2008-ci ildə Salyanda Azərbaycan Yazıçılar Birliyi (AYB) Muğan Bölməsinin təsis konfransı keçirildi. Konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla Bakıdan gələn şair nə yazıçılar, eləcə də, Muğanın dəyərli ziyalıları və digər işıqlı insanlar iştirak edirdi (AYB Muğan Bölməsi Hacıqabul, Şirvan, Salyan, Neftçala rayonlarını əhatə edir). Muğan Bölməsi AYB-nin bölmələri içində ən gənc Bölmə olmasına baxmayaraq, qısa müddətdə özünü Respublikamızda tanıda, ədəbi-ictimai proseslərdə fəallığı ilə seçilə bildi. AYB-də keçirilən 2009-cu ilin ədəbi yekunlarına həsr olunmuş dəyərləndirmə törənində AYB Muğan Bölməsi, AYB-nin Bölmələri içində “İlin ən fəal Bölməsi” nominasiyasının qalibi elan edildi. Muğan Bölməsinin təşkilatçısı olduğu, dəvət aldığı və qatıldığı tədbirlərin sayı kifayət qədər olmaqla yanaşı, Bölmənin artıq, dəfələrlə yurd dışına beynəlxalq miqyaslı tədbirlərə dəvət alması və bu tədbirlərdə təmsil olunması keçilən yolun uğurlu olmasını bəlli edir.
AYB Muğan Bölməsinin yaranması bu bölgədə yazıb-yaradan qələm adamlarının bir-birini daha yaxından tanımasına, onların qələm məhsullarının müntəzəm çap olunmasına və ədəbi mühitdə yeni imzaların görünməsinə təkan vermiş oldu. 2010-cu ildə AYB Muğan Bölməsinin “Muğanın səsi” adlı şeirlər toplusu nəşr olundu. Topluda Muğan bölgəsində yaşayan 60 nəfər qələm adamının yaradıcılığından örnəklər yer aldı. Topluda yer alan müəlliflərdən bəziləri ilk dəfə ədəbi ictimaiyyətə təqdim olunurdu.
Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonlarını əhatə edən Bölməmizin bəzi yazarlarının yaradıcılıq örnəklərinin BizimYAZIya sunuram.
Sayğılarımla,
Namiq Hacıheydərli
AYB Muğan Bölməsinin başqanı
***
Zabil Pərviz (Neftçala)
1952-ci ildə Neftçalada anadan olub. 1974-cü ildə ADPU-nun filologiya fakultəsini bitirib. 1 şeir kitabı çap olunub. “Ulutürk dünyası” qəzetinin təsisçi və baş redaktorudur.
Payız lövhələri
Gün batır… saralıb solur şəfəqlər,
Səma yarı qızıl, yarı gümüşdür.
Axşam şəfəqiylə yanan üfüqlər,
Sanki xəzan vurmuş bağa dönmüşdür.
Dağların başında bulud dağları,
Yayır gözlərindən gümüş məhəbbət.
Yuyur yarpaq-yarpaq qızıl bağları,
Payıza boyanır ana təbiət.
Gör necə ayrılır öz baharından,
Baharın özünü bəzəyən çinar
Əriyib tökülür hey damla-damla,
Qızıl piyaləyə bənzəyən çinar.
Sanki təbiətin qəlbinə girmiş,
Bir qızıl hörüklü gözəldir payız.
Soyuq nəfəsilə yaşıl bağları
Saraldır, qızardır, közərdir payız.
Son bahar vəfasız qızlara bənzər,
Söz verər, qönçəni gülə döndərər.
Qəfildən tufana çevrilib əsər,
Məhəbbət umanı külə döndərər.
Zərxanım Ülvi (Neftçala)
Neftçalada doğulub. “Ömrüm həzin bir bayatı”, “Sevgim həsrət butası” və digər şeir kitablarının müəllifidir.
Kor gəzərəm…
Dilim-dilim doğransam da dilimdən,
Xəbislərə dil yarağı vermərəm.
Özgə mənim şəfa umsa əlimdən,
Özümündür zəhər, ağı vermərəm.
Bir ürəkdim, iki yerə bölündüm,
Araz boyu həsrətimə süründüm.
Bəsdir, yetər, əsarətə büründüm –
Tariximə sinə dağı vermərəm.
Qaysaqlanmış yaramızı soyurlar,
Görə-görə gözlərimi oyurlar.
Ayıq başla xülyalara uyurlar…
Behişt kimi bağça-bağı vermərəm.
Dayaq ola gərək insan insana,
Nifaq odu səpməyək bu cahana.
Bəd niyyətlə alovlanan nadana,
Bir içimlik buz bulağı vermərəm.
Susmayacaq bülbüllərin nəğməsi,
Haqq tapdansa, daşdan çıxar haqq səsi.
Qarabağım – gözlərimin giləsi,
Kor gəzərəm, Qarabağı vermərəm.
Dönə-dönə
Boynu bükük bənövşətək,
Yolun üstə bitmiş ürək.
Həsrətimiz görüşəcək
Dönə-dönə.
Sən arzumun qönçəsisən,
Duyğuların incəsisən,
Kövrələsən, incələsən
Dönə-dönə.
Uzaqlarda gəzmə məni,
Yad baxışla süzmə məni,
Ümidimtək üzmə məni,
Dönə-dönə.
Səni mindən seçəsiyəm,
Vüsalından içəsiyəm.
Günahından keçəsiyəm
Dönə-dönə.
Soltan Abbas (Neftçala)
1933-cü il yanvarın 7-də Neftçalanın Ballıcalı kəndində doğulub. Ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb. “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar-ömür yolum”, “Səyyah etdi söz məni” və digər kitabların müəllifidir. 1974-cü ildən Neftçalada fəaliyyət göstərən “Xəzər nəğmələri” ədəbi birliyinə başçılıq edir.
Muğanda payız
Saralıb sapsarı qamışqulağı
Ana Muğanımın xəzan çağıdır.
Sağımda –zəminin yaşıl zolağı,
Solumda meşənin üryan çağıdır.
Bu yerin əbədi sakini turac –
Gəzinir, fərəhlə ban çəkir, odur.
Körpə balasını çağırır anac –
əzilmiş sünbüldən dən çəkir, odur.
Balıqçı uşaqlar yığıb tilovu,
Gülüb-danışırlar çay qırağında.
Bir şair bəhanə gətirib ovu,
Gəzir təbiəti söz sorağında.
Hava nə çiskinli, nə də dumandır,
Payız çiçəkləri açıb rəngbərəng.
İnsan gözəlliyin pasibanıdır,
Vurur təbiətlə nəbzi həmahəng.
Barmaqlarım görür mənim
Ürəyimdə qızıl qan yox,
Nur çağlayır, nur həmişə.
Cadar-cadar əllərimin
Bənzəri var al Günəşə.
Əllərimdən yağan işıq,
Qaranlığı əridəndir.
Əllərimdə doğan işıq,
Qəlbimdəki şeirdəndir.
Ömrüm, günüm əkinçidir,
Gözlərim bar dərir mənim.
Hər əlimdə beş gözüm var-
Barmaqlarım görür mənim.
Tələsirik
Ömrümüzdən ötür günlər,
Ay başına tələsirik.
Təzə körpə doğulanda
Bir yaşına tələsirik.
Ötüb keçir bahar ayı,
Gözləyirik gəlsin yayı.
Qəlbimizdə payız toyu,
Qarlı qışa tələsirik.
Bəzən çılğın, bəzən kövrək,
Yanıb külə dönür ürək.
Əbədi bir xatirə tək
Baş daşına tələsirik.
Ləlvər dağı
Ocaq daşı qalaq-qalaq,
Dedim axşam burda qalaq.
Əl uzatdım tanış olaq,
“əl vermədi” Ləlvər dağı.
Zirvəsi qar, döşü –güldü,
Qayasının qaşı güldü.
Gül istədim naşı bildi –
Gül vermədi Ləlvər dağı.
Biri ona “Ləlvər” dedi,
Qucağında “ləl var”-dedi.
Mən də ərklə: “ləl ver”- dedim,
Ləl vermədi Ləlvər dağı.
Nuru Əlibəyli (Neftçala)
1967-ci ildə Neftçalanın Qaraqaşlı kəndində doğulub. 90-cı illərin əvvəllərindən dövrü mətbuatda şeirləri ilə çıxış edir.
Ay mənə daş atan
İçdiyin nə sudu, udduğun nədi,
Gözünə dəyənə yaddığın nədi,
Gözünü yumursan, atdığın nədi,
Ay mənə daş atan, mənə daş atan.
Çırpınıb düşərsən axır ələyə,
Bu tarix qum kimi səni ələyər.
Fikirləş, tüpürmə üzü küləyə,
Ay mənə daş atan, mənə daş atan.
Qayalar dil açdı, daşlar danışdı,
O daşnan oynayan başlar danışdı.
Əlinə aldığın daşlar tanışdı,
Ay mənə daş atan, mənə daş atan.
Hələ silinməyib izin qapıdan,
Hələ girib-çıxır yüzün qapıdan.
Sabah yolun düşər bizim qapıdan,
Ay mənə daş atan, mənə daş atan.
Tikan becərmisən, bu bağa atma,
Özünü sevdirib qucağa atma,
əllərin quruyar, ocağa atma,
ay mənə daş atan, mənə daş atan.
Calaq götürmürəm
Öz yarpağım, öz budağım,
Calaq götürmürəm, qardaş.
Kök atdığım bu torpaqdı,
Calaq götürmürəm, qardaş.
Vətən deyib dil açıram,
Öz bəxtimə yol açıram.
Qışda belə gül açıram
Calaq götürmürəm, qardaş.
Səpilmişik bağdan-bağa,
Sağdan sola, soldan sağa.
Calanmışıq, bəsdir daha
Calaq götürmürəm, qardaş.
Köz üstünə köz gəlmirsə,
Ürəyindən söz gəlmirsə,
Sözüm sənlə düz gəlmirsə,
Calaq götürmürəm, qardaş.
Miryusif Mirnəsiroğlu (Hacıqabul)
1938-ci il martın 5-də Hacıqabulun Qarasu kəndində doğulub. “Qürbət diyarda”, “Xocalıda görüşərik”, “Sənə güvəndiyim dağlar”, “Dördüncü təcavüz olmayacaq”, “Könül nəğmələrim”, “Bir ömürdən səhifələr”, “Hacıqabuldan çıxan yollar”, “333 rübai” və digər kitabların müəllifidir.
Dördlüklər
Dünyaya gəlmədin boş həvəs üçün,
Tanrı ömür yazıb hər bir kəs üçün.
Bilməzsən bu andan sonrakı anı,
Sən şükr et çəkdiyin hər nəfəs üçün.
Ağırdır, bu qəmi çəkə bilmədim,
Haqqın toxumunu əkə bilmədim.
Sütunsuz göylərin altında belə
Sütunlu bir koma tikə bilmədim.
Gündüzlər Ay şəfəq saça bilmədi,
Günəşin əlindən qaça bilmədi.
Miryusif adlanan zavallı şair,
Dünyanın sirrini aça bilmədi.
Ehtiyatla dolan aşıb-daşanda,
Əqlini başına topla çaşanda.
Torpağa rəhm et ki, rəhm eyləsinlər,
Sən özün bir zaman torpaqlaşanda.
Fələk budaq kəsən dəhrəyə bənzər,
İnsan yetişməmiş meyvəyə bənzər.
Yaxşını pislərdən ayırmaq üçün
Dünya çalxalanan nehrəyə bənzər.
Dünənki tumurcuq budaqdı indi,
Dünənki budaqlar ocaqdı indi.
Həsrətlə baxdığın nazlı gözəllər,
Ayağın altında torpaqdı indi.
İdrakın gücüylə mən duya bildim,
Göydə ulduzları sanıya bildim.
Hər gülün, çiçəyin ləçəklərində
Tanrının adını oxuya bildim.
Olub keçənləri yad eylə, könül,
Kim dönüb geriyə, ad eylə könül.
Namazdan, orucdan daha vacibdir –
Bir sınıq könülü şad eylə, könül!
Gözlərim çox axdı, axır duruldu,
Ürəyim sən olan yönə buruldu.
Düşmənim gözümlə, ürəyim imiş,
Biri səni gördü, biri vuruldu.
Xeybər İgidəliyev (Hacıqabul)
1937-ci ildə Hacıqabulda doğulub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.
***
Əzəl gündən var-dövlətə
nə mən uydum, nə sən uydun.
Könül verdik məhəbbətə,
nə sən doydun, nə mən doydum.
Sənsiz, vallah, həyat heçdir,
Tale bizi həmdəm seçdi.
Ömür necə gəldi, keçdi,
Nə sən duydun, nə mən duydum.
Dözdük bəzən yana-yana,
Bu sevdanın acısına.
Biz çəkəni başqasına
nə sən qıydın, nə mən qıydım.
Getdi o hüsn, o yaraşıq,
gözümüzdə sönür işıq.
Qocalmışıq, qarımışıq,
Nə sən oydun, nə mən buydum.
Bulaq
Bir gözəllə, görüşünə
Gəldim dönə-dönə, bulaq.
İnsafdımı bundan sonra,
Qəlb küsə, üz dönə bulaq?!
Nə etmədi o gülyanaq,
Dağ üstündən çəkdi min dağ.
Gəl, sinəmin üstündən ax,
Bəlkə odum sönə, bulaq.
Ürəyimə salma güman,
Yar gözündən içən zaman.
Öpmə onun dodağından,
Qısqanıram sənə, bulaq!
Əmrah Şirvanlı (Hacıqabul)
1963-cü ildə Hacıqabulun Paşalı kəndində doğulub. 1984-cü ildə Gəncə Pedaqoji İnstitutunu bitirib. “Vüsal həsrəti” adlı şeirlər kitabının müəllifidir.
Bu yerlər
Bu yerlər ruhumu oxşadı yaman,
Duyğular qəlbimdə başqalaşdılar.
Külək asta-asta tərpənən zaman,
Süsənlər, sünbüllər qucaqlaşdılar –
Qoyun burda ölüb qalım.
Bu tel-tel cığırlar o qızın saçı,
Birləşər, ayrılar, qovuşar yenə.
Güneylər əlini günəşə açıb
Keçmişdən xatirə danışdı mənə –
Qoyun burda ölüm qalım.
Burda hər çiçəyin öz gülşəni var,
Çəmənlər, çiçəklər ayrı bəhsdədi.
Burda görüşübdü payızla bahar,
Ayağı gül açar, başı sisdədi –
Qoyun burda ölüb qalım.
Eldar Qəmərli (Şirvan)
26 dekabr 1952-ci ildə doğulub. Şirvan şəhər Mədəniyyət və turizm şöbəsində çalışır.
Alabaş
Aclıq səni əldən salıb, bilirəm,
Ac olmasan rəngin solmaz, Alabaş!
Mən də acam, dərd içində ölürəm,
Şən havalar könlüm çalmaz, Alabaş!
Səni gördüm, öz günümə ağladım,
Zəmanəni pis söyüşlə yağladım,
Etibarsız dostlara bel bağladım,
Heç birisi salam almaz, Alabaş!
Halıma bax, ibrət götür, ulama,
Hər yetənə quyruğunu bulama,
Harınların ətəyini yalama,
Onlar səni saya salmaz, Alabaş!
Bir rəng varmı, artıq olsun qaradan,
Gətirməyib bizimki bəxt sarıdan.
Bəxtimizi belə yazıb yaradan,
Bu taledən qaçmaq olmaz, Alabaş!
Tüstü, duman bürüyübdü hər yanı,
Gücüm çatmır dəyişdirim dünyanı.
Hardan bilim, ay Allahın heyvanı,
Dünya belə qalar, qalmaz, Alabaş!
Ələyimiz yad əllərdə ələnir,
Varlığımız qızıl qana bələnir,
Yazıq Eldar səndən betər sülənir,
Sülənməklə qarın dolmaz, alabaş!
Yaqub Dəmirçioğlu (Salyan)
1952-ci ildə Salyanın Xalac kəndində doğulub. Ali məktəbi 1974-cü ildə bitirib. Ədəbi yaradıcılığa keçən əsrin 70-ci illərində başlamışdır.
…Söz külçələri
(dəmirçi atamın xatirəsinə)
Kömür tükənəndə, soyuq körüyə,
Odunu verməyə hazırdın, ata!
Dəmir kürələrin zindan üstündə,
Odlu nəğməsini yazırdın, ata!
Mənim də ay ata, öz körüyüm var,
Dəmirçioğluyam, söz körüyüm var.
Sənin zindanında odlu kürələr,
Mənim sinəm altda söz körüklənər.
Kömürüm içimdə, suyum içimdə,
Dəmirçi olmuşam nə vaxtdan bəri,
Axar varaqlara rəng-rəng biçimdə,
İsti körüyümdən söz külçələri.
Nə qızıl külçələr yetər dadıma,
Nə odum səngiyib körüyüm sönər.
İçimin tüstüsü çıxar gözümdən,
Bədənim dan üzü kömürə dönər.
Mətləb Ağa (Salyan)
1975-ci ildə Salyanın Beşdəli kəndində doğulub. 1997-ci ildə BDU-nun hüquq fakultəsini bitirib. Hazırda dövlət hüquq-mühafizə sistemində məsul görəv daşıyır. Erkən yaşlarından ədəbi yaradıcılıqla məşğul olub, dövrü mətbuatda çap olunub.
Adam
Görürsənmi, yağış yağır,
Dur yuyun, günahkar adam.
Ah, nə gözəl, nə xoş yağır,
Dur yuyun, günahkar adam.
Allah insaflı Allahdı,
Hamıdan haqlı Allahdı.
Bu yolun axrı Allahdı,
Dur yuyun, günahkar adam.
Burda yağar, orda yağmaz,
Bir də yağar, bir də yağmaz?
Haqq quzuya, qurda baxmaz,
Dur yuyun, günahkar adam.
Unut
Gələr eşqin payızı
Sən də çıxıb gedərsən.
Qurtararıq hər şeyi
Sonda çıxıb gedərsən.
Hər şey, hər şey yox kimi,
Məktublar yarpaq kimi.
Elə bil bir ah kimi
Candan çıxıb gedərsən.
Unut, heç nəyi anma,
günahsa da arınma
Tanrıtək gəldin, amma,
bəndə çıxıb gedərsən.
Sevməz məni
Məni sevməz bu adam,
neynim, ölsəm də sevməz.
Hey pıçıldar, pıçıldar:
“nə olur sən də sevmə”…
Çıxıb getsəm dünyadan,
Sonra dönsəm bir daha,
Məni sevməz bu şeytan,
And versəm də Allaha.
Hər şey ötər, dəyişər,
Yenə tək qalaram, tək.
Şeytan olsam da sevməz,
Sevməz məni bu mələk…
Deyəsən
Ölməkmi istəyirsən
Bu vaxtında gecənin?
Gecdi, qalsın sabaha,
Düşün olub keçəni.
Nə olsun ki, qaranlıq
Xatırladır ölümü.
Tabuta oxşayırsan,
Çək üzündən əlini…
Gecdi, sabah ölərsən,
Hər şey yaxşı olacaq.
Güldandakı çiçəklər,
Qorxma, sənə qalacaq.
…kipriklərin yumuldu,
eşitməzsən, nə desəm.
Çox xoşbəxt görünürsən;
Can verirsən deyəsən…
Nilufər Muğantürk (Salyan)
1989-cu ildə Salyanın Qızılağac kəndində doğulub. Ali təhsilli ingilis dili müəlliməsidir.
Sən… itirilmiş gəncliyimin qırıntıları…
Sən vaxtsız qocalmış ürəyimin
incə sızıltıları….
Ömür boyu axtardığım, fəqət, tapdığımda
istəyə bilmədiyim..
Əzablarım, ağrılarım, sel-su olmuş göz yaşlarım..
Ruhumun hər zərrəsiylə aşiq olub, fəqət,
deyə bilmədiyim..
Yalanlarım, doğrularım..
Hər xəyanət qarşısında, tək əlacım, sözsüz qalan
tək ahımsan..
Sən qəlbimin fırtınası, səssiz qopan fəryadımsan..
Harda olsam, nə etsəm də, hisslərimdə,
ürəyimin vuruşunda, gözlərimdə, əllərimdə…
sən cismimdə, nəfəsimdə,hər yerdəsən….
Hər yerdə SƏN!!!