vurğuladı:
“Məni hər zaman tənqid ediblər, elə indi də tənqidlərə tuş gəlirəm. Amma bu tənqidlər heç zaman mənə təsir etməyib və necə deyərlər, vecimə də olmayıb. Bilirsiniz niyə? Çünki bunlar haqsız  tənqidlər olub. Əgər konkret olaraq şeirlərimi tənqid etsəydilər razılaşardım, amma bunlar konkret olaraq insanın şəxsiyyətini hədəf götürürlər və şeirləri unudurlar. Digər tərəfdən, əgər şeirlərimi tutarlı tənqid etsələr pis olaram və bu barədə düşünərəm. Mən həm də düzgünlüyün tərəfdarıyam və haqlı tənqidi qəbul edə bilərəm.
Çox təəssüf ki, son zamanlar ancaq mənim özümü tənqid edirlər. Bunu ancaq qısqanclıq kimi qələmə vermək olar. Dəfələrlə onlara demişəm ki, şeirlərimi tənqid edin, amma nədənsə, bunu bacara bilməyiblər. Ona görə də mən tənqidin gücünü, bacarığını və cəsarətini görməmişəm. Yeri gəlmişkən, bir daha qeyd edim ki, mən tənqidə dözümlü və açıq bir insanam. Amma nədənsə, bizim ədəbi mühitdə kəsərli bir tənqid görmürəm. Vurğuladığım kimi, məni şeirlərimə görə yox, özümə görə tənqid edirlər. Ən çox eşitdiyim sözlərdən bir neçəsini demək istəyirəm. Əsasən deyirlər ki, “Qəşəm niyə çox görünür”, “Qəşəm niyə fəaldır” və sairə.
Bəlkə də, tənqid sözünün özünü belə dəyişdirmək lazımdır. Əvəzində məsələn, təhlil və ya təhliledici fikirlər qoya bilərlər. Çünki tənqid ancaq tənqid etməklə məhdudlaşmır, həm də təhlil etməlidir. Təəssüf ki, bu hallara bizim ədəbiyyatda nadir hallarda rast gəlmək olar.
Tənqidçilərdən Əsəd Cahangirin, Tehran Əlişanoğlunun yazılarına arada rast gəlirəm, amma onlar da müəyyən olunmuş xüsusi adamlar üçündür. Müstəqil dövri ədəbiyyatımızın fundamental tənqidi nə yazıq ki, yoxdur. Bəlkə də, bunu son 20 ilə də aid etmək olar. İndi universitetlərdə müstəqillik dövrü ədəbiyyatını keçmək üçün normal bir dərs vəsaiti də yoxdur. Fikrimcə, bu kitabları da tənqidçilər yazmalıdır. Nədənsə dərslik yazmaqdan, hazırlamaqdansa bizim tənqidçilər daha çox kiminsə kitabına ya ön söz, ya da hər hansı bir məqaləni yazırlar. Bunlar da aydın məsələdir ki, universitetlərdə dərs vəsaiti kimi keçirilə bilməz”.
Yazıçı Şərif Ağayar ədəbi mühitdəki insanların tənqidə dözümsüz olduğunu söylədi:
“Biz tənqidə dözümsüzük. Xüsusən. yazılı tənqidə. Hətta saytlarda gedən tənqidi qəzetlərdəkindən, qəzetdə gedəni kitabda gedəndən daha yüngül sayırıq. Yəqin əbədililik prinsipinə əsaslanaraq…

Mən yazar olduğum üçün yazılarım barədə çoxlu tənqid yazılıb. Ona görə bunların içindən məxsusi olaraq hansınısa seçə bilmirəm. Eyni zamanda yazar olduğum üçün çoxlu adamları tənqid etmişəm. Burda da xüsusi olaraq kimisə fərqləndirə bilmirəm.
Haqsız tənqidlər hamı kimi mənə də təsir edir. Ancaq mümkün qədər reaksiya verməməyə, problem yaratmamağa çalışıram. Bilirsiniz, insan nə isə yazıb ictimaiyyətin diqqətinə ötürürsə, o, deyiləcək bütün fikirlərə dözümlə yanaşmalıdır. Və ya birisi ictimai xadimdirsə, siyasət və ya sənət adamıdırsa tənqidlərə mütləq açıq olmalıdır. İnanmıram ki, gedib evində sakit oturan adamı kimsə tənqid etsin.
Demək olar ki, tənqidə dözümlüyəm. Ancaq təhqiri qəbul etmirəm. Kimliyindən asılı olmayaraq bir insanı alçaltmaq, aşağılamaq qələm adamına yaraşmaz. Hətta məni təhqir edənlər olubsa da, onlara eyni səviyyədə cavab verməmişəm”.

Professional Oxucu Liqasının rəhbəri İbrahim Sel özünün tənqidə dözümlü bir insan olduğunu dedi:
“Mən tənqidə dözümlü adamam. Əgər tənqiddə qərəz yoxdursa, o tənqid qəbul olunandır. İstənilən tənqidi materiala baxan kimi bilmək olur, o qərəzli yazılıb, ya ürəkdən gələn oxucu fikirləridir. İradə Musayeva adlı müasir tənqidçi var, onu maraqla oxuyuram. Cavanşir Yusifli bu yaxınlarda Sayman Aruzu tənqid etmişdi, bax o həqiqi hisslərdən gələn bir professional oxucu yanaşması idi. Amma bir də görürsən ki, biri güney ədəbiyyatını tənqid edir, amma o tənqidin altında güneylilərə nifrət yatdığını mən gözəl bilirəm. Azərbaycanı bəlalara salanlara qarşı nifrət qalıb bu yanda, bunlar da güneylilərə süni nifrət yaratmaq istəyirlər. Onlara dəfələrlə demişəm, sizin İrana, farsa nifrət oyununuzun arxasında əslində Güney Azərbaycan türklərinə nifrət dayanır. Bunu onlara dəfələrlə sübut etmişəm, özləri də təsdiq ediblər. Bir qrup adam düşüb ortaya, həqiqi dəyərlərimizi, müqəddəs simvollarımızı ləkələmək istəyirlər. Həmin nifrətin isə özəl səbəbləri var, bu sorğunun mövzusu deyil”.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı Əkbər Qoşalı:

“Tənqiddən, tənqidçilərdən söz düşmüşkən, tənqidçilər və siz jurnalistlər tənqidə daha az dözüm nümayiş etdirirsiniz… Mənim ünvanıma olan ən doğru tənqid, ən yanlış tənqid deyə bir sıralama, çeşidləmə aparmamışam, doğrusu, ancaq onu deyə bilərəm, mən mümkün olduğu qədər anlayış göstərməyə, “tənqid”in “niyə”sini aramağa çalışmışam həmişə. Tənqid etməyə o qədər də meylli olmamışam. Yaxşıları görməyə, ümid etməyə meylli olmuşam.
Ən son kimin tərəfindən tənqid olunmağıma gəldikdə, bu tənqid mətbuat müstəvisində olmayıb və mən bəlkə də, həmin tənqidçi tərəfindən hər gün tənqid olunuram… Və xoşdu…”.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu insanların sağlam tənqidə normal yanaşdığını söylədi: “Sağlam tənqidə  qələm adamları hər zaman yaxşı yanaşıblar. Həm də şəxsiqərəzlik, ifrat dərəcədə aşağılama, təhqir olmayan tənqid çox normal qəbul edilər. İndi gənc, orta nəsil, yaxud yaşlı nəsil ədəbiyyat nümayəndələrinin içində tənqidə dözümsüz insanlar ola bilər. Tənqid söhbəti son illər o qədər zəifdir ki, bunu müzakirə etməyə belə ehtiyac qalmır. İzah edim, nəyə görə belə deyirəm. Hansı qəzeti və günlük dərgini, ədəbiyyat səhifəsi nəşr edən mətbu orqanları açırsan, hamısı kiminsə tərənnümünə, kiminsə təbliğinə, kiminsə aşağılanmasına, ədəbi müstəvidə şounun təkrarına rəvac verir. Həm də bu gün tənqid var, ya yoxdur məsələsini belə müzakirə etməyə dəyməz, çünki olmayan bir şeyi müzakirə etməzlər. Mənə elə gəlir ki, ədəbiyyatımızın bu sahəsində möhkəm boşluq olduğuna görə bunu doldurmağa bizim tənqidçi və ədəbiyyatşünaslar hazır olmalıdır.
İndi ancaq dəstəbazlıqla məşğul olmağa başlayıblar və hər dəstənin də özünün tənqidçisi, tərifləyəni var. Aydındır ki, o dəstədən kim nə yazırsa, onu da tərifləyəcəklər. Başqa dəstədən yazanların əsərlərinə isə mütləq həmin tənqidçi və ədəbiyyatşünas çox aşağı səviyyədə olan bir baxışla yanaşacaq. Çalışacaq ki, onu aşağılasın. Amma bu artıq ədəbiyyat deyil və ona görə də biz ədəbi proseslərdə bu sapıntılara göz yuma-yuma şeirimizin də, ədəbiyyatşünaslığın da, bir sözlə, ədəbiyyatımızın da başına daş salmışıq.
Mənim ünvanıma olan ən haqlı tənqidləri Əsəd Cahangir, Cavanşir Yusifli, Kənan Hacı, Azər Turan, Balayar Sadiq və başqaları söyləyib. Onlar mənim yazdıqlarımın çatışan və çatışmayan cəhətlərini göstəriblər. Amma məni haqsız olaraq tənqid edən insanlar da var. Onların  adlarını çəkmək istəmirəm. Onlar açıq-aşkar yazırlar ki, biz bu insanı şair saymırıq. Mən də bunu qərəz kimi qəbul etmişəm və onu da cavablandırmaqda çox simiclik etmişəm.
Mən bir qələm adamı olaraq ədəbi prosesdəki boşluqları tənqid etmişəm. Məsələn, tənqid, tərcümə, uşaq ədəbiyyatı, satirik ədəbiyyat sahəsində və başqa sahələrdə olan boşluqları tənqid etmişəm. O insanlar da bu tənqiddən bir nəticə çıxarmalıdırlar. İndi mən ad çəkməsəm də, bu sahə ilə məşğul olan adamlar özləri sözü özlərinə ya yapışdırıblar, ya da yapışdırmayıblar”.

Könül Səid /”GündəlikTELEQRAF” – 05.12.2012

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.