Soylu ATALI
…Belə səs olmayıb, yoxdur. Olacaqmı?! Bilmirəm. Kaş ki, olsun, yetişsin, yetkinləsin Aşıq dünyası! Kamandarda səsin qeyri-adi məziyyətləri, başqa sözlə, ilahi sehri XX yüzilin ikinci yarısında yeni bir Aşıq Məktəbinin yaranmasına səbəb oldu. Hər şəyird öz ustadını davam edir. Ancaq O tay, Bu Tay Azərbaycanın bir çox bölgələrində Kamandarın təkcə şəyirdləri deyil, şəyirdi olmayanlar da, Aşıq nəğmələrini zümzümə edən sadə adamlar da onun səsi ilə, üslubu ilə havalanmağa can atır.
Kamandarın səsində ruhani qədimlik, lirik həzinlik, ahəngdar möhtəşəmlik vəhdət təşkil edir. Ona görə də oxuyanda gücənmir, səs içində qaynayır, avaz durulur və təbii çıxır. Ən zil zəngulələrdə belə zorlanmır, dodaqları göyərmir, vücudu gərilmir. Çox ulu, uğurlu səsdir. Kamandar nadir ustadlardandır ki, öz səsini sazda çala bilib. Ona görə üslubu dərhal seçilir. Oxuyanda səsi sazın simlərindən biri kimi çıxış edir. Yaxud simlər səsinin davamı kimi dalğalanır.
Kamandarın oxuması həmişə çoşğun və fərəhli olur. Səsində yorğunluq olmur, mızıldamır. Hər bir sözü aydın deyir, söz səsin içində itmir. Söz və səs müstəqilləşir və birləşir.
Qeyd edək ki, çox hallarda bir sıra aşıqlar zil səsdə, zəngulələrdə gücə düşür, səsi gərilir, bu məqamda sözü aydın deməyə gücü qalmır…
Kamandarın heç bir zənguləsi əvvəlki zəngulənin ritmini təkrar etmir. Mütləq yeni çalar eşidilir. Göstərgəlik ona yaddır, nəğmənin halına girib yaşayır. Ciddi davranır, çalğısını, oxunuşunu başqalarının diqqətinə hesablamır, oynamır, oynatmır – dinləyicini və sazın mənasını. Gərdişi sanballı, duruşu sanballı, söyləmlərində lağlağı etməz, sazı sinəsinə sıxarkən atılıb düşməz. Böyük türk sanbalı, ciddiyyəti var onda. Səsinin ruhu dinləyənləri əyləndirmir, duyğulandırır.
Kamandarda saz muğam hikmətində olduğu kimidir – insan Tanrı ilə görüşür… Onu dinləyəndə adama elə gəlir ki, dağda oxuyur, güneylərdə oxuyur, çayın axarı üzərində oxuyur. Bir aləm təbiət gəlir onun səsindən. Göylər qulaq kəsilir onun səsinə.
Tanrıçılıqdan doğub saz. Təbiətlə sazın vəhdətindən Tanrı səsi yaranıb və o səs Kamandarın ruhuna köçüb. O ruhu dinlədikcə adamın bütün xatirələri oyanır, – kədər aləminə düşür o səsi dinləyən. Ötən günlərin həsrəti çağlayır adamın duyğularında… Eyni zamanda gələcəkli ümidlərə bağlanır duyğular. Səsin sehrinə düşmək – təmizləyir adamın içini. İlahi məqamdır Kamandarın sinəsində sazı dinləmək. Səs saza çöküb, saz səsə.
Min il köhnəlməyəcək bir səsdir Kamandar səsi. Nəsillər min ildən bu günə baxacaq və Kamandar səsinin sehrinə, üslubuna can atacaqlar. Ulu qədimliyə çevirdi bugünümüzün saz dönəmini bu ecazkar səs.
Türk ruhunun göy xisləti dinləniləcək Kamandar səsində həmişə…
1 Od Ayı, 34 il (İyul, 2012)