Ana səhifə BAŞ YAZI Ortaq türk ədəbiyyatı dərsliyi nəşr olunacaq

Ortaq türk ədəbiyyatı dərsliyi nəşr olunacaq

Müəllif: Bizim Yazı
683 baxış

Askar Umarov: “Türk dövlətlərinin yazıçı və şairlərini oxuyub tanımasaq, birlikdən danışmağın heç bir əhəmiyyəti yoxdur”

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) bu ilin sentyabr ayında start verdiyi “Gəldik, gördük, yazdıq” adlı layihəsi çərçivəsində 12 türk dövlət və toplumundan 18 gənc yazar, jurnalist və yeni nəsil siyasi icmalçısı Bakıya gəlib. Tədbir müxtəlif yerli və beynəlxalq təşkilatların tərəfdaşlığı şəraitində baş tutur.
Orta Asiyadan gəlmiş nümayəndə heyətində Qazaxıstanın Türk Akademiyası rəhbərinin müavini, jurnalist və iqtisadçı Askar Umarov da var. Qonaqla görüşüb Türk Akademiyasının Azərbaycanla, onun ədəbi-mədəni mühiti ilə əlaqəli fəaliyyəti barədə, eyni zamanda yazıçı və şairlərin Qazaxıstanda tanıdılması məsələləri ətrafında söhbətləşdik.
Askar bəy, Türk Akademiyası rəhbərinin müavinisiniz. Bu təşkilat, onun yaradılması və fəaliyyəti barədə məlumat verərdiniz.
– Türk Akademiyası Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin fərmanı əsasında yaradılmış elmi təşkilatdır. Belə bir təşkilatın yaradılacağı fikrini Qazaxıstanın prezidenti Naxçıvanda keçirilən türk dövlət başçılarının IX zirvə görüşündəki çıxışında söyləmişdi. Akademiya ümumtürk mədəniyyəti, ədəbiyyatı, tarix və dilinin öyrədilməsi üzrə araşdırma mərkəzi kimi nəzərdə tutulmuşdu. Amma sonradan prezident Türk Akademiyasının beynəlxalq təşkilata çevrilməsini təklif etdi. Beynəlxalq təşkilat olandan sonra onun fəaliyyət, eyni zamanda araşdırma dairəsi də genişləndi. Üstəlik, iqtisadiyyat və bir sıra yeni fəaliyyət sferası da nəzərdə tutuldu. Bu ilin avqust ayında Bişkekdə Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyə prezidentlərinin görüşündə Türk Akademiyası artıq beynəlxalq fəaliyyət statusunu aldı. Akademiyanın rəhbəri türkoloq, professor Şakir İbrayevdir.
Beynəlxalq status aldıqdan sonra Türk Akademiyasının fəaliyyətində hansı yeniliklər baş verdi?
– Bu elm mərkəzi hazırda ortaq dil və mədəniyyətin tədqiqi sahəsində daha geniş və əhatəli fəaliyyət proqramı əsasında işləyir. Həmçinin müştərək əlifba, terminologiya, siyasət, tarix, iqtisadiyyatla bağlı araşdırmalar aparır, kitablar nəşr edir. İndi türkoloq olmaq yalnız linqvistikanı öyrənməklə bitmir. Dili, tarixi, iqtisadiyyatı, bir sözlə, bir neçə sahəni əhatə etmək gərəkdir.
– Türk Akademiyasının fəaliyyət dövründə nə qədər kitab və vəsait nəşr olunub? Bu kitablarda Azərbaycanla bağlı nələr var?
– Akademiya yaranandan bu günə kimi qısa zaman ərzində təqribən 24 kitab nəşr olunub. Kitablar türk dövlətlərinin ortaq ədəbi-mədəni əlaqələrinin, tarixinin, etnoqrafiyasının və dilinin təbliğinə xidmət edir. Bircə türk coğrafiyası ilə bağlı kitablar nəşr olunmayıb, çox böyük ehtimalla bu mövzuda da kitablar diqqətdə saxlanacaq. Təbii ki, geniş araşdırmalar sayəsində dəqiq coğrafi faktlarla oxuculara təqdim ediləcək.
Nəşrlər arasında iki kitab hər il yenidən çap olunur. Bunlar “Türk almanaxı” və “Türk antologiyası”dır. “Türk antologiyası” sırf ədəbiyyatla bağlıdır. Antologiyada Dədə Qorquddan, Mahmud Kaşğarindən başlamış türk ədəbiyyatının bütün nümayəndələri yer alıb. Yeni ildən başlayaraq bu iki kitabın sırasına daha birini əlavə eləməyi düşünürük. Bu da türk xalqlarının tərbiyəsi məsələləridir. Çünki türk xalqları içərisində hazırda müxtəlif ideologiyadan olan insanlar var. Amma məhz yeni kitab kökümüzə bağlı mədəniyyət və tərbiyə məsələlərini ortaya çıxarmağa, təbliğ etməyə çalışacaq.
Şəxsən sizin Azərbaycan ədəbiyyatı haqqında nə qədər məlumatınız var? Bu, Azərbaycana ilk səfərinizdirmi?
– İllər öncə bir dəfə Azərbaycanda olmuşam, bu, ikinci səfərimdir. Azərbaycan ədəbiyyatı haqqında müəyyən bilgilərim var. SSRİ zamanında biz kitabları vərəqləyəndə daha çox rus klassiklərinin adlarına və əsərlərinə rast gəlirdik. O zaman bir sual bizi çox düşündürürdü. Niyə kitablarda Azərbaycan klassik ədəbiyyatının nümayəndələri yoxdur? Niyə Nizami Gəncəvi və Nəsiminin adına rast gəlmirik? Həmçinin digər türk dövlətlərinin yazıçı və şairləri haqda niyə məlumat verilmir? Maraqlı bir məqam da var, niyə günü bu gün qardaş ölkələrin ədəbiyyat nümayəndələrindən ibarət ortaq bir ədəbiyyat dərsliyimiz yoxdur?  Deyim ki, Türk Akademiyası bu məsələ ilə bağlı 2013-cü ildən yeni bir layihəyə başlayır. Bu layihə daxilində ortaq türk ədəbiyyat dərsliyi nəşr olunacaq. Əgər biz ortaq ədəbiyyatımızı, eyni zamanda türk dövlətlərinin yazıçı və şairlərini oxuyub tanımasaq, birlikdən-bərabərlikdən danışmağın heç bir əhəmiyyəti yoxdur.
Qeyd elədiyiniz layihə çərçivəsində nəşr olunan kitabda Azərbaycandan hansı ədəbiyyat nümayəndələrini daxil etməyi düşünürsüz?
– Bu seçim bizə aid deyil, Azərbaycan Elmlər Akademiyası bizə kimi təqdim etsə, onları kitaba salacağıq.
Siz jurnalist kimi də fəaliyyət göstərmisiz. Fəaliyyət illərində Azərbaycanla bağlı nələri öyrənə bilmisiz?
– Azərbaycan və onun bizə qardaş olması haqqında ilk məlumatı orta məktəbin 11-ci sinfində oxuyanda öyrənmişəm. Amma zaman keçdikcə öz bilgilərimi universitet illərində, daha sonra isə jurnalistlik fəaliyyətimdə genişləndirmişəm. İndi də Azərbaycana Dünya Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə gəlmişəm. Bu layihə mənim üçün çox önəmlidir, çünki görmədiyim bölgələrə səfər edib məlumat toplayacağam. Təbii ki, gedəndən sonra burda gördüklərim haqqında yazılar yazıb məlumatı məhdud qardaşlarımıza Azərbaycanı tanıdacağam.

Könül Səid

//”GündəlikTELEQRAF

You may also like

1 şərh

Ortaq türk ədəbiyyatı dərsliyi nəşr olunacaq | TURK-MEDIA 2012-11-12 - 20:17

[…] //»GündəlikTELEQRAF« […]

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.