Ana səhifə SÖYLƏŞİLƏR Ortaq türk dəyərlərini öyrənmək borcumuzdur

Ortaq türk dəyərlərini öyrənmək borcumuzdur

Müəllif: Bizim Yazı
886 baxış

 “TürkPA daimi katibliyinin uyğun profilli QHT-lərlə işbirliyinə ictimai tələbat var”

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) başqanı, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər QOŞALInın “Vətəndaş cəmiyyəti” jurnalına müsahibəsi

– Əkbər müəllim, ilk öncə Birliyinizin mandatına uyğun bir sualla sizə müraciət etmək istərdim – Sizcə ortaq türk dəyərlərini necə öyrənirik, bu sahədə vəziyyət nə yerdədir?
– Bu, yetərincə güncəl sualdı. Ortaq türk dəyərlərini öyrənmək bizim milli ehtiyacımız, soy(soyağacı)mənsubluğumuz baxımından borcumuzdur. Ayrıca, çağdaş dünya gerçəkliklərindən çıxış etsək, toxunduğunuz məsələ həm də hər birimizin vətəndaş görəvimizdir. Necə öyrənirik deyə sual edirsiniz, Sizə deyim, o dəyərləri ruhumuzla duyuruq; Azərbaycan insanı o dəyərlərə əsasən sevgi ilə, ilgi ilə yanaşır, ancaq mənə qalsa mövcud duyum və duyğusallıq, sevgi və ilgi eyni zamanda, necə deyim – elmlə, akademizmlə süslənməli, daha dərindən öyrənilməli, öyrədilməlidir. Sevgi var, ilgi var, elmi potensial var, bu sahədə maddi stimul da olsa pis olmaz. Heç şübhəsiz, ölkə prezidentinin 3 oktyabr 2009-cu ildə Naxçıvanda keçirilmiş tarixi Türk Dövlət Başçıları Toplantısında təklif etdiyi  TÜRKSOY Fondunun yaradılması, çalışma həyatına başlaması ümumi işimizin xeyrinə olacaq. Eyni zamanda TürkPA daimi katibliyinin uyğunprofilli QHT-lərlə işbirliyi qurmasına ictimai təlabat var.

– Türk Dünyası gəncləri arasında ədəbi-mədəni əlaqələr hansı səviyyədədir?
– Türk Dünyası gəncləri arasında ədəbi-mədəni ilişkilərin səviyyəsi bir neçə il öncə ilə müqayisədə daha yaxşıdır, bundan da yaxşı ola bilərdimi? – Bəli, ola bilərdi, amma daha pis də ola bilərdi. Deyə bilərəm ki, bugünkü səviyyənin yaradılmasında DGTYB-nin özünəməxsus yeri və rolu var. Bugünkü səviyyənin göstəriciləri, bəlirtiləri, faktor və tendensiyalardan nələri fərqləndirmək olar? – İlk növbədə, uyğun profilli saytların sayğac göstəricisi, uyğun elektron materialların oxunma reytinqi, bəlli mövzulu nəşrlərin növ, çeşid, tiraj göstəriciləri, festival və simpoziumlarda dəvət və iştirak faktları, qarşılıqlı uyğunlaşdırma işlərinin kəmiyyət və keyfiyyəti və b.

–  Dünya Gənc Türk Yazarlar Birliyinin hazırladığı “Türkün səsi”, “Turan yolu” nəşrləri ədəbi aləmdə necə qarşılanıb?
– Hər iki nəşr, eləcə də bir çox digər nəşrlərimiz ədəbi, elmi-mədəni aləmdə yaxşı qarşılanıb deyə bilərəm. (Yalnız bir fakt –nəşrlərimizin demək olar, bir çoxu oxucu ilgisi, istəyi üzərinə paylanıb qurtarmışdır.) Nəşrlərimizin bir bölümünün poliqrafik yapısından özümüz də razı qalmamışıq, lakin nəşrlərimizin missiyası, mahiyyəti, içəriyi mövcud kəm-kəsirləri arxa plana keçirmişdir. Bunula belə, çalışırıq, sıradakı nəşrlərimiz həryönü ilə əla olsun. Bəlli olduğu kimi Şuranın maliyyə dəstəyi ilə “Bir kış günü vahşeti: HOCALI…” kitabını nəşrə hazırlamışıq. Ankarada “EkoAVRASYA” yayınları serisindən buraxılacaq həmin kitab, inşallah geniş əks-səda doğyracaqdər.

– Gənc yazarlara verdiyiniz dəstək barədə nələrideyərdiz?
– Gənc yazarlara dəstək verməyə çalışırıq. Bu dəstəyi Gənclər-İdman Nazirliyi, Mədəniyyət-Turizm Nazirliyi, eləcə də dövlət büdcəsindən maliyyələşən Yazıçılar Birliyi daha yaxşı təmin edə bilər, təbii. Biz də bacardığımız qədər təşəbbüslər, təkliflər, layihələr və konkret tədbirlərlə öz dəstəyimizi göstəririk. Belə dəstək DGTYB-nin mandatından irəli gələn görəvlərdəndir. Bugünlərdə mən Ankarada səfərdə idim. Orada TÜRKSOY başqan yardımçısı Fırat PURTAŞla  söhbətimiz oldu və belə bir şifahi razılıq oldu ki, Türk Dünyası (təbii, Azərbaycan da daxil olmaqla) gənc şairlərinin 1 həftəlik düşərgəsini təşkil edək. İnşallah, qarşıdakı aylarda bu razılığı gerçəkləşdirməyə çalışacağıq. Cari olaraq da dgtyb.org, bizimYAZI.com saytlarımız gənclərimizin ixtiyarındadır. Təsadüfi deyil ki, son aylar bir neçə istedadlı, ümidverici gənc yazar Birlik üzvülüyü üçün müraciət edib , onların müraciəti tərəfimizdən olumlu qarşılanıb və artıq onlardan bizim “önsöz”ümüzlə ilk şer, öykü kitabları çıxanları da var.

NURANƏ /“Vətəndaş cəmiyyəti” -6 (45), iyun 2012

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.