Ana səhifə BAŞ YAZI …ürəyim yuxumdan qaçıb…

…ürəyim yuxumdan qaçıb…

Müəllif: Bizim Yazı
465 baxış

Sabir YUSİFOĞLU

O DAĞIN DÖŞÜNDƏ

Yıxılıb dincini alır
göylər o dağın döşündə.
Çəkib bulud karvanını
əylər o dağın döşündə.

Vaxtsız yuxu tutan igid,
gül-çiçəyə batan igid.
Savalanda yatan igid
Neylər, o dağın döşündə?!

 

Bir kitab kimi oxunsam,
oxu sonacan, oğulsan!..
Burda qəlbimə toxunsan,-
Göynər o dağın döşündə

Dili lal, gözləri açıq,
ümid qönçələri açıb.
Hamıdan gizlətdiyimi
ürəyim yuxumdan qaçıb
Söylər o dağın döşündə.
Yıxılıb dincini alır
Göylər o dağın döşündə.
Qəlbim burda yaralanıb,
Göynər o dağın döşündə.

KÖTÜKLƏRİ SEL APARIR

Sellər, sular birləşib
sevincdən köpüklənir.
Dərə üzü aşağı
aparır kötükləri.

Əl atıb bir-birindən
yapışsa da kötüklər.
Sellər araya girib.
yenə onları təklər.

…Ocaqda, orda-burda
köhnə kötüklər itər.
yerində yeni şivlər –
təzə kötüklər bitər.

Təzə şivlərdən belə
nəsə umur kötüklər.
Dünyanı su alsa da,
yenə udur kötüklər.

…Bir az geniş nəfəs al,
sonra da seli gözlə…
Yanına-yörənə bax.
gözlə, ay dəli, gözlə.

KƏNDLİNİN ARZULARI

Bu qışdan da az qalıb…
Kiçik çillə də çıxsa,
Allahın köməyiynən
vaxtında düşsə istilər,
yağışlar vaxtında yağsa.
Dünya bazarlarında
neftin qiymətyi qalxsa,
Quşlar qanadlarında,

çəyirtkələr belində
bir xata gətirməsə.
Siçovullu sənədlər,
sənədli siçovullar
paydan pay götürməsə,
gələn qışa çıxarıq..
Sonra… Allah kərimdi,
Sonra… yenə baxarıq…

DAĞ TƏRƏFDƏN QIŞ KEÇİB 

Gətirdiyi bar əyib
ağacların qəddini.
Dağ tərəfdən qış keçib
Payızın sərhəddini

Havalı adamlardan
baş alıb qaçır külək.
Yarpaqların başına
min oyun açır külək.

Yenə baş saxlamağa
yaman qarışıb başlar…
Çiçək mövsümü bitib
şeir mövsümü başlar.

Payızın içindəyəm,
içimdə yaz həsrəti.
Ömür payız şərqisi,
Sarı yarpaq hər sətri.

Məni də birnəfəsə
çəkib aparır payız.
Tək darıxmasın deyə,
sarı yarpaqlarına
Büküb aparır payız….

SÖZƏ BAXAN YOXDU

Ucuz söz ki göynən gedir,
baha sözə baxan yoxdu.
Baxanlar da ələ baxır,
daha sözə baxan yoxdu.

Sözün taxtından enən kim,
sözün çiyninə minən kim.
Odla oynayır dünənki
çağa… sözə baxan yoxdu.

Düz deyirsən – düz alınmır,
bu qapıda o zalımdı.
Söz verildi – səs alındı,
Qağa, sözə baxan yoxdu.

Getdim dalımca gələrsən,
nə çəkdiyimi bilərsən.
Birdən aldanıb elərsən,
Bax ha!.. sözə baxan yoxdu.

QARĞALAR SEVİNİR

Qar yağır qışın gününə,
Qara, qarğalar sevinir.
Çoxunun səsin batırıb
Qara qarğalar sevinir.

Ağ üstünə qara düşüb,
Başlar hardan-hara düşüb.
Tor atan da tora düşüb
“Urra!”  qarğalar sevinir.

Bilmədik yıxan kim idi,
vurulub çıxan kim idi.
“hə, görək indi kimindi
sıra?” qarğalar sevinir.

Dünyanın şarxı hərlənə,
kim gülə, kim qəhərlənə.
Unut e… lap cəhənnəmə-
gora sevinir qarğalar.

Tanrı saatıyla ömür bir ahdı
Ürəkdən öləsən öləndə elə,
Ayrı ləzzəti var belə ölməyin.
Deyələr: indicə deyib gülürdü,

HAMIYA ZARAFAT GƏLƏ ÖLMƏYİN

Kaş sevinə, sevib atdığın qadın,
Sonra xəyalıyla yatdığın qadın.
Bəlkə də məzarda çıxar qanadın,
Düşəndə dillərdən dilə ölməyin.

Yalandan oxşayıb, öyən olmaya,
Dizinə, başına döyən olmaya.
Təki, gül gətirib deyən olmaya:
Dəyməzdi bir dəstə gülə ölməyin.
Canı verən Allah, alan Allahdı,

Onun saatıyla ömür bir ahdı.
Biz kimik, hamının qurulub vaxtı,
Dostlar, cavansınız hələ ölməyin…
Od tutub alışdı qar yağanda da

Təqvimin qırmızı, qara günlərin
Ömrünə bir rənglə düzdü yaşadı.
Göydə allahına, yerdə şahına
İçində özünə dözdü, yaşadı.

Bəxt-tale üzünə xoş baxanda da,
Od tutub alışdı qar yağanda da.
İçindən, çölündən dərd boğanda da,
Ümiddən yapışıb üzdü, yaşadı.

Apardı onu da suyun axarı,
Gah üzü aşağı, gah da yuxarı.
Yaşamaq deyildi yaşadıqları,
Bu adam eləcə sözdü, yaşadı.

ALDADIB DƏRD ADLI BİR AXMAĞI DA

Atdınız – gəmidən artıq yük kimi,
Elə bildiniz ki, batıb gedəcəm.
Sizə səsim çatar, əlim uzanmaz, –
Bir saman çöpündən tutub gedəcəm.

Unutdum təklikdən darıxmağı da,
O küncə, bu küncə vurnuxmağı da.
Aldadıb dərd adlı bir axmağı da,
Gördüm ki, vaxt-vədə çatıb, gedəcəm.

Yığıb, yığışdırıb dərdi-sərimi,
Bir qəmli sükuta verrəm yerimi.
Məni sevənləri, sevdiklərimi
Çevrilib baxmadan atıb gedəcəm…

KÜLƏK SƏNİ APARACAQ 

Nə yaman başlayıb külək,
külək səni aparacaq.
Küləkdən qaçsan da, çərxi-
fələk səni aparacaq.

Astar-üz oldun neşə yol,
arada bir dön insan ol.
Nə boydana olursan ol,
ələk səni bizi aparacaq

Nə ağlın elə dayazdı,
nə əlində xalın azdı,
bu oyunda uduzmazdın,
kələk səni aparacaq.

Qan uddurma haqq deyənə,
heç nə yoxdu haqqı yenə.
Şeytana uysan da yenə,
mələk səni aparacaq.

Ömür su – axır, kəsilir,
kimə nə çatdı, bəsidi.
…bu gələn qatar səsidi
görək səni aparacaq…

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.